RAFAEL HÜSEYNOV AMEA-nın həqiqi üzvü Filologiya elmləri doktoru Professor
Elmi şeir, şeirdə elm və alim şairlərimiz Mart 27, 2019 | 22:32 / Tədbirlər

Martın 27-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyində “Elm günü”nə həsr olunan elmi sessiya keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə muzeyin direktoru, akademik Rafael Hüseynov “Elmi şeir, şeirdə elm və alim şairlərimiz” mövzusunda məruzə ilə çıxış edib. O, müstəqil Azərbaycanın uğurla həyata keçirdiyi dövlət siyasəti proqramına ölkəmizdə hərəkətverici amillərdən olan elm sahələrinin tərəqqi və təbliği, dünya elminə inteqrasiyası yolunda görülən genişmiqyaslı işlərin də daxil edildiyini söyləyib. Qeyd olunub ki, 2018-ci il aprelin 9-da Prezident İlham Əliyev cəmiyyətin inkişafında elmin əhəmiyyətini nəzərə alaraq Azərbaycan Respublikasında “Elm günü”nün təsis edilməsi haqqında Sərəncam imzalayıb. Həmin sənədə əsasən bu il martın 27-si ilk dəfə olaraq ölkəmizdə “Elm günü” kimi qeyd olunur. 2016-cı ildə “Elm haqqında” Azərbaycan Respublikası Qanununun qəbul edilməsi ölkəmizdə müstəqil olaraq elm siyasətinin aparılmasına tam hüquqi təminat verib.

Akademik Azərbaycan ədəbiyyatının tarixi təşəkkül dövründə onu yaradan fikir, irfan sahiblərinin şeir sənəti ilə yanaşı, elmin müxtəlif sahələrinin də mahir bilicisi olduğunu, Azərbaycan bədii fikrinin həm də nücum, riyaziyyat, tibb, fəlsəfə kimi dünya elmlərinin açarı olduğunu söyləyib. Rafael Hüseynov deyib: “Hər hansı peşəni dərindən bilmək üçün insan savadlı, elmli olmalı, daim dünyagörüşünü zənginləşdirməlidir. Şeir, ədəbiyyat yarandığı vaxtdan elmlə bağlı olub. Orta əsrlərdən bəri Azərbaycan şairləri, ədibləri də elmlə məşğul olub, onların yaradıcılığında elmi əsərlər xüsusi yer tutub. O dövrün təhsil sistemi elə qurulmuşdu ki, bizim böyük şairlərimizin əksəriyyəti həm də mükəmməl elmi biliklərə yiyələnmişdilər. Şərq ədəbiyyatında tərcümə nəzəriyyəsi haqqında ilk nəzəri, fəlsəfi fikir söyləyən dahi Nizami Gəncəvi şair olmaqla yanaşı, həm də alim idi. Əsərlərinin miqyasına, mahiyyətinə varanda Məhəmməd Füzuli də şair olmaqdan əvvəl alim idi. Təsadüfi deyil ki, Füzuli “elmsiz şeir, əsassız divar olur, əsassız divar qayətdə bietibar olur” deyib. Bu şairlərin əsərlərinin hər birinin misrasında həyatın müxtəlif sahələrinə dair bilik, elm var. Nəsirəddin Tusinin müxtəlif şeir formalarında yazılmış əsərləri yalnız poeziya nümunələri deyil, əsl elmi əsərlərdir. Böyük mütəfəkkir Mirzə Fətəli Axundzadənin şahmat haqqında böyük əsəri var ki, bu poema əvvəldən sonadək şahmat oyunun qaydaları haqqında bir elmi əsərdir. Orta əsrlərdə ədəbiyyatda, ümumiyyətlə böyük ədiblərimizin yaradıcılığında, alimlərimizin fəaliyyətində elmlə şeir birgə olub. Şair və alimlərimiz bütün dövrlərdə həm poeziya, həm də elmlə mükəmməl məşğul olub, əsərlərində elmi biliklərə geniş yer veriblər. Bunun da nəticəsində qiymətli elmi poeziya nümunələri yaranıb”.

Rafael Hüseynov Prezident İlham Əliyevin müvafiq Sərəncamına əsasən bu ilin ölkəmizdə “Nəsimi ili” elan olunduğunu xatırladıb. Qeyd edib ki, xalqımız dahi şair, filosof Nəsiminin 650 illik yubileyini qeyd edir. Bununla bağlı Azərbaycanın müxtəlif guşələrində Nəsimiyə həsr olunan tədbirlər keçirilir.

Sonra Azərbaycan Milli Konservatoriyası tərkibində İncəsənət Gimnaziyasının teatr şöbəsinin şagirdləri tərəfindən Seyid İmadəddin Nəsiminin qəzəllərinə həsr olunan ədəbi-bədii kompozisiya təqdim edilib.

Tədbirdə, həmçinin Nəsimi ilə bağlı Azərbaycan və ingilis dillərində iyirmidən çox lövhədən ibarət sərgi nümayiş olunub.

AzərTAC

Avropa Şurası Parlament Assambleyasının Azərbaycan nümayəndə heyətinin üzvüdür.
Azərbaycan Respublikasının Milli Məclisinin deputatıdır.
AMEA Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktorudur.
Facebook