RAFAEL HÜSEYNOV AMEA-nın həqiqi üzvü Filologiya elmləri doktoru Professor
Milli Məclisin deputatı Avropa Parlamentini Azərbaycana daha korrekt münasibət göstərməyə çağırıb Apr 09, 2019 | 22:11 / AŞPA məruzələr

İnsan haqlarına hörmətin tam bərqərar olacağı, bütün istiqamətlərdə qanunun aliliyinin təmin ediləcəyi daha rahat, daha yaşamalı Avropa Evini qurmaq yolunda çalışmalar yeni söhbət deyil. Bu istiqamətdə müzakirələr də, müxtəlif layihələrin hazırlanması da son yarım əsrdən artıq müddətdə intensiv şəkildə davam etməkdədir. Lakin son dövrdə bu cəhdlər bir qədər də artıb və daha məqsədyönlü olub. Zənnimcə, bunun başlıca səbəbi Avropanın bütövləşməsi istiqamətində problemlərin ildən-ilə çoxalması, Avropa “maşını” mexanizmlərinin heç də həmişə rəvan işləməməsi, ayrı-ayrı böhranlı halların çoxalması ilə bağlıdır. 28 ölkəni əhatə edən Avropa Parlamenti ilə 47 üzv dövləti birləşdirən Avropa Şurası quruluşlarına, iş üslublarına görə nə qədər fərqli olsalar da, fəlsəfəsi etibarilə bir-birinə çox yaxındır və mahiyyətcə uyğun məqsədlərə xidmət edirlər.

AZƏRTAC xəbər verir ki, bu fikirləri AŞPA-nın sessiyasında “Demokratiya üçün Avropa Birliyi mexanizmlərinin yaradılması, hüquqi dövlət və əsas hüquqlar” mövzusuna həsr edilmiş müzakirələrdə deputat Rafael Hüseynov bildirib.

Deputat Avropa Parlamentinin xüsusi qətnaməsi ilə 2016-cı ildə Avropa İttifaqının üzv dövlətlərində demokratiya, qanunun aliliyi, insan hüquqları ilə bağlı proseslərə nəzarət etmək üçün daimi fəaliyyət göstərən monitorinq mexanizmini yaratmaq təşəbbüsünü yada salaraq bildirib ki, bu iş hələ tamamlanmayıb. Müzakirələr davam edir. Əhatəli, ortaq, icbari mexanizmin formalaşdırılması Avropanın digər mühüm təsisatı olan Avropa Şurası ilə sıx əməkdaşlıq olmadan mümkün deyil. Avropa Şurası ilə Avropa İttifaqı arasında qarşılıqlı anlaşma haqqında memorandumun imzalanmasından 10 ildən artıq zaman keçir. Bu müddətdə ildən-ilə inkişaf edərək dərinləşmiş strateji tərəfdaşlıq iki qurum arasında hüquqi sferada daha artıq yaxınlaşmaya, uyğunlaşmaya, ortaq dəyərlərə münasibətdə daha yekdil mövqelərin müəyyənləşməsinə şərait yaradıb. İndiki halda və yaxın perspektivdə Avropa Şurası həm Avropa İttifaqına, həm Avropa Parlamentinə bu istiqamətdə hələ çox gərək olacaq.

Rafael Hüseynov Avropa Parlamentində Azərbaycana münasibətdə ara-sıra müşahidə edilən qərəzli münasibət məsələsinə də toxunub. “Təəssüflər olsun ki, Avropa Parlamentində də ikili standartlar, sifarişli mövqelər, qeyri-obyektiv yanaşmalar mütəmadi olaraq müşahidə edilir. Avropa Parlamentinin son bir neçə ildəki fəaliyyətində, konkret olaraq Azərbaycana münasibətdə bunun dəfələrlə şahidi olmuşuq. Qərəzli qətnamələr, həqiqətləri təhrif edən, Azərbaycana qarşı təcavüz siyasətini həyata keçirən qüvvələrə açıq dəstək nümayiş etdirən və həqiqətlərin təhrifi ilə müşayiət olunan çıxışlar bunun bariz nümunəsidir. Üstəlik, Avropa Parlamentinin bir sıra deputatları da Azərbaycanın işğal altında olan ərazilərinə qanunsuz səfərlərə getməklə açıq şəkildə separatizmə və işğala dəstəklərini ifadə etmişlər”, - deyə deputat bildirib.

O vurğulayıb ki, demokratik dəyərlərə sədaqət, qanunun aliliyinə hörmət vacib meyarlardır. Onlara hansısa məsələdə riayət edib, hansısa məsələdə onlardan sapınmaq qəbuledilməzdir. Yarımdemokrat olmaq mümkün deyil. Riyakarlıqla bu mühüm dəyər qətiyyən uyğun gəlmir.

R.Hüseynov Avropa Şurasının digər Avropa təsisatları ilə müqayisədə bir sıra üstünlükləri olduğunu, Avropa İttifaqının, Avropa Parlamentinin bu təcrübələrdən bəhrələnməsinin faydalı olacağını diqqətə çatdırıb. “Avropa Şurasının qitədə demokratik fəzanın yaranması, müştərək qanun müstəvisinin formalaşmasında on illərlə gerçəkləşdirdiyi tədbirlər ən yüksək təqdirəlayiqdir. İndiki halda da Avropa İttifaqının və Avropa Parlamentinin Avropa Şurasından və onun Parlament Assambleyasının təcrübələrindən bəhrələnməsi həm zəruri, həm əhəmiyyətlidir. Yəni, demokratiya və qanunçuluq sahəsində daha işlək, daha mütəhərrik və müştərək istifadəyə layiq mexanizmlərin yaradılmasından söhbət gedərsə, şübhəsiz ki, burada Avropa Şurasının təcrübələri əsas dayaq nöqtəsi kimi götürülməlidir”, - deyə R.Hüseynov qeyd edib.

Avropa Şurası Parlament Assambleyasının Azərbaycan nümayəndə heyətinin üzvüdür.
Azərbaycan Respublikasının Milli Məclisinin deputatıdır.
AMEA Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktorudur.
Facebook