RAFAEL HÜSEYNOV AMEA-nın həqiqi üzvü Filologiya elmləri doktoru Professor
Rafael Hüseynov: Ortaq bəlalara qarşı mübarizə müştərək aparılmalıdır Apr 11, 2019 | 22:17 / AŞPA məruzələr

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) yaz sessiyasında müzakirəyə çıxarılan və hollandiyalı deputat Mart van de Veninin hazırladığı “Landromat – mütəşəkkil cinayətkarlıq, korrupsiya və çirkli pulların yuyulmasına qarşı beynəlxalq mübarizədə yeni çağırışlara münasibət” adlı məruzə bir sıra deputatların tənqidi fikirləri ilə qarşılanıb.

AZƏRTAC xəbər verir ki, Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü Rafael Hüseynov da müzakirələrə qoşularaq ortaq bəlalara qarşı mübarizənin müştərək aparılmasının vacibliyinə toxunub. O bildirib ki, ortaq bəlalara qarşı mübarizə yalnız müştərək aparılanda fayda verə bilər. Bu mübarizə obyektiv, qərəzsiz olmalıdır ki, müsbət nəticə versin. Qlobal problemi lokal hədəfə yönəltmək həmişə pıçıldayır ki, burada nə isə gizli məqsəd var. Mahiyyətcə gərəkli olan mübarizə əsas nöqtələrə deyil, hansısa xüsusi məqsədlərlə seçilmiş istiqamətlərə yönələndə dərhal sual doğur: niyə? Həmin “niyə” araşdırılanda isə məlum olur ki, zahirən xeyirxah təşəbbüs kimi təqdim olunan cəhdin arxasında heç də təmiz olmayan niyyətlər var.

Korrupsiya cəmiyyət ağacına düşmüş, onu içəridən yeyib-dağıdan qurd kimidir. Təəssüf ki, bu mərəz son yarım əsr boyunca xüsusilə nəhəng miqyas alaraq bütün dünyanı bürüyüb. Belə həssas məsələlər barədə hazırlanan hesabatlarda obyektivliyin ilk və ən mühüm şərt olduğunu vurğulayan Rafael Hüseynov bu məruzənin yanaşmalarının və təhlillərinin ciddi şübhələr doğurduğunu qeyd edib. Diqqətə çatdırıb ki, məruzənin ilk abzasında dünyanı bürümüş, ümumi səciyyə daşıyan, faktiki olaraq bütün ölkələri əhatə edən təmayül haqqında “qlobal landromat” ifadəsi işlənsə də, dərhal fərdiləşdirmə aparılır, diqqət konkret seçilmiş bir dövlətə - Azərbaycana yönəldilir.

“Əlbəttə, mən qətiyyən istəməzdim ki, bir virus, bir yoluxucu xəstəlik kimi dünyanı bürümüş belə arzuolunmaz təmayüllər Azərbaycanda olsun. Lakin hamımız bir gəmidə gedirik və o epidemiyanın dalğası bizə də müəyyən təsirini göstərib. Ancaq bu bəlaların daha böyük daşıyıcılarını diqqətdən kənarda buraxaraq xüsusi ehtirasla nəzərlərin Azərbaycana yönəldilməsi bütövlükdə məruzənin sifariş nəticəsində ortaya çıxdığına, hansısa ssenarinin tərkib hissəsi olmasına dəlalət edir. Sifariş varsa, qərəz varsa, bu, özlüyündə korrupsiyanın başqa bir təzahür forması deməkdir. Korrupsiyaya qarşı mübarizəni isə korrupsiya yolu ilə aparmaq olmaz”, - deyə deputat diqqətə çatdırıb.

R.Hüseynov bu məruzədə Azərbaycanın saxta ittihamlarla hədəflərdən biri kimi seçilməsinin əsl səbəblərini açıqlayıb. Bildirib ki, Avropa Şurasında artıq 19-cu ildir ki, bizə qarşı ögeyliyi hiss edirik. Azərbaycan 2001-ci ildə Avropa Şurasına, bir zamanlar “demokratiya məktəbi” adlandırılan bu quruma həqiqi üzv kimi gələrkən əsas məqsədlərindən biri ölkəmizə qarşı digər üzv dövlət tərəfindən həyata keçirilmiş işğal siyasətinə son qoyulmasına nail olmaq idi. Lakin elə ilk addımlarımızdan buna şahid olduq ki, hansısa qüvvələr, hansısa lobbilər, hansısa mərkəzlər bu təşkilata güclü təsir imkanlarına malikdir. Hər dəfə bizim Ermənistanın Azərbaycana qarşı işğalı məsələsini gündəmə gətirməyə başladığımız əsnada ortaya Azərbaycana qarşı hansısa bir qondarma mövzu atılır. Məqsəd də ondan ibarətdir ki, diqqət əsas hədəfdən ayrılıb ortaya atılan bu mövzuya yönəlsin, Azərbaycan məruz qaldığı işğaldan bəhs etmək əvəzinə özünü hansısa hücumlardan qorumağa məcbur olsun. Belə qərəzli, sifarişli, arxasında natəmiz maraqlar dayanan cəhdlər narazılıq doğuracaq.

“Təhlil edilməsi, araşdırılması hamı üçün lazımlı olan vacib mövzuları belə cılızlaşdırmayın, hamıya aid problemi hansısa sifarişlərlə lokallaşdıraraq çirkləndirməyin. İndiki halda həqiqət ondan ibarətdir ki, çirkli pulların yuyulmasından bəhs edən bu məruzənin özünün çirkinin yuyulub təmizlənməsinə ehtiyac var”, - deyə R.Hüseynov mühüm problemləri qeyri-obyektiv yanaşmalarla çirkləndirməməyə çağırıb.

AzərTAC

Avropa Şurası Parlament Assambleyasının Azərbaycan nümayəndə heyətinin üzvüdür.
Azərbaycan Respublikasının Milli Məclisinin deputatıdır.
AMEA Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktorudur.
Facebook