RAFAEL HÜSEYNOV AMEA-nın həqiqi üzvü Filologiya elmləri doktoru Professor
Azərbaycanlı deputat AŞPA-nın fəaliyyət qaydalarında da islahatların zəruriliyindən danışıb İyul 01, 2019 | 17:18 / AŞPA məruzələr

İnsan hüquqları, əsas azadlıqlar, eləcə də ifadə azadlığı Avropa Şurasının müdafiəçisi olduğu başlıca dəyərlər sırasındadır. Ancaq təşkilatımızın Nizamnaməsi ifadə imkanlarını birbaşa məhdudlaşdıran şərtləri qanuniləşdirib. Yəni, bir deputata sessiya ərzində 3 dəfə çıxış icazəsi verilir. Lakin bir sıra sessiyalarda elə məruzələr müzakirəyə çıxarıla bilər ki, bəzi deputatların 4 və ya 5 mövzu üzrə deyiləsi sözü olsun. Nizamnamə 3 dəfə çıxış etmiş, hətta çıxış etməyə imkan tapmayıbsa belə, adı müzakirəyə qatılanların siyahısına daxil edilmiş şəxsin 4 və ya 5-ci məruzə üzrə natiqlərin siyahısına daxil edilməsinə yol vermir. Axı buraya gələn deputatların bütün başqa səbəblərdən savayı öz seçiciləri, öz ölkələri qarşısında da məsuliyyəti var.

AZƏRTAC xəbər verir ki, bu fikirləri AŞPA-nın yay sessiyası çərçivəsində azad müzakirələr zamanı nümayəndə heyətimizin üzvü Rafael Hüseynov deyib.

“Elə mövzular olur ki, onların ölkəyə, xalqa bilavasitə həyati əhəmiyyətli aidiyyəti var, mütləq həmin müzakirələrə qatılmalısan, sözünü deməlisən. Amma qaydalar deyir ki, yox, olmaz, artıq 3 dəfə adın çıxış edənlərin, ya etmək istəyənlərin siyahısında olub. Əgər düşünülürsə ki, bu, guya başqa çıxış etmək istəyənlərin imkanlarını məhdudlaşdırır, onda 4, 5 və ya 6-cı dəfə həmin çıxış etmək istəyənin adını siyahının sonlarında qeyd edin. Vaxt çatarsa danışsın, vaxt çatmazsa, heç olmazsa çıxışının mətni həmin müzakirələrin stenoqramına əlavə edilsin, sənədləşsin, tarixləşsin. Əks təqdirdə isə indiki qaydalar, bu cür sərt qayda birbaşa olaraq ifadə azadlığının məhdudlaşdırılmasıdır və mənim fikrimcə, Nizamnamədəki həmin qadağanedici müddəalar mütləq dəyişdirilməli, daha demokratik bir şəklə gətirilməlidir”, - deyə R.Hüseynov diqqətə çatdırıb.

Deputat bildirib ki, demokratiyanın rəmzlərindən sayılmalı olan təşkilatdan daha artıq və daha normal demokratiklik gözləyirik.

AzərTAC

Avropa Şurası Parlament Assambleyasının Azərbaycan nümayəndə heyətinin üzvüdür.
Azərbaycan Respublikasının Milli Məclisinin deputatıdır.
AMEA Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktorudur.
Facebook