RAFAEL HÜSEYNOV AMEA-nın həqiqi üzvü Filologiya elmləri doktoru Professor
Fəxr etməyə layiq Avg 06, 2019 | 07:03 / Mühüm hadisələr

Bu adda, bu soyadda 2 məşhur insanı tanıyırdım. 
Birini qiyabi, birini əyani. 
İkisi də qəhrəman idi. Biri rəsmən, ikincisi qeyri-rəsmi.
Amma ikincisinin qeyri-rəsmi qəhrəmanlığının mənası və siqləti əslində daha böyük idi və bu, millətin yaddaşında və tarixində əbədilik qalmalı olan şücaət idi.
Bu iki qəhrəmandan birincisi – hələ uşaqlıq illıərindən adını dərsliklərdən bildiyim İsrafil Məmmədov İkinci Dünya Müharibəsində, bir zamanlar tarix kitablarımızda “Böyük Vətən müharibəsi” adlanan 1941-1945-ci illər davasında igidlik göstərmişdi, elə döyüşlərə qatıldığı birinci ildə Sovet İttifaqı Qəhrəmanı adına layiq görülən ilk azərbaycanlı olmuşdu.
Zaman dolandıqca həmin müharibəyə qiymətlər də başqalaşıb, hətta o dövrdə əsir düşdükdən sonra almanlar tərəfdən sovet ordusuna qarşı mübarizə apardığına görə “xain” adlandırılanlara da yanaşma büsbütün dəyişib, lap indi onların bəzilərini qəhrəmanlaşdırmaq cəhdləri də var. 
Fəqət Vaxtın gərdişi və dövranın tərəzisinin öz məntiqləri var.
Ötüşən əyyamların doğurduğu fərdi qiymətvermələrdən asılı olmayaraq, on milyonlarla insanın həyatına son qoymuş həmin dəhşətli savaş bitəndən az sonra, 27 yaşında vəfat etmiş İsrafil Məmmədov o müharibənin bizdən olan Qızıl Ulduzlu ilk rəsmi qəhrəmanı kimi daim tarixdə qalacaq. 
İkinci İsrafil Məmmədov da ömrü boyu cəbhədə döyüşdü, ikiqat adaşından 65 il çox yaşadı və uzun həyatının əvvəlindən sonunacan düşmənlə açıq və gizli savaşda oldu.
Lakin onun cəbhəsi ayrı cəbhə idi, silahı da top-tüfəng yox, qələmi və iti zəkası idi. 
Bu cəbhədə döyüşmək odlu-alovlu müharibə meydanlarında çarpışmaqdan qat-qat ağır idi. 
O, düşmən əhatəsindəki cəsur və həddən ziyadə tədbirli olan kəşfiyyatçı kimi idi. 
Hansı məkrli, qəddar düşmənlərin arasında fəaliyyət göstərdiyini təsəvvür edincə bu “kəşfiyyatçı”nın mübarizə şəraitinin nə qədər mürəkkəb, təhlükəli olduğunu ayrıca vurğulamağa lüzum qalmır.
O, azərbaycanlı idi, ermənilərin arasında idi, Ermənistan vətəndaşı idi! 
Bu da unudulmasın ki, İsrafil müəllim daim göz qabağında, diqqət mərkəzində olan bir şəxs idi. 
O, 1927-ci ildə Ermənistanda, Meğridə doğulmuşdu. orada yaşayırdı, işləyirdi və cavan çağlarından tanınan bir adam idi. 
Elə etməli idi ki, onu onlar da qəbul etsinlər, gözümçıxdıya salmasınar, qaralamasınlar, inkişafına ciddi manelər törətməsinlər və həm də iki daşın arasında öz xalqının da halına yana, Azərbaycan naminə də işlər görə bilsin
Kadr qıtlığı idi, lap sütül çağlarından, elə orta məktəbi bitirəndən sonra kənd məktəbində müəllimlik etməyə başlamışdı. 
Erməni dilini Qərbi azərbaycanlıların bir çoxundan fərqli olaraq sadəcə danışıq dili səviyyəsində bilmirdi, bu dilə mükəmməl yiyələnmişdi və savadlı, bacarıqlı kadrların seyrək olduğu 1940-1950-ci illərdə onun kimi qabil insanlara ehtiyac böyük idi.
Azərbaycanlı idi, amma 1948-ci ildə Ermənistandakı dədə-baba torpaqlarında əsrlərcə yaşamış soydaşlarımızın, ən köklü-köməcli nəsillərin oralardan deportasiyası gerçəkləşdirildiyi zamanlarda onu Komsomolun Meğri rayon komitəsinin birinci katibi seçmişdilər.
Bu isə sovet dövrünün şərtlərinə görə o demək idi ki, İsrafil Məmmədov Ermənistan respublikasında artıq nomenklatura siyahısında olan şəxsdir, bu gün komsomolda belə yüksək vəzifədədirsə, deməli, sabah partiya xətti ilə irəliləyəcək.
Sovet dönəmində hər respublikada bu cür seçkin, diqqətdə saxlanılan gənc kadrların yetişdirilməsi, təhsili və pillə-pillə qaldırılması bəlli bir nizamla həyata keçirilirdi.
İsrafil müəllimi də Ermənistan Kommunist Partiyası Mərkəzi Komitəsi yanındakı, elə bizdə olan kimi üçillik Ali Partiya məktəbinə qəbul etmişdilər, sonra bir sıra məsul partiya və dövlət vəzifələrində çalışmışdı, dissertasiya müdafiə edərək alimlik dərəcəsi almışdı, 1987-89-cu illərdə Ermənistan Xalq Təhsili nazirinin birinci müavini, ardınca “Sovet Ermənistanı” qəzetinin baş redaktoru işləmişdi.
Mən İsrafil müəllimlə 1980-ci illərin əvvəllərində Bakıya gəlişlərindən birində tanış olmuşdum. 
O çağlar yazışmamız da olmuşdu, 1987-ci ildə Hüseyn Cavid və ailəsinin məşəqqətli taleyindən bəhs edən “Vaxtdan uca” kitabım çıxandan bir qədər sonra ondan hərarətli bir məktub da almışdım. Bir müddət sonra “Sovet Ermənistanı”nda əsərlərimlə bağlı məqalə də dərc etdirmişdi.
Ömrünün 30 ildən artıq dövrünü həsr etdiyi “Sovet Ermənistanı” partiya qəzeti olduğundan və Ermənistan Kommunist Partiyası Mərkəzi Komitəsinin sayıq nəzarəti heç vəchlə bu qəzetin yazılarından əskik olmadığından orada qələmlə nəsə etmək, azərbaycanlılara qarşı ermənilərin bəd münasibətindən nə açıq, nə sətiraltı söz açmaq mümkün idi.
Ancaq məhz həmin qəzetin gücündən, partiya orqanı olmasının verdiyi imkanlardan yararlanaraq İsrafil Məmmədov Ermənistan boyu onillər əzrində onlarla, yüzlərlə soydaşımızın tapdanan hüququnu qorumağı, kimlərəsə qarşı edilən haqsızlığın qarşısını almağı, Ermənistan azərbaycanlılarının yuxarılara çatması müşkül olan səslərinin lazımi ünvanlara yetməsinə, bağlı qapılarının açılmasına yardımçı olmuşdu.
Ermənistanda Azərbaycan dilində dövlət qəzetinin nədən yazmasından asılı olmayaraq artıq varlığı bir rəmz, özünütəsdiq əlaməti, dayaq idi. 
Təbiətcə mülayim, təmkinli, sözünün, hərəkətinin yerini bilən və sözünün kəsəri olan, xeyirxah, qayğıkeş, millətcanlı İsrafil Məmmədov heç əlli yaşına çatmamış artıq Qərbi azərbaycanlılar arasında bir ağsaqqal, başbilən kimi tanınırdı, hörmət sahibiydi, xüsusən ziyalılar arsında əksəriyyətin inam, ümid yeri idi.
O yazıçı idi, jurnalist idi, həm də inadcıl tədqiqatçı idi. 
O, ermənini və erməniçiliyi içəridən tanıyan bir adam idi. 
Erməniləri olduğu kimi göstərən, onların tarixi saxtakarlıqlarını faş edən, rəzilliklərini açıb ortaya qoyan çeşidli mənbələri axtarıb tapırdı, tərcümə və şərh edirdi, çap etdirə bilməsə də, millətin gözü açılsın, bixəbər qalmasınlar deyə təbliğ edirdi, bu yazıları əl altından yayırdı.
Söz yox, Ermənistanın dövlət rəhbərliyi də, xüsusi xidmət orqanları və ifrat millətçi təşkilatları da İsrafil Məmmədovu yetərincə tanıyırdılar, öz xalqı arsında hansı yüksək hörmət-izzətin, sözükeçərliyin sahibi olduğundan və öz nöqteyi-nəzərlərindən bu kişinin yaxşı-yaman keyfiyyətlərindən də agah idilər. 
Yüz cür fitnə-fəsad da törədə bilərdilər, istəsəydilər partiya-dövlət işindəki bütün səlahiyyətlərindən də məhrum edərdilər, Ermənistandan didərgin də salardılar.
Lakin məhz azərbaycanlılar arasında hamılıqla qəbul edilən bir ağsaqqal, başbilən, söz sahibi olması İsrafil Məmmədovu həm də xilas edirdi. 
Çünki erməni nə qədər əysə də, sovetin siyasəti də yerində idi.
İsrafil kimi bir sanballı, sözü eşidilən adam dövlətin də ehtiyatında olmalı idi ki, müəyyən kəskinləşmə hallarında, zərurət məqamlarında bir münsif, vasitəçi kimi irəli çıxardılsın.
Lakin erməni şovinistləri İsrafil müəllimə hər halda ciddidən ciddi bir xəbərdarlığı da etmişdilər ki, bu açıqca təhdid idi.
Bu, “cızığından çıxma, həddini bil” xatırlatması idi, “İstənilən anda sənin həyatına son qoyula bilər, özünü yığışdır!” yadasalması, açıq-aydın terror idi.
1968-ci ildə gecənin bir aləmində yatdığı yerdə onun mənzilini partlatmışdılar.
İsrafil müəllim dar hüdudlara sığmayan necə bir məşhur ziyalı idisə və bu qorxunc hadisənin söz-söhbəti yatırdılmaq, söndürülmək istənildiyi halda nə təhər qəzəbli və geniş əks-səda doğurmuşdusa, bu barədə Azərbaycanda da danışırdılar. 
Mən bu əhvalat barədə hələ ilk tələbəlik illərimdə eşitmişdim və artıq üstündən xeyli keçəndən, bu qəziyyə çoxlarının yadından çıxandan sonra, 1990-cı illərdə özündən soruşdum ki, o məsələ nə məsələ idi, necə oldu salamat qaldınız, bildinizmi bunu kimlər, niyə törətdi?
Dalğınlaşmışdı, demişdi ki, o vaxt xala xətrin qalmasın, yalandan bir cinayət işi açdılar, guya sübut elədilər ki, bir cavan oğlan bizim qonşuluqdakı mənzili ailə münaqişəsi üstündə, istədiyi qızın ona verilməməsi səbəbiylə partladıbmış, riyakarcasına elan etdilər ki, sən demə iş qətiyyən mənlik deyilmiş; ancaq əslində hər şey aşkar idi, birbaşa mənə qarşı törədilmiş qəsd, ölüm xəbərdarlığı idi. Məqsədli şəkildə elə vaxt da seçmişdilər ki, ailə evdə olmasın, partlayış ölüm-itimlə nəticələnməsin, uzaq başı yaralanım və ağlım başıma gəlsin ki, özümü gələcəkdə ağıllı aparım.
Tək bu deyildi ki! O hadisədən əvvəl də, bundan xeyli sonralar da İsrafil müəllimə dəfələrlə hərbə-zorbalar saçan zənglər də olmuşdu, anonim məktublar da göndərilmişdi, gənc oğlunu Yerevanda müalicəsini qəsdən yanlış apararaq elə ölümcül hala salmışdılar ki, onu daha Moskva həkimləri də xilas edə bilməmişdilər.
İsrafil müəllim ömrünün Ermənistanda keçən 62 ilinin dünyanı dərk etdiyi, dostla düşməni yaxşı ayırd etməyə qadir olduğu yarım əsrə yaxın bir iri parçası ərzində ermənilərin azərbaycanlılara qarşı qansızlıqlarının, nifrətinin, əzazilliklərinin elə ürəkdağlayan səhnələrini müşahidə etmişdi ki, o söhbətləri etdikcə insanın varlığı silkələnirdi.
Yaxşı ki, sonralar bunların müəyyən hissəsini qələmə aldı, amma nə qədər yandırıcı xatirəsini də özü ilə apardı.
İsrafil müəllimlə bizim əsl yaxınlığımız 1990-cı illərə təsadüf edən daimi ünsiyyətlərimizin başlanmasından sonra oldu. 
Azərbaycanlıların Ermənistandankı əzəli yurdlarından son müdhiş icabari və qanlı köçünün, bizi Qərbi Azərbaycandan ayrı salan 1988-ci ildə başlanan deportasiyanın qaçqın qurbanlarından biri də İsrafil müəllim oldu.
Lakin hər halda o, Ermənistanı tərk edən ən axırıncı azərbaycanlılardan idi. 
Bəlkə də elə ən sonuncusu!
Kirli caynağı qana bulaşmış düşmənlərin çevrəsində 1990-cı il yanvarın ortalarınadək, hər an üzləşə biləcəyi ölümü, divantutmanı eyninə almadan duruş gətirdi. 
İsrafil Məmmədov artıq həmişəlik Azərbaycana gəldi və onun həyatında da, Azərbaycan ermənişünaslığında da, erməni siyasətinin ifşaçılığında da tam yeni bir mərhələ başlandı.
O bizim Elmlər Akademiyasında işləyirdi, həm də Azərbaycan radiosunun erməni dilində verilişlər redaksiyasına rəhbərlik edirdi.
Elmlər Akademiyasının tarix institutunda “Azərbaycanlıların deportasiyası və soyqırımı şöbəsi”nin müdiri idi.
Respublika radiosunda isə siyasi icmalçılıq etməklə yanaşı müxtəlif redaksiyalar üçün qan sızan işğal, soyqırımı, deportasiya problemləri ilə bağlı sanballı verilişlər yazırdı, eləcə də erməni dilində səslənən proqramların əsas ağırlığını çiyinlərində daşıyırdı.
Bütün başqa məziyyıətlərindən savayı dəqiq, səliqəli adam idi. Hazırladığı verilişlərin statistikasını da aparmışdı. Azərbaycan radiosunda erməni dilində 2680, ana dilində 1145 elmi-analitik məqaləsi səslənmişdi. 
Akademiayada onunla ara-sıra rastlaşsaq da, radiodakı görüşlərimiz mütəmadi idi və hər dəfə ətraflı söhbətləşər, dərdləşərdik.
İş ondadır ki, mən müəllifi olduğum həftəlik “Axşam görüşləri” verilişinə dəvət etdiyim qonaqlarla müsahibələri adətən Azərbaycan radiosu bunasının ikinci qatında yerləşən kiçik səsyazma studiyasında lentə alardım. 
İsrafil müəllimgil də bəlli saatlarda erməni dilində olan verilişləri elə birbaşa oradan hazırlayardılar. 
Yəni həm mətnlərin oxunması, həm montaj eyni məkanda gerçəkləşirdi.
O verilişlə bu verilişin aralığındakı yarım saat, 1 saat davamlı söhbətlərimiz, müzakirələrimiz üçün münasib girəvə idi.
Və həmin təmaslarımızda gündəlik ünsiyyətlərə xas olan Allah-bəndə söhbətləri təqribən yox kimi idi.
Çünki mən İsrafil müəllimin necə bir qənimət adam olduğunu dərk edirdim, hər görüşdə biliyi çox, yaddaşı möhkəm, mövqeyi sağlam bu insandan bacardıqca daha çox bəhrələməyə səy edərdim.
Radionun, televiziyanın işçilərinə, səviyyəsinə bel bağladığım, səriştələrinə güvəndiyim jurnalistlərə, araşdırıcılara da həmişə tövsiyyə edirdim ki, bu kişi gəzən bir xəzinədir, belə adamı hardan tapacaqsınız, bacardıqca onu çox danışdırın, videoya çəkin, səsini yazın.
Siyasi mövzular, millət problemləri bir yana, başlayırdı yeniyetməlik illərində ayrıldığı ata yurdundan, doğulduğu Ərməkar kəndindən danışmağa, oradakı bulaqların, arxların, təpələrin adlarını çəkməyə, Göyçə mahalının dörd bir guşəsinin coğrafiyasından təfərrüatları söyləməyə, adını indi kimsənin bilmədiyi gədiklərin, dolayların haqqında elə əhvalatları, rəvayətləri nəql eləməyə ki, bunların hərəsi maralı bir tarixçə idi. 
Dostlara ona görə təkidlə məsləhət bilirdim bunları lentləşdirsinlər, İsrafil müəllimin səsi, görüntüsü ilə elektron yaddaşa köçürsünlər ki, bunlar sabah tarixi sübut, dəlil, şahid ifadəsi kimi istifadə edilə bilsin.
İsrafil Məmmədov Qərbi Azərbaycanın canlı ensiklopediyası idi, o qədər çox bilirdi ki, bunların hamısını özünün yazıb çatdırması mümkünsüz kimi idi, gərək başqaları da onu danışdırıb yazaydılar. 
Qərbi Azərbaycandakı irili-xırdalı o yer adları ki, onları İsrafil müəllim yaddaşında daşıyırdı çoxusu ən iri miqyaslı topoqrafik xəritələrə belə düşməmişdi.
Bizlər orda ola-ola o yerlərin adlarını erməniləşdirmişdilər, indi bizlərsiz olandan sonra təbii ki, o tərəflərdə bizə aid heç bir ad-filan qalmaz.
O bulaqlar, çeşmələr, qaynamalr, o talalar, oylaqlar, təpələr ki, onların unudulmuş və unudulan təmiz türk adlarını İsrafil müəllim dilə gətirirdi, onlar saxtalaşdırılan tarixdə həqiqətlərin öz yerinə qoyulması üçün mötəbər vasitələr idi.
O vasitələrin sabah və bütün gələcək zamanlarda danışması, üzə dura bilməsi üçünsə gərək onları yazılaşdıraydın, sənədləşdirəydin.
Bu vəzifəni nə dərəcədə yerinə yetirə bildik? 
Qərbi Azərbaycandan olan və yaddaşı da elə İsrafil müəllimin hafizəsi kimi etibarlı Həsən Mirzəyevlə bağlı da eyni məsləhəti dostlara verirdrim ki, daha belə adamlar olmayacaq, fürsəti fövtə verməyin, yazın bunları...
Yaxşı ki, tale İsrafil müəllimə 92 illik uzun ömür nəsib etdi.
Millətin bəxtindəndir ki, əcəl möhlət verdi, İsrafil müəllim deməli olduğu bir çox həqiqətləri deməyə, yalnız onun yaza biləcəyi bir çox önəmli mətləbləri qələmə almağa macal və hövsələ tapdı.
Misilsiz alim və ədib İsrafil Məmmədovdan bizə yadigar qalan “Ermənistan azərbaycanlılarının tarixi coğrafiyası” (1995), “Ermənistanda Azərbaycan mətbuatı tarixi” (2002), “Ermənistanda azərbaycanlılar 1941-1945-ci illərdə” (2004), “Erməni kilsəsi və türk-Azərbaycan torpaqlarında dolaşmaqda olan «böyük Ermənistan» kabusu” (2010), “Rus-türk müharibələrində ermənilərin fəal iştirakı, səbəb və nəticələr” (2011), “Zəngibasar qətliamları. 1918-1988” (2012), “Vedibasar qətliamları və Abbasqulu bəy Şadlinski haqqında sənədlər və xatirələr” (2013) və digər kitabları, sıra-sıra məqalələri heç vaxt köhnəlməyəcək əvəzsiz qaynaqlardır.
İsrafil müəllimin “İrəvan dəftərləri” adlı kitablar silsiləsi düçar olduğumuz işğal, soyqırımı, deportasiya, qaçqınlıq və köçkünlük faciələrimizin doğruçu mənzərəsini görmək, erməniçiliyin anatomiyasını olduğu kimi anlamaq və qavramaqdan ötrü tayı-bərabəri olmayan məxəzlərdir.
Ən savadlı, ən döşünə döyən millətpərvərlərimizin neçəsi İsrafil müəllimin bu əsərlərindən neçəsini oxuyub?
Qarabağ düyününün, millətimizə, yurdumuza qarşı son iki əsr boyunca verilmiş zülmlərin çözüləmsini, gələcəkdə təkrarlanmamasını istəyiriksə, gərək tarixi yaxşı bilək, acı dərslərdən ibrətlər alaq, arxada qalan yolumuz və taleyimizin eniş-yoxuşlarından xəbərsiz qalmayaq.
İsrafil müəllim ömrünün axırınacan nuru asta-asta azalan gözləriylə bizim gözlərimizi örtən qəflət pərdəsinin aradan getməsi üçün usanmadan can qoydu, yazdı, yaratdı.
Bu fədakar əməklərinin və millətəgərək kitablarının müqabilində ona 2012-ci ildə təqdim edilən Dövlət mükafatı son dərəcə layiqli bir alimə halal haqqının verilməsi idi. 
Mən çox adamlar tanıyıram ki, kifayət qədər vüqarlı, möhkəm, sınmaz, əyilməz idilər. Amma işğal, urcah olduqlarımız, qaçqınlıq, köçkünlük onları ruhən sındırdı, mənən çökdürdü, 1 gündə 1 ay, 1 ildə 10 il qocaldılar, vaxtsız-vədəsiz ölüb getdilər.
Amma İsrafil Məmmədov əsgər idi, döyüşçü idi, kəşfiyyatçı idi. 
O son gülləsinədək meydanı tərk edə bilməzdi. 
O bədəninə, canına da hökm etmişdi ki, axıracan vuruşmalıdır.
Nə qədər ki, taqəti vardı, nəfəsi gedib-gəlirdi o, yağının ovuc içərisindəymiş kimi göründüyü srateji yüksəkliklərə bayraqlarımızı sancmalıydı.
Millət eşqi, Vətən tarixinin həqiqətləri ilə dolu hər kitabı onun zirvələrə sancılan, qələbəyə aparan, doğru yolu göstərən bayraqları idi.
Hər kitab sonu olmayan bir tarixdir. 
İsrafil müəllimin bu əsərləri həmişə yaşayacaq, onun özünü də yaşadacaq, millətimizin, yurdumuzun da tarix içərisində daha əmin, təhlükəsiz, keçdiyi yolları dəiqiq bilərək yaşamasına da kömək edəcək.
...İyunun son həftəsində mən Azərbaycandan uzaqlarda, Strasburqda, Avropa Şurası Parlament Assambleyasının yay sesiyasındaydım.
Bazar ertəsi, iyunun 24-də gecə saatlarınacan davam edən iclaslarımızda Bakıdan acıdan-acı bir xəbər aldım ki, Azərbaycan mətbuatının patriarxı, ustad Şirməmməd Hüseynov 95 yaşında vəfat edib.
Ertəsi gün, yenə sürəkli iclasların gedişində telefonumun işıqlanan ekranında Bakıdan gələn daha bir qara xəbəri oxudum: İsrafil müəllimi itirdik...
...Bakıya dönəndən sonra ziyarət etməyə tələsdiyim ilk ünvan Şirməmməd müəllimin son mənzili oldu.
Elə orada, İkinci Fəxri Xiyabandaykən mənə əziz olan digər insanın məzarına da baş əymək istədim, maraqlandım ki, bəs İsrafil Məmmədovu harada basdırıblar?
O, burada dəfn edilməyib ki! – dedilər.
Təəccübləndim. Sonra öyrənəndə ki, onu heç şəhərdə yox, Saray qəbristanlığında torpağa tapşırıblar, ikiqat heyrətləndim.
Axı İsrafil Məmmədov qətiyyən sadə adam deyldi və o, şəxsiyyəti ilə, yaradıcılığı ilə, keçdiyi yolla yüksək ehtirama layiq qiymətli bir şəxsiyyət idi. 
O torpağa 92 yaşlı sıradan olan bir ixtiyar kimi səssizcə tapşırılmamalı idi, onunla vidalaşma bu vətənə və millətə xidmətlərinə, ləyaqətli şəxsiyyətinə yaraşan kimi olmalı idi, alimlər, ziyalılar, onun özünün və gördüyü işlərin qədrini bilənlər sözlərini deməliydilər.
Biz dövlətik, istiqlalının ikinci əsrinə qədəm qoymuş və böyük sabahlara üz tutan millətik.
Axı gərək biz hər vasitədən dövlətimizin daha qüdrətli, millətimizin daxildən daha uca olması üçün istifadə edək!
İsrafil Məmmədov kimi həmişə sinəsində millət və dövlət sevgisi daşan ürək çırpınmış şəxsiyyətlərin hətta dünyadan, həyatdan əbədi ayrılma günü də bu müqəddəs idealların başqa könüllərdə daha da coşqun davam etməsinə qığılcım verəcək təkan nöqtəsinə dönməlidir və döndərilməlidir!.
...Xatırlayıram 1994-cü ilin 18 noyabrını.
O vaxt hələ cib telefonları yox idi, ona görə də birini axtaranda ya iş, ya ev telefonuna zəng vururdular.
İşlərimin ardınca şəhərdə idim, arada küçədəki telefon avtomatdan evə zəng çaldım ki, məni soruşan olmayıb?
Dedilər Qulam Məmmdəligildən iki dəfə zəng olub. Əvvəl yoldaşı zəng vurmuşdu, bir az sonra qızı. Nəsə həyəcanlı idilər.
Düşündüm yəqin nəsə ehtiyacları var, ya hansısa dava-dərmana almaq lazımdır.
Yollandım Qulam müəllimgilə. 
Mənzillərinin qapısı açıq idi. 
Yataqda olsa da, söhbətləşdiyim, srağagün görüşüb ayrıldığım Qulam Məmmədli artıq yox idi.
Bu 98 yaşlı insan, XX əsrin əvvəllərində ibtidai mollaxana təhsili almış sadə bir azərbaycanlı mədəniyyət, elm tariximizin ən nadir simalarından birinə çevrilməyi bacarmışdı.
Təkbaşına bir neçə alimin deyil, bir neçə tədqiqat mərkəzinin, araşdırma institutunun görmədiyi işləri görmüşdü. 
Azərbaycanın 2 cildlik teatr salnaməsini yaratmışdı, Heyran xanımı ilk dəfə xalqımıza təqdim etmişdi, Mirzə Cəlilin, Abbas Mirzə Şərifzadənin, Üzeyir Hacıbəylinin, Hüseyn Cavidin, Hüseyn Ərəblinskinin, Nəriman Nərimanovun, Cahangir Zeynalovun ömür və yaradıcılıqlarını gün-gün, ay-ay ardıcıllıqla əks etdirən möhtəşəm kitablar doğurmuşdu.
Əlbəttə ki, onu bu dünyadan alqışlarla, böyüklüyünə, bənzərsiz fəaliyyətlərinə və qiymətli əsərlərinə yaraşan bir vida mərasimi ilə yola salmaq borc idi.
Cümə günü idi, iş günü sona yaxınlaşırdı.Teatr xadimləri İttifaqına zəng vurdum, sədrdən xahiş etdim ki, sabah, şənbə günü Aktyor evində Qulam Məmmədli ilə vida mərasimi keçirməyimizə icazə versin, qalan bütün işləri özüm təşkil edəcəyəm.
Cavab verdi ki, mənə gərək yuxarıdan tapşırıq ola. Dedim axı, əlinizin altında hökumət telefonu var, yuxarı nə bilsin ki, Qulam Məmmədli keçinib, məlumatı siz çatdırın.
Burdan bir nəticə hasil olmadığını görüncə Yazıçılar Birliyinə, Mədəniyyət nazirliyinə zəng vurdum. 
İşin tərsliyindən orda rəhbərlikdən heç kim yox idi. Məhəmməd Füzulinin anadan olmasının 500 illiyi ilə əlaqədar keçiriləcək mərasim münasibətilə Moskvaya yola düşmüşdülər.
Mədəniyyət nazirliyindəki bir tanışım telefonla mənə bildirdi ki, özünü əbəs yerə yorma, Qulam müəllimin ən yüksək titulu əməkdar mədəniyyət işçisi olub, bu isə o deməkdir ki, statusu etibarı ilə İkinci Fəxri xiyabana da uyğun deyil.
Son çıxış yolum qalmışdı, xəbəri birbaşa ölkə Prezidentinə çatdırmağı qət etdim. Gəldim Xarici İşlər nazirliyinə. 
O zaman biz nazir Həsən Həsənovla bir kitab üzərində işlədiyimizdən hər gün görüşürdük.
Kədərli xəbəri çatdırdım. 
O da dərhal dəstəyi qaldırıb bunu dövlət başçısına bildirdi.
Unudulmaz Heydər Əliyevin elə həmin andaca verdiyi qərar məni qəhərləndirdi: “Vida mərasimini bazar ertəsinə saxlayın, Filarmoniyada olsun. Özüm də gələcəyəm. Qulam müəllim Birinci Fəxri Xiyabanda dəfn edilsin. Rafael də elə indicə gəlsin Prezident Aparatına, təcili bir nekroloq tərtib etsin ki, axşam televizyada Xəbərlər proqramında səslənsin.”.
Qulam Məmmədli bütün gərəkli işlərini görmüş, həyatını sürmüşdü və indi onun cansız bədənindən ötrü hansı qəbristanlıqda dəfn olunmağın olsun ki, fərqi yox idi. Amma bunun sabah Qulam Məmmədli ola biləcək bir gənc üçün mütləq və mütləq dəxli vardı.
O gənc şahid olsaydı ki, bir əsrə çatan ömrünün 80 ilindən çoxunu xalqı, yurdu üçün çalışmış Qulam Məmmədli kimi bir yaradıcının, maarifçinin, alim və ədibin sonu belə təntənəsiz, urvatsız, sükut içində bitdi, sadəcə ailəsi, yaxınları toplaşdılar, həmin cavanın ideal saydığı adamı ən adi qocalardan biri kimi çətinliklə yer tapılan ucqar qəbristanlıqlardan birində torpağa gömüb dağılışdılar, görəsən o xəyalpərvər gəncin qəlbindəki gələcəyin Qulam Məmmədlisi olmaq həvəsi sönməyəcəkdi?
Amma Qulam Məmmdəlinin cənazəsi güllər-çiçəklər arasında ölkənin ən əsas səhnələrindən birində qoyulmuşdu.
Onun haqqında ən minnətdar kəlmələr səslənirdi.
Onun tabutu başına böyük dövlət adamı, Azərbaycan Prezidenti Heydər Əliyev sayğı duruşuna gəlmişdi.
Milləti və dövləti Qulam Məmmədli ilə belə vidalaşırdı.
Sabah yeni Qulam Məmmədlilər yaranmasının vacibliyi dərsi millətə və gəncliyə belə verilirdi!
Qınaqarı həmişə bir az aşağıdan, özümüzdən başlayaq.
İsrafil Məmmədovun əbədi gedişinin sorağını vaxtında, lazım olan tərzdə, çatdırılmalı olan yerə bildirən oldumu ki, belə bir dərs, bəlkə ondan da təsirlisi yenə təkrarlansın?!

Rafael Huseynov,
akademik
2 avqust 2019

Avropa Şurası Parlament Assambleyasının Azərbaycan nümayəndə heyətinin üzvüdür.
Azərbaycan Respublikasının Milli Məclisin Mədəniyyət komitəsinin sədridir.
AMEA Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktorudur.
Facebook