RAFAEL HÜSEYNOV AMEA-nın həqiqi üzvü Filologiya elmləri doktoru Professor
İlk birinci + Foto Avg 27, 2019 | 22:32 / Mühüm hadisələr

Bir insanı illərcə onunla yanaşı addımlayan, ömrünün hər anına bələd olan, həyatının bütün acısı və şirinini onunla bölüşən kəsdən daha dəqiq kim tanıya, kim dəyərləndirə bilər?
Onda qalmış da bu qiyməti verən müdrik, dilindən qopan hər kəlmənin çəkisini hiss edən, həqiqətləri son dərəcə bəsirətliliklə görərək sərrastlıqla, ədalətlə ifadə edib qiymətləndirməyi bacaran bir insan ola.
Prezident İlham Əliyev taleyin ona ömür-gün dostu kimi nəsib etdiyi Mehriban xanımı səciyyələndirərkən uzun illik birgəlikləri boyunca həyat yoldaşında onu cəzb edən ən baslıca keyfiyyəti dəqiq nişan verir. Söyləyir ki, əlbəttə, zahiri görünüş böyük rol oynayır. Lakin daxili aləmindən gələn və gəlməkdə davam edən mehribanlıq yəqin ki, zahiri görkəmi ilə yanaşı daha çox cəlb edib və edir.
Mehribanlıq isə həm mehr-məhəbbətdir, həm mərhəmətdir, həm rəhmdillikdir, həm həssaslıqdır, həm ruhən və qəlbən yaxınlıqdır, həm səmimiyətdir, bir sözlə, bütün nəcib duyğuların toplusudur.
Bir insanın öz varlığında bunca saf keyfiyyətləri daşıması onun özü üçün də səadətdir, onunla tale, yol, hər yeni başlanan günün qayğılarını bölüşənlərdən ötrü də xoşbəxtlikdir.
...Doğum günləri, yuvarlaq ildönümləri sadəcə ömrün bir ilinin də yaşanıb növbəti ilinin başlanmasının qeyd edilməsi deyil, həm də keçilən və davam edən yol haqqında bir daha düşünmək fürsətidir.
Mehriban xanım Əliyeva isə bir ailənin, bir ocağın təmsilçisi olmaq çərçivəsindən çoxdan kənara çıxmış, bütün Azərbaycanınkı olan şəxsiyyətlərdəndir və artıq onun yolu, tərcümeyi-halı tək özününkü deyil, xalqın, ölkə həyatının bir parçasıdır.
Axı o, Birinci Xanımdır, axı o, Azərbaycan tarixində ilk Birinci vitse- prezident, bunca ali dövlət vəzifəsinə ucalmış əvvəlinci qadındır.
Bu, müasir milli tariximizin elə mühüm hadisəsidir ki, onu sadəcə seyrçi kimi izləyib keçmək olmaz.
Azərbaycanın dövlət idarəçiliyi tarixində ilk dəfə baş vermiş bu təyinat barədə bizdə və xaricdə indi də danışılır və yazılır, gələcəkdə də yazılacaq və danışılacaq.
İndi danışanlar və yazanlar nə dərəcədə haqlıdır, bunu sabah göstərəcək.
Sabah danışanlar və yazanların işi daha rahat olacaq - onlar artıq arxada qalan yolu, göz qabağındakı nəticələri təhlil edəcəklər, bu seçimin nə qədər mötəbər, yerində olmasını ötülmüş yol özü onlara söyləyəcək.
Həmin münsiflərin dəyərləndirmələrini görülmüş işlərlə müqayisə etmək imkanı olduğundan kimin qiymətvermələrdə hansı həddə haqlı, ya haqsız, nə dərəcədə insaflı, ya ədalətsiz olması onsuz da hər kəsə görünəcək.
Çətin olan indi danışmaq və yazmaq, Azərbaycanın siyasi gerçəkliyinin bu mühüm yeniliyini dürüst dəyərləndirməkdir.
Ölkəmizin bütün tarixi ərzində əvvəlinci dəfə dövlət başçısından sonra ən həlledici səlahiyyətlər sahibi mərtəbəsinə, sadəcə ikinci şəxs deyil, ehtiyatdakı dövlət başçısı sayılası ali vəzifəyə təyinat edildi, ilk dəfə bunca yüksək məqama Azərbaycan Qadını(!) layiq görüldü.
Bəlkə də Azərbaycanın ilk Birinci vitse-prezidenti ölkənin Birinci Xanımı olmasaydı, bu təyinat belə qaynar maraq, müzakirələr, çeşidli münasibətlər, bəzi hallarda isə fikir müxtəlifliyi oyatmazdı.
"Fikir müxtəlifliyi" deyərkən yalnız xaricdə və daxildə onsuz da hər ən savab işimizə də bir qulp qoymağa girəvə gəzən hansısa əleyhdarlarımızın paxıl, qısqanc yanaşmalarını nəzərdə tutmuram.
Axı sadə adamlar arasında da eləsi ola bilər ki, Prezidentin öz həyat yoldaşına belə etimadına bir az tərəddüdlü münasibət bəsləsin.
Məgər Mehriban Əliyeva bütün qabiliyyət və ləyaqətiylə bu vəzifəyə ən uyğun seçim deyilmi?
Hətta ən ürəkaçan başlanğıclara da bir "əmma" yapışdırmağa pərgar olanların ürəyindən keçə bilərdi: "Layiq olmağına layiqdir, amma"...
Ona görə də bu seçiminə görə mən ən əvvəl Prezident İlham Əliyevin iradəsini, tam haqlı olduğu bir nöqtədə kiminsə kənardan buna necə baxacağına, nə deyəcəyinə bənd olmadan bu ədalətli və düzgün qərarı vermək qətiyyətini təqdir edirəm.
Bəzən həyatda çox olur ki, biz içərimizdə haqlı olduğumuzu duysaq da, ətrafı düşünərək, özümüzə kənardakıların gözü ilə baxaraq, "başqaları nə deyər" eyhamından çəkinərək atmalı olduğumuz addımı atmırıq, sonra vaxt ötüncə bunun acı təəssüfünü də yaşayırıq.
Haqlı olduğunu bilə-bilə öz düz baxışını bir ayrısının riyakar yanaşmasına qurban vermək də, əslində, haqqı nahaq ayağına verməyin bir başqa təzahürüdür.
Mən təsəvvür edirəm ki, 2 il öncə Prezident İlham Əliyev son qərarını verənə qədər daxilən nə qədər gərgin anlar yaşayıb, hey ölçüb-biçib, həyəcanlanıb, bu təyinatın doğuracağı bütün müzakirələrin hər cür nəticələrini göz önünə alandan sonra, nəhayət ki, sərəncamına imza atıb.
Dövlət başçısının ən ümdə və onu öndər edən başlıca məziyyəti lazım olan qərarı gərək olan anda vermək istedadıdır.
Güman etmirəm liderlərin ömrü elə bir ucdan belə qərarları verməklə keçir.
Bu cür həlledici seçim anları uzaqbaşı bir karyera ərzində bir neçə dəfə ola-olmaya.
16 ildir ki, Azərbaycanın Dövlət Gəmisinin Sükançısı Prezident İlham Əliyevdir, 16 ildir ki, Böyük Yolumuzu onun ağıllı, səriştəli, müdrik bələdçiliyi ilə gedirik.
Və bu 16 illik yol boyunca belə qətiyyət anlarına bir neçə dəfə şahid kəsilmişik.
Uzaq tarix deyil, əlbəttə ki, unutmamısınız - Türkiyə Ermənistanla sərhədlərini açmağın az qala bir addımlığında idi.
Türkiyə qardaşımızdır. Lakin bəzən iki qardaşın maraqlarının da tam üst-üstə düşmədiyi hallar araya gəlir.
Belə darmacalda qardaşa güzəştə getməlimi, onun yanlışını bağışlamalımı, ya özündə cəsarət, ötkəmlik taparaq qardaşa qardaşlıqdan da ülvi milli maraqlar olduğunu xatırlatmalımı?
Prezident İlham Əliyev dövlətçiliyimizin və Türkiyə ilə qardaşlıq tariximizin bu son dərəcə həssas anında öz liderlik bioqrafiyasının ən doğru qərarlarından birini qəbul etdi, dövlətinin və millətinin heysiyyətini qardaş məhəbbətinə qurban vermədi, axıracan qərarında sərt qaldı, "qardaşlığımızın hansı tərzdə davam etməsi bu davranışdan asılı olacaq" mesajını pərdəsiz-filansız çatdırdı.
Və nəticədə çox haqlı oldu.
Zənnimcə, gələcəkdə siyasi tariximizi yazanlar Prezident İlham Əliyevin bu uğurunu qəlbən bəyənərək minnətdar ifadələrlə yad edəcəklər.
Bir müddət keçdi. Yenə Türkiyə həmin Türkiyə idi, İlham Əliyev həmin İlham Əliyev.
Bu səfər Türkiyə müşkül duruma düşmüşdü. Düşmən əllər bir-birinin ardınca ölkədə qanlar axıdır, vahimə yaradır, dəhşətli terrorlar törədirdi.
Cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğan Bakıya uçmalı idi.
Səfərin lap ərəfəsində açıq xəbərdarlıq kimi daha bir terrorun dəhşətini yaşadı Türkiyə.
Ola bilsin, bu, düşmənlərin açıq hədəsi, xəbərdarlığı idi.
Prezident İlham Əliyev Türkiyə dövlət başçısının və qardaş ölkənin bu kədərli və sınaqlı anında mərdanə hərəkət etdi. Özü Türkiyəyə uçdu. Qardaşın ağır anlarında onunla çiyin-çiyinə dayandı.
Bu səfərin təhlükəsi də vardı, riski də az deyildi.
Amma dərsi, ibrəti, görkü daha böyük idi.
Həm Türkiyə və türklük üçün, həm də dünyadan ötrü!
Başqa bir dəfə isə Türkiyə meydanda deyildi. 2014-cü il aprelin 24-ü idi. Dünya erməniçiliyinin adətən onlara qarşı guya türklərin törətdiyi qondarma soyqırımının ildönümünü qeyd etdikləri həmin gündə Praqada "Şərq tərəfdaşlığı" proqramının 5 illiyi münasibətilə zirvə toplantısı keçirilirdi. Ermənistan başçısı Türkiyənin əleyhinə böhtanlar, iftiralar yağdırırdı.
Prezident İlham Əliyevə kürsüyə gəldi: "Türkiyə burda yoxdur, mən burdayam" deyib sinəsini qabağa verdi, oturtdu düşməni yerində!
Prezident İlham Əliyev o sözləri söyləyəndə fərəhindən qəhərlənməyən vətənpərvər Türkiyə türkünü təsəvvür etmək çətindir!
Prezident İlham Əliyev o anda Türkiyə boyda idi, Azərbaycan boyda idi!
Elə bu cür taleyüklü dəmlərdə tərəddüdsüz kəskin mövqeyini, kişi sözünü Prezident İlham Əliyev yeri düşəndə Amerika Birləşmiş Ştatları kimi nəhəngə də deyib, Almaniyaya da, digərlərinə də!..
Fikrimcə, Mehriban Əliyevanın Birinci vitse-prezident vəzifəsinə təyinatı da ciddi tarixi mənası olan belə qəti və qətiyyətli addımlar silsiləsindəndir.
Əvvələn, bütün məziyyətləri ilə bu ali vəzifəyə layiq olan bir insanın haqqı verildi.
Layiqlərə layiq olduqlarının əsirgənməməsi, vaxtında, məqamında qiymət verilməsi həmişə ehtiram oyadır.
Digər tərəfdən, heç kəsə sirr deyildi axı dövlətin yuxarı eşelonunda olanların neçəsinin ürəyindən yeni təsis edilmiş və hələ boş olan həmin vəzifə keçirdi. Siyasətşünaslar, qəzetçilər, elə son 20-30 ildə az qala onlar qədər siyasiləşmiş camaat da istixarə edirdi, hərə öz fərziyyəsini yürüdürdü: o olacaq, yox, bu ola bilər...
Ehtimallarımızdakı adlardan hansınınsa üstündə dayanılsaydı, bu yox, o biri olsaydı, bu birilərin ona, yaxud bunun obirilərə münasibəti nə şəkildə davam edəcəkdi?
Mehriban xanımın təyinatı isə elə sərrast bir seçimdir ki, həm balansı, komandadakı ovqatı qorudu və həm də "mən deyiləmsə, elə ən yaxşısı belədir" təsəllisi ilə hər ürəyində iddiası olanı da təmin etdi.
Və Birinci vitse-prezident hələ fəaliyyətə başlamamışdan dərhal qüvvələr nisbəti, idarəetmə maşınının pillə düzümü artıq beyinlərdəcə əhəmiyyətli səviyyədə dəyişdi.
Səksiz ki, gün ötdükcə bu dəyişmələrin reallıqdakı əhatəsi genəldi və aydınlığı ilə üzə çıxmağa başladı.
Yeni kompozisiyada Prezident Administrasiyasının da, Nazirlər Kabinetinin də yeri və mövqeləri xeyli dəqiqləşməyə üz qoydu.
Bilavasitə və rəsmən, artıq dövlət idarəçiliyi şəbəkəsində tam sədaqətli, etibarlı bir əqidə yoldaşı qazanmasıyla Prezidentin müstəqil siyasət yürütmək səmtində müvəffəqiyyətləri də, təbii ki, qat-qat artdı.
Birinci vitse-prezident vəzifəsini qadının aparması və həm də bu vəzifəni daşıyanın dövlət işlərində prinsipial mövqeli bir xanımın olması, onun yüksək zövqü, intellekti, ziyalılığı, işgüzarlığı dövlət maşınının iş üsullarına da şəksiz təsirini büruzə verməyə başladı.
Bu tandemlə - iki etibarlı yol yoldaşının, iki məsləkdaşın, birlikdə həyatın çox acılı-şirinli günlərinin imtahanlarından keçmiş iki sadiq dostun ali idarəçilikdəki birgəliyiylə, fikir, xətt ortaqlığıyla dövlətimizin çöldən və içəridən ən müxtəlif arzuolunmaz təmayüllərə qarşı müqavimət gücü də artdı.
Kim ki güman edir dövlətlərdə bu cür ən yüksək təyinatlar zamanı dünyanın baxışı nəzərə alınmır, - yanılır.
Son illərdə beynəlxalq aləmdə Mehriban Əliyevanın səmərəli və çoxşaxəli fəaliyyətləri, ayrı-ayrı ölkələrdəki çıxışları, görüşləri, müsahibələri onun kimliyini, hansı səviyyənin, hansı gücün, hansı potensialın daşıyıcısı olmasını dünyaya qədərincə anladıb.
Onu oralarda bizdən də çox, bizdən də diqqətli izləyirdilər, müşahidə və təhlil edirdilər, hansı potensiala sahibliyini də dərk edirdilər. Ona görə də bu təyinatı zirvəyə doğru gedişin qanunauyğun yekunu kimi qavrayaraq sakit də qəbul etdilər.
Yolunun əvvəlində Prezident İlham Əliyev "Mən hər bir azərbaycanlının Prezidenti olacağam" demişdi.
Mehriban Əliyeva Prezident İlham Əliyevin daim yanında olacağını vəd etdiyi əziz vətəndaşlarından biridir.
Prezident İlham Əliyev Birinci vitse-prezident vəzifəsinə həmin vətəndaşlardan hansısa birini deyil, onların hamısından yaxşı tanıdığı, ən çox etibar etdiyi, ən çox inandığı, hər cəhətdən üstünlüyünü ən yaxın məsafədən gördüyünü təyin edibsə və bunu da ilk növbədə hamısını bərabər tutduğu o vətəndaşların mənafeyini düşünərək edibsə, bu, əlbəttə ki, təqdirlərə layiqdir.
Mehriban xanımı mən 1990-cı illərin ortalarından, Azərbaycanın asta-asta böhranları aşaraq ayağa qalxmağa, sabahkı yüksəlişlərinə doğru enişli-yoxuşlu vaxt kəsiyini adlaya-adlaya irəlilədiyi illərdən tanıyıram.
Mehriban Əliyeva ABŞ-ın Azərbaycandakı ozamankı səfirinin xanımı ilə birgə yeni qurduğu "Azərbaycan Mədəniyyətinin Dostları" Fondunun həmsədri idi. Əslində, bu fondu yaratmaq ideyası Mehriban xanımdan gəlmişdi, amma Amerika səfirinin xanımının da bu işə cəlb edilməsi xarici ölkələrin mədəniyyətimizə diqqət və qayğılarının artırılması üçün ondan bir əlverişli vasitə kimi yararlanmaq, xarici şirkətləri də həmin yolla mədəniyyətimizə dəstək göstərməyə cəlb etmək məqsədi daşıyırdı.
Təxminən hər həftə yığışırdıq. Mərhum rəssam Elçin Məmmədov, unudulmaz dostlarımız pianoçu Rafiq Quliyev, musiqişünas İbrahim Quliyev, Fərhad Bədəlbəyli, Nərgiz Paşayeva, Xuraman Qasımova, Natəvan Şeyxova, Rafiq Seyidzadə...
O müzakirələr, fikir mübadilələri əsnasında Mehriban xanımın iti ağlı, mənəvi sərvətlərimizə can yanğısı, mədəniyyətimizi, sənət irsimizi bu narahat dövrdən itkisiz çıxarmaq üçün çalışmaları heyranlıq doğururdu.
Mehriban xanımın səyləri ilə o vaxt "Molla Nəsrəddin" mizah toplusunun cildləri latın qrafikasında nəfis şəkildə nəşr edildi.
Qocaman, ahıl sənətkarlarımıza dayaq olacaq Prezident təqaüdlərinin veriləcəyi illər hələ qarşıda idi. Mehriban xanımın təşəbbüsü ilə canlı klassik olan sənətkarlarımızın iri dəstəsinə, keçid dövrünün sıxıntıları ilə üzbəüz qalaraq əziyyət çəkən Mikayıl Abdullayevə, Qəmər Almaszadəyə, Bədurə Əfqanlıya, Fatma Mehrəliyevaya və digərlərinə hər cəhətdən dəstək niyyəti ilə "Sönməyən ulduzlar" adlı gecələr təşkil olundu.
Daha sonra Mehriban xanım Heydər Əliyev Fondunun prezidenti oldu.
Elə miqyaslı fəaliyyətlər göstərdi ki, ulu öndər xalqa bir qədər də yaxınlaşdı. Bir xeyirxahlıq timsalına çevrilən fond ölkəmizdə və sərhədlərimizdən uzaqlarda onlarla nəcib layihəyə həyat bağışladı, yüzlərlə yeni məktəbin tikilməsini, yüzlərlə təhsil, tərbiyə müəssisəsinin əsaslı yenidənqurmasını təmin etdi.
Bu fonddan saçan şəfqət dalğalarından Azərbaycandakı kimsəsiz uşaqlara da pay düşdü, Pakistanın müxtəlif əyalətlərində qan xəstəliklərinə mübtəla körpələrə də, Bosniya-Herseqovinadakı gözdən şikəst balalara da, Gürcüstanda böyüyən, ana dilində dərsliklərə ehtiyacı olan soydaş övladlarına da...
Hələ mən fondun xətti ilə İtaliyada, Vatikanda, Fransada gerçəkləşən, bizi dünyayla daha sıx tellərlə bağlamağı hədəf götürmüş, dinimizin də, mədəniyyətimizin də, insanımızın ruh dünyasının da dünyaya açıqlığını əyani şəkildə təcəssüm etdirən silsilə layihələri demirəm.
Muğam müsabiqələri təşkil etdi. Bu sənət yarışı mahiyyəti ilə dünya azərbaycanlılarını qovuşduran qeyri-adi körpüyə çevrildi. O müsabiqələrin canlı yayımlandığı saatlarda bütün Yer kürəsi boyunca on milyonlarla soydaşımız saat fərqini unudaraq ekran qarşısında əyləşdi, bütün ürəyi və düşüncələri ilə Vətənə kökləndi.
Mehriban xanım Gimnastika Federasiyasına rəhbərlik etdi. Qısa vaxt ərzində Azərbaycanın bir-birindən istedadlı neçə gözəl gimnastı yetişdi və onların qələbə soraqları dünyanın məşhur idman arenalarından ucaldı.
UNESCO-da, dünyanın bu baş elm, təhsil, mədəniyyət təşkilatında təmsil etdi ölkəmizi, həmin mötəbər qurumun xoş məramlar (mətbuatımızda bu ifadə “xoşməramlı səfir” kimi işlənsə də, mən bunu, ən azı məna və məntiq baxımından dürüst hesab etmirəm) səfiri seçildi, bir-birinin ardınca Azərbaycanın neçə sənət incisi dünyanın nəzər nöqtəsinə gəldi.
Azərbaycanın mədəniyyət sahəsinə cavabdeh məsulları illər boyu çalışsalar da, Qobustan kimi nadirdən-nadir tarix və sənət möcüzəsini, bəşər intibahının qaynaqlarından olan bu misilsiz məkanı və onun yazılı, rəsmli daşlarını UNESCO siyahılarına saldıra bilməmişdi.
Mehriban xanım UNESCO-nun Baş direktorunu Qobustana gətirdi. Azacıq ötüncə Qobustanın və onun ardınca muğamımız, tarımız, sazımız, kəlağayımızın qədəmləri bu mötəbər təşkilata açıldı, həmin milli sərvətlərimiz ayrıca nomnasiyalar kimi dünyanın bu ali mədəniyyət, elm, təhsil təşkilatında rəsmi qeydiyyata alındı. Hələ növbədə neçəsi də var.
Xoş məramlar səfiri Mehriban Əliyevanın sayəsində Məhsətidən üzü bu yana neçə klassikimizi, milli irsimizin çox-çox şah əsərini UNESCO qanadının altına aldı, onlara dünyanı fəth etməkçün yeni qanadlar verdi.
3 çağırış Azərbaycan Milli Məclisinə üzv seçildi, 12 il deputat oldu. Parlament fəaliyyətləri ilə də önə çıxmağı, seçicilərində "əsl millət vəkili belə olar" inamını oyatmağı bacardı.
Hazırladığı 3 amnistiya aktı ilə on minlərlə ailəni sevindirdi, 40 min insana azadlıq bəxş etdi.
Parlamentdə elçisi olduğu Xəzər rayonu üçün nələr etdiyini anlamaqdan ötrü Şüvəlanın, Zirənin, Qalanın, Binənin, Türkanın, Buzovnanın, Şağanın... 2005-ci ildən bu günə doğru ildən-ilə şəhərləşən, abadlaşan, rahatlaşan, göyçəkləşən mənzərəsini göz önünə gətirmək yetər.
Birinci vitse-prezident təyin edilməsindən keçən qısa müddət ərzində gələcək qaynar və əhatəli fəaliyyəti üçün təməllər qurmaqla yanaşı dövlət başçımızla əl-ələ ölkə quruculuğunun ən ümdə məsələləri ilə bağlı səylərini ortya qoudu.
Mehriban xanım Əliyevanın yenicə başlanan Birinci vitse-prezidentliyi dönəmində diqqət çəkən əsas məqamlardan biri də bu oldu ki, onun nəzərləri ilk növbədə cəmiyyətin qayğıya, köməyə, nəvazişə daha çox ehtiyacı olan təbəqəsinə yönəldi. Qaçqınlarımız və məcburi köçkünlərimiz onun simasında ən etibarlı bir qayğıkeşlərini tapmış oldular.
Qaçqın və məcburi köçkünlərimiz uzun illərdən bəri davam edən Ermənistan təcavüzünün saysız fəsadlarından o qədər əziyyər çəkmiş insanlardır ki, daim daxilən gərgindirlər, əsəbləri tarıma çəkilib və onları anlamaq da çətin deyil.
Kim elə yaşadığımız bu 2019-cu ildə Birinci vitse-prezident Mehriban Əliyevanın məcburi köçkünlərimizlə görüşləri zamanı onun insanlara necə yanaşdığını, necə danışdığını, insanların onu necə qəbul etməsini ən azı televiziya ekranlarında seyr ediblərsə, şahiddirlər ki, bu səmimilkdə bu qəbil rəsmi görüşlər əvvəllər heç vaxt olmayıb. Çünki bu əlində yüksək dövlət səlahiyyətləri olan bir ali məqamlı vəzifə sahibindən öncə vətəndaşlarına qəlbi yanan bir ananın, bacının dərdli yurddaşları ilə könül söhbətləri idi.
Mehriban xanım son 20 ildən artıq bir müddətdə ictimai-siyasi, mədəni həyatdakı fəaliyyətləri ilə həm də bənzəri olmayan örnək yaratdı.
Azərbaycan Respublikasına əvvəllər rəhbərlik etmiş şəxslərin də aydın məsələdir ki, ömür-gün yoldaşları, mahiyyətcə, birinci xanım adlandırıla biləcək qadınlar olmuşdu.
Lakin 2003-cü ildən etibarən Mehriban Əliyeva ilk dəfə olaraq reallıqda cəmiyyətimizə Azərbaycanın Birinci xanımının nümunəvi obrazını təqdim etdi. Cazibədar zahiri görünüşündən, kübar maneralarından tutmuş dinclik bilmədən ölkə daxilində və sərhədlərimizdən kənarlarda gerçəkləşdirdiyi misilsiz işlərlə o, ölkə Prezidentinin obrazın tamamladı, ona sadəcə mənəvi hayan, arxa deyil, həm də layiqli həmfikir, silahdaş oldu.
Bu da indi mühitimizi seyr edərkən aşkar sezilən bir cəhətdir ki, onun nümunəsi bütövlükdə Azərbaycan qadınının, konkret olaraq isə yüksək vəzifəli məmurlarının həyat yoldaşlarının cəmiyyət həyatında əvvəlki zamanlara nisbətən xeyli fəallaşmasına münbit zəmin yaratdı, bunun müsbət bəhrələri o qədər əyanidir ki, hamımıza görünməkdədir.
Nəyə əlini vurubsa, hansı istiqamətə üz tutubsa, Mehriban xanım millətin üzünü ağardan, başını ucaldan işləri ilə yadda qalıb.
Qoca Pifaqor minillər öncə "Yaxşı başlanğıc artıq işin yarısı deməkdir" söyləyib.
Mehriban Əliyevanın bugünəqədərki bir-birindən faydalı, hamısının mayasında millətə və dövlətəxeyir səylər dayanan çalışmalarının toplusunu, indi o, daha geniş fəzada yolunu davam etdirmək əzmindəykən, gözəl başlanğıc adlandırmaq olar.
Lakin bunu heç vəchlə Mehriban xanımın görə biləcəyi böyük işlərin, keçəcəyi daha zəfərli yolların yarısı saymaq mümkün deyil.
Bütün bunlar elə yalnız uğurlu başlanğıc, daha inamlı davam üçün hazırlıq mərhələsi imiş!
Azərbaycanın əvvəlinci vitse-prezidentinin - İlk Birincimiz Mehriban xanımın ölkənin ikinci rəsmi şəxsi kimi artıq başlanmış və gün-gündən daha artıq sürət yığan böyük yolu Dövlətimizə və Millətimizə nələr vəd edir?
İnanırıq ki, yalnız və yalnız bu dövləti və milləti sevən, bu yurdun yüksəlişlərinə qürrələnən hər kəsi könül dolusu sevindirəcək uğurlu, nəcib, qurucu əməllər.
Zəmanət isə bura qədər yaşadığı ömür, keçdiyi yol, gördüyü parlaq işlərdir!
…Biz orta məktəbdə oxuyanda qiymətləndirmə sistemi indikindən fərqli idi və qiymətlərin ən yüksəyi “5” idi – əla!
Qeyri-rəsmi bundan da yaxşı qiymət vardı. Şagirdi müəllimi biliyi, çalışqanlığı ilə lap çox seindirəndə sadəcə “5” yazmaqla ürəyi soyumurdu, “5”-in qarşısına bir üstəgəl də qoyurdu – yəni müsbət 5!
Universitet illərində qocaman müəllimlərimizin dilindən bir dəfə köhnə bir ifadəni eşidəndə onu da anladım ki sən demə daha əvvəlki təhsilimizdə də ikiqat 5 yükü daşıyan oxşar bir qiymətləndirmə varmış. Müsbət 5 əvəzinə “əliy ül-əla” deyirlərmiş.
Mehriban xanım Əliyevanın bugünədək yaşadığı ömrə və fəaliyyətlərinə həyatın və cəmiyyətin verdiyi qiymət ikiqat əladır!
Arzumuzdur ki, həyatın və cəmiyyətin ən ali qiymətləri onun daimi yol yoldaşı olsun!


Rafael HÜSEYNOV

26.08.19

Avropa Şurası Parlament Assambleyasının Azərbaycan nümayəndə heyətinin üzvüdür.
Azərbaycan Respublikasının Milli Məclisinin deputatıdır.
AMEA Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktorudur.
Facebook