RAFAEL HÜSEYNOV AMEA-nın həqiqi üzvü Filologiya elmləri doktoru Professor
Təhsil nazirinə təşəkkürlər! Sen 01, 2019 | 22:45 / Mühüm hadisələr

Sentyabrın 1-i köhnə yaddaşla mənə, mənim yaş nəslimin təmsilçilərinə və məndən əvvəlkilərə növbəti dərs ilinin başlanğıcı günü, dərs, məktəb bayramı kimi çox əzizdir, minbir unudulmaz xatirə deməkdir.
İndi dərs ilinin başlanğıcı bizdə ayrı günə təsadüf etsə də, hafizəmizdə bu günün bayram işığı həmişə şölələnir və yəqin nə qədər varıq, bu hiss elə diri qalacaq.
İş elə gətirib ki, məni çox sevindirən bir şad xəbəri bölüşə bilmək imkanı da bu günə düşdü.
Muğanlı kəndi Kürdəmir rayonunun ucqar yaşayış məntəqlərindəndir və qayğıları da az deyil.
İmkan daxilində çalışırıq və şəxsən mən öz gücüm çərçivəsində daim səy edirəm ki, onları narahat edən məsələlər həllini tapsın.
Bir müddət öncə bu kəndin yol problem ilə bağlı müvafiq qurumlara ardıcıl müraciətlərim və xahişlərim müsbət həllini tapdı.
Dünən isə Muğanlının daha bir mühüm umacağının həlli ilə bağlı xoş soraq yetişdi.
Muğanlı camaatı da, o kənddəki məktəbin müəllimləri də aylar öncə mənə bir neçə dəfə müraciət etmişdilər ki, kənddə tam orta məktəb yoxdur. Bu isə o deməkdir ki, bütün dərs ili boyu, o cümlədən qışın şaxtalı-sazaqlı, payızın yağışlı-küləkli günlərində bu kəndin uşaqları səkkizincini bitirəndən sonra təhsillərini davam etdirmək istəslər, gərək hər gün bir neçə kilometr aralıdakı qonşu kəndlərdəki məktəblərə yollanalar. Ya da valideynləri boğazlarından kəsərək onlara rayon mərkəzində kirayə mənzil tuta. Lakin həmin kənddəki məktəbin binasındakı otaqların sayı da, ixtisaslı müəllimlərin varlığı da imkan verirdi ki, bu müşkül həll edilsin, mövcud baza əsasında tam orta məktəb yaradılsın.
Əlbəttə, sözdə hər iş asandır. İstəkləri gerçəkləşdirməyin isə adətən xeyli inzaibati və digər rahat dəf edilməyən incəlikləri olur.
Muğanlı məktəbinin tam orta məktəbə çevrilməsi məsləsində köməklik göstərməsi xahişi ilə təhsil naziri Ceyhun Bayramova müraciət etmişdim.
Həmişə müraciətlərimizə həssaslıqla yanaşan Ceyhun müəllim bu dəfə də diqqətini əsirgəməyəcəyini vəd etdi.
Nazirə şifahi müraciətimdən sonra hər halda Milli Məclisin Mədəniyyət Komitəsi adından nazirliyə ayrıca məktub da yolladım.
Təhsil nazirliyi müvafiq araşdırmalarından sonra məslənin müsbət həlli üçün digər uyğun nazirliklərin də rəylərini operativ şəkildə aldı və yeni dərs ili ərəfəsində Muğanlı camaatını sevindirdi.
Bu dərs ilindən Kürdəmir rayonunun Muğanlı kənd məktəbi qapılarını şagirdlərin və müəllimlərin üzünə artıq tam orta məktəb kimi açacaq və mən də o məktəbin daha da güclənməsi üçün gələcəkdə də köməklərimi əsirgəməyəcəyəm.
Təhsil naziri, dəyərli dostumuz Ceyhun Bayramova bu xeyirxah əməlinə və bütövlükdə ölkənin təhsil həyatındakı daha bir problemi uğurla həll etdiyinə görə minnətdarlığımı bildirirəm!
Arzulayıram ki, millətimizin məktəb işləri həmişə avand olsun.
Çünki bütün böyük yollar məhz məktəbdən başlanır!

Avropa Şurası Parlament Assambleyasının Azərbaycan nümayəndə heyətinin üzvüdür.
Azərbaycan Respublikasının Milli Məclisinin deputatıdır.
AMEA Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktorudur.
Facebook