RAFAEL HÜSEYNOV AMEA-nın həqiqi üzvü Filologiya elmləri doktoru Professor
“Hüseyn Cavidin doğum günü Hacıbaba Hüseynovu itirdik...” + Foto Okt 24, 2017 | 22:00 / Mətbuatda çıxışlar

“Oktyabr ayının 24-ü yalnız Hacıbaba Hüseynovla ayrılıq günü kimi yadda qalmır. Bu gün həm də böyük Hüseyn Cavidin doğum günüdür”.

Bunu A24.az-a açıqlamasında ədəbiyyatşünas alim, millət vəkili Rafael Hüseynov bu gün ölümündən 24 il keçən Xalq artisti, əvəzsiz muğam ustası Hacıbaba Hüseynov haqqında danışarkən deyib.

Rafael Hüseynov Hacıbaba Hüseynovun vəfat etdiyi günü belə xatırlayıb:

“Hər il oktyabr ayının 24-də Hüseyn Cavidin övladının evində toplaşardıq və Turan xanım yaxınların, dostların, Cavidi sevən insanların iştirakı ilə o bayramı qeyd edərdi. 1993-cü il oktyabr ayının 24-də də növbəti dəfə Turan xanımgildəydim, Cavidin növbəti ildönümünü qeyd edirdik, Cavidi sevənlər yenə toplaşmışdı. Cavidlə bağlı Turan xanım, Cavidi görmüş, qohumlarından olan insanlar var idi ki, xatirələrini bölüşürdü. Bu arada mənə evimizdən zəng gəldi ki, səni Hacıbaba Hüseynovgildən təcili axtarırlar, nəsə yaxşı olmayan xəbər var. Telefon açdım Hacıbaba Hüseynovgilə, söylədilər ki, bir görüşə gedibmiş, qayıdanda halı xarab olub və artıq onu itirdik.

1993-cü ilin oktyabr günlərində Azərbaycan çox narahat günlər yaşayırdı, axşam müəyyən saatlardan sonra küçələr qaranlıq, adamsız olurdu, hətta taksi tapmaq belə çox çətin idi. Turan xanımın evi şəhərin mərkəzində, Nizami küçəsində idi, Hacıbaba Hüseynov isə indiki Azadlıq prospektində yaşayırdı. Həmin yolu piyada getdim Hacıbaba Hüseynovgilə, artıq bir neçə dəqiqədən sonra ondan əbədi ayrıldıq. O, Azərbaycan dövlətinin çox böyük diqqəti ilə Fəxri Xiyabanda dəfn edildi, məzarı başında ürək sözlərimizi dedik. Həmin ayrılıq mərasimində məzarı başında bunu söylədim ki, biz bu gün sadəcə xanəndə Hacıbaba Hüseynovla vidalaşmırıq, biz muğam sənətinin dünəni ilə bu günü və gələcəyi arasında olan çox mötəbər bir körpü ilə vidalaşırıq”.

Ədəbiyyatşünas alim Hacıbaba Hüseynovun yaradıcılığından, şeiriyyətindən də danışıb:

“Həqiqətən, Hacıbaba Hüseynovun Azərbaycan muğamı, musiqisi tarixində ən müstəsna xidməti ondan ibarətdir ki, o, klassik muğam irsinin yaşadığı günlərlə gələcək arasında çox vacib rabitəni qurmağı bacaran insan idi. O, mükəmməl bir təhsil görməmişdi, ibtidai təhsilini belə başa vurmamışdı. Buna baxmayaraq, özünün mütaliəsi, geniş dünyagörüşü, müdrikliyi sayəsində klassik ədəbiyyatı çox mükəmməl şəkildə öyrənmişdi. Həmişə çox bilgin insanlarla ünsiyyətə can atmışdı və hər cəhətdən dərin insana çevrilmişdi. O, klassik ədəbiyyatı incəliyinə qədər bilirdi. Baxmayaraq ki, əruz vəzninin təfirələrindən, ayrı-ayrı ölçülərindən xəbərsiz idi, bəhrlərin adını bilmirdi, amma əruzda mükəmməl şeirlər yazırdı. Çünki özü musiqiçi olduğundan ritmi çox gözəl bildiyindən əruzun ritmini ustalıqla tuturdu və klassik ədəbiyyatla dolu olduğundan çox zəngin irs qoymağı bacardı. Onun 300-dən artıq qəzəli, müxəmməsi, rübaisi, qoşmaları var ki, Azərbaycan ədəbiyyatının çox gözəl nümunələri cərgəsində yer tutmaqdadır”.

Professor H.Hüseynovun müəllimlik, bəstəkarlıq fəaliyyəti haqqında da fikirlərini bölüşüb:

“Hacıbaba Hüseynov Asəf Zeynallı adına orta ixtisas musiqi məktəbində muğam sinfində dərs deyirdi. Onun bilavasitə şagirdi olan xanəndələr vardır ki, onlardan neçəsi artıq Azərbaycan musiqi sənətində imzasını təsdiq edib. Lakin Hacıbaba Hüseynovun auditoriyada qarşısında oturub, ondan bilavasitə dərs almayan, amma ondan öyrənən çoxlu sayda xanəndələrimiz yetişdi. Ağaxan Abdullayev də, Alim Qasımov da həmin musiqi ocağından çıxmışdı. Digər məşhur xanəndələrimiz var ki, bu gün Azərbaycan muğamının çox öncül ifaçıları cərgəsindədirlər. Onların hamısına çox ciddi şəkildə Hacıbaba Hüseynov ifası təsir edib.
Hacıbaba Hüseynov tək ifaçı deyildi, həm də bəstəkar qabiliyyətinə malik olan yaradıcı idi. Onun bəstəkarlıq səriştəsi, qabiliyyəti imkan verirdi ki, uşaqlıq illərində, gəncliyində, yeniyetməlik çağlarında eşitdiyi hansısa unudulmuş melodiyaları, ayrı-ayrı təsnifləri bərpa eləsin. Onları müasir sığalla daha gözəl hala salsın, köhnəlmiş sözləri dəyişərək öz yaradıcılığından və ya digər şairlərdən uyğun gələn misralar əlavə eləsin və gözəl yeni musiqi lövhələri yaradaraq xalqa təqdim eləsin”.

R.Hüseynov bildirib ki, Hacıbaba Hüseynov irsi gələcək nəsillər tərəfindən bizdən də artıq qiymətləndiriləcək:

“Hacıbaba Hüseynovun bir özəlliyi də ondan ibarət idi ki, onu həm yaşlı, həm orta, həm də ən gənc nəslin nümayəndələri çox sevirdilər. Hacıbaba Hüseynovun ifasında o qədər orijinallıq var idi ki, hətta Şərq musiqisinə, muğamata bələd olmayanlar belə, onu bir dəfə dinləyəndə səsinə vurulurdular.

Hacıbaba Hüseynov Azərbaycan sərhədlərindən kənara da çıxdı. İlk dəfə 70 yaşı olanda biz onun Filarmoniyada yaradıcılıq gecəsini keçirdik. O zaman mən onun haqqında “Ocaq başı” verilişini çəkirdim, ilk dəfə olaraq Bakıdan kənara çıxdı, ilk səfəri Şamaxıya oldu. Ondan sonra yavaş-yavaş ayağı açıldı, qısa müddət içərisində Xalq artisti adına layiq görüldü, İrana, Türkiyəyə, Fransaya səfər etdi, Avropada, Şərqdə də onun nə qədər böyük ustad olduğunu gördülər və təsdiq etdilər.

Hacıbaba Hüseynovun böyüklüyü sağlığında da görünürdü. Onu itirəndən illər sonra da biz Hacıbaba Hüseynovun böyüklüyünü, müstəsnalılığını daha artıq dərk edirik. Mənə elə gəlir ki, zaman keçdikcə, Hacıbaba Hüseynovdan zaman baxımından uzaqlaşdıqca da, o, daha da ucalacaq, qoyduğu irs gələcək nəsillər tərəfindən bizdən də artıq qiymətləndiriləcək”.

 A24.az

Avropa Şurası Parlament Assambleyasının Azərbaycan nümayəndə heyətinin üzvüdür.
Azərbaycan Respublikasının Milli Məclisin Mədəniyyət komitəsinin sədridir.
AMEA Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktorudur.
Facebook