RAFAEL HÜSEYNOV AMEA-nın həqiqi üzvü Filologiya elmləri doktoru Professor
Akademik Rafael Hüseynov: Hacıbaba Hüseynovun ədəbi yaradıcılığı muğam sənətimiz var olduqca yaşayacaqdır Okt 30, 2019 | 22:42 / Yubileylər

Oktyabrın 29-da Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında musiqi sənətinin görkəmli nümayəndəsi, tanınmış pedaqoq, respublikanın Xalq artisti Hacıbaba Hüseynovun 100 illiyinə həsr olunmuş tədbir keçirilib.

Tədbir Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə Hacıbaba Hüseynovun anadan olmasının 100 illiyinə həsr olunmuş tədbirlər planı çərçivəsində baş tutub.

Dövlət və hökumət rəsmilərinin, habelə respublikanın tanınmış mədəniyyət və incəsənət xadimlərinin iştirak etdikləri tədbirdə əvvəlcə sənətkarın ifalarının yer aldığı videoçarx nümayiş olunub.

Milli Məclisin Mədəniyyət komitəsinin sədri, AMEA-nın Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru, akademik Rafael Hüseynov çıxış edərək görkəmli xanəndənin ömür yolu və musiqi mədəniyyəti sahəsində xidmətlərindən danışıb. Bildirib ki, muğam sənətinin inkişafında müstəsna xidmətləri olan Hacıbaba Hüseynov özünəməxsus səs tembri və texnikası olan sənətkarlardan hesab olunur.

Xanəndənin sənət dünyasının bənzərsiz olduğunu deyən R.Hüseynov onun muğam məktəbinin təkmilləşməsindəki fəaliyyətini xüsusi vurğulayıb. Qeyd edib ki, xanəndənin sənəti, ədəbi yaradıcılığı, bəstələri, təsnifləri muğam sənətimiz var olduqca yaşayacaq.

Bildirilib ki, gənc yaşlarında tanınmış xanəndə Zülfü Adıgözəlovun səs yazısını əldə edən Hacıbaba Hüseynov onun oxuduqlarını təkrar edərək muğamın incəliklərini öyrənib. Xanəndənin zəhmətsevərliyi və sənət axtarışları nəticəsində əldə etdiyi ifaçılıq texnikası, poeziya və muğamı yüksək bədii zövqlə uzlaşdırma qabiliyyəti muğam biliciləri və musiqisevərlər tərəfindən yüksək dəyərləndirilib. Sənətkarın xatirəsi ürəklərdə daim yaşayır.

Daha sonra Xalq artisti, bəstəkar Tofiq Bakıxanov, Xalq artisti, xanəndə Arif Babayev, Milli Məclisin deputatı, akademik Ziyad Səmədzadə çıxış edərək unudulmaz sənətkarın muğam sənətinin inkişafı istiqamətində gördüyü işlərdən, sənətə olan vurğunluğundan bəhs edib, onunla bağlı xatirələrini bölüşüblər.

Diqqətə çatdırılıb ki, Hacıbaba Hüseynov güclü hafizəsi sayəsində eşitdiyi musiqi nümunələrini, muğamları dərindən mənimsəyib, əruz vəzninin qanunlarına əsasən qəzəllər yazmağa başlayıb. O, “Rast” muğamının “Üşşaq” və “Hüseyni” şöbələrinin ilk ifaçısı olub. Milli musiqi mədəniyyəti sahəsindəki xidmətlərinə görə sənətkar 1989-cu ildə “Əməkdar artist”, 1990-cı ildə isə “Xalq artisti” fəxri adlarına layiq görülüb.

Tədbir respublikanın tanınmış muğam ifaçılarının konsert proqramı ilə davam edib.

Avropa Şurası Parlament Assambleyasının Azərbaycan nümayəndə heyətinin üzvüdür.
Azərbaycan Respublikasının Milli Məclisinin deputatıdır.
AMEA Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktorudur.
Facebook