RAFAEL HÜSEYNOV AMEA-nın həqiqi üzvü Filologiya elmləri doktoru Professor
Bakıda “Milli mənəvi dəyərlərin təbliği: dünən, bu gün, sabah” adlı konfrans keçirilib + Foto Okt 26, 2017 | 22:00 / Konfranslar

Oktyabrın 26-da Bakıda Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə “Milli mənəvi dəyərlərin təbliği: dünən, bu gün, sabah” adlı konfrans keçirilib.

AZƏRTAC xəbər verir ki, milli mənəvi dəyərlərimizin qorunması, xalqımızın multikultural və tolerant ənənələrinin daha da gücləndirilməsi sahəsində görülən işlər və bu sahədə qarşıda duran məsələlərin müzakirəsinə həsr olunmuş tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin rəhbərliyi, deputatlar, ölkəmizdə fəaliyyət göstərən dini konfessiyaların təmsilçiləri, din xadimləri, gənclər, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Konfransı açan Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı bildirib ki, Azərbaycanda milli mənəvi dəyərlərin qorunması, təbliği istiqamətində mühüm işlər görülür və bununla bağlı fəaliyyət bundan sonra da davam etdiriləcək. Prezident İlham Əliyevin imzaladığı Fərmanla təsis edilən Mənəvi Dəyərlərin Təbliği Fondu barədə də ətraflı məlumat verən Mübariz Qurbanlı Fondun respublikamızdakı dini konfessiyaların dəstəklənməsi, mənəvi dəyərlərin qorunması və inkişafı, eyni zamanda, bu sahəyə dövlət dəstəyinin gücləndirilməsini təmin etmək məqsədilə yaradıldığını diqqətə çatdırıb. Mənəvi Dəyərlərin Təbliği Fondunun Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində fəaliyyət göstərəcəyini vurğulayan Dövlət Komitəsinin sədri qeyd edib ki, DQİDK Qafqaz Müsəlmanları İdarəsi ilə birgə yeni yaradılan Fondla bağlı tədbirlər hazırlayaraq Azərbaycan xalqına məxsus mənəvi və milli dəyərlərin gənc nəslə daha geniş şəkildə çatdırılması istiqamətində işlər həyata keçirəcək.

Ulu öndərimiz Heydər Əliyevin “İslam dini bizim milli mənəvi dəyərlərimiz arasında çox ciddi yer tutan dəyərlərdən biridir” fikrini xatırladan Mübariz Qurbanlı vurğulayıb ki, milli mənəvi dəyərlərimizin əsasında dinimiz dayanır və hər bir dəyərimiz bu və ya digər formada məxsus olduğumuz dinimizə aiddir. O deyib ki, Azərbaycanın sivilizasiyaların qovuşuğunda yerləşməsi, müxtəlif dinlərlə tarixən təmasımızın olması xalqımızın mədəniyyətinə, adət-ənənələrinə təsir göstərib.

Milli Məclisin mədəniyyət komitəsinin sədri Rafael Hüseynov çıxışında mövzunun əhəmiyyətini yüksək qiymətləndirərək milli mənəvi dəyərlərimizin tarixən keçdiyi yolda müəyyən çətinliklərlə, qadağalarla qarşılaşmasına baxmayaraq, xalqımızın bu dəyərləri bütün dövrlərdə qoruyub saxlaya bildiyini diqqətə çatdırıb. R.Hüseynov, eyni zamanda, Ermənistanın Azərbaycan mədəniyyətinə, maddi-mənəvi irsinə qarşı məqsədyönlü şəkildə həyata keçirdiyi vandalizm siyasətindən də danışıb. Mənəvi Dəyərlərin Təbliği Fondunun yaradılmasını yüksək qiymətləndirən Milli Məclisin komitə sədri vurğulayıb ki, Fond Azərbaycanın milli mənəvi dəyərlərinin, mədəni irsinin, ədəbiyyatımızın yaratdığı böyük yaradıcılıq örnəklərinin dünyada təbliğ edilməsi ilə ölkəmizin böyüklüyünü, gücünü və qüdrətini bir daha göstərəcək.

“Azərbaycan” qəzetinin baş redaktoru, Milli Məclisin deputatı Bəxtiyar Sadıqov çıxışında Prezident İlham Əliyevin Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində Mənəvi Dəyərlərin Təbliği Fondunun yaradılması haqqında imzaladığı Fərmanı yüksək qiymətləndirib və buna görə dövlətimizin başçısına təşəkkürünü bildirib. O, mənəvi dəyərlərimizin əsrlərboyu qorunub saxlanıldığını bildirərək, mənəvi dəyərlərimizin təbliğində kütləvi informasiya vasitələrinin üzərinə də böyük vəzifə düşdüyünü diqqətə çatdırıb.

Daha sonra çıxış edən deputat Fazil Mustafa Prezident İlham Əliyevin Mənəvi Dəyərlərin Təbliği Fondunun yaradılması haqqında imzaladığı Fərmanın çox ciddi və zamanında atılmış addım olduğunu bildirib. O qeyd edib ki, Azərbaycan spesifik ölkədir, burada müxtəlif dinlərin nümayəndələri sülh və tolerantlıq şəraitində yaşayır.

Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini Qəmər Cavadlı Mənəvi Dəyərlərin Təbliği Fondunun yaradılmasının çox əhəmiyyətli tarixi hadisə olduğunu qeyd edib. Bildirib ki, zəngin mədəni-mənəvi irsə, çoxəsrlik tolerantlıq ənənələrinə, nümunəvi dövlət-din münasibətləri modelinə malik olan və fərqli sivilizasiyaların qovuşuğunda yerləşən Azərbaycan tarixən çoxkonfessiyalı məkan olub. Hazırda Azərbaycan İslam mədəniyyətinin, tolerant mühitin formalaşdığı nümunəvi ölkələrdən biridir.

Rus Pravoslav kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının arxiyepiskopu Aleksandr İşein, Bakı şəhəri Dağ yəhudiləri dini icmasının sədri Milix Yevdayev, Azərbaycan Yazıçılar Birliyinin katibi, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid, Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun icraçı direktoru Oktay Səmədov, Roma-Katolik Kilsəsinin Azərbaycandakı apostol prefekturasının ordinarisi Vladimir Fekete, Azərbaycan Respublikasının Alban-Udi Xristian dini icmasının sədri Robert Mobili, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktor əvəzi Rəvan Həsənov, Azərbaycan Mətbuat Şurası sədrinin müavini Umud Mirzəyev çıxışlarında dövlətimiz tərəfindən Azərbaycanda bütün sahələrə olduğu kimi, mili mənəvi dəyərlərin qorunmasına da xüsusi diqqət göstərildiyini vurğulayıblar. Bildiriblər ki, milli dəyərlərimizin qorunması və gələcək nəsillərə çatdırılması bu gün daha çox aktualdır. Çünki milli dəyərlərimizin Azərbaycan xalqının formalaşmasına təsiri böyük olduğu kimi, milli dövlətçiliyimizin möhkəmləndirilməsində də xüsusi rolu var.

 

AzərTAC

Avropa Şurası Parlament Assambleyasının Azərbaycan nümayəndə heyətinin üzvüdür.
Azərbaycan Respublikasının Milli Məclisinin deputatıdır.
AMEA Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktorudur.
Facebook