RAFAEL HÜSEYNOV AMEA-nın həqiqi üzvü Filologiya elmləri doktoru Professor
Rafael Hüseynov: “Elə insan var ki, yaşca cavandır, amma təfəkkürcə qocadır…” Noy 21, 2019 | 23:36 / Mətbuatda çıxışlar

Rafael HÜSEYNOV: “Arif Rəhimzadəni, Fəttah Heydərovu götürək, onlar müdrik insanlardılar, böyük həyat yolu keçiblər, qazandıqları biliklər də  öz yerində. Amma illərin onlara verdiyi ayrı bir bilik var, ayrı bir həyat təcrübəsi var. Onu nə əvəz edə bilər? Heç nə!”

Ayrı-ayrı məsələlərə münasibətdə hər kəs öz subyektiv fikrini ifadə edə bilər və bu nöqtədə hər kəs azaddır. Lakin içərisində yaşadığımız həyatın öz qanunları var. İstənilən sahədə çalışmaq, irəli getmək, gərəkli olmaq üçün gərək hər şeydən əvvəl peşəkar, qulpundan yapışdığın işin mahiyyətinə  bələd olasan və onu ürəkdən icra edəsən. Bu, bir nazirə də aiddir, bir mühəndisə də aiddir, bir müəllimə də aiddir, istənilən peşə sahibinə, o cümlədən, Milli Məclisin üzvü olan şəxslərə də aiddir.

Bunu Etikxeber.az-a acıqlamasında akademik, Milli Məclisin (MM) Mədəniyyət komitəsinin sədri Rafael Hüseynov son zamanlar mediada və sosial şəbəklərdə yaşı 60-ı keçmiş deputatların hədəf alınmasına, onların cavanlarla əvəz olunması çağırışlarına münasibətini bildirərkən deyib.

Komitə sədri deyib ki,  qanun MM-ə üzv olmaq üçün yaş məhdudiyyəti qoymur, çünki parlament  seçkili orqandır.

Onun sözlərinə görə, xalqın seçimi ilə deputatlar minlərlə insan arasından, minlərlə insanın rəyi ilə seçilir, MM-də təmsil olunur və qanunvericilik çərçivəsində fəaliyyətlərini gerçəkləşdirirlər.

“Yaşlı bir insan da deputat ola bilər, həyat təcrübəsi, bilikləri çox. Çox cavan bir insan – o da biliklərinin, qabiliyyətlərinin sayəsində çox fəal bir deputat ola bilər. Əslində Milli Məclis cəmiyyətin müxtəlif təbəqələrini təmsil etməlidir və cəmiyyətin bütün palitrası burada görünməlidir.

Düşünürəm ki, məhz belə də olacaq. Bu gün də belədir, gələcəkdə də belə olacaq. Özü də yalnız bizdə deyil, dünyanın ən müxtəlif ölkələrində belədir. Yəni, Milli Məclis bütün parametrləri ilə ən əvvəl düşünən, ağıllı, savadlı, bilikli insanlardan ibarət olmalıdır və həm də cəmiyyətin müxtəlif təbəqələrini əks elətdirməlidir.

Çünki çox gənc bir insanın bilikləri də çox ola bilər, qabiliyyətləri də çox ola bilər və özünün fitri istedadları sayəsində çox böyük səriştələr də əldə edə bilər. Lakin həyatın özünün, yaşanan illərin də verdiyi ayrı bir təcrübə var. Məsələn, Arif Rəhimzadəni, yaxud Fəttah Heydərovu götürək, onlar müdrik insanlardılar, böyük həyat yolu keçiblər, qazandıqları biliklər  də öz yerində. Amma illərin onlara verdiyi ayrı bir bilik var, ayrı bir həyat təcrübəsi var. Onu nə əvəz edə bilər? Heç nə!

 Ona görə bir çox, hətta təfərrüatlarını bildiyimiz məsələlərdə məhz həyat təcrübələri olan, böyük ömür yolu keçən bu insanlara üz tuturuq, məsləhətləşirik, onlardan öyüd alırıq. Ona görə təsadüfi deyilməyib, el arasında da belə bir misal var ki, ağsaqqalı olmayan, böyüyü olmayan məclisdən uzaq olun. Hər bir cəmiyyətin,  hər bir idarəçilik sisteminin də təcrübəli, ağsaqqal,  bilikli insanlara ehtiyacı var, gənclər də.

Cənab prezidentin apardığı islahatlar  da çoxmiqyaslıdır, çoxistiqamətlidir, əlvandır və bunlar vaxta hökm edir. Amma gəncləşmə vacibdir, bu, həyatın tələbidir və cənab prezident də bu xətti götürür. Lakin hiss edərək ki, ayrı-ayrı sahələrdə yürüdülən bu xətti düz qavramayaraq, yanlışlara yol verərək hansısa umulmayan addımlar ata bilərlər, ona görə söylədi ki, bu islahatlar o demək deyil ki, bütün yaşlı insanlar getməlidir. Yaşlının yaşlı yeri var, cavanın cavan yeri var.

 Mən bunu bir neçə dəfə demişəm, bir daha deyirəm, elə yaşlı var ki, yaşı çox olsa da, bütün fiziki imkanları ilə də, ağlı ilə də, düşüncəsi ilə də çox müasir insandır, həyata uyğunlaşmağı bacarandır. Elə insan var ki, özü yaşca cavandır, amma artıq içəridən qocalıb, təfəkkürcə qocadır. O, köhnəçi düşünür.

Ona görə meyar iş olmalıdır, meyar əməl olmalıdır, meyar düşüncənin tərzi olmalıdır və güman edirəm ki,  bütün sahələrdə, o cümlədən, Milli Məclisdə də bu xətt gerçəkləşəcək”-deyə, R. Hüseynov sözlərinə əlavə edib.

etikxeber.az

Avropa Şurası Parlament Assambleyasının Azərbaycan nümayəndə heyətinin üzvüdür.
Azərbaycan Respublikasının Milli Məclisinin deputatıdır.
AMEA Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktorudur.
Facebook