RAFAEL HÜSEYNOV AMEA-nın həqiqi üzvü Filologiya elmləri doktoru Professor
Akademik Rafael Hüseynov Mədəniyyət və İncəsənət Universitetində “Muzeyşünaslığın tədrisi problemləri” mövzusunda elmi konfransda çıxış edib Noy 30, 2019 | 11:43 / Konfranslar

Noyabrın 29-da Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində ölkəmizdə muzeylərin yaradılmasının 100 illiyinə həs olunmuş “Muzeyşünaslığın tədrisi problemləri” mövzusunda elmi konfrans keçirilib.

AZƏRTAC xəbər verir ki, ənənəvi olaraq üçüncü dəfə təşkil olunan hazırkı konfransın əsas məqsədi, mütəxəssis hazırlığı prosesində respublikada fəaliyyət göstərən muzeylərlə tədris müəssisələri arasında əməkdaşlığın gücləndirilməsi, bu işdə birgə fəaliyyətə nail olunmasıdır.

Tədbirdə çıxış edən universitetin rektoru, professor Ceyran Mahmudova bildirib ki, Azərbaycanda muzeylərin qeyri-rəsmi şəkildə yaradılması görkəmli dramaturq Cəlil Məmmədquluzadənin adı ilə bağlı olsa da, dövlət tərəfindən Azərbaycanda ilk muzey AXC-nin qərarı ilə 1919-cu il dekabrın 7-də yaradılmış “İstiqlal” muzeyi olub. Respublikada sovet hakimiyyətinin qurulması ilə muzey fəaliyyətini dayandırıb. Bu hadisə Azərbaycan tarixinə muzeylərin yaranması tarixi kimi daxil oldu. Bu il həmin tarixi hadisənin 100 ili tamam olur.

Qeyd edib ki, əsası bu tarixi hadisədən başlanan 100 il ərazində Azərbaycanda muzeylərin sayı artaraq böyük şəbəkəsi yaranıb. Statistik məlumatlara əsasən hazırda Azərbaycanda 240 müxtəlif profilli muzey fəaliyyət göstərir. Yaranma tarixinə görə dünya ölkələri ilə müqayisədə bir əsrlik müddət üçün bu rəqəm, əlbəttə, yüksək göstəricidir. Müqayisə üçün o, Azərbaycandan dəfələrlə böyük olan İtaliyada 320 muzeyin olduğunu nümunə gətirib.

Milli Məclisin Mədəniyyət komitəsinin sədri, Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru, akademik Rafael Hüseynov bildirib ki, ilk zamanlar muzeylər tədris məqsədi üçün yaradılıb. Tədris vasitəsi, öyrədici, bilikləri yayan qaynağa çevrilməyin muzey anlayışının təməlində dayanan bir prinsip olduğunu deyən akademik Nəsirəddin Tusinin təsis etdiyi Marağa və XIII əsrdə Təbrizdə Rəşidiyyə mədrəsəsində yaradılmış muzeyin də vaxtilə bir universitet olduğunu diqqətə çatdırıb. Qeyd edib ki, muzeylər yarandığı vaxtdan üzərinə öyrətmək öhdəliyi götürüb: “Elə bir zaman çatıb ki, tədris prosesi ilə muzeylərin inkişafı ön plana çıxıb. Muzeyin dili başqa, fərqli dildir. Muzeyin dili yalnız sözlərlə ifadə edilmir, həm də göstərməklə bəyan edilir. Muzeylərdə təqdim edilən əşyaların “danışması” bizi onların qarşısında dayanmağa vadar etməlidir. Buna görə də tədris prosesində muzeylərə daha da diqqətlə yanaşmalıyıq, elə etməliyik ki, onlar canlı orqanizmə çevrilsin, insanları özünə cəlb etsin, öyrədici funksiyanı daşıya bilsin. Ölkə boyu mədəni yüksəlişə nail olmaq üçün kitabxana, muzey və digər mədəniyyət ocaqlarının yüksək səviyyədə fəaliyyət göstərməsinə nail olmaq lazımdır ki, bu da mədəni təfəkkürün yüksəlişinə gətirib çıxara bilsin”.

Ölkəmizdə yenicə açılmış muzeyşünaslıq ixtisasının əhəmiyyətindən danışan R.Hüseynov gələcəkdə universitetlərin bu sahədə əsl mütəxəssislər yetişdirəcəyini əminliklə vurğulayıb. Bildirib ki, dərslərin muzeylərdə aparılması çox vacibdir. “Güman edirəm ki, Azərbaycan dünya muzeyçiliyinin ən mütərəqqi vəzifəsini mənimsəyib. Belə ki, muzeylərimizdə artıq müasir texnologiyalardan istifadə olunmağa başlanıb. Muzey açıq kitabdır və heç kimə oranı ziyarət etməyə məhdudiyyət qoymur”, - deyə Rafael Hüseynov əlavə edib.

Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru, Əməkdar mədəniyyət işçisi Alla Bayramova çıxışında Azərbaycanda fəaliyyət göstərən muzeylər, orada saxlanılan eksponatlar haqqında məlumat verib. Bildirib ki, müstəqilliyimiz dövründə muzeylərdə nümayiş etdirilən əşyaların sayı nəzərəçarpacaq dərəcədə artıb. Muzeylərdə saxlanılan eksponatlar Azərbaycanı mədəni, zəngin tarixə malik və inkişaf etmiş bir ölkəyə çevirən sübutlardır.

Konfrans mövzuya uğun məruzələrin dinlənilməsi ilə davam edib.

AzərTac

Avropa Şurası Parlament Assambleyasının Azərbaycan nümayəndə heyətinin üzvüdür.
Azərbaycan Respublikasının Milli Məclisinin deputatıdır.
AMEA Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktorudur.
Facebook