RAFAEL HÜSEYNOV AMEA-nın həqiqi üzvü Filologiya elmləri doktoru Professor
Ulu öndər Heydər Əliyevin xidmətləri nəticəsində Azərbaycan mədəniyyəti yüksəliş dövrü keçib Dek 11, 2019 | 12:34 / Mühüm hadisələr

Dekabrın 11-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyində ümummilli lider Heydər Əliyevin anım gününə həsr olunan “Müstəqilliyimizin xilaskarı, müasir dövlətimizin qurucusu” mövzusunda elmi sessiya keçirilib.

Tədbirdə Ulu Öndərin həyat və fəaliyyətini əks etdirən sərgi nümayiş olunub.

AZƏRTAC xəbər verir ki, sessiyada muzeyin direktoru, akademik Rafael Hüseynov “İstiqlal tariximizdə həmişə yaşayacaq ad” mövzusunda məruzə ilə çıxış edib.

Rafael Hüseynov milli dövlətçilik tarixində xüsusi bir mərhələni təşkil edən Heydər Əliyev siyasi təfəkkürünün, azərbaycançılıq ideologiyasının müasir dövrün iqtisadi, mədəni, siyasi dirçəlişindəki mühüm rolundan danışıb, bu uzaqgörən siyasətin xalqın milli özünüifadə və milli qürur hissinin yüksəlişində danılmaz amil olduğunu vurğulayıb. Bildirilib ki, Azərbaycanda dövlətçilik ənənələrinin XX əsrin sonlarında bərpa edilib zənginləşdirilməsi, ölkənin müstəqilliyinin, iqtisadiyyatının möhkəmləndirilməsi, onun əbədi xarakter alması ulu öndər Heydər Əliyevin səmərəli fəaliyyəti sayəsində mümkün olub. Azərbaycanın 1960-cı illərin sonundan başlanan və XXI əsrə adlayan tarixinin otuz altı illik bir dövrü görkəmli dövlət xadimi Heydər Əliyevin adı ilə bağlıdır.

Akademik qeyd edib ki, 1969-cu ildə Ulu Öndər Azərbaycana rəhbərlik etməyə başlayanda ölkəmizin adı 15 müttəfiq respublika içərisində sonuncu yerlərdə çəkilirdi. Lakin Heydər Əliyevin həyata keçirdiyi siyasət qısa zamanda Azərbaycanı qabaqcıllar sırasına çıxartdı. Respublikamızda Ümummilli Liderin təşəbbüsü ilə SSRİ-də ilk kondisioner zavodu 1970-ci illərdə Bakıda tikilib. Yüksəkixtisaslı hərbçilərin yetişdirilməsi üçün Cəmşid Naxçıvanski adına hərbi lisey açılıb ki, Azərbaycanın öz müstəqilliyini bərpa etdikdən sonra burada hazırlanmış kadrlardan ibarət ordu qurulub.1993-cü ildə xalqın təkidli tələbi ilə ikinci dəfə hakimiyyətə gəlişindən sonra isə Ulu Öndər ölkəmizi üzləşdiyi təhlükədən xilas edib. Müstəqillik illərində həyata keçirdiyi islahatlar, gördüyü mühüm işlər Azərbaycanın bütün sahələrdə inkişafı ilə nəticələnib. Azərbaycan Respublikası bütün sahələrdə sürətli inkişafa məhz bu müdrik siyasi xadimin böyük səyləri sayəsində nail olub. Ümummilli lider Heydər Əliyev Azərbaycanın müstəqilliyini, istiqlalını məhv olmaqdan xilas edib, möhkəmləndirib və onu XX əsrdən XXI əsrə ötürüb.

R.Hüseynov görkəmli dövlət xadimi Heydər Əliyevin ölkəmizə rəhbərlik etdiyi hər iki dövrdə mədəniyyətin, ədəbiyyatın, incəsənətin inkişafına göstərdiyi yüksək diqqət və qayğıdan söz açıb. Bildirib ki, bu böyük şəxsiyyətin xidmətləri nəticəsində Azərbaycan mədəniyyəti yüksəliş dövrü keçib. Hələ keçmiş sovet dövründə Ulu Öndər klassiklərimizin, mədəniyyət və incəsənət xadimlərimizin, elm adamlarının yubiley və yaradıcılıq gecələrinin təkcə ölkədə deyil, onun hüdudlarından kənarda da qeyd edilməsinə müvəffəq olub. Ümummilli Liderin qətiyyəti sayəsində hələ SSRİ dövründə UNESKO ilə birgə Nəsiminin 600 illik yubileyi keçirilib. Məqsəd isə Vətənini dünyada tanıtmaq, doğma Azərbaycanın necə böyük şəxsiyyətlər yetişdirdiyini göstərmək idi.

Bildirilib ki, məhz Heydər Əliyevin təşəbbüsü və birbaşa himayəsi nəticəsində 1970-ci ildən başlayaraq hər il 800-900 gənc SSRİ-nin nüfuzlu ali məktəblərində təhsil almağa göndərilib. Bu da respublikanın milli kadr potensialının daha da gücləndirilməsinə imkan yaradıb. Bu gün həmin kadrlar müstəqil Azərbaycanın inkişafına öz töhfəsini verir, müxtəlif dövlət qurumlarında fəaliyyətlərini uğurla davam etdirirlər.

Azərbaycanın sürətlə inkişaf etdiyini, dünya ölkələri arasında özünə layiqli yer tutduğunu vurğulayan akademik respublikamızda qazanılan bütün nailiyyətlərin Heydər Əliyev siyasətinin bəhrəsi olduğunu vurğulayıb.

Tədbirdə, həmçinin Ədəbiyyatı Muzeyinin elmi işlər üzrə direktor müavini, professor Xatirə Bəşirlinin “Heydər Əliyevin ədəbiyyata münasibəti”, Komparativistika və bədii tərcümələr şöbəsinin müdiri, professor Şəfəq Əlibəylinin “Heydər Əliyev epitetləri” mövzularında məruzələri dinlənilib.

Avropa Şurası Parlament Assambleyasının Azərbaycan nümayəndə heyətinin üzvüdür.
Azərbaycan Respublikasının Milli Məclisinin deputatıdır.
AMEA Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktorudur.
Facebook