RAFAEL HÜSEYNOV AMEA-nın həqiqi üzvü Filologiya elmləri doktoru Professor
Milli Azərbaycan Ədəbiyyatı Muzeyində elmi sessiya: Vətənin 20 Yanvar yaddaşı + Foto Yan 16, 2020 | 18:40 / Tədbirlər

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyində “Vətənin 20 Yanvar yaddaşı” mövzusunda elmi sessiya keçirilib.

AZƏRTAC xəbər verir ki, 20 Yanvar faciəsinin otuzuncu ildönümünə həsr olunan tədbirdə muzeyin direktoru, akademik Rafael Hüseynov “Şənbə gecəsindən istiqlal səhərinə açılan yol” mövzusunda məruzə ilə çıxış edib.

Rafael Hüseynov vurğulayıb ki, 20 Yanvar hadisələri müasir tariximizdə ən faciəli günlərdən biri, eyni zamanda, xalqımızın qürur tarixi, qəhrəmanlıq səhifəsidir. 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə keçmiş sovet ordusunun xüsusi təyinatlı bölmələrinin və daxili qoşunlarının Bakıya yeridilməsi nəticəsində milli azadlığı, istiqlalı, ölkəsinin ərazi bütövlüyü uğrunda mübarizəyə qalxmış dinc əhali, günahsız, əliyalın insanlar qətlə yetirildi. Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olmuş bu tarix Azərbaycanda misli görünməmiş faciəyə gətirib çıxardı. İmperiya qoşunlarının xalqımıza qarşı törətdiyi bu qanlı cinayət, əslində, Azərbaycanın sonralar yenidən bərpa edəcəyi istiqbalının təməllərindən biri oldu. Həmin faciəli günlərdə öz ölkəsinin, xalqının azadlığını, şərəf və ləyaqətini hər şeydən uca tutan mərd Vətən övladları canlarından keçərək şəhidlik zirvəsinə ucaldılar. Sovet rejimi xalqımızın mübarizə əzmini qıra bilmədi, 20 Yanvar hadisələri istiqlala gedən yolun başlanğıcı oldu. Bu tarix Azərbaycan xalqının yaddaşına müstəqilliyin qazanılması uğrunda mübarizənin zirvəsi kimi əbədi həkk olunub. Bu gün Azərbaycan xalqı azadlıq uğrunda canlarını qurban edən şəhidlərimizin və cəsur Vətən övladlarının qəhrəmanlıq mübarizəsini çox böyük hörmət və ehtiramla əziz tutur, onların igidliyini yüksək qiymətləndirir.

Akademik xatırladıb ki, bu qanlı hadisənin ertəsi günü xalqımızın böyük oğlu, ümummilli lider Heydər Əliyev Moskvada Azərbaycanın daimi nümayəndəliyinə gedərək mətbuat konfransında bu vəhşiliyi qətiyyətlə pisləyib, qətliamın başvermə səbəblərini açıqlayıb, təşkilatçıların, günahkarların adlarını cəsarətlə dünyaya bəyan edib.

Məruzəçi qeyd edib ki, Xalq şairi Bəxtiyar Vahabzadənin, yazıçı-publisist Rafiq Səməndərin və başqalarının 20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunan əsərləri xüsusi məna daşıyır.

Tədbirdə çıxış edən Əməkdar jurnalist Rafiq Səməndər və həmin gecənin canlı şahidləri 20 Yanvar hadisələrindən, onun acı nəticələrindən söz açıblar. Bildirilib ki, 20 Yanvar Azərbaycan xalqının hüzn və şərəf günüdür. Xalqımız azadlığını, müstəqilliyini canı, qanı bahasına əldə edib. Vətən öz şəhidlərini heç vaxt unutmayacaq.

AzərTac

Avropa Şurası Parlament Assambleyasının Azərbaycan nümayəndə heyətinin üzvüdür.
Azərbaycan Respublikasının Milli Məclisinin deputatıdır.
AMEA Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktorudur.
Facebook