RAFAEL HÜSEYNOV AMEA-nın həqiqi üzvü Filologiya elmləri doktoru Professor
Yaxınlığın üstünlüyü + Foto Yan 22, 2020 | 20:24 / Görüşlər

Azərbaycanda seçki dairələri çoxdur və onların Bakıya yaxın olanları da var, Bakıdan uzaqda yerləşənləri də.
Altıncı çağırış Azərbaycan Milli Məclisinə seçkilərə qatılmış 1500-dən artıq iddiaçının arasında Bakıda daimi yaşayanlar da az deyil.
İndi, seçkiöncəsi təbliğat-təşviqat tədbirlərinin gün-gündən sürətini artırdığı çağlarda təbii ki, namizədlər öz dairələrini imkan daxilində kənd-kənd, qəsəbə-qəsəbə, ev-ev gəzib-dolaşır, görüşlər keçirirlər.
Yeni il ərəfəsində, Novruz bayramı günlərində çox vaxt ailəmlə istirahət üçün Qəbələyə, Qaxa gedirəm. Oralara da xidməti maşınla deyil, öz şəxsi avtomibilimlə yollanıram.
Səhər Bakıdan çıxan, mənzil başına qaranlıq düşəndə yetişirəm. Və həmişə də bu uzun yolu gedə-gedə fikirləşirəm ki, mən təmsilçisi olduğum dairədən deyil, tutalım, Qaxdan millət vəkili seçilmiş olsaydım vaxtla, operativliklə bağlı nə qədər əlavə çətinliklərim yaranardı. Xüsusən indiki, təbliğat-təşviqat mərhələsində.
O cür uzaq rayonlara getsən, gərək hökmən görüşlər keçirdiyin günlərdə orada qalasan.
58 saylı Hacıqabul-Kürdəmir dairəsi isə yaxındadır. Bakıdan ora yolum 1 saat çəkir. Yarım saat, qırx dəqiqə də lap ən ucqar kəndlərə məsafədir. Beləcə, saat 10-dan başlayaraq bir neçə kənddə görüşlərimi keçirirəm, insanları dinləyirəm, saat 4-də-5-də artıq paytaxtda oluram və burada da lazımi işlərimi görməyə macal tapıram.
Elə deputatlıq dövründə də Hacıqabulda hansısa tədbir keçiriləndə, ya müdaxilə etməyim gərək olan bir məsələ ortaya çıxanda bircə saata özümü yetirirəm, işimi görüb Bakıya qayıdanda da günümün xeyli iş saatı itməmiş qalır, buradakı işlərimin də ardınca oluram.
Məsafə yaxaınlığı bir üstünlükdürsə, digər qat-qat vacib üstünlük o yerin adamları və qayğıları ilə qəlbən yaxın olmaqdır.
Mən artıq 15 ildir ki, Hacıqabul-Kürdəmir dairəsindən deputatam. Ondan əvvəslə bizdə proporsional seçki sistemi də vardı və mən də partiya xətti ilə seçildiyimdən hansısa rayon və rayonlarla bilavasitə bağlı olmadan bütün Azərbaycan ərazisi üzrə deputatlıq missiyasını yerinə yetirirdim.
Son 15 il boyunca Milli Məclisdə qanun yaradıcılığı, Avropa Şurasında ölkəmizin və xalqımızın maraqlarını layiqincə ifadə etmək səmtində çalışmaqla yanaşı Hacıqabul-Kürdəmir dairəsində ümumi problemlərin və insanların ayrı-ayrı qayğılarının müsbət həlli istiqmətində səy göstərmişəm..
Və bu gedişatda yaxınlığın daha bir gözəl təzahürü ortaya çıxıb – bu yerin adamları ilə bir evli kimi olmuşquq. Qarşılıqlı olaraq xeyir-şərlərimizdə iştirak etmişik, hacıqabullular qəti əmin olub ki, Bakıda onların həmişə arxayın açaraq kömək uma biləcəyi bir qapı var.
Yanvarın 21-də yenə Hacıqabulda idim və şəhər ictimaiyyəti ilə bu görüşümüz də belə tədbirlərin keçirilməsi üçün xüsusi olaraq ayrılmış məkanlardan birində – Folklor Evində baş tuturdu. Tək-tək keçən görüşümüzə gələnlərdən də vardı, amma əksərən yeni simalar idi.
Deputat işinin adi seçiciyə görünən və görünməyən tərfləri var. Bəzən rayonun hanısısa probleminin həlli üçün aylarla yazışmalar aparırsan, ən müxtəlif idarə və nazirliklrə müraciət edirsən və nəticə etibarı ilə bütün rayon əhalisi üçün əhəmiyyət kəsb edən bir məsələ həllini tapır. Lakin deməsən, izah etməsən, sənin bu fəaliyyətlərin seçilərinə bəlli olmur və hərdən ürəklərində narahat sual da yarana bilir ki, axı onlarçün neyləmisən.
Bugünkü görüşdə Milli Məclisdə, Avropa Şurasında, eləcə də Hacıqabul çərçivəsində gördüyüm işlər barədə hesabat səciyyəli məlumat verəndən, ölkəmizin əldə etdiyi uğurlar, dünyada artan nüfuzumuz, Ermənistanın Azərbaycana qarşı təcavüzü probleminin həlli istiqamətində dövlətimizin apardığı genişmiqyaslı işlər barədə danışandan sonra seçiciləri dinlədim.
Elələri vardı ki, sadəcə təşəkkür etməkçün gəlmişdi, hanısısa problemlərinin həllinə əvvəllər göstərmiş olduğum diqqətdən razılıqlarıənı dilə gətirirdilər.
Bəziləri də hazırda üzləşmiş olduqları çətinliklərdən, sıxıntılardan bəhs edirdilər. Onlar da yaxşı anlayır, mənə də bəllidir ki, depuatatın səlahiyyətlərin bəlli bir hüdudu var, hər müşkülü açmaq onun imkanları xaricindədir. Lakin bu insanların hamısı mənə sadəcə fəaliyyətdə olan deputat, indiki halda isə həm də deputatlığa namizəd kimi deyil, öz yaxınları, doğmalraı kimi baxırlar.
Mən onların ömründəki nigaran məqamlara necə biganə qala bilərəm?!
Və yaxınlığın bir bəhrəsi də bu oldu ki, yanvarın 21-də görüşlərimi keçirib Bakıya qayıtdım, iş günü bitənəcən Hacıqabuldakı görüşdə mənə müraciət etmişlərin şikayətləri, arzu və istəkləri ilə bağlı isti-isti bütün məktubları yazdım və artıq həmin məktubların hamısı səhər poçtu ilə Milli Məclisdən lazımi ünvanlara, məktubların surətləri isə mənə müraciət etmiş seçicilərin özlərinə də göndəriləcək.
Hacıqabul Folklor Mərkəzində mənə söylədilər ki, əslində bugünkü görüşə daha çox adam gəlmişdi. Zal tutan qədər adam qaldı, qalanları gedəsi oldu.
Hamısına minnətdarm. Çünki hamısının mənə xoş münasibətindən, xeyirxah yanaşmalarından aşkar hiss edirəm ki, işlərimin irəliləyişinə kömək etmək, sadəcə fevralın 9-da verəcəkləri səslə deyil, həmin günə qədərki mərhələlərdə də dəstəkləri ilə yanımdadırlar, arxamdırlar.
Məlum həqiqətdir – təsir əks təsirə bərabərdir.
Tutduğun yola, gördüyün işə, bağlı olduğun insanlara nə qədər yaxın olsan, həmişə o qədər də üstün olacaqsan!

Avropa Şurası Parlament Assambleyasının Azərbaycan nümayəndə heyətinin üzvüdür.
Azərbaycan Respublikasının Milli Məclisinin deputatıdır.
AMEA Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktorudur.
Facebook