RAFAEL HÜSEYNOV AMEA-nın həqiqi üzvü Filologiya elmləri doktoru Professor
Xalqın kitabını oxumaq borcu + Foto Yan 23, 2020 | 20:34 / Görüşlər

Qarasulularla kəndin klubunda və Padar qəsəbəsində kitabxana binasında yanvarın 22-dəki görüşümüzə toplaşanların arasında köhnə tanışlar da çox idi, ilk dəfə gördüyüm adamlar da vardı.
Hər gün 3-4, bəzən 6 kəndin camaatı ilə keçirdiyim görüşlərin hər birinə cavanlı-ahıllı, kişili-qadınlı xeyli sakin qatılsa da, hələ üstəlik kəndlərdəki kütləvi görüşlər aralığında macal tapınca baş çəkilməli bəzi ailələrə, məhəllələrə qonaq olsam da, təbii ki, hamı ilə üzbəüz qalmaq, bilavasitə görüşmək mümkün deyil.
Nəinki indi seçkiöncəsi təbliğat-təşviqat mərasimlərinə ayrılmış 20 gündən bir az artıq vaxtda, lap bir ilə də hamıyla təmasda olmaq müşküldür.
Hacıqabulda mənim 41611, Kürdəmirdə isə 5309 seçicim var. Ancaq görüşlərə gələnlər hər kəsin ürəyindən keçən elə mətləblərə toxunurlar ki, təqribən hamıyla görüşmüş kimi olursan.
Və kənd-kənd dolaşdıqca məni məmnun salan bir cəhəti də müşahidə edirəm.
Milli Məclisdəki keçmiş həmkarım Rüstəm Xəlilov Hacıqabula təzəcə başçı təyin edilsə də, hansı kəndə yollanıramsa, razılıqla dilə gətirilən ”başçı bu yaxınlarda gəlmişdi, problerimizlə maraqlanırdı” sözlərini eşidirəm.
Açığı, bu məni çox sevindirir.
Əvvələn, görürəm ki, seçim düz edilb. Əslən özü də bu bölgədən çıxmış, torpağa bağlı dəyərli bir kişinin, sanballı el ağsaqqalının övladı olan, xalqın dərd-sərini yaxşı bilən yeni başçı insanlara doğru gedir, dövlət başçısının vəzifə sahiblərindən tələb etdiyini vicdanla yerinə yetirməyə səy göstərir.
İkincisi də ona görə sevinirəm ki, əgər deputat olaraq yolumu davam etdirəcəyəmsə, əl-ələ verərək el-obanın qayğılarının həlli yolunda çalışmaqda yaxşı nəticələrimiz də az olmayacaq.
Fəaliyyətdə olan deputatamsa da, hər halda indi həm də deputatlığa namizədəm və heç kəs düz işimizə əmma qoymağa girəvə tapmasın deyə, hələ ki, seçki bitənəcən köhnə həmkarla görüşəsi deyiləm.
Amma bu sözləri də ona görə yazıram ki, bütün başçılardan umduğum məhz bu cür yanaşmadır – daim xalqla olmaq, xalqın diləklərinin həllinə bu istəklərin şikayətə, giley-güzara çevrilənədək nail olmaq.
Azərbaycana xalqa canı yanan, dövlətə də, millətə də sadaqətli, işgüzar başçılara bu gün bizim ehtiyacımız hər zaman olduğundan daha artıqdır.
Əmoğlum Qazaxda işləyir, mənə həmin rayonun başçısının nümunəvi, örnək sayılası əməllərindən elə ürəkaçan təfərrüatları söyləyib ki, Prezident İlham Əliyevin Azərbaycanın bölgələriylə bağlı böyük arzu və niyyətlərinin məhz belə qeyrətli, yorulmaz, fədakar və təmənnasız kardların sayəsində uzaq olmayan gələcəkdə hökmən həyatımızın adi həqiqətlərinə çevriləcəyinə qəti əmin olmuşam.
...Qarasuda da, Padar da mənə dərhal və heç bir təşkilata, heç bir yüksək vəzifə sahibinə müraciət etmədən, yerindəcə özümün həll edə biləcəyim xahişlə üz tutanlar da olur.
“Mənə filan kitabınızı verə bilərsinizmi?”.
Bütün suallara cavabı belə asanca tapa bilsəydim nə dərdimiz olardı!
Ancaq ümid edirəm ki, geci-tezi var, o xoşbəxt günlər də gələcək.
Hələliksə buna da çox sevinirəm ki, kənd-kəsəyimizdə insanlarımızın kitab sevgisi, oxumaq şövqü sönməyib.
Yazdığımız kitabları oxumaq istəyənlərin tale kitablarını daim oxumağa isə biz – səlahiyyətləri, gücü, təsir imkanları olan hər birimiz borcluyuq!

Avropa Şurası Parlament Assambleyasının Azərbaycan nümayəndə heyətinin üzvüdür.
Azərbaycan Respublikasının Milli Məclisinin deputatıdır.
AMEA Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktorudur.
Facebook