RAFAEL HÜSEYNOV AMEA-nın həqiqi üzvü Filologiya elmləri doktoru Professor
Müasir seçki texnologiyaları və Koroğludan qalan dədə-baba üsulu + Foto Yan 24, 2020 | 20:40 / Görüşlər

Heç belə olmamışdı.
Və mən bunu qətiyyən yaxşı olmayan hal kimi də dəyərləndirmirəm.
Gərək xalq hər şeyi sınaqdan çıxara, hər yaxşı-yamanın dadına baxa ki, gələcəyə aparan hansı yolun daha rahat olduğuna da yəqinlik hasil edə.
Müstəqil Azərbaycanın bütün tarixinin Yeddinci Millət Məclisi qurulacaq, hər ötən gün bizi fevralın 9-dakı səsvermə saatlarına bir az da yaxınlaşdırır.
Və yeni dövrün Milli Parlamentinə Altıncı Çağırış asatanasında bu vacib təsisatda üzv olmaq rəsmən 2431 nəfərin ürəyindən keçdi , onlardan 1600-dən çoxu da qeydiyyata alındı.
Ələnəndən, arıtlanandan, elə qeydiyyatdanca doyub kənara çəkilənlərdən sonra ortada 1400 nəfər qaldı.
Daşıya bilən üçün son dərəcə ağır olan Millət Vəkili yükünü çəkməyə özünü hazır sayan Vərtən övladlarının miqdarının bu qədər olması camaatımızın nə qədər cəsarətli, qorxmaz olduğunu bir daha əyan edir.
Başqa cür də ola bilməz! Axı Koroğlu nəvələriyik!
Və “Koroğlu” demişkən (yaxud yazmışkən).
Mən müstəqillik dövrünün bütün parlament seçkilərində deputatlığa namizəd kimi iştirak etmişəm, gedişatın bilavasitə axarında olmuşam və müqayisdə aydın görürəm ki, bu sonuncusu Milli Məclisə aparan yolun daha rahat, daha asan keçilən, iddiaçıların ruh yüksəkliyi və qələbəsinə inamımının da daha çox olduğu seçkidir.
Kimsə deyinir ki, bu qədər çoxluq ciddi mətləbə adilik gətirir, ümummilli əhəmiyyətli bir tədbirin parlaqlığını ovsanadan çıxarır, yerindən duranın “mən də deputat olum” sevdasına düşməsi və bu isəyi gerçəkləşdirməyə maneəsiz şərait yaradılması “millət vəkili” kimi ali anlayışın özünü ucuzlaşdırır.
Bəs nə istəyirdiniz? Demokratiya elə budur!
Nə qədər çoxalırsa, qapını o qədər geniş açır və hər məsuliyyət düşür həmin təxminən taybatay açıq qapıdan keçənin qabiliyyətinə (bacarıq mənasında yox, mərifət anlamında).
İrəlilədikcə, demokratiya insanlarımızın ruhuna bilikdən keçərək daha dərindən sirayət etdikcə ahəstə-ahəstə adamlarımız o nöqtəyə də yetişəcəklər ki, darvazaları-qapıları laybalay açıq görəndə də tez irəli şığımağa çalışmayacaqlar, əvvəlcə başlayacaqlar düşünməyə ki, çox da qapı açıqıdr, amma keçmək mənlikdirmi, bununçün yetişmişəmmi, tutalım açıqdır və keçdim o tərəfə, sonra nə olacaq, bu keçməyimlə nəyi necə dəyişə biləcəyəm, nəyi dünən olduğundan bir az da irəli aparmağı bacaracağam, qıvraq tərpənib kimisə arxada qoymaqla, kiminsə məndən daha çox haqq etdiyi yeri tutmaqla insafa, ədalətə dönük çıxmış olacağamsa, bununla da mahiyyət etibarı ilə ümumi mənafeyə zərər vuracağamsa, bu cəhdimdə nə dərəcədə haqlıyam, bəlkə dayanım?
Səni yalnız hisslərin deyil idrakın sonacan idarə etdiyi həmin ucalığa isə birdən-birə gəlib çatılmır.
Gərək sazağın necə kəsməsini də, alovun necə qarsmasını da öz varlığınla duyub diksinəsən ki, sənə “cızza” deməyə lüzum qalmaya.
Demokratiya və mərifət yaşaya-yaşaya, təcrübədən keçirilə-keçirilə alınan dərs və təcrübədir.
Bizimsə hələ nə yaşımızdır ki!
Odur ki, 1400-ə də şükür!
Birinci parlamentimiz – 1918-ci ilin dekabrında yaradılmış Məclis-i Məb`usan 6 aylıq sütül bir dövlətin bəhrəsi idi və təbii ki, belə darmacalda onun ümumxalq səsverməsi yolu ilə təşkili mümkünsüz idi.
Bəlkə də Cümhuriyyətimiz heç olmazsa, 4-5 yaşına yetişə bilsəydi, bizə xalqın səsi ilə MƏCLİS yaratmağın da meyarını yadigar qoyardı.
Qismət olmadı!..
Elə eyni şəkildə, 1991-ci ildə 70 illik həsrətlərdən sonra dövlət müstəqilliyimizi bərpa edən zaman da qatmaqarışıq ölkədə tələm-tələsik seçki keçirərək parlament formalaşdırmaq ağlabatan iş deyildi. Ona görə də 1995-ci ildə Azərbaycan Respublikasında artıq sırf müstəqillik dövrünün təsisatı kimi yaranan Milli Məclisə qədər sovet dövründə təşkil edilmiş axırıncı Ali Sovet tam tərkibi ilə olmasa da, hər halda ömrünü davam etdirdi.
İndinin seçkisinin təbliğat-təşviqat dönəmi ilə 1995-inkinin tutuşdurması vaxtın nə qədər iti keçdiyinə, ötmüş zamanın bizə hansı qeyri-adi üstünlük və imkanlar bağışlamasına bir güzgüdür ki, var.
Zahirən nə keçib ki! Amma sanki büsbütün ayrı bir dünyadayıqmış.
İnternet fəzasının açdığı əngin üfüqlər, telefonun o vaxtdan indiyəqədərki möcüzə də hesab edilə biləcək sıçrayışlı inkişafı, təbliğat və təşviqatın müasir elektron texnologiyalardan aldığı qeyri-adi güc 25 il öncə, noyabr günlərində heç təsəvvür edilməzdi.
Babat plakatlar, təşviqat materialları çap etməkçün heç yönlü mətbəələr də yox idi.
İndi hər cür şərait ortada, meydan açıq, salavat gücə bağlı, kim nə qədər imkanı var yararlanır.
Fəqət yenə adamlarsız keçmir. Keçmişdəki kimi təbliğat-təşviqat mərasiminə başlayanlar yönəldikləri ünvanlara adətən başlarının dəstəsi ilə, sağdışları-soldışları, haqlarında söz deyən tərəfdarıları ilə gedirlər.
Əlbəttə ki, bunun öz gözəlliyi, rahatlığı var: yolunu açırlar, ətrafdakılar səni – müsbət adamı dinləməyə hazır edirlər və sən də sığallanmış, hamarlanmış müstəvidə nitqini başlayırsan.
Mənsə bu yolu ilk başlayanda necə, indi də elə.
Təkcə çıxıram camaatın qarşısına, sözümü deyirəm, sonra onları eşidirəm, suallarını cavablandırıram.
Bu məsləhəti yüzillər öncə qoç Koroğlu özü vermişdi:

İgid odur yar sevməyə,
Özü tək gedə, tək gedə!

Xalqdan artıq hansı sevgili ola bilər!
Amma xalq qarşısına tək cıxmağa cürət etməyim yaxşı tərəfi də var, çətin tərəfi də. İrəlicədən bilmirsən ki, görüşünə kimlər toplaşacaq. Sənə rəğbəti olmayan da çıxar rastına, qəsdən sənə badalaq vurmaq istəyən də. Gərək hər sınağa hazır olasan.
Və ən mühümü – gərək xalqın qarşısına tək çıxa bilməkçün o anacan gördüyün işlərin sənə verdiyi yetərincə gücün ola!
Yanvarın 23-də yenə Hacıqabulun kəndlərinə üz tutmuşdum.
İlk görüşüm Ələtli və Ağacanlı kəndlərinin əhalisi ilə oldu.
Seçicilərlə görüşümü başa vurandan sonra qonşuluqdakı məktəbə də baş çəkdim. Müəllim ki, oldun, o səninlə axıracan qalasıdır. Mən də məktəb yanından laqeyd ötə bilmirəm. Şagirdlərlə də, müəllimlərlə də söhbətləşdim.
Və ürəyimdə daha asudə vaxtda bu məktəbə bir də hökmən qayıtmaq istəyi yarandı.

Avropa Şurası Parlament Assambleyasının Azərbaycan nümayəndə heyətinin üzvüdür.
Azərbaycan Respublikasının Milli Məclisin Mədəniyyət komitəsinin sədridir.
AMEA Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktorudur.
Facebook