RAFAEL HÜSEYNOV AMEA-nın həqiqi üzvü Filologiya elmləri doktoru Professor
Karrar sakinlərinin müştərək istəkləri + Foto Yan 26, 2020 | 21:08 / Görüşlər

Əllərin gərək həmişə onların nəbzində ola.
Bu isə o deməkdir ki, seçicilərini narahat edən hansı sıxıntılar varsa, hökmən səni də qayğılandıracaq, eyni şəklidə onların fərəhindən də sənə pay düşəcək.
Yanvarın 25-də Kürdəmir rayonunun bir neçə kəndində görüşlər keçirməyə gələrkən yol boyu bunun fikrini edirdim ki, yəqin camaatımızı nisbətən gərgin görəcəyəm.
İş ondadır ki, Mərkəzi Aran əhalisini neçə aylardır təbiət su ilə imtahana çəkir. Şirvan bölgəsinə, Kürdəmirə haçandır nə qar səpir, nə yağış düşür. Çaylarda, arxlarda su lap azalıb.
Karrar kəndinin əhalisi zəhmətkeş insanlardır, dədə-babadan əkib-becərən olublar. Elə bu il də kənddə taxıl əkən çoxdur.
İndiyədək ki, əkinlərinin su ehtiyacını lazımınca qarşılaya bilməyiblər, artıq hər hektarda 10 sentner itkiləri var. Əgər mayadək su məsləsində bir nizam yaranmasa, bütün zəhmətləri hədərə gedə bilər.
Və insanların bunca həyat əhəmiyyətli məsələ ilə bağlı nigaranlığı olanda təbii ki, digər bütün məsələlərə də həssaslığı artır, görüşünə deputatı gələndə ondan tələbləri də çoxalır.
Karrar kəndində, başda buranın ağsaqqalı Axund Xudaverdi olmaqla bir neçə nəfər var ki, mənə kəndin dərdi-səri ilə bağlı mütəmadi zəng vururlar. Mən də harada olsam belə dərhal onların səslərinə səs verməyə çalışıram, imkanım çatdıqca problemlərinin həllinə köməyimi göstərirəm.
Təbii ki, hər kənd kimi buradakı insanların da hərəsinin öz qayğıları var. Ancaq kəndin mərkəzində çevrə vuraraq toplaşdığımız məkanda görüşümüz başlayınca heç kəs öz problemini dilə gətirmir, başlayırlar bir-birlərinin sözlərinə qüvvət verə-verə kəndin 2-3 ümumi müşkülündən danışmağa.
O problemlərdən birincisi məktəbin, digəri xəstəxananın binası ilə bağlıdır.
Əvvəlcə yığışıb gedirik yolumuzun üstündəki xəstəxana sarı.
Bu xəstəxana zamanında məşhur idi. Yalnız Karrarın deyil, ətrafdakı daha neçə kəndin də müalicəyə ehtiyacı olan insanları rayon mərkəzi xəstəxanasındansa bura gəlməyi üstün tutardılar. 25 çarpayılıq bu xəstəxana 18-20 min əhalinin xidmətində idi.
Həqiqətən istənilən sahənin uğuru qabil şəxsiyyətlərdən çox asılıdır. Nə qədər ki, Karrar xəstəxanasına İnqilab həkim başçılıq edirdi, işin təşkili də yüksək səviyyədə idi, təminat da qənaətbəxş idi, bina vaxtlı-vaxtında təmir də edilirdi, genişləndirilirdi, həyət-baca da nümunəvi gözəllikdə.
Yaxşı həkimlər, tibb bacıları yenə var. Lakin vaxt dəyişib. Bina artıq sözün birbaşa mənasında qocalıb, heydən düşüb, isitmə-soyutma sistemi yox, divarlar neçə yerdən çat verib, xəstəxananın yaşı 40-a çatan təcili yardım maşını da həyətin bir küncündə çürüyə-çürüyə qalıb.
Və kəndin yaxşı bir yeni xəstəxana binasına ehtiyacı var.
Həm Karrar, həm də ətrafdakı daha bir neçə kəndin sakinlərinin bu ortaq arzusunun gerçəkləşməsi üçün mən də bacardığımı edəcəyəm.
Oradan isə buruluruq məktəb sarı.
Karrarın 2 məktəb binası var. Biri təzə, biri köhnə. Və təəssüf ki, heç biri ən elementar tələblərə cavab verən halda deyil.
Müəllimlər savadlı, təcrübəli, işini sevən, ənənəvi olaraq bu kəndin uşaqları da oxumağa, öyrənməyə mail.
Di gəl, binalara sınıq-salxaq, uçuq-sökük.
Mən hətta məəttəl qalıram zavallı uşaqlar qışın soyuq günlərində heç odun sobasının da qızdıra bilmədiyi, qapı-pəncərəsi dəlmə-deşik bu narahat sinif otaqlarında necə dərs keçirlər, necə xəstələnmirlər.
Xəstələnməyinə yəqin ki, xəstələnirlər. Nə qədər soyuğa davamlı adam olsan da, 5-10 dəqiqə bu otaqlarda dayanınca canından üşütmə keçir. Onda da qalmış bədəni daha dözümsüz aşağı sinif şagirdləri ola.
2004-cü ildə təhvil verilən məktəb binasını tələsik və son dərəcə məsuliyyətsiz inşa ediblər.
Təməlsiz-filansız məktəb binası tikən hansı başın yiyəsi olmalıdır?
Bönövrəsi olmadığından elə istifadəyə veriləndən az sonra binanın gah o, gah bu tərəfi çöküb-əyilməyə başlayıb.
Valideynlər danışır ki, neçə dəfə olub sinif otağına döşəmədəki, divarların dibində olan yarııqlardan ilan-çiyan girib, uşaqlar da bərk qorxuya düşüblər.
Köhnə binananın nə halda olmağındansa heç söz açmağa dəyməz.
Son illərdə Azərbaycanda həm şəhərlərdə, həm də kəndlərdə bir-birindən gözəl və təminatlı o qədər müasir məktəblər və təhsil kompleksləri inşa edilib ki, əvvəllərdə heç 50-60 ilə bu qədər, həm də belə üstün biçimdə məktəblər tikilməmişdi.
O cür yeni məktəblərin yaxşılarından birinin Kürdəmirin Karrar kəndində də ucaldılması üçün müxtəlif əlaqədar ünvanlara davamlı göndəriləcək məktublarımdan ilkini elə Karrardan Bakıya dönüncə axşam saatlarında yazdım...

Avropa Şurası Parlament Assambleyasının Azərbaycan nümayəndə heyətinin üzvüdür.
Azərbaycan Respublikasının Milli Məclisinin deputatıdır.
AMEA Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktorudur.
Facebook