RAFAEL HÜSEYNOV AMEA-nın həqiqi üzvü Filologiya elmləri doktoru Professor
AŞ Nazirlər Komitəsi Ermənistanın təcavüzkar siyasətinə qarşı yetərincə sərt mövqe tutmamaqda qınanıldı Yan 27, 2020 | 21:38 / AŞPA məruzələr

Rafael Hüseynov: “Doğrudanmı, təşkilatı içəridən parçalayan belə hallara qarşı Avropa Şurası və onun Nazirlər Komitəsi yalnız təəssüflənməklə, sadəcə faciələrin müşahidəçisi olaraq kifayətlənməlidir? “

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) hər sessiyasında əvvəlində adətən Nazirlər Komitəsinin sessiyalarasə dövrdə görülmüş işlər haqda hesabatı dinlənilir və ardınca da Nazirlər Komitəsinə yönəlmiş suallar cavablandırılır.

Avropa Şurası Nazirlər Komitəsində hazırda Gürcüstanın sədrliyi dövrü başlandı.

Etikxeber.az xəbər verir ki, Gürcüstan Respublikasının xarici işlər naziri və Nazirlər Komitəsinin sədri David Zalkaliani hesabat məruzəsi və Gürcüstanın sədrliyi dönəminin prioritetlərindən bəhs etdikdən sonra sualları cavablandırmağa başladı.

Nazirlər Komitəsinə sualla müraciət edən deputatlardan biri də Avropa Şurasındakı Azərbaycan daimi nümayəndə heyətinin üzvü Rafael Hüseynov oldu.

Azərbaycanlı deputat Ermənistanın Azərbaycana təcavüzü, Dağlıq Qarabağ münaqişəsi probleminə toxunaraq Avropa Şurasının uzun illər boyu bu münaqişənin diplomatik vasitələrlə həllinə göstərə biləcəyindən az diqqət ayırdığını, bunun nəticəsi olaraq da üzv dövlətlər arasında yeni oxşar münaqişlərin meydana çıxdığını bildirdi.

Rafaelı Hüseynov Nazirlər Komitəsi sədrinə sualını belə formalaşdırdı:

“Mən bu sualı sizə həm Nazirlər Komitəsinin sədri, həm də problemə öz ölkəsinin taleyindən yaxşı bələd olan Gürcüstan xarici işlər naziri olaraq ünvanlayıram. Avropa Şurası işğalı, separatizmi, bir dövlətin digərinə qarşı haqsız ərazi iddialarını daim tənqid etsə də, təəssüf ki, bu hallar təşkilatımızın üzvü olan dövlətlər arasında mövcuddur. Həm də arxada qalan illər ərzində üzv dövlətlər arasında belə halların artmasının əsas səbəbi Avropa Şurası Parlament Assambleyasının da, onun Nazirlər Komitəsinin də bu cür arzuolunmaz təmayüllərə qarşı təsirli tədbirlər görməməsidir. Kifayət qədər səlahiyyətləri olsa da, Avropa Şurasının belə mübahisəli və münaqişəli hallarda həmişə yaxasını kənara çəkərək, bu məsələləri ATƏT-in həll etməli olduğunu bildirir. Ona görə də 20 il əvvəl Avropa Şurasında digər üzv dövlətə qarşı işğalçılıq etmiş yalnız bir ölkə vardısa, indi bu sıra xeyli sıxlaşıb. Doğrudanmı, təşkilatı içəridən parçalayan belə hallara qarşı Avropa Şurası və onun Nazirlər Komitəsi yalnız təəssüflənməklə, sadəcə faciələrin müşahidəçisi olaraq kifayətlənməlidir? Avropa Şurası ailəsinə layiq olmayan belə mövqe tutan üzv dövlətlərə qarşı Nazirlər Komitəsinin hansı təzyiq və sanksiyalar sistemi tətbiq edə bilər?”.

Deputat Rafael Hüseynovun sualına cavab verən Avropa Şurası Nazirlər Komitəsinin fəaliyyətdə olan sədri bildirdi ki,  Nazirlər Komitəsi qitənin müxtəlif hissələrindəki həll edilməmiş münaqişələrin doğurduğu fəsadlardan çox narahatdır.

O, əlavə etdi ki, bu münaqişələrin hər birinin özünə xas xüsusiyyətləri və siyasi həll üsulları var. Biz inanırıq ki, siyasi həll yolları beynəlxalq səviyyədə razılaşdırılmış formatda olmalıdır.

Daha sonra Nazirlər Komitəsi söylədi ki, həll olunmamış konfliktlər Avropa Şurasına qitədə bütün insanların hüquqlarına ehtiram göstərilməsini təmin etməyə imkan vermir.

Nazir belə bir düşüncəsini də bölüşdü ki, gərək bütün üzv ölkələr sülhə və siyasi həllə nail olmaq üçün birgə işləsinlər. Avropa Şurasının bir vəzifəsi də münaqişə tərəfləri arsında bir-birlərinə inamı möhkəmləndirmək üçün tədbirlər hazırlamaqla nizamlama prosesinə öz töhfəsini versin.

Daha sonra Azərbaycanın və bir sıra digər üzv ölkələrin yaşadığı bu qəbil faciələrin öz ölkəsi Gürcüstanın həyatında hansı ciddi problemlər yaratdığı üzərində Nazirlər Komitəsinin fəaliyyətdə olan sədri müfəssəl dayandı.   

Etikxeber.az

Avropa Şurası Parlament Assambleyasının Azərbaycan nümayəndə heyətinin üzvüdür.
Azərbaycan Respublikasının Milli Məclisin Mədəniyyət komitəsinin sədridir.
AMEA Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktorudur.
Facebook