RAFAEL HÜSEYNOV AMEA-nın həqiqi üzvü Filologiya elmləri doktoru Professor
“Sosial şəbəkə elə məkandır ki, peşəkarlıq səviyyəsindən asılı olmayaraq burada hər kəs ayrıca telekanal, sayt kimi görünə bilir” Yan 29, 2020 | 15:12 / AŞPA məruzələr

Rafael Hüseynov: “Ayrı-ayrı jurnalistlərə qarşı təhlükələrlə mübarizə aparmaq bütöv jurnalistikaya olan təhdidlərin öhdəsindən gəlməkdən daha asandır”

Mətbuatın problemləri, jurnalistlərin təhlükəsizliyi, söz və ifadə azadlığının müxtəlif aspektləri Avropa Şurası Parlament Assambleyasının (AŞPA) təqribən hər sessiyasında gündəlikdə olan mövzulatrdır.

AŞPA-nın qış sessiyası da bu baxımdan istisna təşkil etmədi.

Yanvarın 28-də müzakirəyə çıxarılan “Avropada  mətbuat azadlığı və jurnalist təhlükəsizliyinə qarşı təhdidlər”  adlı məruzə Asssambleyda böyük maraq doğurdu və geniş diskussiyalara səbəb oldu.

Məruzə ətrafındakı müzakirələrdə çıxış etməkçün 60-dan çox deputatın müraciət etməsi mövzuya marağın əyani göstəricisidir. Azərbaycan nümayəndə heyətinin üzvü Rafael Hüseynov da həmin məruzə ilə bağlı çıxış edərək, yalnız Avropada deyil, bütövlükdə dünyada jurnalistika üçün təhlükə doğuran 2 əsas məqama diqqət yönəltdi.

Rafael Hüseynov əvvəlcə dünyanın böyük iqtisadi strukturlarının tədricən medianı da öz təsiri altına götürərək onu idarə edilə bilən hala salmasının söz və mətbuat azadlığına, jurnalist müstəqilliyinə qarşı ən ciddi təhülükə olduğunu söylədi:

“Mətbuata və jurnalistlərə istisnasız olaraq bütün cəmiyyətlərin ehtiyacı var. Vaxt çoxdan sübut edib ki, müasir dünyada informasiya əslində zəruri qidalanmanın bir növünə çevrilib və indi onsuz yaşamaq sadəcə çətin deyil, daha artıq – mümkünsüzdür. Mətbuata və jurnalistə qarşı təzyiqlər, təhdidlər həmişə və hər yerdə olub, lakin burası da var ki, hətta həmin təzyiqləri göstərənlərin özlərinin də mətbuata ehtiyacı daimidir. Mətbuata və jurnalistə olan ehtiyacların fərqliliyi istər-istəməz fərqli mətbuat və jurnalistikanın da yaranmasına gətirib çıxarıb. Bu gün azad sözə və həqiqətə xidmət edən yüksək peşəkarlıqlı mətbuat və jurnalistika ilə yanaşı konkret maraqlara xidmət edən, idarə olunan, həqiqəti olduğu kimi deyil, istədiyi kimi təqdim edən mətbuat və jurlnalistika da fəaliyyətdədir. Bu da məlumdur ki, hətta ən nəhəng, ən nüfuzlu Kütləvi İnfotmasiya Vasitələrinə və jurnalistlərə hüdudsuz maddi imkanları və əlaqələri olan böyük dünya şirkətlərinin təsir imkanları mövcuddur.

Zənnimcə, mətbuat və jurnalistika üçün təhlükələrin ən birincisi kimi ən əvvəl bu amil nəzərdə tutulmalıdır. Ayrı-ayrı mətbuat orqanlarına, tək-tək jurnalistlərə qarşı ortaya çıxan təhlükələrlə mübarizə aparmaq, onların nə şəkildəsə həllinə nail olmaq, ən azı nəzəri cəhətdən, mümkün görünür. Lakin Avropada və dünyada iqtisadiyyatın və siyasətin nizamına birbaşa və əsaslı təsir imkanına malik olan qüdrətli transmilli şirkətlərlə bacarmaq ağır işdir. Çünki çox zaman onların ardında böyük dövlətlər, böyük də siyasətlər dayanır. Belə transmilli şirkətlər lazım bildikləri anda mətbuatı da, jurnalistikanı da öz maraqlarına uyğun yönəltmək, yox yerdən hətta beynəlxalq münaqişələr səviyyəli mətbuat qalmaqalları törətmək  gücündədirlər. Bu isə jurnalistika və mətbuatın təməl prinsiplərinin zədələnməsinə gətirib çıxarır və reallıqda bu proses artıq çoxdan getməkdədir!”.

Təyinatı və fəlsəfi etibarı ilə dünyanı daha gözəl etməli olan mətbuatın maddi güclərə tabe edilməsinin təxminən çıxılmaz labirint olması məsləsinə toxunan Rafael Hüseynov təəssüflə bildirdi:

“Dahi rus yazıçısı Fyodor Dostayevskinin məşhur aforizmini adətən birinci yarısı iqtibas edilir: “Dünyanı gözəllik xilas edəcək” Lakin Dostoyevskidə fikir davam edir: “Dünyanı gözəllik xilas edəcək, lakin pul onu məhv edəcək”. Təxminən həmin vəziyyətdir. Mətbuat və jurnalistika dünyanı çox bəlalardan xilas etmək missiyası daşıyan bir gözəllikdir. Lakin gözümüzün qarşısında pul bu gözəlliyi diz çokdürə, öz itaətkar xidmətçisinə də çevirə bilir. Bu acı həqiqətlə barışmaq çətindir. Lakin bu sərt gerçəkliyi etiraf etməmək də olmur.  Bu təmayüllə necə mübarizə aparmalı? Bu axına qarşı istənilən səviyyədə müqavimət göstərərək nəyəsə nail olmaq şəxsən mənə mümkünsüz kimi görünür”.

Jurnalistika və jurnalistlər üçün digər təhlükə mənbəyinin isə sosial şəbəkələr, internet məkanı olduğunu deyən Rafael Hüseynov bütövlükdə bu sahənin nə qədər faydalı olsa da, hansısa meyarlarla nizamlanmasa, nəzarətdən çıxsa, həm də qorxulu təhdidlərə meydan açdığını dilə gətirdi:

“Avropada və dünyada mətbuata və jurnalistikaya qarşı başqa bir mühüm təhlükə mənbəyi də var ki, güman edirəm artıq ona qarşı mübarizə aparmaq da, nəyəsə müvəffəq olmaq da mümkündür. Bu, informasiya mübadiləsinin, kütləvi informasiya vasitələrinin və jurnalistikanın yeni dövrün yaratdığı növü olan sosial şəbəkədir. Sosial şəbəkə elə azad bir məkandır ki, peşəkarlıq və bilik səviyyəsindən asılı olmayaraq burada hər kəs, yaxud da bir qrup  insan, ayrıca telekanal, informasiya agentliyi, sayt, jurnalist, reportyor kimi görünə bilir. Özünüifadənin bu cür həddən ziyadə sərbəst mıəkanında istedadlı insanların parlama şansları çoxdursa da, müxtəlif avantüraların, təxribatların ayaq tutub yeriməsi də eyni dərəcədə asandır. Heç bir maneəsiz istənilən anda sosial şəbəkə vasitəsi ilə canlı efirə çaxan şəxs və ya şəxslər cəmiyyəti faydalı məlumatlarla da zənginləşdirməyə qadirdir, eyni zamanda, xaosa gətirib çıxaran, qanlı terrorlara bais olan vəziyyətlərlə də insanları üzbəüz qoya bilər. Ona görə də bu böyük məkanın və gücün qorxulu yuxuya, ciddi təhlükəyə çevrilməsinin qarşısını alan nəzarət mexanizmləri işləməlidir. Sosial şəbəkədə azadlıqla azğınlıq arasındakı sərhədlərin dəqiq cızılması və buna sərrast nəzarət həm mətbuatı, həm jurnalistikanı çox təhdidlərdən qorumuş olar”.

Etikxeber.az

Avropa Şurası Parlament Assambleyasının Azərbaycan nümayəndə heyətinin üzvüdür.
Azərbaycan Respublikasının Milli Məclisinin deputatıdır.
AMEA Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktorudur.
Facebook