RAFAEL HÜSEYNOV AMEA-nın həqiqi üzvü Filologiya elmləri doktoru Professor
Millətin iftixarı Fev 23, 2020 | 22:23 / Mətbuatda çıxışlar

O gün müasir Azərbaycan tarixinin ən həlledici günlərindən biri kimi yadda saxlanılmalıdır. 2020-ci il fevralın 15-də Münxen Təhlükəsizlik Konfransında Prezident İlham Əliyevin çaldığı zəfər sonun başlanğıcı sayıla bilər.
 
Bu, hamıya - Ermənistana və bütün dünyaya bir göstəri, bir xəbərdarlıq idi ki, lap yaxın zamanlarda məhz belə olacaq - təcavüzkar Ermənistan elə bu cür diz çökdürüləcək, terrorizmi dövlət siyasətinə çevirmiş işğalçı ölkə elə bu şəkildə rəzil duruma salınacaq, elə bu təhər amansızlıqla erməniçiliyin yalanlar üzərində qurulmuş bütün puç illüziyaları darmadağın ediləcək!

O gün Prezident İlham Əliyevin dilə gətirdiyi sərt və danılmaz həqiqətlərin qarşısında büzüşərək, kiçilərək olduğundan da aciz və cılız vəziyyətə düşmüş Ermənistan dövlət başçısının timsalında həmin duruma əslində artıq üç onilə yaxın müddətdə Azərbaycana qarşı məkrli qəsbkarlıq siyasətini yürüdən Ermənistan salınmışdı.

Həmin gün yalnız qarşı-qarşıya dayanan bir tərəfdə yüksək zəkası, dərin biliyi, ali diplomatik məharəti və qətiyyəti ilə Prezident İlham Əliyev və digər tərəfdə dayaz təfəkkürü və saxta iddiaları, dolaşıq nitqi, inamsız və ürkək davranışları ilə baş nazir Nikol Paşinyan deyildi.

O gün üz-üzə dayanan Həqiqət və Yalan idi.

O gün qarşı-qarşıya gələn həqiqətin özü və həqiqətin əyri güzgüdəki qatmaqarışıq əksi idi.

O gün üz-üzə dayanan (hərçənd, bu deyiliş sən deyən dəqiq səslənmir. Çünki nə həmin görüşdə, nə də Münxendəki digər qarşılaşmalarının heç birində Nikol Paşinyan vüqarla dayanan Azərbaycan rəhbərinin gözlərinə dik baxa bilmir, baxışlarını kənara qaçırırdı) Prezident İlham Əliyev və Ermənistan idi.

Əslində isə, daha geniş götürməli olduğumuz kimi, bir yanda Prezident İlham Əliyev və o biri yanda erməniçilik, bu tayda Prezident İlham Əliyev və o tayda erməni diasporu, bu cəbhədə Prezident İlham Əliyev və əks cəbhədə təhrif, iftira, saxtakarlıq saçmaqda pərgar olan, kirli dırnaqları və qara əlləri çox uzun erməni təbliğat maşını idi.

Və məğlubiyyət tək Paşinyanınkı deyil, onların hamısınınkı idi!

"Cəbhə" kəlməsini bu yerdə təsadüfən işlətmirəm.

Siyasət meydanı atəşlərin yağdırıldığı döyüş meydanlarından qətiyyən geri qalan məkan deyil.

Son 20 il müddətində Avropa Şurasında mütəmadi olaraq erməni yalanları və həmin yalanları həyasızcasına ən bariz gerçəklər kimi dünyaya sırımaq istəyən erməniçiliklə qarşı-qarşıya dayanaraq mübarizə aparan insan kimi mən bilirəm belə qarşıdurma nə qədər çətindir, bu sayaq çarpışmalarada uğura yetmək necə müşküldür.

Beynəlxalq arenada bu qəbil kəskin diskussiyalarda hər şeyi anlar həll edir və dəqiqələr ərzində qazanılan müvəffəqiyyət, yaxud düçar olunan məğlubiyyət çox zaman həlledici olur.

Elə Münxen döyüşündəki kimi!

Bu qarşıdurma öz iş otağının sakitliyində əyləşib qarşına cild-cild kitabları, sənədləri yığaraq yerli-yataqlı düşünəndən, çək-çevir edəndən sonra hansısa haqsız həmlələrə əsaslandırılmış cavablar yazmaq imkanı deyil.

Burada sən atəş xəttinin üzərindəsən, bircə saniyə zəiflik göstərsən, büdrəsən, uduzmusan.

Və bu, elə narahat bir gedişatdır ki, girəvəni əldən vermək, zəruri anda zərbəni endirmək fürsətini qaçırmağa ixtiyarın yoxdur, bu əsnada qırmızılıqla söylənən aşkar yalanları, qara böhtanları, nümayişkaranə uydurma və saxtakarlıqları eşidərək əsəbiləşməmək, ruhi müvazinətini itirməmək, emosiyalara qapılmamaq, həm də bu cür gərgindən-gərgin durumda ən lazım olan sözləri tapmaq, məhz həmin məqamda dilə gətirilməli həqiqətləri söyləmək son dərəcə çətindir.

Gendən baxana döyüş nə qədər asan görünsə də, hər şey bitəndən sonra olanları təhlil edərək gərək filan sözü də filan cür deyəydin məsləhətlərini verməyə nə var!

Çətin olan ən lazımlı ifadəni gərək olan anında, düşmənin üzünə çırpılmalı dəlilləri yerində və məqamındaca yada salıb ifadə etmək, tərs şillə kimi rəqibin sürtük sifətinə vurmaq ustalığıdır.

Bu baxımdansa Azərbaycan siyasət meydanında Prezident İlham Əliyevə tay olan yoxdur.

Amma yalnız Azərbaycan siyasət meydanındamı?

Bu müstəsna qabiliyyətləri ilə Prezident İlham Əliyev bu gün dünyanın siyasi elitasındakı üstün təklərdəndir!

Bu nə tərifdir, nə mübaliğə. Baxırsınız, müqayisə edirsiniz, görürsünüz.

Bu gün ekran bütün dünyanı və onun məşhur siyasətçilərini hər insana ovuc içərisində olan kimi yaxından göstərə, tanıda bilir.

Mənə isə Prezident İlham Əliyevin siyasi bəsirətliliyini, dərinliyini, baş verə biləcəkləri öncədən görməyini, cəsurluğunu, incə improvizə qabiliyyətini və parlaq diplomatik istedadını yaxın məsafədən müşahidə etmək nəsib olub. 

Avropa Şurası Parlament Assambleyasında mütəmadi olaraq 47 üzv ölkənin dövlət başçılarının məruzə ilə çıxış etmək və deputatların suallarını cavablandırmaq ənənəsi var.

İlham Əliyev də Avropa Evində, qitənin parlamentarları qarşısında çıxış edib, ən qəfil, ən qəliz sualları da elə məharətlə cavablandırıb, ona qərəzli həmlələr edən tərs opponentlərini elə ustalıqla susdurub və mat qoyub ki, bizlər iftixar hissi keçirmişik, yaxşını qiymətləndirməyi bacaran digər əcnəbilər heyran qalıblar, düşmənlərin də burnu ovulub.

Hamı görüb və əmin olub ki, Azərbaycan Prezidenti müstəsna zəka yiyəsidir, çox güclüdür, müqayisəyəgəlməzdir, əsl liderdir!

Qabaqlar dəfələrlə bağlı qapılar arxasında görüşüb müzakirələr aparmış iki münaqişə tərəfinin - Azərbaycan və Ermənistanın dövlət rəhbərləri fevralın 15-də Münxendə ilk dəfə idi belə şəffaf diskussiya formatında qarşı-qarşıya idilər.

Hər kəsə açıq olan meydanda, kameraların önündə, beynəlxalq ictimaiyyətin gözü qabağında!

Elə bir meydanda ki, hər kəsin söylənənlərə, baş verənlərə əlavə şərhlərsiz qiymət vermək imkanı ortadaydı.

Bəlkə elə əvvəldən bu, Ermənistanın səhvi idi ki, həmin görüşə razılıq vermişdi?!

Axı bilirdilər onlarla üz-üzə dayanan Prezident İlham Əliyev olacaq.

Axı bilməmiş deyildilər Prezident İlham Əliyev hansı potensialın, hansı intellektual imkanların, hansı siyasi iradənin sahibidir.

Bunları bilə-bilə, hər halda ən azı təxmin edə-edə həmin görüşə razılıq vermək özünü odun içərisinə atmaq demək idi.

Di gəl, qaçacaq yerləri də yoxdur, belə bir 

açıq qarşılaşma hər halda gec-tez mütləq baş verməli idi. Vəziyyətin tələb etdiyisə budur ki, belə görüşlər, bu qəbil panellər hökmən olmalı, çox olmalıdır. Çünki bu qəbil qarşılaşmaların hər biri həm gerçəkləri, həm də kimin kim olduğunu əyani şəkildə ortaya çıxarır.

Hələ bir qədər əvvəl, 2019-cu il oktyabrın 3-də Soçidə, "Valday" Beynəlxalq Diskussiya Klubunun XVI illik iclasının plenar sessiyasında Prezident İlham Əliyev Ermənistan dövlət başçısını küncə sıxaraq mağmun vəziyyətdə qoymağa nail olmuşdu. Ancaq orada bu, yalnız bir mövzu - İkinci Dünya müharibəsində faşizmə xidmət etmiş erməni cəlladı Qaregin Njdenin rəsmi Yerevan tərəfindən qəhrəmanlaşdırılmasının ifşası ilə bağlı olmuşdu.

Münxendə isə bəhs edilən mövzuların əhatə dairəsi yetərincə geniş idi, tərəflər mövqelərini ifadə etməkdə daha sərbəst idilər.

Ancaq həmin gün qəhr olunaraq əzilmiş milçək kökünə salınanın, öldürücü məğlubiyyətə düçar edilənin təkcə aciz, dayaz, meydan boşboğazı kəmsavad Paşinyan olmasını düşünmək düz olmaz.

Hədəfdə erməniçiliyin uydurmalar şəbəkəsi, saxtakarlıq üslubu, utanmadan-qızarmadan dünyaya olmayanı olan kimi satmaq xisləti di.

Prezident İlham Əliyevin səlis, sərrast, zərgər dəqiqliyi ilə sıralanmış, hər cilalı kəlməsi yerində olan əla ingiliscəsi (bu, xüsusilə Paşinyanın erməni ləhcəli kələ-kötür, pozuq ingiliscəsi ilə müqayisədə hamıya aydın görünürdü və bizə əlavə rəğbət və üstünlük qazandırırdı. Yeri gəlmişkən, erməni siyasi icmalçısı və publisisti Artak Vardanyan yazır ki, "Paşinyana istənilən beynəlxalq tədbirdə ingiliscə danışmağı qadağan etmək lazımdır. Əvvəllər eşitmişəm, bilirəm ki, ruscası da zəifdir. Ancaq onun ingiliscəsi sadəcə olaraq dəhşətdir"), əmin, arxayın, effektli ifadə tərzi, təmkini (bu da Paşinyanın əlini-qolunu, qaşını-gözünü, bütün vücudunu əyə-əyə, uzun pauzalara dalaraq daxili gərginliklə, kəkələyərək lazımi ingilis kəlmələrini araması və çox zaman da tapmaması, inamsızlığı, ustad qarşısında dayanan şagird kimi görünməsi fonunda daha bir psixoloji üstünlük idi) elə başlanğıcdan auditoriyaya kimin hansı səviyyənin sahibi olmasını anladırdı.

Erməniçiliyin məlum və mənasız qondarma tarix nağıllarını söyləməyə təşəbbüs edərək "Böyük Tiqranın dövründə Qafqazda iki dövlət olub: Ermənistan və ..." deyən Paşinyanın dilindən "Gürcüstan" sözü çıxmazdan əvvəl onu qabaqlayaraq, rişxəndlə, istehzalı gülüşlə "Və Ermənistan" deyən Prezident İlham Əliyevin bu cür iynəli, sərrast replikaları Paşinyanı sarsıdan bir nokdaun olmaqdan savayı, həm də "ayağımız dəyən hər yer bizimkidir, hər eşitdiyimiz və döşümüzə yatan nəğmə özümüzünküdür, tarix bizdən başlanır, bizdən qədim xalq yoxdur, Nuh peyğəmbər də erməni olub..." kimi sərsəmləmələri təkrar edə-edə özlərini də bu cəfəngiyyatlara inandırmış erməniçiliyi rüsvay edirdi (Paşinyanın yöndəmsiz tarixi gəzişmələri onu yalnız Münxen panelində məsxərə obyektinə çevirmədi, elə az ötməmiş yayılan tənqidi rəylərdən birində tanınmış rusiyalı ictimai xadim, Siyasi Araşdırmalar İnstitutunun baş direktoru Sergey Markov bunu "irrasional düşüncənin bəhrəsi, kiçik millətə xas yeniyetməlik kompleksi" adlandırdı).

Tərəf olaraq Münxen qarşıdurmasında yalnız Paşinyanı götürsək, dünyanın gözü qarşısında qazanılan bu əvəzsiz və möhtəşəm qələbənin, bu siyasət nokautunun ağır çəkisini yüngülləşdirmiş olarıq.

Böyük siyasətçinin əsas güclərindən bi

ri auditoriyanı dərhal ələ alaraq davamlı olaraq öz təsirində saxlaya bilmək bacarığıdır.

Prezident İlham Əliyevdə bu keyfiyyət ən ali dərəcədədir.

Əvvələn, o, misilsiz natiqdir.

Siyasi natiqliyin İlham Əliyev örnəyi ayrıca öyrənilməyə və örnək götürülməyə layiq bir təcrübədir.

Doğrudur, belə seçkin nümunələrdən nə qədər öyrənsən də, heç vaxt sonacan o olmaq mümkün deyil.

Çünki bədahətən ən gözlənilməz situasiyaların təklif etdiyi şərtlərə uyğun sözü, faktı tapıb demək, hücum ovqatlı tempi əvvəldən axıradək qoruyub saxlaya bilmək fitri qabiliyyət məsələsidir.

Bu təcrübəni hər kəs öz istedadı hüdudunda mənimsəyib gerçəkləşdirə bilir.

Prezident İlham Əliyev Münxen qarşılaşmasında rəqibini diskussiya davam edən dəqiqələrdə və yekunlaşarkən deyil, elə sözünü başlayan kimi, müqəddimədəki ilk kəlmələri, birinci zərbəsi ilə məğlub duruma salaraq gicəltmişdi.

Mötəbər auditoriyaya müraciətlə Prezident İlham Əliyev nitqini belə başladı ki, mən həqiqətləri söyləyəcəyəm.

Böyük siyasətçinin, ağıllı dövlət başçısının, bişkin diplomatın heç bir kəlməsi təsadüfən söylənmir.

Bu vurğulamanın mənası o idi ki, yəni mən doğru olanları deyəcəyəm, amma bilin, sizin qarşınızda həqiqətləri söyləməyəcək, olmuşları təhrif edərək sizə doğru kimi çatdırmağa cəhd edəcək birisi də var.

Prezident İlham Əliyev yüksək mədəniyyətli şəxsiyyətdir və üstəlik, diplomatik etiketin ölçülərinə də səliqə ilə riayət edəndir.

Bir qədər ötüncə qarşı tərəfin növbəti yalanlarından sonra yenidən etirazını bildirir. Çılpaq şəkildə demir ki, bu adam yalançıdır.

O məqam üçün məqbul olacaq ifadə ilə, amma həmin kontekstdə "yalançı" kəlməsindən  də 

əzici, öldürücü səslənən tərzdə söyləyir ki, opponentim yenə düz danışmır.

Prezident İlham Əliyevin qarşısında Paşinyan miskin, elə alçalmış kökə düşmüşdü ki, erməni olmasaydı, ona adamın yazığı da gələrdi.

... Erməni riyakarlığının həddi-hüdudu yox, erməni məkrinin rəngləri çox.

2020-nin yanvarında növbəti dəfə Strasburqdaydıq, AŞPA-nın qış sessiyası keçirilirdi və Bakıda 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə törədilmiş faciənin, sovet ordusunun günahsız insanların, dinc vətəndaşların üzərinə yeridilərək qəddarcasına, kütləvi şəkildə şəhid etməsinin 30-cu ildönümü münasibətilə biz dəyirmi masa təşkil etmişdik.

Həmin xəbis xislətli, hər həqiqəti tərsinə çevirməkdə, astarı avand kimi göstərməkdə pərgar olan ermənilərsə tam əks mövzuda çıxışlar edirdilər.

Bakıda ermənilərə qarşı törədilmiş qırğınların 30 illiyindən dəm vururdular.

Bu, həmin erməni xislətidir ki, Xocalıda soyqırımına məruz qoyduqları məsum insanlarımızın bizim fotoqraflarımız, kinooperatorlarımız tərəfindən çəkilmiş şəkillərini, videoyazılarını guya bunların azərbaycanlıların həlak etdiyi ermənilər olmasını sübut edən əşyayi-dəlillər kimi xarici mətbuata ötürmüşlər.

Eyni abırsızlıqla elə Münxen diskussiyası gedişində Ermənistanın baş naziri guya Xocalı soyqırımını azərbaycanlıların özlərinin törətdiyini deyəndə Prezident İlham Əliyev dərhal onun ağzından vurdu, Xocalı soyqırımını yerli və gəlmə ermənilərin həyata keçirdiklərini, bu cinayətə rəvac verənlərin və icraçıların hamısının bəlli olduğunu, Xocalı soyqırımını dünyanın bir çox ölkələrinin məhz soyqırımı kimi tanıdığını bəyan etdi.

(Vaxtilə Ermənistanın sabiq prezidenti Serj Sarkisyana Avropa Şurası Parlament Assambleyasında çıxış edərkən xatırlatmışdım ki, Karnegi Fondunun Proqram direktoru Tomas de Vaalın 2003-cü ildə Nyu Yorkda nəşr edilmiş kitabında sizin ona verdiyiniz müsahibə əksini tapıb və orada söyləyirsiniz ki, Xocalıda törədilən qırğında bilavasitə iştirak etmisiniz, etiraf edirsiniz ki, azərbaycanlılar Xocalıya qədər elə zənn edirmişlər ki, ermənilər dinc əhaliyə əl qaldıra bilməyən insanlardır, bu düşüncəni dəyişmək lazım idi və biz də etdik. Sual vermişdim ki, artıq soyqırımı kimi rəsmən tanınmış Xocalı qətliamında iştirakınıza görə peşmanlıq hissi keçirirsinizmi? İfrat arsızlıqla, bütün Avropa Şurasına meydan oxuyaraq demişdi ki, mən bununla fəxr edirəm).

Nəyə görə Prezident İlham Əliyevin ayrı-ayrı mövzulara münasibətdə dərhal sərt və həm də əsl həqiqətləri nişan verən mövqe göstərməsi vacib idi?

Axı, yaxşı-yaman, Nikol Paşinyan rəsmən Ermənistanın dövlət başçısıdır. Təfərrüatlardan yetərincə agah olmayan auditoriyada kimlərsə bu saxtakar söyləyişlərə inana da bilər, axı kimin ağlına gələr ki, bir ölkənin rəhbəri mötəbər auditoriya qarşısında utanmadan belə yalan danışar.

Ona görə də Prezident İlham Əliyev belə məqamlarda ümumi cavabla kifayətlənməyərək detallara keçir, ilk növbədə həmin anda zalda oturanlara, sonra isə müxtəlif saytlarda, telekanallarda bunları izləyəcək insanlara hər şey tam aydın olsun deyə rədd edilməli bütün uydurmaları təkzib edir, bildirilməli bütün gerçəkləri çatdırır.

Həm də Münxen Təhlükəsizlik Konfransı çərçivəsində keçirilən, vaxtca çox da uzun sürməyən panel müzakirələrində Prezident İlham Əliyev Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tarixi və indisi ilə bağlı problemlərin bütün spektrini əhatə etməyə müvəffəq oldu.

Özü də ən qaynar mübahisələr doğura biləcək mürəkkəb mövzuları da elə məntiqli, elə anlaşıqlı bir şəkildə izah etdi ki, o söylənənlər auditoriyadakı hər kəsə də aydın oldu, bu dəmir məntiqin qarşısında qarşı tərəfin nəinki etiraz etmək, nəinki nə tərzdəsə cavab vermək, heç qımıldanmaq heyi yox idi.

Baxmayaraq ki, Paşinyan görüşə hələ qoltuğunda kitab gəlmişdi.

Uydurmaçı, işi-peşəsi saxtakarlıq olan erməni tarixçilərinin qəlp, qondarma yazıları ilə dolu kitab.

Gücsüzlüyün həddinə baxın ki, deməyə söz tapa bilməyəndə həmin kitabı göstərirdi ki, bax burda hər şey yazılıb.

Prezident İlham Əliyevin isə nə əlavə kitaba ehtiyacı vardı, nə konspektə.

Bütün eniş-yoxuşları hafizəsində olan tariximizin ən çeşidli dövrlərinə ekskurslar edirdi, hər mətləbini də rəqəmlərlə, dəlillərlə, sübutlarla təsbitləyirdi.

"Dağlıq Qarabağ, iddia edildiyi kimi, qədim Ermənistan ərazisidirsə, bəs niyə onun paytaxtı qədim erməni sözü ilə adlandırılmayıb?"

Bunu deyən Prezident İlham Əliyev ardınca şəhərin Azərbaycan dilindəki əski adını diqqətə çatdırır: Xankəndi! Və əlavə edir ki, sonradan bu söz dəyişdirilərək XX əsrdə yaşamış bolşevik Stepan Şaumyanın adı ilə əvəzlənib.

Yəni ermənilərin oralardakı qədimliyi elə bu qədərdir!

Yaxud Prezident İlham Əliyev bir çox həqiqətlərə nabələd olan auditoriyaya və dolayısı ilə sonra bu görüş haqda məlumatları yayacaq kütləvi informasiya vasitələri xətti ilə dünyaya bir daha Ermənistanın indiki paytaxtının da qədim Azərbaycan şəhəri İrəvan olduğunu elan edir, XIX əsrin əvvəllərində bu şəhərin əhalisinin 70 faizdən çoxunu azərbaycanlıların təşkil etməsinə diqqət yönəldir.

Təkzibedilməz tarixi fakt qarşısında boynubükük qalmış Paşinyanın bu gerçəkləri inkar edəcək heç bir dəlili yoxdur, susmağa məcburdur.

Və ya Prezident İlham Əliyev münaqişə tərəflərinin məhz Azərbaycan və Ermənistan olduğunu yenidən qabardır, Dağlıq Qarabağın münaqişə tərəfi olmadığını, Dağlıq Qarabağın Ermənistan olmadığını, indi işğal altındakı həmin əraziləri idarə edən qeyri-qanuni qurumu dünyada heç kimin tanımadığını bildirərək Paşinyanın tez-tez işlətdiyi "Dağlıq Qarabağ respublikası", "Dağlıq Qarabağ ordusu" deyilən bir anlayışın da mövcud olmadığnı, həmin dırnaqarası özünümüdafiə dəstələrinin əslində Ermənistanınkı olduğunu söyləyir, bu orduda xidmət edənlərin yüzdəsəksəninin, bəlkə də daha çoxunun Ermənistan vətəndaşları olmasını açıqlayır.

Hamı eşidir, anlayır və Ermənistan baş nazirinin bunu da danacaq arqumenti yoxdur, üstəlik, çaşqınlıqdanmı, siyasi naşılıqdanmı Prezident İlham Əliyevin müddəalarını təsdiq eləyən fikir söyləyir ki, bəs mənim oğlum da hərbi xidmətini həmin orduda keçib.

Bu panel müzakirələri əvvəldən sonadək diqqətlə izlədikcə onu da müşahidə edirsən ki, Prezident İlham Əliyev ilk sözündə bəyan etdiyi kimi, əvvəldən sonacan yalnız həqiqətləri deyir, yalanları ifşa edir və zahirən kifayət qədər sərbəst axarı olan bu müzakirələrdə çatdırmalı olduğu bütün qənaətlərini məntiqi ardıcıllıqla bir sapa düzür.

Həm də görməmiş ədalarıyla özünün guya danışıqlar prosesində "mikroinqilablar" yaratdığını iddia edən Paşinyanın üzünə qarşı bu bəyanatların bel bağlanası olmadığına, boş sözlərdən uzağa getmədiyinə Ermənistanın sabiq rəhbərləri ilə nəticəsiz, yarımçıq qırılan danışıqlardan bələd olduğunu qeyd edir: "Mənim cənab Paşinyanın iki sələfi ilə də danışıqlar aparmaq imkanım olub. Hər zaman danışıqların ən həlledici məqamında söhbəti davam etdirməmək üçün müəyyən bəhanə tapıblar. Başqa sözlə desək, onların hamısı status-kvonun dəyişməz olaraq qalmasını istəyiblər.

... Mən Azərbaycan xalqı üçün nəyin qəbuledilən olduğunu söyləmişəm.

Erməni təcavüzündən əziyyət çəkmiş Azərbaycan vətəndaşları öz evlərinə qayıtmaq istəyirlər. Bu, onların fundamental hüququdur. Ermənistan rəhbərliyinə görə onlar, demək olar, 30 ildir bu hüquqdan məhrum ediliblər".

Münxen panelində baş nazir Nikol Paşinyanın düşdüyü vəziyyət barədə Ermənistandan gələn şərhlərdən biri xeyli diqqətçəkəndir.

Çox narahat olublar ki, Azərbaycan Prezidenti Ermənistan dövlətinin başçısını hamının gözü qarşısında bu kökə salırsa, təsəvvür edin şahidsiz cərəyan edən qapalı görüşlərdə nələr yaşanır (məsələn, o qənaətdə olanlardan biri, bu qarşılaşmada İlham Əlievi şikarının üstünə şığıyan şahinə, Paşinyanı zəif göyərçinə oxşadan erməni siyasətşünası Andranik Tevanyan narahatlığını belə ifadə edir: "Münxendə aşkar oldu ki, pərdə arxasında kim özünü necə aparırmış, kim mövqeyini diktə edir, kim çökürmüş" və ya Ermənistanın keçmiş müdafiə naziri Artak Zakaryan Paşinyanı tənqid atəşinə tutaraq yazır: "Dövləti təmsil edən şəxs açıq beynəlxalq müzakirədə bu cür qorxaq, çəkingən, utancaq mövqe tutmamalıdır. Görəsən, qapalı görüşlərdədəmi eyni hal baş verir?").

Ölkələrin ərazi bütövlüyü hər dəfə gündəmə gətirilərkən Ermənistanın buna qarşılıq olaraq həmişə ortaya atdığı sürüşkən ideyalardan ən başlıcası millətlərin öz müqəddəratını təyin etmək hüququ məsələsidir.

Və Ermənistanın baş naziri elə bu görüşdə də artıq çoxdan çeynənmiş, cavabı dönə-dönə verilmiş həmin fikri yenə təkrar etdi.

Və Prezident İlham Əliyevin o sırtıq iddiaya cavabı konkret və sərt idi. Ermənistana və bütün separatist düşüncəlilərə öz yerini göstərən qəti cavab: "Erməni xalqı artıq bir dəfə öz müqəddəratını təyin edib. Onların erməni dövləti var. Mənim tövsiyəm budur ki, onlar ikinci dəfə öz müqəddəratlarını təyin etməkçün Yer kürəsində başqa yer tapsınlar, Azərbaycanda yox!"

Niyə bu panel müzakirələrində Prezident İlham Əliyev belə üstün, bunca güclü, qeyd-şərtsiz qalib idi?

Əlbəttə, ilk və əsas səbəb odur ki, haqq bizim tərəfimizdədir, torpaqları işğal olunan bizik, bu həqiqəti Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasının qətnamələri təsdiqləyir, beynəlxalq hüquq bizim tərəfimizdədir, tarixi gerçəklər xeyrimizədir.

Ancaq məgər belə bir qart düşmən və xərçəng kimi dünya boyu kök atmış quduz erməniçi şəbəkə ilə üzbəüz dayanarkən bunlar kifayətdirmi?

Qətiyyən yox! Biz gözünü qırpmadan ağa qara deyən, haqqı nahaq kimi qələmə verən, olmuşu olmamış, olmamışı olmuş kimi qoşub-düzən və hiyləgər gedişlərində də özünə havadarlar tapan dünya qulduru erməniçi şəbəkə ilə qarşı-qarşıyayıq.

Belə döyüşlərin hər birindən hər dəfə Prezident İlham Əliyev kimi müzəffər çıxa bilməkçün gərək dövlət başçımızdakı o keyfiyyətlərə də sahib olasan.

Gərək çox və mükəmməl biləsən, gərək coşqun vətənpərvər və xalqçı olasan, gərək dövlətinə və onun ideallarına sarsılmaz sədaqət bəsləyəsən, gərək həqiqətləri çatdırmağa cəsarətin, səriştən, əzmin ola!

Prezident İlham Əliyevin Münxen zəfəri həm də bir ülgü, bir ustad dərsi idi ki, düşmənlə düşüncə savaşında, ideoloji mübarizədə necə olmaq gərəkdir!

Prezidentlə baş nazirin Münxen qarşılaşmasından dərhal sonra Ermənistan mətbuatında siyasilərin və siyasətşünasların dili ilə tələsik bu aşkar məğlubiyyəti Nikol Paşinyanın fərasətsizliyi ilə bağlamaq təşəbbüslərinin eşidilməsi anlaşılandır (məsələn, Artak Vardanyan hirslə Paşinyanın artıq 2 il hakimiyyətdə olmasına baxmayaraq, "sarı bulvar qəzetciyinin üçüncü növ müxbiri səviyyəsindən"  uzağa getmədiyini, "İlham Əliyevin bizim bu dağsiçanına neçə kilometrlik babayolu (fora) verə biləcəyini" yazır, Ermənistan parlamentinin sabiq vitse-spikeri Eduard Şarmazanov isə təsdiqləyir: "Debat gedişində Nikol Paşinyan  Ermənistan və Qarabağın qapılarına avtoqollar vurmaqla məşğul idi").

Şübhə yox, ermənilər gözəl dərk edirlər ki, bu iflas əslində Ermənistanınkıdır, onun çürük siyasətininkidir.

Paşinyanı bu yerdə "günah keçisi"nə döndərməklə onu çatdırmaq istəyirlər ki, guya onun yerində bir başqası olsaydı, vəziyyət başqa cür ola bilərmiş.

Yanılırsınız!

Hamınız - bütün Ermənistan və erməniçilik də yığılıb gəlsə, onların qarşısında Prezident İlham Əliyev kimi bir qüdrət dayanarsa, eyni iflas, bəlkə bundan da daha ağırı sizin qaçılmaz aqibətinizdir.

Çünki Prezident İlham Əliyevin və demək, Azərbaycanın sizin hər yalanınızı ifşa, hər saxtakarlığınızı faş etməyə sözü də var, polad məntiqi də, təpəri də.

Özünüzü boş təsəllilər və xam xəyallarla aldatmayın!

Münxen səhnəsi sizin özünüzün və siyasətinizin qəti çöküşünün anonsu idi, bundan da ağır zərbələri qəbul etməyə hazır olun!

Birinci dəfə deyil ki!

2014-cü ildə Praqada "Sülh tərəfdaşlığı" proqramının 5 illiyi münasibətilə keçirilən sammitdə Ermənistanın sabiq prezidenti Serj Sarkisyan Türkiyənin ünvanına ittihamlar yağdırarkən Prezident İlham Əliyev köksünü irəli verdi: "Bu gün, təəssüf ki, Ermənistan prezidenti burada fürsətdən istifadə edərək Türkiyəyə yenidən hücum edir. Bunu etmək asandır, çünki bu masa arxasında Türkiyə nümayəndələri yoxdur. Ancaq mən burdayam".

Allah bilir neçə yüzüncü dəfədir ki, həmin epizodu, həmin mərd-mərdanə kişi jestini, o təsirli sözləri xatırlayıram və hər dəfə də elə ilk dəfəymiş kimi duyğulanıram.

Harada Azərbaycan dövləti və millətinin ali maraqları var, düşmənə meydan oxuyan qətiyyəti ilə Prezident İlham Əliyev oradadır.

Harada qardaş Türkiyənin ali dövlət və millət maraqlarına qarşı təhlükələrə sinə gərmək zərurəti var, Prezident İlham Əliyev oradadır.

Prezident İlham Əliyev özünə xas qətiyyətlə, inamla, böyük daxili güclə "Mən burdayam!" deyirsə, deməli, zəfər oradadır, demək qələbə, uğur Azərbaycanladır!

... Münxen Təhlükəsizlik Konfransında Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyanın debatı gedişində hərdən kameralar bu gərgin diskussiyanı izləyənlərə sarı da çevrilirdi.

Seyr edənlərin arasında dövlət başçımızın övladı, artıq çoxdan bəri ictimai-siyasi həyatda fəal mövqeyi və dəyərli işləri ilə diqqətləri cəlb edən Leyla Əliyeva da vardı.

Hər övlad atasını ən güclü sayır. Və fikir verirdim ki, Prezident İlham Əliyev bütün cəhətlərdən üstünlüyü ilə rəqibinin kürəyini yerə vurduqca, millətimizin ürəyindən gələn hər sözü, hər fikri, hər tutarlı cavabı ilə Azərbaycanı ucaltdıqca Leyla xanım necə sevinir, çöhrəsi işıqla, təbəssümlə dolur, atası ilə nə təhər fəxr edir.

Məgər o anları izləyən hər bir yaxşı azərbaycanlı, bu millətin, bu yurdun, bu dövlətin yüksəlişlərini, daim zəfərlər çalmasını arzulayan hər qeyrətli Vətən balası eyni iftixar duyğusu ilə yaşamırdımı?

Rafael Hüseynov

19.02.2020

525-ci qəzet.

Avropa Şurası Parlament Assambleyasının Azərbaycan nümayəndə heyətinin üzvüdür.
Azərbaycan Respublikasının Milli Məclisin Mədəniyyət komitəsinin sədridir.
AMEA Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktorudur.
Facebook