RAFAEL HÜSEYNOV AMEA-nın həqiqi üzvü Filologiya elmləri doktoru Professor
Təyyarələr ora uçmur Mart 15, 2020 | 19:30 / Mühüm hadisələr

Bir neçə gün öncə özü qarşıma çıxdı.
Tamam unutduğum bir fotoda ikimizdik.
Emalatxanasında, xalçanın qarşısında dayanıb söhbət edirik...
Arxasında tarix yazmamışam. Amma gərək ki, 1990-cı illərin sonlarıdır...
Kamil müəllimi 15 il öncə itirdik. Elə mart ayında. Ayın ilk günündəcə.
O, 1921-ci ildən idi. Yaşı səksəni keçmişdisə də, qaməti şax idi, özü şux idi, həyat eşqi ilə dolu idi, hələ nə qədər niyyətləri, yaradıcılıq istəkləri vardı.
Sağlığında onun haqqında bir neçə dəfə yazmışdım. Elə bu yazını da özünə oxumuşdum, ürəyinə çox yatmışdı, demişdi ki, bəlkə bunu ayrıca bir kitabça kimi buraxaq, ya mənim təzə albomlarından birinə önsöz kimi qoyaq.
...Bu gün həmin yazıya əl gəzdirərək indiki zamanları keçmiş zamana çevirməyə əlim gəlmir...


İnsan hər şeyi dünyaya oxşar yaradıb, dünyaya bənzədərək yaradıb.
Amma insan xalçanı yaradıb ki, dünya ona oxşasın.
Xalçada insan gördüyü yox, görmək istədiyi dünyanı qurub.
Xalçada insan ona tanış dünyanı əyər-əskiklərini düzəldərək əks etdirib.
Üzərində dərin dərələr, şiş qayalar, əyri-üyrü çaylar, həndir-hamar dağlar, yalın səhralar, qalın meşələr sıralanan, bir yanı sülh içində olub bir yanı müharibə alovları ilə alışan nigaran Yer kürəsini göz önünə gətirin.
Onu kiçildib-kiçildib xalça boyda etmək mümkün olsaydı, naxışları ilə baxışları sığallayan bir yaraşıqlı xalçaya çevrilərdi, kələ-kötürlüklərindən əsər-əlamət qalmazdı.
İndi bir anlıq təsəvvür edin bunun tam tərsini.
Hər xəttinin öz məlum yeri, hər ilməsinin öz dəyişməz məqamı olan, bunca nizamlı, bunca ahəngdar xalçanı Yer kürəsi boyda böyüdə bilsən elə bir dünya alınardı ki, hər işi nizamlı, hər cəhəti ahəngdarlıqla dolu olardı.
Xalçanın ən böyük fəlsəfəsi də elə bundadır – insanın ideal, tam nizamlı, tam ahəngdar bir cəmiyyət qurmaq arzusu.
Torpaq üzərində qura bilmədiyi bu cəmiyyəti insan heç olmazsa bir xalıda qurmaqla ürəyinə toxtaq verib, daxilən təskinlik tapıb.
Xalı Azərbacan və Şərq insanının dünyanı daha bitkin, daha mükəmməl, ölçü-biçili görmək niyyətinin ifadəsidir.
Xalça kamildirsə də, dünya hələ kamillikdən çox uzaqdır.
Dünyanın kamillikdən uzaqlığını hər kəsdən daha öncə və daha dəqiq bildiyindən Allah müqəddəs Kitabında kamil olan O dünyanı – cənnəti nişan verib insanlara.
Yəqin ki, orada heç xalçaya ehtiyac da qalmayacaq. Olsa da o xalçalar indiki xalça kimi – bizim xalça kimi olmayacaq.
Bəlkə də o xalçalar o ideal aləmin məxluqlarına bir zamanlar ideallıqdan çox uzaq olmuş bu aləmin – bizim yaşamış olduğumuz dünyanın nahamvarlıqlarla dolu həyatını və gedişatını anlada bilən görkəmdə olacaq.
Görg kimi, xatirə kimi, keçmişin nişanəsi kimi, tarix dərsliyi kimi.
Amma hələ ki, burada öz dünyamızda, əyər-əskiyi həddən aşan Yer Kürəmizdə xalçaya ehtiyacımız lap çoxdur.
Bu dünyanın behiştə qismən də olsa oxşayan bir dünyaya dönməsiyçün hələ gərək çox illər boyu çox xalılar toxuna!
Dünyamızı daha bitkin, daha yaşamalı etməyin ən mühüm yollarından biri isə qocaman və qocalmaz xalça ustası, kamil sənətkar Kamil Əliyev və onun yolunu davam etdirəcək çox-çox kamillərin barmaqlarından, qələmlərindən keçir...

** ** **
... 2001-ci ilin bitəcəyində – dekabrın 27-də “Gülüstan” sarayında xalçaya bənzəyən bir gözəl gecə yaşanırdı.
Bu gecə xalçaya yalnız ona görə bənzəmirdi ki, həmin gecənin qəhrəmanı xalça sənətkarı Kamil Əliyevdi və saray başdan-başa xalılarla, hanalarla, kilimlərlə, cəhrə, kirkit, həvə, qayçı, kələf-kələf alabəzək saplarla – çeşid-çeşid xalıçılıq dəm-dəsgahıyla süslənmişdi.
Əsas səbəb o idi ki, həmin gecə elə sevimli bir xalı kimi Kamil müəllimin yaddaşında çox-çox illərdən bəri ilmə-ilmə, naxış-naxış hazır imiş.
Bir xalı çeşnisi kimi Kamil müəllim həmin gecənin bütün ayrıntılarıyla gedişini illərdən bəri məhrəm arzu kimi xəyalında yaşadırmış (və bəlkə də o gün bizim üçün ilk dəfə baş verib bir neçə saata tamamlanan gecə Kamil müəllimin içəri dünyasında köhnə və sevimli bir kino kimi o günəcən yüz dəfələrlə təkrarlanıbmış).
Sadəcə olaraq hər bir xalı kimi bunun da bir üzəçıxma məqamı olmalıymış.
Belə gümana düşməyim əsassız deyil, sözümün canı var.
1994-cü il idi və onda 2001-ci il hələ xeyli uzaqdaydı.
Azərbaycan dövlətinin başçısı İrana rəsmi səfərə çıxmışdı, onu böyük bir dəstə müşaiyət edirdi və tərkibdə Kamil müəllimlə mən də vardıq.
Mən böyük həsrət və intizarla gözləyirdim ki (və yəqin elə dəstədəkilərin hamısı), Təbrizə də gedəcəyik, illərlə burnumuzun ucu göynəyən röyalarımızın şəhərinə də ayağımız dəyəcək, orada görüşlərimiz olacaq.
Amma Tehrandan, İsfahandan sonra biz Təbrizə yox, sanki İran cəmyyətindən təcrid edilərək əldən-ayaqdan uzaq Kiş adasına uçası olduq və ulduzların sanki bir az da iri göründüyü həmin ucqar adada – Fars körfəzində yola verdiyimiz aylı-ulduzlu axşamlardan birində – göylərin açdığı xalçanın altında Kamil müəllimlə bir əhd bağladıq.
Böyük sənətçimiz məndən rica etdi ki, düz 7 il sonra 80 yaşı tamam olacaq və arzusudur – o günə yetişəriksə, həmin ildönümü axşamında onun sənəti haqda söz deyim.
2001-ci ilin payızında 7 il əvvəl etdiyimiz (kim deyər ki, arxada qalan o 7 il elə 7 il uzunluqdadır?! Mənim nəzərimdə 2-3 yeddi ilcən zaman ötüb bu müddətdə... ) o söhbət yaddaşımın üst qatından sıyrılmışdı və xatırladan olmasaydı elə unudulmuşca vardı.
Kamil müəllimlə bir məclisdə rastlaşdıq.
–80 yaşım çatdı ha, oğul.
–Təbrik eləyirəm! Maşallah, heç Sizə 80 yaş vermək olmaz, yaxşı qalıbsınız.
Düşüncəli-düşüncəli: “Hə, çox qaldım”, – dedi.
Və əlavə elədi:
–Yadındadır da İrandakı söhbətimiz? Əhdə vəfa!..
Əlbəttə ki, mən mütləq əhdə vəfa etməliydim.
Çünki Kamil Əliyev özü vəfalı insandır.
Dostlarına, doğmalarına, əqidələrinə vəfalı insandır və hər şeydən əvvəlsə bütün ömrü boyu xalçamıza son dərəcə sədaqətli olmuş bir insandır.
15 yaşından xalıya eşqini açan Kamil ustad bu günəcən o sevdasından dönməyib.
1938-ci ildə “Azərxalça”da işə başlayanda vəzifəsi naxışköçürən olub.
Bu gün “Azərxalça”nın müdiridir, xalçamızın patriarxıdır və onun naxışlarını köçürənlər Azərbaycan boyuncadır.
Onu istəklisi xalıdan ayrı salmaqçün illər boyu cürbəcür əngəllər, maneələr yaradılıbsa da, Kamil ustad ən etibarlı aşiq kimi xalısına vəfasından bircə an da, bircə gün də dönməyib.
Xalı isə bizim üçün – azərbaycanlılardan ötrü sadəcə bir sənət deyil, həm də milli özünüifadənin ən vacib vasitələrindəndir.
Əslində xalıya vəfası Kamil müəllimin elə vəfalı dost olmasına da bir işarədir.
Amma dost kimi, insan kimi etibarını bilmək üçün gərək bir kəsin ömrünün cikinə-bikinə bələd olasan.
Nədən bilirəm dosta vəfalıdır Kamil ustad?
Kimə-kimə hər halda Qara Qarayevə mən çox inanıram.
Nə musiqisində, nə şəxsiyyətində falş, saxtarkarlıq olub o insanın.
Zərrəcə xaric səslənməyən, düppədüz yerində olan ürək sözlərindən bir sətrini də ömrü uzunu dostluq etdiyi Kamilə bağışladığı şəkillərindən birinin arxasında hələ heç mən dünyada olmadığım vaxtlarda – 1954-cü ilin ilk yanvar günündə yazıb: “Dostuma, qardaşıma, yoldaşıma, həyatın ən ağır və ən xoşbəxt anlarında əvəzolunmaz arxam Kamilə!”.
Mən bu sözlərə iman gətirməyə bilmərəm.
Başqa bir mötəbər şəhadət isə yenə Kamil Əliyevlə ilk gənclik illərindən yaxın olmuş prezident Heydər Əliyevindir.
Bütöv, xeyirxah bir şəxsiyyət kimi Azərbaycanın və Dağıstanın XX yüzil tarixindən bəhs edilərkən daimi sayğıyla anılan Əziz Əliyevlə Kamil Əliyev qohumdular. Əziz Kamilin anasının dayısı oğlu idi, Kamil Əzizin bibisi nəvəsi.
Mircəfər Bağırovun kəc münasibətinə tuş gəlmiş (Mirqəssab görürdü ki, Əziz Əliyevə Kremlin də diqqəti var, anlayırdı ki, Əzizi daha böyük gələcək gözləyir, dərk edirdi ki, bu gedişlə onu Azərbaycana rəhbər də təyin edə bilərlər... Bunları görürdü və çirkli xisləti vadar edirdi ki, tədbir töksün), nəzarət altına götürülərək hətta telefon danışıqları da güdülən, həbsi gözlə-qaş arasında olan Əziz Əliyevdən dost-tanış o yana qalsın, qohumlar belə uzaq gəzirmiş.
Qınamalı da deyil.
Dövlətin nəzərində düşmən olanla kəlmə kəsəni belə NKVD-nin Sibirlərdə, zindanlarda çürütməkdə necə pərgar olduğunu o müdhiş əyyamları illəri yaşayanlar yaxşı bilirdilər.
1930-40-cı illərin bəlalı səhifələrinə KQB arxivlərindən, repressiya zərərdidələri ilə ürək göynədən bolluca ünsiyyətlərimdən elə mən özüm də babat bələdəm.
Ona görə də can qorxusundan, özünün, ailəsinin taleyindən ehtiyatlanaraq dönüklük göstərənləri ittiham etməyə nə ürəyim, nə dilim gəlir.
Amma o dövrdə başqaları kimi bu təhlükələri görə-görə, anlaya-anlaya qorxmayan, mərdliyindən, dəyanətindən dönməyənləri də ən dərin ehtiramlarımla dəyərləndirirəm.
... Əziz Əliyevin həmişə qonaq-qaralı evindən ayaqlar çəkilibmiş.
O vaxtlar ayağı bu evə yeni-yeni açılan prezident Heydər Əliyev yKamil müəllimin “Gülüstan” sarayındakı xudmani gecəsində həmin sıxıntılı günləri yada saldır: “Hər gələndə görərdim Kamil onunladır.
Nərd oynayırlar, Kamil zarafatlar edir, lətifələr danışır, Əziz müəllimin dərdini dağıtmağa, ona təsəlli olmağa çalışır... ”.
Bu cür etibarlılığın adı kişilikdir və kişilik də elə şeydir ki, onu heç vaxt və heç vəchlə qondarma şəkildə göstərmək olmur.
Adam ya kişi olur, ya olmur!

** ** **

Xalça mənim düşüncəmə görə Azərbaycan gözəl sənətlərinin ən siyasiləşmiş qanadıdır.
Tarix boyu yadellilər yeraltı, yerüstü sərvətlərimizə, torpaqlarımıza göz dikiblər – gözləri doymayıb.
Şəxsiyyətlərimizə, beyinlərimizə də həmlə ediblər – şairlərimizi, alimlərimizi mənimsəməyə, özününküləşdirməyə cəhd ediblər.
Bu cəhdlərin ən üzdə olan mənası mal-dövlət hərisliyi, qənimət, şan-şöhrət əldə etmək ehtirasıdırsa, daha dərində olan məkrli siyasi niyyətdir – milləti dayaqlarından, bünövrələrindən, rişələrindən məhrum etmək.
Muğamsız, şerimizsiz, dahilərimizsiz biz kim olardıq?
Onlarsız qalıb rəngsizləşən, dadsızlaşan, birovuzlaşan bir millətə artıq nə millət demək olar, nə də o millətdə özünü millət kimi dərk etmək heyi qalardı.
Xalça da bizi biz edən təməl daşlarından, bünövrə kərpiclərindəndir.
Və ona görə də zaman-zaman xalçamızı da əlimizdən almağa, yüz cür fəndlə çırpışdırmağa, çox cəhdlər ediblər.
İllərcə Azərbaycan xalılalarını gah Qafqaz, gah İran, gah da daha ümumi “Şərq xalçası” deyimi ilə təqdim ediblər.
(Bunu edənlər hər halda bir ümdədən ümdə gerçəyi unudublar ki, dünyaya göz açan hər azərbaycanlı qızının qan yaddaşında, hələ tər-təmiz olan, hələ yalnız nəsildən, kökdən gələn siqnalları qəbul etmiş sütül beynində artıq bir Qarabağ, bir Şirvan, bir Quba... xalçası şux boyalarıyla, incə naxışlarıyla mütləq var).
Azərbaycanın XX yüzildə yetişmiş 2 böyük xalçaçısının – Lətif Kərimov və Kamil Əliyevin istedadları, səyləri və fədakarlıqları nəticəsində xalçamıza tuşlanmış irimiqyaslı qəsbkarlığa dünya boyunca hamının görüb eşidəcəyi qətiyyətli cavablar verildi.
İstənilməz bir ənənəyə son qoyuldu.
İrsi adı kimi “lətif” olan – gözəl olan Lətif Kərimov Azərbacanda xalçaşünaslığı bir elm olaraq təsdiq etdi, Azərbaycan xalçaçılıq elmini yaratdı və bütün dünyaya bəyan elədi.
Onun şagirdi və davamçısı Kamil Əliyev daha çox təcrübəyə meyl etdi, Azərbaycan xalçasının təkrarsız nümunələrini yaratdı və nəzəriyyəni gerçək həyatda təsdiqlədi.
Kamil Əliyev yalnız keçmişdəki gözəl xalılarımız və ənənələrimizlə öyünmək vərdişindən əl çəkərək bu gələnəyi müasir dövrdə uğurla davam etdirməyin möhtəşəm təcrübəsini hər kəsə göstərdi.
İsbat etdi ki, bu yaşayan, müasir sənətdir, vaxtla həmnəfəs olan sənətdir.
X1X-XX yüzillərdə Azərbaycana qarşı ermənilərin yürütdükləri çoxyönlü soyqırımı siyasətinin bir caynağı xalçamıza səmt götürmüşdüsə, bir pəncəsi də musiqimizi hədəf seçmişdi.
Onillər boyu ermənilər kamançanı da zəbt edərək guya onlardan yaxşı kamançaçı olmaz əfsanəsini uydurmuşdular və Habil Əliyev misilsiz ifa məharətilə onların hamısının arxasını yerə vurdu, kamançanı yadelli işğaldan xilas etdi.
Habil Əliyevlərin, Lətif Kərimovların, Kamil Əliyevlərin... bu nicatçılığı, bu qurtarıcılığı ibrətlidir.
Qəsb etdikləri qol boyda kamançanı əldə saxlaya bilməyən, zəbt etdikləri divar boyda xalıya yalnız və yalnız müvəqqəti və oğurluq sahib ola bilən ermənilər bu irilikdə Vətən torpağımızı da uzun zaman əsarətləri ilə murdarlaya bilməyəcəklər.
Ləyaqətli yurd balaları kamança kimi, xalça kimi torpağı da işğalçı dırnaqlardan əlbəttə ki, qoparacaq!

** ** **

“Biz Bakıya birdəfəlik 1929-da köçdük. Səkkiz yaşın içindəydim.
Amma bundan qabaq – mən hələ 1 yaşındaykən ayrı bir köçməyimiz də olmuşdu –o vaxt ailəmiz İrəvandakı daşnak zülmündən Türkiyəyə baş götürüb qaçmışdı. Bir il Qarsda qalandan sonra Gəncəyə gəlmişdik. Orada da dolana bilmədiyimizdən təzədən İrəvana dönmüşdük.
İrəvanda ara nisbətən sakitləşmişdi. Amma zahiri sakitliyin yaranmağı vəziyyətin düzəlməyi demək deyildi. İrəvanda yaşamaq getdikcə çətinləşirdi.
Ermənilər azərbaycanlıları imkanları çatdığı qədər sıxışdırırdılar.
Topçubaşovlar Bakıya daha əvvəl gələnlərdən idilər.
Sonra 1923-də Əziz dayoğlugil köçdülər.
Dayım Məşədi Sadıq Əzizin bacısı Tərlan xanımı almışdı – bu tərəfdən də qohum idik. Dayım onlarla yazışırdı. Məktublarından birində Məşədi Sadıq dayım Əzizə İrəvandakı ağır vəziyyəti xəbər vermişdi, o da – Elədirsə, yığışın Azərbaycana gəlin – demişdi”.
Bunlar Kamil müəllimin sözləridir və onun canlı xalça klassiklərimizdən olmasını təsdiqləmək nə qədər xoşdursa, klassik qaçqınlarımızdan olmasını dilə gətirmək bir o qədər kədərlidir.
Bəlkə elə dünyanın isti-soyuğunu duymağa başladığı ilk uşaqlıq, yeniyetməlik illərindən qaçqın olmağın acısını daddığından, erməni məkrinin nə demək olduğunu öz taleyi ilə lap erkən yaşlarından sezdiyindən Kamil ermənilərin və bütün erməniyəbənzərlərin xalçamıza tuşlanmış tamahına və istilaçılığına qarşı mübarizələrdə bunca ardıcıl, barışmaz oldu?!
Kamil Əliyev köksündə bu millətin cavan dövlətinin ən ali fəxr nişanını – İstiqlal ordenini daşıyır.
Haqqı var!
Çünki o xalçamızın istiqlalına əvəzsiz xidmət göstərmiş şəxsiyyətdir.
Çünki o, müstəqilliyimizi ölkə-ölkə gəzən xalılarıyla dünya boyunca tanıdıb təsdiq etmiş ucalarımızdandır.

** ** **

Kamil Əliyevin millətimiz və xalçamız qarşısında bir başqa ehtiramalayiq xidməti də oldu.
Bəlli həqiqət – xalça qədim sənətdir, saz kimi, muğam kimi, miniatür kimi, şer kimi... onun da təvəllüd tarixini bilən yoxdur.
Azərbacanda və Şərqdə bütün islam mədəniyyəti dövründə ornamental xalçalar dəb olub. Amma şübhə yox, islamcan saysız-hesabsız süjetli xalçalarımız varmış.
Elə həmin təhər heykəltəraşlığımız olmuşdu, rəssamlığımız olmuşdu...
Onlar barədə qaynaqların soraqları qalsa da, amansız vaxt fırtınaları örnəkləri dibsiz girdablarına sovurub.
Amma yüzillərin deyil, minillərin cəngindən salamat çıxaraq bu gün sözümüzə söykək duran insan rəsmli çox əski bir xalı hər halda VAR!
20-ci yüzilin tən ortasında Altayda, Pazırıq kurqanında tapılan, hələlik ən qədim sayılan xalının (yaşı 2500-dür! Eramızdan öncə 5-ci əsrdə toxunub. Yeri gəlmişkən – Orxon-Yenisey daş kitabələrində xalı da “tapdım”, xalıya o çağlar nə deyilməsini də öyrəndim: “əgribət”) sinəsi yalnız naxışlı deyil, həm də insanlıdır, rəsmlidir – ətraf vəhşi heyvanlarla doludur, bir dəstə süvari və piyada keyik ovuna çıxıb!..
İnsan surəti yapmağı, toxumağı və çəkməyi yasaqlayan şəriət uzun bir zaman üçün – 7-ci əsrdən azı 13-14-cü yüzilə qədər heykəltəraşlıq, rəssamlıq kimi süjetli xalçaların da yolunu qapadı.
Rəssamlığın dondurulduğu o əsrlər içində yaradıcı insanlar könüllərinin surətyaratma ehtiyacını elə surət qədər cazibəli naxışlar doğurmağa yönəltdilər.
Naxışçılıq, xəttatlıq bir rəsm sənəti kimi inkişafa başladı.
15-16- cı əsrlərdən təzədən oyanışına başlayan minatür və rəssamlıq sənəti xırda-xırda xalçalara da sirayət etdi.
18-19-cu əsrlərdə, 20-ci yüzilin əvvəllərində tək-tək süjetli xalılarımız yaranırdısa da, portretli xalılar vur-tut 20-ci əsrin ortalarında həyat vəsiqəsi aldı.
Və Kamil Əliyev xalçaçılığımızda bu intibahı edənlərdən oldu, unudulanı genetik yaddaşın diktəsiylə diriltdi və bir silsiləyə çevirdi.
Şəkilli xalılar toxumaq vərdişini yeni nəsillərə əski nəsillərin qan olub damarlarda axan hafizəsi tövsiyyə edirdi.
Heç bir şey kök, təməl olmadan yaranmır.
Bu rusların “vozrojdenie”, avropalıların “renessans”, Yaxın və Orta Şərqin “intibah”, bizim “dirçəliş” dediyimiz hadisə idi.
Kamil Əliyev bir zaman olub unudulmuşu vaxt mürgüsündən oyatdı, yeni zamana görə ehya etdi.
Onacan Lətif Kərimovun müəllifliyiylə doğulmuş portretli bir-iki dənə xalça vardısa, Kamil Əliyev “çöhrəli xalçalar”ı toxuma sənətimizdə aparıcı yaradıcılıq cığırlarından birinə çevirdi.
Xalça portretçisi kimi özü də məşhur oldu, portretli xalçaları da gözlərə, zövqlərə alışdıraraq ayrıca janra döndərdi.
Beləcə oldu bir intibahçı – yaddaşdan getmiş köhnəni geri qaytaran yenilikçi sənətkar.
Deyiblər axı : “Yeni – yaxşıca unudulmuş köhnədir”.

** ** **

Ömrüm boyu dünyanın çox ölkələrində növ-növ çörəklər yedim. Amma nənəmin əli ilə yoğurduğu xəmirdən bişən çörəyin dadından ötrü həmişə qəribsədim.
Dünyanın heç bir ölkəsində, o cümlədən Azərbaycanda heç bir ən yüksək texnologiyalı maşının yoğurduğu xəmirdən bişən çörəklərdə o tanış tamı duymadım.
Nənəm gözümün qabağında xəmiri yoğurardı, kündə-kündə kəsib dəstərxanın altına yığardı, sonra təndiri qalayardı, kündələri təndirə yapmazdan əvvəl əllərini ayrana batırıb bir də çəkərdi onlara...
Buğda buğdadır. Biri o birindən bir az yaxşı ola bilər. Çörəyin çörəkdənsə əsas ləzzət fərqi, zənnimcə, yalnız onun hansı buğdadan bişirilməsində deyil, bəlkə də daha əvvəl necə bişirilməsindədir.
Təndirin istisi vurduqca yanaqları qızaran, mələk sifəti bir az da göyçəkləşən nənəmdən gözəl qadın görmədim, onun bişirdiyi çörəklərdən ləzzətli çörək yemədim.
Yəqin ən əvvəl ona görə ki, o çörəklərin xəmirini dilsiz- ağızsız maşın yoğurmamışdı, cansız maşın yapmamışdı, o çörəklərin xəmirinə nənəm bütün varlığından barmaqlarının uclarına qədər uzanan sinir telləriylə gilə-gilə ürəyinin sevgisini də qarışdırmışdı.
Və bunu qətiyyən söz gözəl çıxsın deyə yazmıram.
Buna bir elm həqiqəti olaraq dərindən-dərinə inanıb yazıram.
Görmürsünüzmü tam eyni qayda ilə xörək bişirən beş qadının hər birinin yeməyinin dadı bir başqa cür olur!
Gözəl dilimizin “əlinin duzu” deyimi boş-boşuna yaranmayıb axı!
Səttar Bəhlulzadə rəsmlərini çəkəndə hərdən fırçanı atırdı bir qırağa, uzun arıq barmaqlarını batırırdı rəngə, boyaları kətana barmaqlarıyla yaxırdı, sanki özü də əriyib qarışırdı o rənglərə və bunun “sanki” yox, elə gerçək olmasının sübutu da odur ki, Səttarın rənglərinin təkrarı heç kəsdə yoxdur.
Ötənlərdə xalça toxuyan qız-gəlin qəhvəyini qoz yarpağından alardı, qaranı sumaqdan. Qırmızını şam ağacının qabığından alardılar, yaşılı nanədən... Hər xalçaçının əli altında bir yığın ağac qabığı, bitki toxumu, kök, yarpaq... olardı.
Keçmişdə beləydi.
İndi isə gir mağazaya, hansı boyadan nə qədər xətrin istəyir al.
Amma Kamil Əliyev bu gün də xalçalarının saplarına dükandan-bazardan hazır rəng almır.
Boyaqçılığı da özü edir.
Otu, gülü-çiçəyi toplayır, ocağını qalayır və yəqin ki, qazanda qaynayan o otların, çiçəklərin “qulağına” adi insanlara demədiyi hansısa çox həlim, zərif sözləri də zümzümə edir və həmin boyaqlardan keçirtdiyi saplar dünyanın heç bir sapında olmayan rəng donuna girir.
Nə qarası o biri qaralardan olur, nə sarısı digər sarılardan.
Nə alı başqasının allarından olur, nə yaşılı özgələrinin yaşılından.
Əslində heç Kamil ustadın özünün bu dəfə aldığı qırmızıyla gələn dəfəki qırmızısı yüzdə yüz eyni çıxmır.
Kamil ustad özü də hiss eləmədən boyaq qazanlarını qaynada-qaynada dünyada indiyəcən olmamış, adını bircə elə özünün verə biləcəyi rəng çalarları yaradır.
Əgər dünya həmişə təkrarlanan vur-tut yeddicə rəngin ümidinə qalsaydı, aləm nə qədər cansıxıcı olardı!
Bu yeknəsəqlik pisini vurardı, bezdirərdi adamı.
Nə gözəl ki, sayı-hesabı, ucu-bucağı yoxdur rənglərin!
Gördüyümüz bütün rənglərin hər birinin öz adı olsaydı, bir insan hafizəsinin onların hamısını yadda saxlamağa gücü də çatmazdı.
Görən Kamil ustadın onillərcə yaratdığı xalılarda neçə rəngin neçə çaları var – yüzmü, minmi, bəlkə daha çox?..

** ** **

Kətan üzərində insan surəti çəkib sahibinə oxşatmaq asandır (asandır sənətkar üçün, bizim sənətkarlıqdan uzaqlarla işimiz olmaz).
Kağız üzərində adamı adama oxşatmaq bunu kətanın səthində etməkdən də asandır.
Hətta daşın, dəmirin üzərində də adamı öz əslinə oxşatmaq usta əllərdə sən deyən qəliz deyil.
Xalçada surəti olduğu kimi canlandırmaq təsvirçiliyin ən müşkül yollarındandır.
Kamil Əliyevin bu bənzədicilik qabiliyyəti də bir başqa vergidir.
Sözü gözəl, həm də çox sərrast deməyi bacaran Türkiyə prezidenti (prezidentin təzəsi-köhnəsi olmaz. Bir dəfə prezident oldusa, onu həmişəlik “prezident” çağırmaq borcdur) Süleyman Dəmirəl 1994-cü ildə Kamil ustadın ona hədiyyə etdiyi xalçadakı Süleyman Dəmirələ heyranlıqla xeyli baxandan sonra dillənir: “Çox gözəl! Xalıdakı Süleyman Dəmirəldir, buna söz yox. Bəs mən kiməm?!”.
Prezident Heydər Əliyevsə eyni həqiqəti Süleyman bəydən 20 il əvvəl dilə gətirib.
Bir zamanlar Azərbaycanda məşhur şəkilçi vardı – İsay Rubençik.
1960-70-ci illərdə Azərbaycanın ən üstün fotoçularından sayılırdı.
Bir dəfə hansısa rəsmi tədbirdən sonra Heydər Əliyev üz tutur İsay Rubençikə və oradakı daha bir neçə fotoqrafa : “Kamil xalçasında məni özümə sizin fotodakılardan daha yaxşı oxşadır”.
Heydər Əliyevsə mənim müşahidəmcə çox vasvası adamdır və ona nəyisə bəyəndirmək elə-belə iş deyil.
Onun Kamil ustadın sənətinə o cür qiymətini rəqəmə çevirəndə “5” edir – əla!

** ** **

Quşun quş dili var, heyvanın heyvan dili.
Həmişə susmuş, dilsiz-ağızsız zənn etdiyimiz balıqların balıq dili var, hər zaman əsib-coşan, bir an belə susmayan dənizin də dəniz dili ...
Dillərini anlamırıqsa, bu qətiyyən onların təqsiri deyil.
Amma hər halda insana yalnız sözlərin dili daim azlıq edib. Bəşər övladı bəzən sözlərlə deyə bilmədiyini musiqinin diliylə deyib, hərdən kəlmələrlə çatdıra bilmədiyini rənglərin lisanıyla anladıb.
Əsatir və nağıllarımız təsdiqləyir ki, Süleyman peyğəmbər quşların dilinə vaqif idi.
İnanıram!
Qəbul edirəm ki, bizim qulağımızda hamısı yalnız “cik-cik”lərdən ibarət quş şərqilərinin hər biri Süleyman peyğəmbərin qavrayışında çeşid-çeşid mənalar düzümüymüş.
Loğman otların, çiçəklərin dilini bilirdi.
Bu yerdə isə “bilirdi” məcazi mənadadır.
Yəni Loğman hər otun, hər çiçəyin hansı dərdə dəva olduğundan agahmış və bu da elə təxminən onların dilini bilmək deməkdir.
O otların, o çiçəklərin əksərinin Loğman bilən dilini biz unutmuşuq. Ona görə də İbn Sinanın əsrlər boyu dünya təbiblərinin masaüstü kitablarından olmuş “Əş-şifa”sında bir çox dərdlərə əlac olacaq məlhəmlərin otlardan, çiçəklərdən ibarət təsvirləri, tərkibləri verilmişsə də, o dərmanların əksərini indi hazırlaya bilmirik. Çiçəklərin, otların bəzilərinin adı dəyişib, hansısa çiçək yox olub gedib, ehtimal ki, o məhvə uğramış, itmiş otları, çiçəkləri əvəz edə biləcək bir başqa ot, bir başqa çiçək var – bunun da dilindən biz xəbərdar deyilik.
Və xalçanın da öz xalça dili var ki, bilənlər bilir.
Bəlkə tarixin uzaq üfüqlərinə çəkilmiş əski əyyamlarda indi əksəriyyətə analaşılmaz olan xalça dilini bir göz qırpımında “oxumağa” qadir olanlar lap çoxmuş.
Heç bir xalça lal olmur.
Hər çoxbilən xalçaçı rənglərlə, naxışlarla, rəsmlərlə nəsə deyir.
Amma xalça dilinin dərin gizlinclərindən agah olmayan, sadəcə, verilmiş çeşni üzrə xalçasını toxuyanlar da çox zaman özləri bilmədən hansısa xalça “mətnini” canlandırırlar.
Xalılarda, kilimlərdə qara üzüntüdür, yaşıl muraddır, bəyazsa sevinc.

Al geyinən könlü dolu,
Mor geyənin çoxdur malı.

Bu saya el sözləri əslində açardır və bu misraların xalça boyalaranın əsrarlı dilinə də birbaşa dəxli var.
“Baftaçı Şah Abbas” nağılında zindana düşmüş hökmdar məhz vurduğu ilmələrdə, naxışlarda darlıq əlamətini nişan verə bilmişdi ki, bu toxuma əzizlərinin əlinə çatınca onun nə istədiyini başa düşmüşdülər.
Köhnə rəvayətdir –dəmirçi şəyirdi ustadının qızına bənd olmuşdu. Qızın da könlü onunlaydı. Di gəl, oğlan qəlbini nə evdə ata-anasına aça bilirdi, nə də umacağını ustadına söyləməyə qətiyyəti çatırdı. Üstəlik, bir varlı-hallı tacir dəmirçinin göyçək qızını görüb bənd oldu, kasıb dəmirçidən “hə” də aldı.
Oğlan fərasətliydi, tədbirliydi. Sevgilisinə : “Əlacımız sənin barmaqlarınadır”, – dedi – “Bir xalı toxu. Hali-qəziyyəni nəqş elə ora. Atana da söylə ki, aparıb xalçanı xanımıza hədiyyə etsin. Dədən pulgirdir. Xanın qızıl-gümüş verəcəyi ümidiylə xalçanı o dəqiqə aparacaq saraya. Xanımızsa xalçadan yaxşı baş çıxarandır. Allah kərimdir. Bəlkə elə xan sevdamıza çarə qıldı”.
Qız gecəsini gündüzə qatıb toxudu və könlündəkiləri əndərdi xalçanın göllərinə.
... Dəmirçinin sovqat gətirdiyi xalını zəndlə xeyli süzən xan qımışdı – qızın ilmələrə qısılmış diləyini də oxudu, xalçaçı qızın xırda-para qüsurunu da tutdu: “Kişi! Bu xalını sənin gözəl qızın toxuyub. Özü də şəyirdinlə bir-birlərini sevirlər. Amma sən qızı başqasına vermək istəyirsən. Var-dövlətə uyub fağırları bədbəxt eləmə. Bir-birlərini istəyirlər, ayırma onları, halallıqlarını ver. Qızın cehizi də, toy xərcləri də mənim boynuma”.
Dəmirçinin gözləri çıxdı kəlləsinə ki, xan bütün bunları haradan bildi.
“Şəklənmə, usta! Ayrı xəbər gətirən olmayıb. Mənə mətləbi qızının xalçası söylədi. Çatdırarsan ki, işini çox bəyəndim. Amma bunu da söylə ki, yaşılı qırmızıya çox vurub. Az qala yanılacaqdım”.
Bir xalqın xalçasının diliylə başqa xalqın xalçasının dilində, əlbəttə ki, təfavüt var. Amma zənnimcə bu dil yox, ləhcə fərqləridir (və mənim istəyimdir ki, hər bir Azərbaycan xalçaçısı ayrı məmdələtin xalça “ləhcəsi” – naxışları, çeşidli süsləri, bəzək-düzəkləri... nə qədər döşünə yatsa da, onu Azərbaycan xalısına qatmasın. Amma nə heyf ki qatırlar! Və xalçamızın “dilinə” yamaq edilən yad “şivələri”, “ləhcələri” görəndə bunu muğamımızı, nəğməmizi çalıb-oxuyan bir para hoqqabazların halalımıza İran boğazları, hind xalları və sair belə-belə haramları qatmasına oxşadıram).
Xalça dilinə vaqif olan kəs Azərbaycan xalçasını “oxuduğu” kimi, İran xalçasını da, hind, ya ərəb xalçasını da “mütaliə” edə bilər.
Uşaqlıq çağlarımda məşhur telepat Tofiq Dadaşovu keçirdiyi fikiroxuma seanslarında ilk dəfə görərkən onun dediyi bir sözə məəttəl qalmışdım.
İrəlicədən elan etmişdi: “Oxumağımı istədiyiniz mətləbləri hansı dildə istəyirsiniz düşünün, mənimçün dilin fərqi yoxdur”.
Söz şəklində deyil, dalğa, siqnal kimi yayılan fikirləri qeyri-adi həssaslıqlarıyla tutub oxuyan ekstrasenslər sayaq Kamil Əliyevin əsərlərindəki kodları, şifrləri, rəmzləri, gizlincləri xalça sərrafları dünən də, bu gün də dünyanın dörd bucağında oxuyublar, şübhə etmirəm ki, bundan sonra da çox illər boyu oxuyacaqlar.
Və o xalılar həmin sərraflara Kamil ustad haqqında, Kamil ustadın Azərbaycanı haqqında, millətimiz haqqında, xalça müəllifinin arzuları, hissləri barədə indiyəcən çox-çox hikmətləri açıb, əsrarlı xalı dilini bilənlərin qarşısına çıxdıqca hələ bundan belə də Kamil xalıları mənəvi dünyamız haqda hal əhllərinə məftunedici çox gizlinləri açıb söyləyəcək.

* * *
Xalçam eni beş qarış,
Gülü butalı naxış.
Sarısını çox görsən,
Həsrətdəndir, gəl, barış.

Bu, xalçanın rəngləriylə, butalarıyla istəklisinə ismarışını çatdıran el gözəlinin sözüdür.
Bu isə yazı-pozu bilməyən, amma naxışların, boyaların lisanı ilə xalçada dərdli ömür kitabını “yazan” bir xanımın sızıltısı (və xalçasında gizlətdiyi mənalar haqda pıçıltısı):

Qarası çox, göyü çox,
Bircə şux boyağı yox.
Kəc baxtımdır toxudum
İlmə vurdum, dedim : “Ox!”.

Kamil müəllimin “Mirzə Fətəli” xalısına baxanlar mavi rəngin çoxluğunu görəcəklər, “Atatürk” xalısında bəyazın.
“Nəsimi” xalısında firuzəyini tapmayacaqsınız, qırmızını görməyəcəksiz, narıncıyla raslaşmayacaqsınız. Əvəzində sürmeyinin, qaranın, tünd yaşılın bolluğuna düşəcəksiniz.
Nədən?
Nə deyib, hansı mətləblərini çatdırmaq istəyib Kamil ustad rənglərin pünhan xısınlaşmalarıyla?
“Nəsiminin şerlərini də oxudum, həyatı haqqında yazılanları da. Onu bir şair, bir insan kimi yaxından tanıdıqca nə qədər hüznlü, qüssəli həyat sürdüyünü anladım. Onun acı günlərlə dolu olmuş ömrünü, yaşayışın faciəsini ifadə etməkçün parlaq, fərəh əlaməti olan rənglərdən yan keçdim, tutqun, qüssə gətirən soyuq boyalara üstünlük verdim.
Mirzə Fətəlinin təxəllüsü “Səbuhi”dir. Yəni “sabahın, səhərin adamı”.
Dan yeri sökülərkən zəndlə səmaya baxsan göy rəngin cürbəcür çalarlarını görərsən. Mən o xalının naxışlarında 5-6 cür göy rəngdən istifadə etdim. Tək bir elə Mirzə Fətəlinin paltarında göyün, mavinin 3 fərqli ahəngini vermişəm.
Nizami mənim təsəvvürümdə Allaha ən yaxın adamlardan olub. Onun yaratdıqlarında ilahi nur var. Ona “imam” da, “peyğəmbər” də desən, yeri var. Nizami xalçasını yaradarkən bu düşüncələrimi çatdırmaqdan ötrü, baxanların qabartmaq istədiyim müqəddəsliyi sezməsi üçün “Quran”a üz tutdum.
Keçmişlərdən bəri “Quran”ın əlyazmalarına vurulan naxışların ovqatını bu xalçaya gətirdim, qızılı rənglərin bolluğuyla səmavi nurun ab-havasını qabartmağa cəhd elədim.
“Atatürk” xalısını işləyəndə Mustafa Kamal paşanın həyatını, mübarizələrini, əsərlərini araşdırdım, Türkiyəyə gedib onun əldə olan bütün fotolarını tapıb seyr etdim, əziz yadigar kimi saxlanan paltarlarına baxdım.
Hərbi libası kül rəngində idi.
Amma mən Atatürkü ağ geyimdə rəsm elədim.
O hərbçi olub, amma hərbə can atan, harasa həmlə etmək istəyən general olmayıb. Sülhçü, qurucu şəxsiyyət olub.
Onun dahi varlığının bu məziyyətini həm əynindəki paşa geyimini düm ağ çəkməklə, həm də xalça boyu bəyazın naxış-naxış səpdiyim çalarları ilə verim... ”.
(Aydın məsələdir – Kamil müəllimin bir çox xalıları sifarişlə hazırlanıb.
Ya dövlət, hökumət, ya ayrı-ayrı adamlar sifarişçi olublar. Lakin “Atatürk” xalçasını yaratmağı ona tapşırıb eləyən olmayıb. Sırf qəlbinin istəyiylə yaradıb həmin xalını.
Sən demə atası Müseyib kişi Kamilə bu adı da elə Mustafa Kamal paşanın şərəfinə veribmiş... ).

** ** **

Həyatda Kamil müəllim heç də həmişə hər ürəyindən keçəni deməyib.
Xalıdasa, daim ürəyini axıracan boşaldıb.
Həyatda hər düşündüyünü deməməyi ona həyat özü öyrədib.
“Müharibənin ilk illəriydi. Bir gün komandir bizi yığdı. Bir əsgər yoldaşımızı dəstənin qarşısına çıxardı. Onun vətən xaini olduğunu deyib, silahlarımızı ayağa çəkməyi əmr etdi. Tüfənglərimizin şaqqaşaqı indi də qulağımda səslənir.
Komandir atəş əmri verdi. Amma əsgər yoldaşımızın canı atəşlərdən əvvəl çıxdı. “Atəş” sözünün səslənməsiylə güllələrin açılmasınacan yarım saniyədə, bir saniyədə onun başı halsızca sinəsinə düşdü...
Bir səhər hələ hava açılmamış hissəmizdən az aralıda bir gölməçənin yanında çöməlmişdim. Ətraf alman təyyarələrinin səpdiyi vərəqələrlə doluydu. O vərəqələrin kağızı qəzet kağızından nazik idi, maxorka bükməyə yaxşı yaradığından bir əsgər yoldaşımız o vərəqələrdən bir topasını çantasını qoyubmuş. Elə bunun üstündə əlli-ayaqlı getdi.
Çöməlmişdim və o vərəqələrdən birini külək düppədüz qabağıma gətirdi. Hələ yarıqaranlıq olduğundan gözüm mətni seçmirdi. Alatoran dağılanda nəzərim həmin vərəqənin yuxarısındakı qırmızı xətlə yazılmış sətirdə Stalinin adına dəyincə ardını görməyim deyə qorxudan cəld yerimi dəyişdim, arxamı çevirdim o kağıza sarı”.
Kamil müəllim ehtiyatsız sözün başa hansı bəlaları gətirdiyinə o vaxt da, sonralar da az şahid olmadığından qəlbini deşən mətləbləri deməkdənsə, toxumağı, çəkməyi münasib saydı.
Xalçada “söylədəkləri” isə hər qulağa eşidilmədiyi, hər gözə görünmədiyi üçün arxayınçılıq idi – həm fikrindəkilərdən azad olub ürəyini boşaldırdı, həm də hər cür başağrısından uzaq qalırdı.
“Xalını xovuna sığallarlar”.
Bu bir el məsəlidir və bu bir xalça nəsihətidir.
Kamil müəllim ömrü boyu bu məsəlin əksini etməməyə, zəmanənin ziddinə getməməyə çalışıb.
Və zəmanənin adamı qala-qala Zamanı olmayan, onun özündən də, zəmanəsindən də uzun yaşayacaq gözəlliklər xəlq edib...

** ** **

Yerə sərili, divara asılı hər xalı bir vərəq kimidir.
Adi vərəq əvvəl özü olur, sonra üstü yazılır.
Xalça isə yazıla-yazıla –hörülə-hörülə, toxuna-toxuna vərəqə çevrilir.
Kamil ustadın yarım əsr boyunca yaratdığı hər xalçanı – hər vərəqi ömrün bu yaşında ard-arda sıralayıb qovuşduranda göz önündə iftixar oyadan, güvənc gətirən bir kitab canlanır.
Bu xalçalar – vərəqlər bir tərəfdən Kamil ustadın Sənət Kitabının yarpaqlarıdır.
Bu xalçalar – vərəqlər bir tərəfdən Kamil ustadın Ömür kitabının səhifələridir.
Amma bu xalçalar – vərəqlər həm də Kamil ustadın içərisində keçib gəldiyi Vaxtın salnaməsi, Zəmanənin Kitabıdır.
Yaşı 80-ə yetəndə Kamil ustad bu dediyimiz məcazi mənada kitaba mahiyyətcə tən gələn elə gerçək bir kitab da buraxdırdı: “Kamil Əliyevin xalça sənəti”.
O kitabı zövqlə, səriştəylə işıq üzünə çıxaran isə içərisi həmişə dəyərli nəşr təşəbbüsləri və bu təşəbbüsləri gerçəkləşdirmək qeyrəti ilə dolu, kitab xəzinəmizə bir qalaq dəyərli incilər bağışlamış Nazim İbrahimov oldu.
Kamil müəllim dövrün havasına uysaydı, gərək ötən sovet illərində yaratdığı bir qisim xalçaların rəsminin heç o kitaba daxil etməyəydi.
Kamil müəllimin öz 80 yaşına və balası, xidmətçisi olduğu xalqına hesabatı sayılmalı həmin kitabda Leninə həsr olunmuş xalı da var, Xruşşovlu, Brejnevli... xalılar da.
İnsan dünyada çox şeylərdən imtina edə bilər.
Hətta həyatının gələcəyindən də imtina edə bilər.
Lakin insan öz keçmişindən imtina etmək gücündə deyil.
Yaşanmış tarixə münasibətlər dəyişə bilər. Olan olub, keçən keçəndən sonra geriyə qayıtmaq, nəyisə pozub təzədən yazmaq, nəyinsə üstündən guya olmayıbmış kimi vaz keçmək imkansızdır.
Bir zamanlar başlar üzərindən asılan, bu gün dəb olmayan sifətlərin əks olunduğu xalılarından Kamil ustad imtina etsəydi, kamil olardımı?
Axı bunlar onun əsərləridir, balalarıdır.
İnsan öz doğmaca balasından “ona görə mənə tənə vurarlar” deyə imtina edərmi?
Bir də axı o xalılar təkcə Kamil müəllimin deyil.
Onlar həm də ötmüş illərin əsərləridir.
Təqvimin, mühitin, ictimai-siyasi quruluşun yaratdığı əsərlərdir.
Bu gün kimsə dodaq büzər ki, bir vaxtlar Kamil müəllimin siyasilərə həsr etdiyi xalçaların arxasında maddi maraq, yarınmaq həvəsi, böyük sənəti keçəri saxta hisslərə qurban vermək zəifliyi dayanır.
Bu gün belə təəssürat yarana bilər.
Amma əsl həqiqət tam belə deyil.
İndi üzə toxunc ola biləcək o cür qənaətə gələnləri yerli-dibli inkar etmək istəmirəm. Amma digər mühüm bir həqiqəti də hər kəsin inanaraq bilməsini istəyirəm.
1949-cu ildə Stalinin 70 illiyinə dünyanın hər yerindən löyün-löyün hədiyyələr göndərilibmiş və o ilin şahidlərinin xatırladığına görə sovqatlar elə çoxmuş ki, qəzetlər bir neçə gün dalbadal həmin hədiyyələrin siyahısını dərc edib.
Lətif Kərimov da Azərbaycanın ərməğanı olaraq “Stalin xalçası” hazırlayıbmış.
(İllər keçəcək, o xalçaya görə Lətif ustadı da qınayanlar az olmayacaq.
O qınayanlardan Lətif Kərimovu müdafiə edən Kamil müəllim olacaq).
“1949-cu iləcən SSRİ-də xalça məkanı kimi tanınan Türkmənistan idi. Azərbaycanın güclü xalça sənəti olduğu halda adı kitabda-dəftərdə çəkilməzdi.
Lətifin Azərbaycan sənətinə ilk ən böyük xidməti bu oldu ki, “Stalin”i yaratmaqla Sovet İttifaqında Azərbaycan xalçasının etiraf edilməsinin, xalçamızın yaxşı mənada dilə-ağıza düşməsinin, xalçamıza sovet dövləti səviyyəsində xüsusi ardıcıl diqqət yetirilməsinin əsasını qoydu”.
Bunu da Kamil müəllim deyir.
Və düz deyir.
O vaxt Lətif Kərimovun “Stalin”i Stalin mükafatına layiq görülmüşdü və bununla da Azərbaycan xalçasının yüksəlişinə uğurlu siyasi yol açılmışdı.
Kamil müəllimin sovet dönəmində milli ənənələrimizin şəfalı bulağından su içmiş digər gözəl xalılarını doğurmaqla yanaşı sovet liderlərinə həsr etdiyi xalçaları araya-ərsəyə gətirməkdə əsas məqsədi ilk növbədə xalçamızı daha artıq hörmətə mindirmək, daha artıq təsdiqləmək, daha artıq təbliğ etmək idi.
Mən sovet dövründə Azərbaycan şair və yzıçılarının sosialist mövzularında qələmə aldıqları saymaqla qurmayacaq şer, nəsr nümuənələrini ( o əsərləri ki, tərənnüm etdikləri ideologiyaya görə artıq ya ölüdürlər, ya təxminən ölü kimidirlər) bir baxımdan yüksək dəyərləndirərəm ki, o ədiblər bu müvəqqətti mövzularda yaza-yaza dilimizi çökmədən xilas etdilər, ədəbi dilimizi cilaladılar, inkişaf etdirdilər və ölü mövzulara yaradıcılıqlarının bir hissəsini qurban etsələr də, dilimizin diriliyinə çalışdılar, millət üçün qiymətəsığmaz qədər lazımlı qulluq göstərmiş oldular.
Kamil Əliyevin başqa xalqların ayrı-ayrı şəxsiyyətlərini (istər siyasət, dövlət adamları olsun, istər böyük əcnəbi yaradıcılar) əks etdirən xalıları aparıldığı hər ölkədə Azərbaycanı təmsil edib.
Kamil müəllimin “İndira Qandi” xalçası Hindistana uçub, “Kral Fədh” xalçası Səudiyyə Ərəbistanına.
“Ayətulla Xomeyni” xalçası İrana köçüb, “Bill və Hillari Klinton” xalısı Birləşmiş Ştatlara...
Bəzən xalq mahnısı kimi heç müəllifi də xatırlanmayıb.
Amma o xalılarla birgə yaxın-uzaq məmləkətlərdə hər dəfə Azərbaycan anılıb, yurdumuzun adı dilə gətirilib.
Kamil müəllimin xalılarındakı “musiqini dinləyəndən” sonra dünyalı həmyerlimiz Mstislav Rastropoviçin çıxardığı nəticə qədərincə dəqiqdir: “Azərbaycana qıraqdan gəlmiş çox sənətlər var. Azərbaycan onların əksərində irəli də gedib. Amma xalça milli sənətin elə bir qüdrətli qanadıdır ki, Azərbaycan onunla dünyanın hər yerinə gedə bilər”.
Gedib də!
Və xalça sənətimizin dünya boyu səyyahlığını, şöhrətini təmin edənlər sırasında Kamil müəlimin adı birincilər cərgəsindədir.


** ** **
Ömrü uzunu ürəyində baş tutan və tutmayan çox arzuları gəzdirmiş Kamil müəllimin indi bircə bir böyük istəyi var.
Niyyət edib ki, Londonakı Viktoriya və Albert muzeyindək saxlanan Şeyx Səfi xalısının tam eyni olan xalı yaratsın.
Arzulayır ki, Bakıda da öz “Şeyx Səfi”miz olsun.
Qurmağa, yaratmağa yönəlmiş istənilən arzu gözəldir.
Amma heç vaxt heç bir surət əsildən üstün ola bilməz.
Bəlkə “Şeyx Səfi”nin ən sevilməli cəhətlərindən biri elə Təkliydir? Bəlkə elə təkcə də qalsa məsləhətdir?
Mənimsə ayrı bir istəyim var.
Arzulayıram ki, Kamil müəllim bir “Azərbaycan dünyası” xalısı yaratsın.
Elə xalı ki, onun köksündə Azərbaycanı Azərbaycan etmiş ən seçkin insanların portretləri qovuşsun.
Bir-birindən gözəl, bir-birindən nurlu, bir-birindən əbədi üzlər.
Dədə Qorquddan Babəkə, Nizamidən Nəsimiyə, Koroğludan Xətaiyə, Cavad xandan Üzeyir bəyə... , tarixin dibsiz uzaqlarından XX yüzilin sonlarına, XX1 yüzilin başlanğınacan YURDUMUZU ucultmış, işığımızı artırmış SİMALARın qovuşduğu, görüşdüyü bir hana.
Elə bir xalça ki, ona and içmək olsun!
Elə bir xalça ki, ona baxıb salavat çevirmək olsun.
(Rəhmətlik Əkrəm Cəfər deyərdi ki, Füzulini hər oxuyanda salavat çevirirəm. Çünki hər sözü, hər misrası müqəddəsilik saçır... ).
Və bunu da diləyirəm ki, məzmunuyla nadir olan həmin “Azərbaycan dünyası” xalçası say mənasında nadir olmasın, tək qalmasın.
Yüzlərlə nüsxə toxunsun.
O xalçanı evimizdə, iş yerimizdə asaq, analar onu qızlarına cehiz qoysun, əziz qonaqlarımıza, mötəbər mehmanlarımıza onu pay verək, səfərə çıxanda ən mötəbər hədiyyə kimi onu aparaq və həmin xalını Azərbaycanın ən dəqiq mənəviyyat xəritəsi kimi dünya boyu yayaq.

** ** **

Kamil müəllim həyatı boyu əsərlərinin cazibəsiylə çoxlarını heyrətləndirib.
Kamil ustadısa heyrətləndirmək çətindir.
Çünki o dünyagörmüş adamdır və dünyagörmüş olmaq dünyada çox yaşayıb dünyaya çox baxmaq deyil.
Həyatın böyründən addımlamlayanlar dilini anlamadıqları filmə biganə-biganə baxanlar kimidirlər.
Kamil müəllim başqa adı “ölüm” olan İkinci dünya müharibəsindən keçib, XX əsr Azərbaycan tarixinin bütün enişli-yoxuşlu yolu onun həyatından keçib və bu təlatümlü əsrin ən gərgin illərində o sadəcə seyrçi tək qalmayıb, çox vaxt ictimai-siyasi-mədəni gedişatın axarında bulunub.
“Müharibədə nə qədər tay-tuşum elə təcrübəsizlikdən, sadəlövhlük, sadədillik ucbatından boş yerə məhv olub getdi.
Əksəri kənd-kəsəkdən gəlmiş dilsiz-ağızsız cavanlardılar. Davanın topundan-tüfəngindən əvvəl düşdükləri şəraitin qeyri-adiliyi onları vahiməyə, şoka salmışdı.
Məni xilas edən, o cəhənnəm qazanından sağ-çillə qurtaran Çəmbərəkənd oldu.
Məhəlləmiz atıb-kəsən cayıllarla doluydu.
O vaxtlar bütün Bakıda “Sanka Zver” kimi məşhur olan Cabir qonşumuz idi. Lotu Ağakərim, Zığlı Qoca, Ağzısulu Qəzənfər...
Belə adamlarla bir məhəllədə yaşaya-yaşaya onlarla ünsiyyətdə olmamaq mümkün deyildi.
Bacılarım vardı – onları avara-uvaranın sataşmağından, hər cür təhlükədən qorumaq üçün gərək mən o lotuların xətrini istədikləri qonşular sırasında olaydım.
Çəmbərəkənddə həyatın alt qatının çox üzlərini gördüm. Lotulara qoşulub onların yoluyla getmədim, amma onlardan da az şey öyrənmədim.
Bu Çəmbərəkənd məktəbi məni yaşımdan da bir az böyük elədi, erkən yetişdirdi, möhkəmlətdi, zirəngləşdirdi, hər çətinliyə dözməyə öyrətdi”.
(Kamil müəllimin xalılarına, xalılarındakı naxışlar selinə baxa-baxa hərdən fikirləşirəm ki, bu naxışların hansısa elə Çəmbərəkənddir, hansı naxışdasa o atıb-kəsən məhəllə dəliqanlıları da var, hansı naxışlarsa elə Çəmbərəkəndin özü kimi torpağa, keçmişə çökmüş, amma Kamil müəllimin gözləri önündən getməyən köhnə qonşulardır, məhəllənin bəzən sevincli, bəzən qəmli olmuşlarıdır...
Məhəmmədhüseyn Şəhriyar ömrün ixtiyar çağlarında ana dilinə, millətinə və öz taleyinə, ömrünə – uşaqlıq gənclik, ahıllıq çağlarına borcunu qaytararaq “Heydərbabaya salam”ı yazdı.
Əslində hər böyük yaradıcının öz “Heydərbabaya salam”ını doğurmaq ehtiyacı həmişə içərisində yaşayır.
Sadəcə, arxada qalan bütöv ömrə baxış olan belə bir əsəri doğurmaqçün yaş da vacibdir. Çünki ixtiyarlaşmayana, dünyanı qədərincə tanımayana qədər, üstünə qalxaraq keçmişdəki bütün üzləri və bütün başvermişləri görməyə imkan verən illər qalağı əmələ gəlməyənəcən belə əsəri yaratmaq olmur.
Və bir çoxları öz “Heydərbabaya salam”ını doğurmadan dünyanı tərk edir.
Vaxtları çatmır...
Ömür möhləti qədərincə olanlarsa, o əsəri mütləq yaradır.
Zənnimcə, yetmişin astanasında və səksənə doğru irəlilədiyi illərdə Kamil ustadın yaratdığı hər xalıda onun ömür yolunun –- uşaqlığının, gəncliyinin, ahıllığının bəs deyincə görüntüləri var.
O görüntülər ilmə qiyafəsində, naxış cildindədir).

** ** **

Kamil ustad kasıblığı da görüb, zənginliyi də, itkiləri də olub, qazancları da, zərgərlik fabriki kimi parıltılı bir müəssisənin müdiri də işləyib, aylarla evində işsiz də əyləşib, intriqalardan və mübarizələrdən də adlayıb, sakit, mübahisəsiz, dedi-qodusuz ömür parçalarının ləzzətini də dadıb.
“1932-ci ildə atam vəfat edəndə, mənim 12 yaşım vardı.
Əvvəl Gülsüm nənəm camaşır yuyub bizi dolandırırdı. Anam bu işi görməyə utanırdı.
Sonra anamla nənəm toxuculuq fabrikində işə düzəldilər.
Gecə-gündüz çalışırdılar, ehtiyacsa həmişə bizimləydi.
Anam povidlonu yaxardı bir qıça çörəyin üstünə, sonra bıçaqla o povidlonu sıyırıb yaxardı ayrı bir çörək qıçasının üstünə – qənaət edərdi ki, sabaha da yavanlığımız olsun.
Anamın verdiyi çörəyi guya məktəbdə yeməliydi. Amma həmişə yarıac olduğumdan yaxmac heç vaxt məktəbə yetişməzdi. Evdən çıxıb tini burulan kimi dərhal yeyərdim payımı.
Anamsa danışardı ki, atası Hacı Həsən İrəvanda adla deyilən şatırmış, çörəkçilərin arasında birinciymiş”.

** ** **
(Tale xalçanı çörəkçi nəvəsinin çörək ağacı etdi).

** ** **

“Mən səhər növbəsində oxuyurdum, kiçik bacım günorta.
İkimizə bir cüt ayaqqabımız vardı.
Mən dərsdən gəlməmiş o evdən çıxa bilmirdi... ”.

** ** **

... Keçmişlərdə birisinin dövlətliliyi mal-qarasının, qoyun-quzusunun miqdarıyla, xalça-gəbəsinin sayıyla ölçülərdi.
O ölçüylə xalıları bütün Azərbaycan və dünya boyu yayılmış Kamil müəllim çox varlı bir insandır.
Lakin zəngin adam sərvəti çox olan deyil, səxavəti böyük olandır.
Kamil Əliyevsə məhz səxavətli adamdır.
Xalqına bu qədər gözəllik bağışlamış bir insana “səxavətli” deməzlərmi?
İçindən keçdiyi və öz içərisindən keçən həyatın ona indi bu yaşda yox, lap gəncliyindən başa saldığı əsas hikmətlərdən biri isə bu olub ki, insanın ömründəki insanlardan üstün sərvəti olmur.
“Özündən cavan dostu yaşlı adam seçir. Bunu əksi heç vaxt olmur.
Görünür yaşlı adam fikri, ruhu ona uyğun gələni dost seçir ki, həm bildiklərini özüylə aparmasın, gəncliyə ötürsün, həm də özü cavanlardan təzə nəsə mənimsəsin.
İndi dostları mən seçirəm. Amma çox xoşbəxtəm ki, vaxtında, yolumun başlanğıcında məni elə insanlar dost seçiblər ki, hərəsi bir həyat məktəbi olub”.
Kamil müəllim mənə həmişə böyük vəzifələrdə işləmiş Əziz Əliyevin, bir də Bakıda adı dillər əzbəri olmuş, minlərlə insana sağlamlıq bağışlamış həkim Əbülfəz Qarayevin – ağsaqqal dostlarının – dünyalarını dəyişdiyi günlər haqda həyəcanlı və düşündürücü xatirələr söyləyib.
Adi məişət məntiqinə görə özlərindən sonra xeyli mal-dövlət miras qoymalı olan bu böyük mənəviyyat adamları rəhmətə gedəndə əzizləri zarıl qalıblarmış ki, dəfn xərclərinin öhdəsindən necə gələcəyik...
Özlərinin seçdikləri cavan dostları Kamilə, balalarına və daha neçə insana o kişilər ölümləri ilə də bir həyat dərsi veriblər ki, əsl sərvətli adam gözlərini yumanda sandıqda nəyisə qalan deyil, dünyada yaxşı izi qalandır.
Adamı “Kamil, Kamil” çağırmaqla o kamil olmur.
Kamilləşməyin neçə cığırı da həyatın belə-belə dərslərindən də keçir.
Belə-belə dərslər olmasaydı, içərisindən keçdiyi və içərisindən keçən vaxtın min bir sınağı olmasaydı, Kamil ustad xalça kimi müdrik bir sənətin bilicisi də olmazdı.
Bu ömür dərsləri olmasaydı, Kamil müəllimin xalıları gözəlliyiylə yanaşı belə dərin, belə mənalı, belə düşündürücü olmazdı.
Hər şey köhnəldikcə dəyərdən düşür. Xalça köhnəldikcə qiyməti artır.
Kamil müəllim indi özü də bir qədimi xalçaya bənzəyir...

** ** **

Macalım olsa mən hər gün İçərişəhərə baş çəkərəm.
Amma hər halda elə həftə olmaz ki, iki-üç dəfə yolumu oradan salmayım.
Hər dəfə İçərişəhərin küçələriylə addımlayanda elə bil indinin yox, keçmişin havasıyla (və bütün mənalarda indikindən qat-qat saf havasıyla) nəfəs alıram.
Ovunuram, daxilən dincəlirəm, tarıma çəkilmiş təngnəfəs vaxt da, o vaxtdan asılı gərili əsəblərim də sanki yumşalır.
Və neçə illərdir ki, istər İçərişəhərdə tək olum, ya hansısa qonağımla, mütləq girəcəkdəki –Böyük Qala küçəsindəki xalçaxananın qarşısında ani da olsa ayaq saxlayıram, pəncərədən boylanıram, hərdənsə keçirəm içəri –xalçatoxuyanların yanına.
İmkan olduqca şagirdlərimi, tələbələrimi də aparıram ora.
Xüsusən qızları. Ən əvvəl istəyirəm onlar görsün buranı.
Bura xalçaların doğum evidir.
Bu xalça emalatxanası Kamil Əliyevindir. Və elə yay-qış Kamil müəllimi də harada axtarsan burada taparsan.
Lap kiçik yaşlarımda evimizdə nənəmin cəhrəsini, onun yun daramasını, sap əyirməsini, xalça toxumasını gördüm.
Anam nədirsə xalça toxumağa meyl etmədi. Amma heç olmazsa o, incə rəsmlərlə, zərif naxışlarla bəzədiyi tikmələr toxuyurdu.
Qızlarında – bacılarımda bu həvəs də olmadı.
Beləcə itirə-itirə, dünənlə, mənəvi köklərimizlə bağlantılarımızı qeyb edə-edə gedirik.
Mən istəyirəm ki, Azərbaycan qızları hər cəhətdən müasir olsunlar, ağıllı olsunlar, çağdaş dünyanın təklif etdiyi bütün üstün, dəyərli vərdişlərə, qabiliyyətlərə yiyələnsinlər.
Amma mən istəyirəm ki, onlar XXI əsrin balaları və sahibləri ola-ola, bütün dünyanın vətəndaşı ola-ola AZƏRBAYCANLI olsunlar.
Balalarına döşlərindən(!) süd versinlər, körpələrinə layla çalsınlar, ləzzətli vətən xörəkləri bişirməyi də, tikmə hörməyi də, xalça toxumağı da... bacarsınlar.
Mənim çox ürəyimcədir ki, Kamil ustad Azərxalçanın müdiri kimi öz iş otağındansa daha çox bu xalçaxanada olur.
Mənim ürəyimcədir ki, Kamil ustad bütün Azərbaycan boyu hər il neçə bu cür yeni-yeni xalça emalatxanaları yaradır.
Onlarla, yüzlərlə yeni Azərbaycan qız-gəlini o xalçaxanalarda ilmə vurmağa başlayır.
Hər ilməsə yalnız hanaya vurulmur.
Hər ilməylə Azərbaycanın keçmişiylə indisi əriş-arğac olub bir-birinə sarılır.
İlmə vuran azərbaycanlı əllərinin hər cütü artdıqca əslində qədim xalça sənətimizin ömrü də artmış, gələcəyin daha uzaqlarına səmt götürmüş olur.

** ** **

Qələminin sehriylə Yer üzünün ən əlvan, ən zəngin, ən füsünkar söz xalılarından birini vücuda gətirmiş Məhəmməd Füzuli ana dilli “Divan”ının ilk qəzələni bütün yaradıcılığı və bütöv ömrünün yekun qənaəti kimi səslənən bu arxayın misralarla bitirirdi:

Ey Füzuli, intəhasız zövq buldun eşqdən,
Böylədir hər iş ki, haqq adılə qılsan ibtida.

Kamil Əliyev 1958-ci ildə və ondan az sonra yaratdığı ilk məşhur xalçalarından birini Füzuliyə, digərini Nizamiyə – müqəddəslərimizə həsr etdi.
Biri mövlana, biri şeyx – hər ikisi söz peyğəmbəri.
Kamil ustadın böyük yolu belə başlandı.
Təbii ki, bunca müqəddəs seçimlə, HAQQA, XALÇA HƏQİQƏTİNƏ belə sayğı və sevgiylə başlanan yol yolçusuna intəhasız zövqlər bağışlamalıydı.
“Butalı”, “Buludlu”, “Sürməyi göllü”, “Qırmızı tirmə”, “ “Ləçək-turunc”, “Quşlu”...
Və “Quşların nəğməsi”.
Əslində bu son xalının adı Kamil müəllimin bütün xalılarının toplusuna ünvan ola bilər.
Çünki Kamil müəllimin hər xalısı elə bir göyərçin kimidir.
Bəxtiyar-bəxtiyar, gözəllənə-gözəllənə süzən, baxışlara tumar çəkən, Azərbaycan və dünya boyu Kamil ustadın sənətinin, istedadının və sevgisinin sorağını uçuran göyərçinlər...

** ** **

... Ola bilsin bu təsadüfdür.
Amma bunu qismət də saymaq olar.
Parisdə, hava limanında Vətənə uçuşumuza qalmış uzun saatları boşuna itirməməkçün bilgisayarımı açıb Kamil müəllim haqdakı ürəyimdə çoxdan yetişmiş, dünəndən yazmağa başladığım düşüncələrimi sona çatdırmaq istəyirəm.
Vaxt bəs eləmir.
Bu yazı Avropa göyləriylə Bakıya doğru 5 saatlıq uçuş əsnasında bitir.
Deyirlər nağıllardakı uçan xalçanı insanların uçmaq, qanadlanmaq istəyi yaradıb, təyyarələr insanın gerçəkləşmiş uçan xalça arzusudur.
“Uçan xalça”da – səsdən sürətli göy gəmisində, tez-tez hava burulğanına düşüb silkələnən “Boinq”də ağsaqqal xalçaçımız Kamil Əliyevi düşünürəm.
Yox, bu “uçan xalçalar”ın – bu ən müasir təyyarələrin yorulmağı, bulud “prospektləri”, fəza “küçələri” çala-çuxur olanda çalxalanmağı, hava pozuq olanda hərəkətini təxirə salmağı, qət edə biləcəyi məsafələrin hüdudu var.
Kamil ustadın xalılarınınsa səfəri Zamanın heç bir təyyarənin uçub yetişə bilməyəcəyi əlçatmaz, ünyetməz ucqarlarına sarıdır...
Vaxtın istənilən havasında, istənilən burulğanında...

Xalıya düz ilməni.
Düzdükcə süz ilməni.
Dostlar mənə yad olmaz
Görməsə yüz il məni.

Səksənini arxada qoymuş xalça rəssamı, xalq rəssamı Kamil Əliyevin doxsanını da, yüz yaşını da dostlar günlərin birində elə bu köhnə kişinin, görkəmli sənətkarın özüylə birgə bayram edəcəklərini arzulayırlar.
Ola bilsin o gecələrin də bir cüt xalça kimi çeşniləri artıq Kamil müəllimin beynində hazırdır.
Lakin bizdən əvvəl (bizsiz və xalçalı) olmuş yüzillərin bizdən sonrakıları da gələcək.
Və Azərbaycan xalçasının dostları, sənətin və sənətkarın qədrini bilənlər o mehriban bayatının vəd etdiyi kimi Kamil ustada heç vaxt yad olmayacaqlar.
Çünki dostlar onu hər zaman görəcəklər.
Çünki Kamil ustadın və Xalça Sənətinin qisməti budur: həmişə göz qabağında olmaq, həmişə görünmək və həmişə sevilmək!

Strasburq – Paris – Avropa səması

25-26 yanvar, 2002

P,S. Və elə bu yazıdakı kimi Kamil müəllim mənimçün yenə də diridir, həyatda olan kimidir.
Hər dəfə İçərişəhərdə tanış binanın yanından keçəndə istər-istəməz qanrılıb ondan bizə yadigar qalan muzeyin qapısına sarı baxıram.
Həyat elə buymuş!..
Neçə il öncə qapını açınca məni təbəssümü ilə qarşılayardı.
İndi orda xalçalarıdır.
Özündən çox yaşayan, bizdən sonra da həmin qapını açacaqlardan çox yaşayacaqa xalıları...

Rafael Hüseynov

12 mart, 2020

Avropa Şurası Parlament Assambleyasının Azərbaycan nümayəndə heyətinin üzvüdür.
Azərbaycan Respublikasının Milli Məclisinin deputatıdır.
AMEA Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktorudur.
Facebook