RAFAEL HÜSEYNOV AMEA-nın həqiqi üzvü Filologiya elmləri doktoru Professor
Ustaddan ustada sovqat Apr 04, 2020 | 18:59 / Mühüm hadisələr

Taleyin mənə nəsib etdiyi ən böyük xoşbəxtliklərdən biri budur ki, ilk gənclik illərimdən bir sıra canlı klassiklərlə mütəmadi və sıx ünsiyyətdə oldum.
Onların hər biri içərisi biliklə, həyat təcrübəsi ilə, kübarlıqla, işıqla dolu insan idi.
Onların hər biri varlığında əvvəlki zamanların son dərəcə maraqlı tarixlərini yaşadırdı, ötmüş zamanla yeni gün arasında körpü olan insanlar idi və özləri də gəzəri tarix idilər.
Mən ömrüm boyu oxumağa, öyrənməyə, biliklər qazanmağa çalışdım.
Və həmin nurla simalara daim minnətdaram ki, mənə kitabların, universitetlərin, akademiyaların verə biləcəklərindən də artıq zənginliklər bağışladılar.
Özümü bəxtiyar hesab ediərəm ona görə ki, həmin nadir şəxsiyyətlərin əksərini bir çoxları uzaqdan-uzağa, televiziyadan, radiodan, mətbuatdan, əsərlərindən tanıdıqları halda mən bu şəxsiyyətlərlə lap yaxın idim və onlar mənə öz düşüncə, ruh dünyalarının qapılarını açmışdılar.
O unudulmazların haqqında vaxtaşırə yazıram.
Bəzilərindən müxtəlif vaxtlarda bir neçə kərə yazmışam. Amma hiss edirəm ki, azdır.
Hərəsindən bir kitab yazacaq qədər məlumatlarım, qeydlərim var.
Başqa işlərim də həmişə çoxdur, düşündüklərimin hamısını da yazıb çatdırmaq mümkünsüz qədər müşküldür.
Deputat həmkarım, köhnə dostum professor Bəxtiyar Əliyev Milli Məclisdə hər dəfə məni kompüterdə, ya da qələmlə nəsə yazan görəndə zarafatla dillənir ki, qaldı 750 il.
Söhbətin nədən getdiyini bilməyənlərə də izah edir.
2000-ci illərin əvvəllərində bir dəfə dostlarla əyləşmişdik, Strasburqa, Avropa Şurasında fəaliyyətlərimizə təzə başladığımız çağlar idi və söhbət arasında qəfilcvə unudulmaz Vaqif Səmədoğlu qayıtdı ki, mən hesablamışam.
Hamı təəccüblə baxdı ki, nəyi?
Dedi” “Hesablamışam, Rafael nəzərdə tutduğu kitabların hamısını yazmaq üçün bundan sonra 770 il yaşamalıdır”.
Vaqif o sözü deyən vaxtdan 20 ilə yaxın zaman keçir, bu dövrdə də mənim 40-dan çox kitabım çıxıb və Bəxtiyarın da onlardan xəbəri var.
Ona görə də 770-i endirib 750-yə.
Baxıram ki, 2020-nin evdə qalmalı olduğumuz günləri hansısa yarımçıq kitablarımı bitirməyə, hansısa yazıları birləşdirərək kitablaşdırmağa, hansısa kitabı yazmağa başlamağa yaxşı fürsət yaradır.
İstənilən ən dar macaldan fayda ilə çıxmağa çalışmaq lazımdır.
Və güman edirəm ki, növbənöv iclaslardan, sıra-sıra görüşlərdən asudə olduğumuzu bir ay-ay yarımda başqa işlərimi görə-görə bir borcumu da yerinə yetirməyə imkan tapacağam.
Böyük alim Əkrəm Cəfər ömrümdə qalan ən əziz müəllimlərimdən və həyatımdan keçmiş ən parlaq şəxsiyyətlərdəndir.
O, humanitar elmlər sahəsində, xüsusən də şərqşünaslıqda mənim tanıdığım tək ailmimiz idi ki, Azərbaycanda da, Azərbaycandan kənarlarda da hamı tərəfindən danışıqsız olaraq misilsiz alim kimi qəbul edilirdi və sözünün qarşısında söz demək son dərəcə müşkül idi.
Əkrəm müəllim haqqında mən dəfələrlə həm sırf elmi məqalələr yazmışam, həm də esselər.
Arxivi ilə yaxından tanış olduqca görürəm ki, hələ yazılası mətləblər də yetərincədir.
Ona görə da axtarışlar, tapıntılar, macəralar, sevdalarla... dolu bu ömrü kitablaşdırmağı qət etdim.
Kitab ortaya çıxanadək bəzi məqamları da paylaşacağam.
Elə başlanğıc üçün Əkrəm müəllimin onillər boyu ən sadiq dostlarından olmuş Məmmədağa Sultanovun ona 80 yaşının tamamında öz əli ilə nəqş edərək bağışladığı bir yadigardan söz açıram.
Məmmədağa müəllimin ərəb əlifbası ilə səliqəli, gözəl xətti vardı, yaxşı alimliyindən savayı həm də püxtə şair və mütərcim idi.
1985-ci ilin 31 mayında indi sizə fotosunu də təqdim etdiyim lövhəni hazırlamışdı, orda həm Əkrəm müəllimə həsr etdiyi şe`rini, həm də ürək sözlərini yazmışdı.
Gələcək kitabımızın içərisindəki yerində bu yazıdan başqa mətləblərə də işıq düşəcək. Buradasa onu sadəcə bir yadigar kimi o əlifbadan bu əlifbaya keçirərək təqdim edirəm.
Mənə sağlıqlarında da, indi də həmişə əziz olmuş və beləcə də daim qalacaq hər iki USTADın ruhu şad olsun!

“Tanımaq istəsə hər kim Əkrəmi,
Gərək bir gün olsun onun həmdəmi.
Dərk etsin o necə mahir şairdir,
Bilsin bu alimin nədir aləmi.

Altmış yaşına çatanda Əkrəm,
Yaratdı əruzda başqa bir aləm.
Ləğv etdi mürəkkəb təf `ilələri,
Yerinə qoydu DİL, Nüvə, Can, Qələm.

Əkrəmcan!
Həştad yaşlı cavan qardaş! Səni öpüb təbrik edirəm! Sənə bundan sonra da möhkəm can sağlığı, gənclik ruhu, əmək coşqunluğu və bütün istədiklərinin gül açmasını arzulayıram. Hər gələn günün küçən gündən xoş və məhsuldarlığını istəyirəm. Mən səndən çox şey öyrənmişəm. Sən demisən:

«Bir dəfə gəlmişik bu dünyaya biz,
Qoyma keçsin ömür boş, məhəbbətsiz.
Həyatı məhsuldar keçir, qəmlənmə,
Çalış qəlbin olsun büllurdan təmiz».

Əkrəmdə ölməyən Xəyyam ruhu var,
“Bir dəfə yaşarıq” söyləyər təkrar.
Vaxtını bir an da boş keçirməz o,
Yazar elmi əsər, fəlsəfi əş`ar.

Elmdə tutmuşdur bir ali məqam,
Şe`rdə Caviddən almışdır ilham.
Dostları həmişə onu görmüşdür,
Bir əldə Füzuli, bir əldə Xəyyam.

Əkrəmin yaşı ki həştada çatdı,
Zənn etmə yoruldu, işini atdı.
Lakin başqa cürə qurdu vaxtını,
Gecələr işlədi, gündüzlər yatdı.

Məşhur ustad şair belə söyləmiş: “Bəg-e səbzist tohfe-ye dərviş”.

75 yaşlı gənc dostun Məmmədağa Soltan”.

Rafael Hüseynov

31 mart 2020-ci il

Avropa Şurası Parlament Assambleyasının Azərbaycan nümayəndə heyətinin üzvüdür.
Azərbaycan Respublikasının Milli Məclisinin deputatıdır.
AMEA Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktorudur.
Facebook