RAFAEL HÜSEYNOV AMEA-nın həqiqi üzvü Filologiya elmləri doktoru Professor
Yoldaş Stalinin həllini gözləyən sərəncamı Apr 06, 2020 | 19:17 / Mətbuatda çıxışlar

Onun fəaliyyətlərinə, ömür yoluna da yaxşı bələdəm, yüksək ağlı, idarəçilik qabiliyyəti ilə yanaşı əzazilliklərindən, törətdiklərindən də yetərincə agaham.
Onun adı ilə bağlı sovet siyasi repressiyalarının qurbanlarını da çox araşdırmış, həmin qanlı, əzablı, məşəqqətli dövr haqqında kitablar da yazmışam.
Odur ki, heç vəchlə nə bu qəbil idarəedicilərin, nə də onun başlıca müəlliflərindən olduğu epoxanın xiffətini çəkənlərdən ola bilərəm.
Amma bunu da danmaq mümkünsüzdür ki, Stalin nəhəng dövlətçi olmuşdur və SSRİ-ni qüdrətli bir imperiyaya çevirmək onun əsəridir.
Güclü dövlət isə ən əvvəl idarəedicilikdəki ali peşəkarlıqla, hər cür özfəaliyyətçilik və təsadüfilkilərdən uzaq durmaqla bağlıdır.
Dövlət idarəçiliyindəki ən xırda cizgininsə mütləq və mütləq dövlətçi mənası və siqləti var (və olmalıdır!), bu kompleksin bütün istiqamətlərində daimi həssaslıq, məsuliyyət, diqqət nəbz kimi döyünməlidir.
Yada salmaq istədiyim sərəncamı Stalin 1947-ci il martın 24-də imzalayıb.
Əlbəttə, “Stalinin sərəncamı indiyəcən icrasını gözləyir” ifadəm zarafatdır.
Kimin ağzı nə idi dövlətin başçısının (illah da Stalin kimi bir adamın!) sərəncamı, hökumətin qərarı olaydı və tam halda icra edilməyəydi?!
Söz yox, elə o vaxt bu sərəncamın ən təcili icrası ilə bağlı addımlar da atılıb.
Nədən ibarət idi bu sərəncam?
1941-ci ildə Azərbaycan və Sovet İttifaqı təntənə ilə dahi Azərbaycan mütəfəkkiri Nizami Gəncəvinin anadan olmasının 800 illyini qeyd etməli idi.
Ən ciddi hazırlıqlar da gedirdi.
Ancaq SSRİ-nin də qatıldığı İkinci Dünya Müharibəsi bu niyyətin vaxtında gerçəkləşməsinə imkan vermədi.
Ona görə də 1947-ci ildə Kreml səviyyəsində Nizami yubileyi məsələsinə yenidən qayıdıldı.
“Azərbaycan şairi Nizami Gəncəvinin xatirəsinin əbədiləşdirilməsi haqqında” adlı həmin sərəncamda göstərilir:
“Böyük Azərbaycan şairi Nizami Gəncəvinin anadan olmasının 800 illiyi münasibəti ilə SSRİ Nazirlər Soveti qərara alır:

1. Hər biri ayda 500 manat olamaqla Azərbacan Sovet Sosialist Respublikasının ali məktəblərinin tələbələri üçün Azərbaycan şairi Nizami Gəncəvinin adına təqaüdlər təsis edilsin:

a) S.M.Kirov adına Azərbaycan Dövlət Universitetində – 5 təqaüd
b) V.İ.Lenin adına Azərbaycan Pedaqoji İnstitutunda – 3 təqaüd
v) Azərbaycan Dövlət Konservatoriyasında – 1 təqaüd
q) Azərbaycan Teatr İnstitutunda – 1 təqaüd

SSRİ Nazirlər Sovetinin sədri İ.Stalin

SSRİ Nazirlər Sovetinin İşlər müdiri Y.Çadayev”.

Əslində bu sərəncamın ardı da var.
Bu sənəddə Bakıda Nizami abidəsinin ucaldılması üçün vəsait ayrılması (və nə qədər ayrılması), Bakıda 1947-ci ilin sentyabrında Nizami Gəncəviyə həsr edilmiş təntənəli mərasimin keçirilməsi, Azərbaycan və rus dillərində elə 1947-ci ildə Nizaminin əsərlərinin nəşr edilməsi, yubiley mərasiminə müttəfiq respublikalardan və xaricdən nümayəndlərin dəvət edilməsi, Nizaminin 800 illiyinin keçirilməsi ilə əlaqədar ayrıca respublika komitəsinin yaranması haqda bəndlər də yer alır.
Elə həmin bəndlərə uyğun olaraq da SSRİ Yüngül Sənaye, Toxuculuq Sənayesi, Kağız Sənayesi, Kinematoqrafiya, Əlvan Metallurgiya Nazirliklərinə, SSRİ Nazirlər Soveti yanında Dövlət Kitab-Jurnal Nəşriyyatları Birliyinə göstəriş verilir ki, sərəncamda qoyulan vəzifələri həmin ilin ikinci rübündə yerinə yetirsinlər.
Bütün müəyyənləşdirilmiş vəzifələr ən qısa müddətdə tam həcmdə icra olunur və bu əlbəttə, ayrı daha geniş bir yazıda əksini taparcaq mövzudur. Burada isə mənim diqqət yönəltmək istədiyim başqa mətləbdir.
Əvvələn, bu sərəncam bötövlükdə Nizami Gəncəvi şəxsiyyəti və yaradıcılığına, nəticə etibarı ilə Azərbaycana Kreml səviyyəsində necə yüksək dövlət diqqəti və qayğısı göstərilməsinin əyani göstəricisidir.
Dövlət Nizamini ucaldırdı, amma anlayırdı ki, Nizami də bu yaxşılığı cavabsız qoymur, ölkəni (həm Azərbaycanı, həm SSRİ-ni) daha artıq tanıdır, şöhrətləndirir, dövlətin mədəni qüdrətini aləmə bir daha car çəkir.
Digər tərəfdən məhz bu cür münasibət o dövrdə Nizamişünaslığın Azərbaycandakı gələcək inkişafına güclü təkan verən bir amil idi (hər qəpiyini hansı məqsdlə xərclədiyini unutmayan sovet dövləti bu təqaüdləri ayırmaq haqda qərar verəndə atılan addımın gələcəkdə hansı bəhrələr verəcəyinin də düşüncəsinə dalmamış deyildi).
Həqiqətən də çox keçmədən Azərbaycanda (və eləcə də Sovet İttifaqının müxtəlif respublikalarında) sonralar elmdə aparıcı mövqe tutacaq bir sıra sanballı Nizamişünas alimlər yetişir.
Mənim hədəfim isə indiki halda bilavasitə sərəncamdakı təqaüdlərdir.
1947-ci ildə həmin təqaüdlər təsis edilib və o təqaüdləri ilk dəfə almış 1940-1950-ci illərdəki tələbələrin də əksəri sonradan Azərbaycanın tanınmış insanlarına çevriliblər.
(Elə izinə düşülməli bu mövzunun özü də ayrıca bir araşdırmanın, yaxud ibrətli bir publisistik filmin süjetinə dönə bilər).
İndi o təqaüdlər yoxdur.
Nizami bütün tariximiz boyu Azərbaycanın dünyaya bəxş etdiyi və bu gün də böyüklüyü bütün dünyada tanınan və etiraf edilən müstəsna şəxsiyyətdir.
“Nizami” bu gün Yer Kürrəsində “Azərbaycan” kəlməsi ilə sinonim kimi səslənə bilən sözdür!
Belə Nizami təqaüdləri bu gün də olarsa bir yandan iftixarımız olan Nizaminin xatirəsinin əbədiləşdirilməsi, adının daim gəncliyin dilində olmasına çox münasib vasitəyə çevrilər, digər tərəfdən həmin tələbələrin sırasından sabahın layiqli Nizamişünaslarını hazırlamağa yönələn etibarlı körpüyə dönər.
Nizaminin təbliği və dünyadakı təqdimi yolunda son illər dövlətimizin gördüyü genişmiqyaslı işlər hər cür təqdirə layiqdir.
Baxın, artıq Nizami abidəsi dünyanın neçə ölkəsində ucalır.
Bəs Nizamişünaslığımız nə səviyyədədir?
Təəssüf ki, bu suala sevindirici cavab vermək çətindir.
Biz Nizamişünaslarımızın yeni, güclü nəslinin yetişdirilməsi üçün çox iş görməliyik və bu, sistemli bir fəaliyyət olmalıdır.
Sistemli işlərsə hökmən məxsusi dövlət yanaşmasını, təınzimləməsini, qayğısını və nəzarətini tələb edir.
Nizami bu gün Azərbaycanın ən parlaq rəmzlərindəndir. Ona görə də Nizamiyə müasir dövrdə elmi və siyasi həmlələr hər zaman olduğundan daha çoxdur.
O axının qarşısına çıxmaq üçün isə güclü, hazırlıqlı, ötkəm, elmin dərin qatlarına enməyə qadir, Şərq və Qərb dillərini mükəmməl bilən, klassik Şərq poetikası və mətnşünaslıqda səriştələri olan alimlər gərəkdir.
Bu gün inamla,biliklərinə güvənərək dünyaya təqdim edə biləcəyimiz və sadaladığım meyarlara cavab verən, hansısa mötəbər beynəlxalq elmi məclisdə qarşısında dayanan, əks mövqedən kəskin fikirlər söyləyən bir millətçi fars araşdırıcısının, ermənilərlə iş biriliyində olan, onların yönəltdiyi bir ingilis tədqiqatçısının və bu qəbil yetərincə hazırlıqlı digərlərinin qabağına çıxara biləcəyimiz neçə alimimiz var?
Deyə bilərəm neçə və deməyim məsləhət deyil.
Mən öz imkanlarım, səlahiyyətlərim çərçivəsində nələrsə etmək, cavanları yetişdirmək üçün çalışıram. Lakin bununla müşkül həll edilməz. Bu elə bir köklü məsələdir ki, ona mütləq əhatəli, məhz dövlət səviyyəsində miqyaslı yanaşma və diqqət tələb olunur.
Biz Azərbaycan Nizamişünaslığını arzulanan, olmalı olduğu yüksək səviyyəyə qaldırmağa, əlbəttə ki, Stalinin etmiş olduqlarından artığını etməyə qadirik.
Edək!..

Rafael Hüseynov

etikxeber.az

Avropa Şurası Parlament Assambleyasının Azərbaycan nümayəndə heyətinin üzvüdür.
Azərbaycan Respublikasının Milli Məclisinin deputatıdır.
AMEA Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktorudur.
Facebook