RAFAEL HÜSEYNOV AMEA-nın həqiqi üzvü Filologiya elmləri doktoru Professor
Onun ən ali təltifi Apr 30, 2020 | 20:06 / Tədbirlər

Adlar və talelər arasında izahsız bir cazibə və bağlantı olur. Adlar sanki insanı yönəldir, onun yolunu, həyat və düşüncə tərzini, amallarını səmtləndirir. “Vasif” sözünün mənası “öyən”, “tərifləyən”, “vəsf edən”dir. Bu ad rəssama, şairə, heykəltəraşa – sənət adamına yaraşır. Amma haradan biləsən ki, sənin dünyaya yenicə gəlmiş övladın böyüyüb illər sonra gözəllikləri tərənnüm edən, həqiqətən adı Vasifə uyğun gələn bir sənətkar ola bilər?! Bu, cavabını yalnız vaxtın verə biləcəyi sualdır. Lakin hər halda 1935-ci ildə dünyaya gəlmiş ilkinə bu adı verən Azərbaycanın məşhur xanəndəsi Zülfi Adıgözəlovun (1898-1963) ümidi böyük idi ki, oğlu gec-tez sənətlə bağlana, köküylə-əsliylə qarabağlı olduğuna görə damarında axan qanın hökmüylə o da, ən azı, yaxşı oxuya bilər.
Adı lap çoxdan Azərbaycanın yol, üslub, məktəb yaratmış klassik xanəndələri zümrəsinə qoşulmuş, Hacı Hüsü, Cabbar Qaryağdıoğlu, Məşədi Məmməd Fərzəliyev, Ələsgər Abdullayev kimi qüdrətli xanəndələrlə eyni cərgədə milli muğam ifaçılığı məktəbinin sütunlarından hesab edilən Zülfi Adıgözəlov, əslində, zamanca bizdən çox uzaq deyil. O qədər yaxın ki, sanki onunla bilavasitə təmaslarda olmuşam. 1970-ci illərdə hələ tələbə ikən Azərbaycan radiosunda verilişlər hazırlamağa başladığım ilk vaxtlarda hərdən musiqi redaksiyasının yaşlı əməkdaşları mənə dünən olubmuş kimi xanəndə Zülfi haqqında hələ istisi soyumamış xatirələrini söylər, onun musiqi məktəbinə apardığı oğlanları Vasif və Raufla bu redaksiyaya tez-tez baş çəkdiyindən danışardılar. Zülfi uzaqgörən, gözüaçıq adammış. Özü sırf xalq musiqiçisi, muğamçı olsa da, balalarının Qərb musiqisinin əsaslarına yiyələnməsinə can atırmış. Ona görə də Vasifi fortepiano, Raufu skripka sinfində təhsil almağa qoyubmuş. Sonralar konservatoriyaya daxil olanda da elə həmin xəttin davamı olaraq Vasifi böyük Qara Qarayevin tələbəsi görmək Zülfinin arzusu idi.
Vasif Adıgözəlov Allahın və qan yaddaşının ona bağışladığı istedad, bir də onu heç vaxt tərk etməyən əməksevərliyi, məsuliyyəti sayəsində Azərbaycanın ən seçkin bəstəkarlarından birinə çevrildi. Və düzgün qoyulmuş bünövrənin sanbalı, aldığı mükəmməl təhsilin enerjisi, parlaq müəllimlərinin işığı Vasifi ömrü boyu müşayiət etdi, Qərblə Şərq onun musiqisində daim üzvi vəhdətdə oldu, təpədən-dırnağa milli ruhlu bir bəstəçi qalmaqla yanaşı, dünya dinləyicisinə də eşidilməyə layiq, onlara Azərbaycanı tanıdacaq və sevdirəcək ən müasir ovqatlı əsərlər yaratdı.
Vasif Adıgözəlov mədəniyyətimizə, ictimai-siyasi həyatımıza “altmışıncılar” deyə daxil olan nəsildən idi. 1960-cı illərdə Azərbaycanın da bir parçası olduğu Sovetlər İttifaqının dörd bucağında mədəniyyətin müxtəlif sahələrində, ədəbiyyatda, yaradıcı mühitdə nəfəs genliyi, iradə azadlığı, yenilikçiliyə meyil, üslub təzəliyi ilə seçilən tam fərqli bir mərhələ yaşanırdı. Vasif Adıgözəlovun bəxti həm də sənət yolunun əvvəlinin belə bir münbit vaxta təsadüf etməsində gətirmişdi. Elə bir vaxt kəsiyi idi ki, istedadlı gəncliyin səsi gur eşidilirdi və özünüifadə üçün münasib pəncərə açılmışdı. Əslində, Vasifin debütü 1956-cı ildə, Azərbaycan bəstəkarlarının birinci qurultayı zamanı səsləndirilmiş “Simfonik poema” və “Sonata”sı ilə gerçəkləşmişdi. Dinləmişdilər və bu iki əsər Vasif haqqında peşəkarlara deyilməsi gərək olan həqiqətləri yetərincə söyləmişdi. Çox keçmədən onu Bəstəkarlar İttifaqına üzv qəbul etmişdilər. 24 yaşında! Gününə görə bu, heç də adi hadisə deyildi və belə gənc yaşında İttifaqa qəbul edilməsi Vasif Adıgözəlovın istedadının rəsmi təsdiqindən əlavə həm də bir bəstəkar olaraq daha sərbəst fəaliyyət göstərməsi, yazdıqlarını maneəsiz ortaya çıxara bilməsi üçün qarşısında açılan qapı demək idi.
1963-cü ildə Opera və Balet Teatrında Vasif Adıgözəlovun “Ölülər” operasının tamaşaya qoyulması başlanan uğurlu yolun əyani göstəricisi olmaqla bahəm, həm Azərbaycanın musiqi həyatında, həm də gənc bəstəkarın ömründə əlamətdar hadisəyə çevrildi.
İlk avand addımlardan etibarən bir-birini əvəzləyən müvəffəqiyyətlərin bütün fərəhli cəhətləriylə bərabər ortaya qoyduğu bir çətin şərt də olur: sürəti azaltmaq yasaqdır, qalxdığın yüksəklikdən aşağı enməməlisən, heç vəchlə sənə bəslənən böyük ümid və inamı qırmamalısan! Bu isə usanmadan, gecə-gündüz çalışmağı tələb edir. Vasif Adıgözəlov elə ömrü boyu belə oldı.
Həmişə narahat idi. Həyatda da, sənətdə də. Nə iş görürdüsə, nə yaradırdısa, ora mütləq bütün ürəyini qoyurdu. Ona görə də həyatda nə edirdisə, yaradıcılıqda nə doğururdusa, hamısında mütləq mənada səmimiyyət, həssas ürəyinin döyüntüləri vardı.
Vasif Adıgözəlov konservatoriyanı iki ixtisas – həm bəstəkarlıq, həm də ifaçılıq üzrə bitirən nadir tələbələrdən idi. Ümumən, o dövrdə qeyri-adi olduğu hamılıqla etiraf edilən, lap xüsusi istedadı ilə seçilən tək-tək tələbələrə iki fakültədə oxumaq icazəsi verilirdi. Vasif Adıgözəlovun necə usta pianoçu olmasının qiymətini isə o, hələ ikinci kursda oxuyanda məşhur gürcü bəstəkarı Otar Taktakaşvili vermişdi. Öz əsərini Vasifin ifasında dinləyincə heyran qalmış, “Mənə bundan yaxşı solist lazım deyil!” – demişdi.
Hansısa musiqi alətinə dərindən bələd olan bəstəkarın əsərlərində bunun müsbət təsiri həmişə duyulur. Vasif Adıgözəlov da istisna deyildi və mahir pianoçu olmağının da, muğama yaxından aşinalığının da, özünün qəlbəyatan zümzüməsinin varlığının da əks-sədası bəstələrində hiss edilməkdədir.
Vasif Adıgözəlov sözə elə musiqiyə olan qədər vasvası, həssas münasibət bəsləyən yaradıcı idi. Görünür elə bu məziyyəti də atası Zülfidən rişələnirdi. Çünki Qarabağ xanəndələrinin əksərindən fərqli olaraq, Zülfi Adıgözəlov həmişə yalnız avazın füsunkarlığına deyil, həm də məlahətli səslə çatdırılan sözlərin məzmununa, onların dəqiq-dürüst ifadəsinə diqqət yetirmişdi. Elə bu keyfiyyəti ilə də muğamda qəzəliyyata ayrı bir ciddiyyət və tələbkarlıqla, məxsusi ləzzət qaynağı kimi yanaşan Abşeron muğamsevərlərini ovsunlamış, onların qəlblərini biryolluq fəth etmişdi.
Vasif Adıgözəlovda Azərbaycan ədəbiyyatının qaynaqlarına, solmaz incilərinə, müstəsna qələm sahiblərinə sadəcə məhəbbət yox, həm də ilahi ehtiram duyğusu vardı. Səbəbsiz deyil ki, ilk operasının süjetini Cəlil Məmmədquluzadədən almışdı, daha sonra Mirzə Fətəli Axundzadənin “Hacı Qara” məzhəkəsinin motivləri əsasında Ramiz Mustafayevlə birgə “Xəsis” operettasını yazmışdı.
Son Qarabağ xanının qızı Xurşidbanu Natəvanın sözlərinə bəstələdiyi “Qərənfil” Vasif Adıgözəlovun da, Azərbaycan mahnı və romans xəzinəsinin də şah əsərləri qatarında həmişə əzizlənəcək, heç vaxt təravətini itirməyəcək. Əski şeirimizi, sözün içərisindəki məna və duyğu qatlarını elə bir şair qədər incəliklə, səriştəylə duymasaydı, təbii ki, Vasif Adıgözəlov həmin bəstəsini bu zəriflik və gözəllikdə yarada da bilməzdi.
Vasif Adıgözəlov erkən yaşlarından ağsaqqallıq təmkini və müdrikliyi qazanmış sənətkarlarımızdan idi. Əvvələn soyadından gələn, digər tərəfdən də qüdrətli müəllimlərindən aldığı dərslərdən və tərbiyədən qaynaqlanan milli təəssübkeşlik, vətəndaş qeyrəti, sənətimizin səviyyəsinin, nüfuzunun qorunması naminə cavbdehlik hər an nəbz kimi içərisində çırpınırdı. O, ədalətli, xeyirxah münsif idi. Arzulanmaz, istənilməz bəd axınların musiqimizə qatışmasına, cırlığın, şitliyin, kəmsavadlığın, zövqsüzlüyün mədəniyyətimizin ab-havasını bulaşdırmaq təhlükələrinə qarşı mübariz olduğu kimi, köməyə, dayağa ehtiyacı olanların irəliləməsinə də bacardığını əsirgəməyən idi.
Asəf Zeynallı adına orta ixtisas musiqi məktəbinə rəhbərlik etdiyi illər onun hansısa yazılmamış əsərləri deməkdir. Çünki gününün orada keçən uzun saatlarından əlavə işdən evə qayıdandan sonra da gecəyədək ailəsindən çox məktəbin qayğıları ilə yaşayırmış. Tanıdığı, bildiyi ən qabil muğam ustadlarını tədrisə cəlb edibmiş, tələbə seçimini şəxsi nəzarətinə götürübmüş və bu çalışmaların bəhrəsi də odur ki, sonrakı onillərdə Azərbaycanın ən seçkin ifaçıları mərtəbəsinə qalxan, ən yüksək fəxri adlar qazanan sənətkarların əksəri məhz Vasif müəllimin Asəf Zeynallı məktəbində direktor olduğu vaxtlarda yetişənlərdir.
Bütövlükdə həmin illərdə bu məktəbdəki əməkləri də Vasif Adıgözəlovun daha bir qiymətli əsəri sayılarsa, haqq olar!
Eyni canıyananlıqla, eyni məsuliyyət və diqqətlə Vasif Adıgözəlov Azərbaycan Bəstəkarlar İttifaqına rəhbərlik edəndə çalışdı.
İqtisadi cəhətdən çox sıxıntılı keçid illərində, 1990-cı illərin əvvəllərində xeyli zəngin olan bir həvəskar musiqiçi Vasif müəllimə yaxın adamı vasitəsilə xəbər yollamışdı ki, onu Bəstəkarlar İttifaqına üzv qəbul etsin. Əvəzində ortabab həyat sürən İttifaq sədrinin güzəranını yaxşıya doğru ağlasığmaz dərəcədə dəyişən hədiyyə vəd etmişdi. Bəlkə də bir çox başqalarının vaz keçə bilməyəcəyi həmin şirnikləndirici təklifi Vasif müəllim dərhal tərəddüdsüz rədd etmişdi.
Deyilənlər Vasif müəllimin dilindən eşitdiyim sözlərdir. Bunlar yalnız söz yox, həm də onun sadiq olduğu yaşam meyarlarıdır: “Bu İttifaq Üzeyir bəyindir, Müslüm bəyindir, Qara Qarayevindir, Fikrət Əmirovundur, Cövdət Hacıyevindir, Niyazinindir, Tofiq Quliyevindir... Mən onların açdığı yoldan, onların yaratdığı ənənələrdən necə kənara çıxa bilərəm?!”
Vasif Adıgözəlov vətənpərvər, millətsevər bir şəxsiyyət idi. Qarabağımızın başı üstündə qara buludlar cövlan edəndə onun da ömrünün son dərəcə səksəkəli parçası başlandı. Varlığını saran həyəcanın, haqsızlığa, şərə qarşı etirazlarının ifadəsi olaraq 1989-cu ildə “Qarabağ şikəstəsi” oratoriyasını yazdı. 10 il sonra bəstələdiyi “Qəm karvanı” oratoriyası da, əslində, Vasif Adıgözəlovun Vətən və xalq haqqında mürəkkəb tarixi gedişatdakı nigaran düşüncələrinin musiqiyə çevrilmiş hekayəti idi.
XX yüzilin sonlarının, XXI əsrin əvvəllərinin Azərbaycan gerçəkliyində işlək etdiyi ən ağır anlayış və ən qəmli kəlmələrdən biri “şəhid” sözü oldu. Ömrünün son parçasında yazdığı əsərlərin təxminən hamısında Vasif Adıgözəlovun için-için çəkdiyi həmin şəhidlik acısı və millət qəhrəmanlarının ruhlarına bir ata sevgisi ilə yanaşması duyulmaqdadır.
Vasif Adıgözəlov gənclik dönəmindən başlayaraq milli çərçivələrdən kənara çıxmış bir sənətkar idi. Həm yaradıcılığının siqləti, ümumbəşəri mənası və yükü ilə, həm də elə sırf coğrafi mənada, ad-sanının Azərbaycandan kənara yayılması, bəstələrinin ölkədən qıraqlarda tanınması baxımından.
Vasif Adıgözəlov yalnız Azərbaycanın deyil, türk dünyasının olan bəstəkarlarımızdan idi. Azərbaycan insanı qarşısında özünü nə qədər borclu sayırdısa, eyni vətəndaş məsuliyyəti və övladlıq hissini o, türk dünyasına münasibətdə də daim varlığında daşıyırdı. Belə olmasaydı, onun 1996-cı ildə yaranan və həmin çağdan bəri durmadan bütün türk dünyası boyu səslənən “Çanaqqala 1915” oratoriyası da meydana gəlməzdi.
Vasif Adıgözəlov xoşbəxt bir insan, bəxtiyar sənətkar idi. Onun iftixar etməyə haqqı vardı ki, şərəfli bir nəslin, şöhrətli bir atanın övladıdır. Amma ikiqat qürurlanmağa haqqı vardı ki, heç vaxt nə şanlı soyadının, nə məşhur atasının kölgəsinə sığındı. Nəyə nail oldusa, öz zəhməti və istedadı ilə əldə etdi.
Canlı şahidəm, dəfələrlə mənimlə bu məhrəm hissini də bölüşüb ki, nə yaxşı, oğlu Yalçın da belə oldu.
Yalçın da nə atasının, nə babasının adına və şöhrətinə qısıldı. Sənətdəki bütün zirvələrinə öz səyləri, öz inadları, öz qabiliyyəti ilə yetişdi, yersiz müqavimətləri, paxıl maneələri təkbaşına adladı, Adıgözəlovlar sülaləsinin uğur salnaməsində yeni sevimli səhifələrə imza atmağı bacardı.
Vasif Adıgözəlov dünyanın çoxlu məşhur dirijorlarını görmüşdü. Və Yalçını da seyr edirdi. Onun öz əsərlərini və digər ünlü dünya bəstəkarlarının əsərlərini canlandıran oğlu Yalçın Adıgözəlovu.
Sonsuz dərəcədə xoşbəxt idi ki, o möhtəşəm silsilədə Yalçın Öz Yerindədir. Bir ata kimi sevinirdi, bir azərbaycanlı kimi sevinirdi, böyük sənətə kamil bələd olan yaradıcı kimi sevinirdi. Və ən çox da o səbəbdən məsud idi ki, yol davam edir. Adıgözəlovların sənət karvanı özünə xas, özünə yaraşan ləyaqətlə, yalnız əla səviyyəli sənət nümayiş etdirmək düsturuna sədaqətlə sabaha doğru irəliləməkdədir.
Vasif Adıgözəlov zəngin bir irs yadigar qoyub xalqına. Ən müxtəlif janrlarda bolluca əsərlər yazıb. Operalardan, operettalardan tutmuş oratoriyalara, irili-xırdalı simfonik əsərlərə, kinofilmlərə və tamaşalara bəstələnən çeşid-çeşid musiqilərədək rəngarəng bir silsilə. Hətta uşaq mahnılarında da gücünü sınayıb. 2001-ci ildə mən axırıncı iki yüzildən də artıq müddətdə Şərq və Qərb ölkələrində tərtib edilmiş 300-dən çox müxtəlif “Əlifba” dərsliyinin təcrübəsini öyrənərək yeni bir kitab yazdım. Bu “Əlifba” üçün 50-dən artıq şeir də qələmə almışdım. İstəyirdim ki, onların hamısı nəğmələşsin. O məqsədlə üz tutduğum, ərkim çatan bəstəkarlardan biri də Vasif müəllim idi. Bu məsələyə son dərəcə vacib, milli əhəmiyyətli iş kimi yanaşaraq qısa vaxtda ləngitmədən iki nəğmə yazdı.
Vasif müəllim belə Vasif müəllim idi. O yerdə ki söhbət millət, Vətən mənafeyindən gedirdi, onunçün belə işlərin böyüyü-kiçiyi yox idi, hamısı eyni dərəcədə mühüm idi.
Qara Qarayevin başqa tələbələri kimi, Vasif Adıgözəlovun da mahnıları azdır. Nədirsə, Qara müəllim yetirmələrinin mahnı bəstələməyə çox meyil etməsinə həvəsli deyilmiş. Elə özünün də iki-üç mahnısı var.
Vasif Adıgözəlovun da mahnıları çox deyil, di gəl, hamısı bir-birindən eşidimli, ruhoxşayandır. Elə adlarını çəkincə “Bakı” mahnısının tanış akkordlarını eşidirsən, Şövkət xanımın mehriban səsi gəlir qulaqlarına, ya “Qaya”nın oxusu dalğalanır: “Mən gəzirəm hər yanı”, yaxud az qala xalq mahnısı kimi qavranılan “Naznaz” not-not hafizədə dolaşır...
Bir nəğməsi də var Vasif Adıgözəlovun. Akif İslamzadənin təkrarsız ifasındakı misilsiz “Təkcə səndən xoşum gəlir” mahnısı.
Vasif Adıgözəlov xoşumuz gələn, sevdiyimiz, fəxr duyduğumuz tək bəstəkarımız deyil.
Vasiflərimiz olub, yeniləri də gələcək. Kim bilir, bəlkə üzümüzə gülən gələcəyin içərisində elə Adıgözəlovlar ocağından daha bir bəstəkar Vasif də yetişəcək?!.
Amma hər halda o mahnının adındakı bir həqiqət bu gün və bütün sabahlarda böyük Azərbaycan bəstəkarı Vasif Adıgözəlovun yaratdıqlarının hamısına tam uyğun gələcək.
Vasif Adıgözəlov nə yazıbsa, onlar hamısı həmişə bizimlə qalacaq, həmişə insanların xoşuna gələcək, qəlbinə yatacaq, könüllərdə Azərbaycan sevgisi oyadacaq.
Müdam diri qalmağın, əbədi bəxtiyarlığın bundan gözəl yolu varmı?!
Vasif Adıgözəlov ona nəsib olmuş ömür möhləti müddətində həqiqətən vasif olmağı bacardı.
Yurdunun və türk dünyasının ali dəyərlərini və azman simalarını vəsf etdi, insan mənəviyyatının ən zərif duyğularını tərənnüm etdi, bizi biz edən və ülviləşdirən nəciblikləri öydü.
O, Azərbaycanın VASİFi idi. “Vasif” sözünün hər iki anlamında.
Həm bu xalqın qiymətli balası, həm də bu xalqın aşiqi və tərənnümçüsü!
Vasif Adıgözəlov Azərbaycanın ən ali təltiflərinə layiq görülmüş bir sənətkardır. Lakin onun həyatı boyu qazandığı mükafatların ən yüksəyi budur ki, əbədi yeri behiştlərin ən gözəli – millətinin ürəyidir!

Rafael HÜSEYNOV,
Akademik

Avropa Şurası Parlament Assambleyasının Azərbaycan nümayəndə heyətinin üzvüdür.
Azərbaycan Respublikasının Milli Məclisinin deputatıdır.
AMEA Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktorudur.
Facebook