RAFAEL HÜSEYNOV AMEA-nın həqiqi üzvü Filologiya elmləri doktoru Professor
Bir ömürlük sevda Apr 28, 2020 | 20:53 / Mühüm hadisələr

Onunla mən şəxsən tanış olmamışam, həyatda bircə dəfə də olsun qarşılaşmamışıq. Amma o mənə çox əziz olan iki qiymətli azərbaycanlının həyatına xüsusi rəng, məna, işıq bağışlamış insandır.
Həmin iki qiymətli azərbaycanlı böyük Heydər Əliyevlə İlham Əliyevdir.
Əslində “böyük” ifadəsini elə İlham Əliyevin də adının qarşısında rahatca, layiqli dəyərləndirmə kimi işlətmək olar. Sadəcə, Heydər Əliyevin adı olan yerdə nə qədər güclü olsa belə, ikinci başqasını da kimliyindən asılı olmayaraq “böyük” adlandırmağa dilim, yazmağa əlim gəlmir.
Heydər Əliyev müstəsna idi və mən özümü xoşbəxt sayıram ki, onunla təmaslarım olub, onlu anları, həmin ünsiyyət dəqiqələrindən götürdüyüm dərsləri daim yaddaşımda daşıyıram.
İlham Əliyevin misilsiz zəka, iti ağıl sahibi olduğunu həm uzaqdan, həm yaxından dəfə-dəfə müşahidə etmişəm və sevinirəm ki, millətimin belə üstün təfəkkürlü, qabil övladı var.
O iki seçkin şəxsiyyətin hər birinin ömrümdə nurlu izləri var, mənə dəyər veriblər, diqqət göstəriblər, mən onlara məhəbbət, ehtiram bəsləmişəm, bəsləyirəm və bu duyğular qəlbimdə həmişə var olacaq, əsən, yaxud əsdirilən hansısa yellər də heç vaxt mənim bu düşüncəmi zərrəcə dəyişə bilməz!
Olarmı ki onların həyatının ən əziz insanına elə onlara olan qədər sayğı bəsləməyim?!
Aprelin 28-i akademik Zərifə xanım Əliyevanın doğum günüdür.
Unudulmaz Heydər Əliyevin ömür dostunun, Prezident İlham Əliyevin anasının doğum günü.
O, şərəfli nəslin övladı idi və tale ona bir başqa lütfünü də göstərdi. Tarixdə qalacaq müstəsna insanla yolları qovuşdu. Qədimlərdən gələn inamdır ki, Yerdə könülləri birləşənlərin əvvəlcə Göydə ulduzları qovuşur. Bu qəbil sevdaların tarixçəsinə daldıqca əmin olursan ki, babaların inamı sadəcə hissiyyat deyilmiş. Örnək məhəbbətlər alın yazısı kimi elə insanla birgə doğulurmuş və sən ilahi cazibə ilə mütləq ona sarı getməlisənmiş
Nə qədər qəribə olsa da, Zərifə xanım Əliyevanın adını ilk dəfə uşaqlıqda evimizdə eşitmişdim.
Heydər Əliyev 1969-cu ilin yayında Azərbaycana rəhbər seçiləndə mən orta məktəbdə oxuyurdum və o, ali partiya rəhbərliyinə Dövlət Təhlükəsizlik Komitəsindən gəldiyindən kütlələrə geniş tanış olan bir ad deyildi. Lakin Zərifə xanımı Kürdəmirdə bilənlər bilirmiş, tanıyırmış və Zərifə xanıma görə də həyat yoldaşının kim olmasından agah imişlər.
Heydər Əliyevin hər cür tərifli, təmtəraqlı, yüksək təqdimatlarını mən də az eşitməmişəm, hər biriniz də eşidibsiniz. Fəqət ilk dəfə məktəbliykən evimizdə ağsaqqallarımdan eşitdiyim təqdimat tam təkrarsızdır: “Mərkəzi Komitənin bu təzə Birinci Katibi o vaxt Kürdəmirə traxoma ilə mübarizə aparmağa gələnlərdən olan qızın həyat yoldaşıdır”.
Zərifə xanım göz həkimi idi və təbabətdəki yolunu yeni başladığı cavan çağlarında traxomanın geniş yayıldığı Kürdəmirə ezam edilmiş həkimlər heyətində o da varmış, bizim tərəflərdə olduğu müddətdə neçə insana şəfa da bağışlamağa, neçəsini dünya işığına həsrət qalmaqdan xilas etməyə də müvəffəq olubmuş.
Bu da yadımdadır ki, atamın həmkarı və dostu, sonralar elə mənim də dostum, çox dəyərli insan, kürdəmirli diş həkimi Heybət Mehdiyev hətta Zərifə xanımın traxoma ilə mübarizə illərində onların hansı qohumunun evində yaşadığını da söyləyirdi.
Aprelin 28-i unudulmaz insan, akademik Zərifə xanım Əliyevanın növbəti ad günüdür.
Hər növbəti doğum günüsə, bizləri onun və ulu öndərin 3 il sonra baş verəcək şanlı ildönümlərinə – 100 yaşlarını onlarsız bayram edəcəyimiz çağa yaxınlaşdırır.
İndi, gecə çağında ürəyimdən keçdi ki, budəfəki ad günündə Zərifə xanımla bağlı, son bir neçə ildə yazdığımız 3 nəğməni ilk dəfə qovuşduraraq, bir yerdə diqqətə çatdırım.
O nəğmələrin 3-nün də sözünü mən yazmışam.
“Zəriflik” mahnısını bəstəkarı Faiq Sücəddinov, “Vəfa dərsi” ilə “Zərifdən zərif”inki isə Oqtay Rəcəbovdur.
“Zəriflik” Heydər Əliyevin dilindən yazılmış, bir növ məşhur “Sənsiz” romansının dalğasını özündə yaşadan və xəyalən Heydər Əliyevin dilindən Zərifə xanıma müracət kimi səslənən nəğmədir.

ZƏRİFLİK

Çox istədi qoysun məni dövran sənə həsrət,
Bağlandısa yollar, daha çox artdı sədaqət.
Sən incə, zərif bir gül idin, bəxtimə düşdün,
Hər dürlü bəladan məni hifz etdi məhəbbət.
Sən ömrümə İlham gətirən bir çıraq oldun,
Sönməz o çıraq, getməz o ülfət, o lətafət.
İllər boyu ən məhrəm olan dost səni bildim,
Öz könlümü yalnız sənə mən etdim əmanət.
Hər an ki, səninlə bir idik, nəğmə kimiydi,
Istərdi ürək bilməsin əsla bu səadət.
Sən ömrümə İlham gətirən bir çıraq oldun,
Sönməz o çıraq, getməz o ülfət, o lətafət.
Sən gözlərə nur yaymağa gəlmiş mələk idin,
Nur səpdi mənim taleyimə səndəki şəfqət.
Gördük həyatın hər üzünü, tapdıq, itirdik,
Sevgiylə dolu gündən əziz olmadı nemət.

Bu sözlərə xalq artisti Faiq Sücəddinov gözəl musiqi bəstələdi, xalq artistləri Rasim Balayev və Azər Zeynalov da nəğməni sonsuz məharət və məlahətlə ifa etdilər.
Və ardınca sanki buna cavab olan ikinci şeir və həmin şeirə bəstələnən növbəti mahnı yarandı.
“Vəfa dərsi” adlı bu şeirsə artıq sanki Zərifə xanımın dilindən səslənir, onun öz tale və ömür yoldaşı Heydər Əliyevə müraciəti, sevgi və sədaqət etiraflarlarıdır.
Bu şeirə musiqini görkəmli bəstəkarımız Oqtay Rəcəbov yazdı, gənc müğənni Ülviyyə Tağıyeva da nəğməni hərarətlə, səmimiyyətlə canlandırmağı bacardı.

VƏFA DƏRSİ

Gəldin, gəlişinlə həyatım növbahar oldu,
Mehrin mənə güc verdi, könül bəxtiyar oldu.

Tale sınadı, keçdik onun çox yoxuşundan,
Səndə məni heyran eləyən etibar oldu

Bir dağ kimi gərdin sinəni, haqqa tapındın,
Vaxt imtahan etdi, sənin əzmin açar oldu.

Sevginlə işıqlandı yuvam, qəm unuduldu,
Tutduq əl-ələ, sirdaşımız arzular oldu.

Sən zirvələrin zirvəsi, ulduz kimi parlaq,
Fikrin də, sözün də mənə bir iftixar oldu.

Min-min ürəyə sığmayacaq bir günəş ikən,
Sığdın bu zərif qəlbə, ürək nura yar oldu.

Mən gözlədim hər gün yolunu ilk görüşümtək
Bizdən bu vəfa dərsi də bir yadigar oldu

Və bir-birinin davamı olan bu iki nəğmə bir sarsılmaz məhəbbətin, sədaqətin, vəfanın, etibarın tarixçəsidir.
Bu qısa nəğmələrdə enişli-yoxuşlu bütöv bir həyatın, qətiyyən sadə olmayan taleyin hekayəti var.
Balaca ömrümüz boyu gərək öyrənməyin, ibrət almağın hər fürsətindən istifadə edək. Belə mehr, belə dönməzlik, bunca soyumaz məhəbbətlərsə, həmişə bir ülgü, görk, dərs olaraq qalır.
Gənclər üçün də, elə gəncliyi arxada qalmışlardan ötrü də!..

Üçüncü nəğmə – “Zərifdən zərif” isə Zərifə xanım Əliyevanın özü haqqındadır.
Müəyyən mənada portret nəğmədir. Onun da bəstəkarı Oqtay Rəcəbovdur, ifaçı isə cavan, istedadlı müğənnimiz Nurlan Növrəsli.

ZƏRİFDƏN ZƏRİF

Ruhun zərif, qəlbin zərifdən zərif,
Sən adına, adın sənə bənzədi.
Sözün lətif, səsin xəfifdən xəfif,
Nəcibliyin gültək səni bəzədi.

Yollarında duman oldu, qar oldu,
Dönmədin, ümidlə baxdın səhərə.
Sən bahara, bahar sənə yar oldu,
Nur payladın, nuru itən gözlərə.

Getdin, xəyal kimi, həsrətin qaldı,
Mehrinlə hər zaman qayıdırsan sən.
Getdin, soyumayan şəfqətin qaldı,
Yenə hər gün sevgi oyadırsan sən.

Sən elə insana könül verdin ki
Vətənin ümidi, el dayağıydı.
Sənin məhəbbətin onun ömrünün
Daim işıq saçan gur çırağıydı.

Ruhun zərif, qəlbin zərifdən zərif,
Sən adına, adın sənə bənzədi.
Sözün lətif, səsin xəfifdən xəfif,
Nəcibliyin gültək səni bəzədi.

Yurdun əziz qızı, səndən bu xalqa,
Sevgin kimi parlaq ilhamın qaldı.
Gülləri sevirdin, hər açan güldə,
Xatirən, sabaha inamın qaldı.

Yaşamalı adları daim canlı saxlamaq, yurdun, millətin dünənində və taleyində yeri olanları həmişə, ən azı isə onların doğum və xatirə günlərində anmaq bir borcdur.
Arzulayıram ki, bu nəcib qədirbilmə hissi heç vaxt insanlarımızı tərk etməsin!
Zərifə xanımın da, Heydər USTADın da bu gün bir-birinin yanında uçan ruhları şad olsun!..

Rafael Hüseynov

Akademik

Avropa Şurası Parlament Assambleyasının Azərbaycan nümayəndə heyətinin üzvüdür.
Azərbaycan Respublikasının Milli Məclisinin deputatıdır.
AMEA Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktorudur.
Facebook