RAFAEL HÜSEYNOV AMEA-nın həqiqi üzvü Filologiya elmləri doktoru Professor
Zirvələrdən biri May 07, 2020 | 11:05 / Yubileylər

Unudulmaz Məmməd Cəfər müəllim nurlu şəxsiyyəti, varlığı və fəaliyyətləri ilə məlum və məşhur bir atalar sözünə düzəliş vermiş insan idi. Atalarımız “Alim olmaq asandır, insan olmaq çətin” söyləyiblər. Əslində isə yaxşı alim olmaq da çox çətindir, yaxşı adam olmaq da müşküldür. Amma bunlardan qat-qat çətin olan bir varlıqda həm yaxşı alimi, həm də yaxşı insanı qovuşdura bilməkdir. Məmməd Cəfər müəllimin, ulularımızın o məşhur sözünə düzəlişi də bundan ibarət idi ki, o bütöv şəxsiyyətində, nəcib varlığında həm dərin, müdrik bir alimi, həm də xeyirxah, pak bir şəxsiyyəti qovuşdurmağı bacarmışdı.
Buna isə yalnız çalışmaqla, arzulamaqla nail olmaq mümkün deyil. Gərək fitrətən səndə həm o, həm bu istedadın işığı ola ki, onları yaşadıqca cilalaya, birləşdirə, bu iki üstünlüyün vəhdətini yaratmağa müyəssər olasan.
Məmməd Cəfər buna necə nail olmuşdu?
Dəyərli ustadın böyük hərflə Alim və İnsan mərtəbəsinə yetməsinin çoxlu səbəbləri və təməlləri var və həmin səbəblər və təməllər içərisində, zənnimcə, ən öndə duranlardan biri Məmməd Cəfər müəllimin yaşamış olduğu son dərəcə mürəkkəb həyat, bir də ömründən keçmiş qiymətli insanlar idi.
Belə canlı məktəb sayılası insanlardan biri Abdulla Şaiq idi və onunla bağlı bir xatirəsini Məmməd Cəfər 1960-cı illərin əvvəllərində qələmə də alıb.
Həmin xatiratında Məmməd Cəfər 1946-cı ilə qayıdır və yada salır ki, Abdulla Şaiq SSRİ Ali Sovetinə deputat seçiləcəkmiş, Ağsu, Şamaxı, Kürdəmir rayonlarında seçicilərlə görüşə gedirmiş və onu müşayiət etməyi də tapşırıblarmış Məmməd Cəfərə.
Məmməd Cəfərin öhdəsinə seçicilərlə görüşdə deputatlığa namizədi təqdim etmək, Abdulla Şaiq, onun şəxsiyyəti, yaradıcılığı barədə toplaşanları məlumatlandırmaq imiş.
Görkəmli ədib və müəllim haqqında həmin bilgiləri Məmməd Cəfər əvvəlcədən toplamışdı. Lakin Şaiqlə bütün günü bir yerdə idilər və bu təmaslar əsnasında istər-istəməz bu canlı klassiki lap yaxından müşahidə edirdi, onun haqqında və onun vasitəsilə dünənlər, dünənlərdəki unudulmamalı müstəsna simalar barədə bilikləri dəfə-dəfə artırdı, eyni zamanda Abdulla Şaiqin nə qədər pak, saf bir insan olduğunu daha qaibanə deyil, əyani olaraq seyr edirdi.
Məmməd Cəfər müəllim etiraf edirdi ki, o ünsiyyətlərdən, o təmaslardan sonra daim qulaqlarında Abdulla Şaiqin məşhur misraları səslənirdi:
“İnsanlığa qüvvət deyil, sevgi hakim olmalı,
İnsanlığın qəlbi, ruhu sevgi ilə dolmalı”.

Beləcə, arılar çiçək-çiçək dolaşaraq bal toplayan kimi, Məmməd Cəfər də həyatı boyu rast düşdüyü Şaiq təbiətli daxilən zəngin insanların hərəsindən hansısa məziyyəti canına, varlığına hopdurub.
Və Şaiqin nəsihət, vəsiyyət kimi səslənən misraları da, bir növ, onunçün yaşam meyarına çevrilmişdi – Məmməd Cəfərin qəlbi, ruhu həqiqətən sevgi ilə, mərhəmət duyğusuyla, həlimliklə dolu idi. Və onun ən başlıca qüvvəti də elə bu idi!
Məmməd Cəfər qəlbi, ruhu və qələmi sevgi ilə dolu nadir bir şəxsiyyət idi və onun seçkinliyi yaşadığı zamanda da görünürdü, bu gün artıq həyatda olmadığı zamanlarda da sezilməkdədir...
Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyində illərlə arxivdə qalan, ekspozisiyaya çıxarılmayan iri bir rəsm əsəri vardı. Mən Nizami muzeyinin əsaslı təmirdən sonra ekspozisiyasını yenidən qurarkən başqa onlarca digər dəyərli əsər kimi, bu tablonu da arxiv sükunəti və gözdən kənarda qalmaqlıqdan xilas etdim. Həm də bu tablonu ən böyük tədbirlərin, konfransların keçirildiyi “İstiqlal zalı” adı verdiyimiz məkanda yerləşdirdim ki, daim göz qabağında olsun.
Həmin rəsm əsəri tarixlə doludur – eyni masa arxasında XX yüzillikdə yaşamış və ilk çoxcildlik akademik Azərbaycan ədəbiyyatı tarixini yaratmış böyük şəxsiyyətlər oturublar: Heydər Hüseynov, Həmid Araslı, Məmməd Hüseyn Təhmasib, Mikayıl Rəfili, Mir Cəlal, Məmməd Arif, Mir Feyzulla Qasımzadə...
O böyük insanlar ki, onların qələmi ilə yaradılmış ədəbiyyat tarixi ilə biz keçmişimizin, söz xəzinəmizin dərinliklərinə baş vura bilirik və sonra yaradılan bu qəbil kitabların hamısı da mayasını həmin üçcildlikdən götürür, o cərgədə Məmməd Cəfərin də əziz surəti və adı var.
Məmməd Cəfər Azərbaycan ədəbiyyatşünasları, Azərbaycan ədəbiyyatı tarixini tədqiq edənlər, Azərbaycan ədəbiyyatı nəzəriyyəsini qələmə alanlar içərisində bir sıra özünəməxsus yazı və yanaşma tərzi ilə fərqlənən araşdırıcı idi. Onu təkrarsız edən keyfiyyətlərin ən ilkini bu idi ki, Məmməd Cəfər yetərincə universal idi.
O, bir tərəfdən, XIX yüzil rus ədəbiyyatının dərin bilicisi idi və bu haqda cild-cild kitablar yazmışdı, digər tərəfdən, Nizami Gəncəvinin yaradıcılığını tədqiq edir, şəxsiyyətini öyrənirdi.
Bir-biri ilə xeyli aralı vaxt kəsiklərində yaşayıb-yaratmış Məhəmməd Füzuli haqqında da, Hüseyn Cavid barəsində də monoqrafiya yazırdı.
Fəqət yalnız klassiklərə üz tutmurdu, çağdaş ədəbi prosesin də axarında idi, XX əsrdə ömür sürən, Azərbaycan ədəbiyyatının ona müasir olan yaşlı və cavan simaları barədə, eləcə də özündən bir qədər əvvəlki dövrün şəxsiyyətləri haqqında məqalələr yazırdı.
Məmməd Cəfərin işi sözlə idi və payına düşmüş ömür illəri sözün içərisindən söz çıxaran, ehtiyatsız sözə görə adamın həyatını əlindən alan dövrə təsadüf edirdi.
Bu, fırtınalı, təlatümlü bir dövr idi. 1930-40-50-ci illərdə ədəbi mübahisələr hərdən elə mərdimazar səviyyəyə çatırdı ki, qəzet səhifələrindən ayrı-ayrı müzakirələrdə müxtəlif qələm sahibləri barəsində işıq üzü görən qəddar mülahizələr ayrı-ayrı insanların taleyini biryolluq həll edə bilərdi və Məmməd Cəfərin ədalətli, kübar münsif vəzifəsini yerinə yetirən insaflı qələmi, həm də bu qatmaqarışıq gedişatda istedadları qoruyurdu, damğalana biləcəklərə, üstünə ləkə atılmışlara qahmar çıxırdı.
O, təmkinli, ölçülü-biçili yazıları ilə bir çox yazarı uçurumlardan xilas edə və cəmiyyətə yeni görüm bucağından tanıdaraq qoruya, yüksəldə bildi.
İndi həmin illərin saralmış qəzet qalaqlarını araşdıranda, arxivlərin dərinlərinə girəndə buna da şahid oluruq ki, o əyyamlarda vicdanını iblisə satmışlar necə də bol imiş.
Ona görə də Azərbaycan ədəbiyyatşünaslığının böyük simalarının mötəbər qatarında Məmməd Cəfərin adı həmişə sayğı ilə baxılan zirvələrdən birində dayanacaq, istər insanlıq, istər alimlik baxımındaan üstün bir səviyyəsini nümayiş etdirəcəkdir.
Məmməd Cəfər təkcə ədəbiyyatşünas, münəqqid deyildi, yalnız nəzəriyyəçi kimi tanınmırdı, həm də incə zöqlü yazıçı idi, həssas şair idi. Onun nəsr əsərləri də, doğurduğu publisistika örnəkləri də ortadadır.
Bir yaradıcılıqda, bir şəxsiyyətdə bunca müxtəlif istiqamətlərin və hər istiqamətin də yüksək peşəkar ifadəsinin qovuşması Məmməd Cəfəri müasirləri arasında nadir bir şəxsiyyətə döndərmişdi.
...Məmməd Cəfər müəllimlə ilk tanışlığımız, ilk ünsiyyətlərimiz 1977-ci ilə təsadüf edir. O zamanlar mən Elmlər Akademiyasında yenicə fəaliyyətə başlayan bir cavan idim. Məmməd Cəfər müəllim isə akademik, elmi sanbalı ilə bütün Azərbaycanda tanınan bir alim idi və nə qədər qəribə olsa da, tanışlığımızın səbəbkarı o özü oldu.
Günlərin birində özü məni axtarıb tapdı və görüşdük. İş ondadır ki, ilk tələbəlik illərindən etibarən mən mütəmadi olaraq Azərbaycan Radiosu və Televiziyasında ədəbi-mədəni verilişlər hazırlayırdım. Televiziya və Radio da yeganə olduğundan oradan səslənən hər veriliş, nümayiş etdirilən hər proqram ictimaiyyətin diqqət mərkəzində idi.
Hazırladığım verilişlərdən biri Azərbaycanın vaxtilə çox məşhur olmuş, amma artıq XX yüzilin 70-ci illərində unudulmuş, əksəriyyətə bəlli olmayan şairi və xanəndəsi Mirzə Məhəmmədhəsənə həsr edilmişdi.
Mirzə Məhəmmədhəsən əslən Şamaxıdan olub, XIX yüzilin sonu, XX əsrin əvvəllərində bütün Şirvanın, Qafqazın, həmçinin Yaxın və Orta Şərqin ən məşhur xanəndələrindən sayılıb. Seyid Şuşinski kimi nəhəng “Onu gördüyüm xanəndələrin heç birinə bənzər tuta bilmərəm” söyləmişdisə, artıq bu dəyərləndirmə çox mətləblərdən xəbər verirdi.
Uşaqlıq, gənclik illərində Mirzə Məhəmmədhəsəni görmüş və müasirim olan ağsaqqallardan, müxtəlif arxivlərdən bu sənətkar haqqında xeyli yeni və maraqlı məlumatlar əldə etmişdim. Azərbaycan Elmlər Akademiyası Memarlıq və İncəsənət İnstitutunun elmi arxivində tanış olduğum bir əlyazmada Bülbülün vaxtilə konservatoriyada təşkil etdiyi Xalq Musiqisini Tədqiq edən Kabinə xətti ilə Şamaxıya göndərdiyi ekspedisiyanın hesabatı əks olunmuşdu. Burada Mirzə Məhəmmədhəsənin ifa məharəti, oxu zamanı bəzən özünü unudaraq dizin-dizin məclisin ortasına gəlib çıxması, gözəl qəzəllər yazması, lətif təsniflər qoşması haqda soraqlar tapdım. Bu qeydlərin altında imza qoyan Ərtoğrol adlı şəxs idi. Həm də diqqətimi bu cəlb etmişdi ki, müəllif yazısını “Ərtoğrul” yox, “Ərtoğrol” kimi imzalayıb.
Bu imza mənə bir şey deməsə də, onun yazdıqlarını da verilişimdə səsləndirdim, adını da elan etdim.
Təsadüfən həmin verilişə qulaq asan Məmməd Cəfər müəllim radioya zəng vurur, oradan məni xəbər alır, söyləyirlər ki, akademiyada işləyirəm. Akademiyada isə məni tapmağı, təbii ki, çətin olmadı.
Görüşdük və soruşdu ki, bilirsənmi Ərtoğrol kimdir?
“Bilmirəm”, – dedim.
“O, Hüseyn Cavidin oğlu olub, zavallı həyatdan çox erkən gedib. Soyadı da “Cavid” idi. Atası “xalq düşməni” kimi həbs edildiyinə görə, yəqin, yazılarını belə imzalayırmış ki, bədxah nəzərləri çox cəlb etməsin”.
İllər ötəcək, mənə nəsib olacaq ki, Ərtoğrolun yadigar yazıları ilə bilavasitə tanış olum, faciəli ömür yolunu diqqətlə öyrənim, haqqında məqalələr, kitab yazım. Lakin o vaxt həmin verilişdə Ərtoğrolun adı ilk dəfə idi Azərbaycan efirində səslənirdi.
Ərtoğrol səbəb oldu ki, Məmməd Cəfər müəllimlə ünsiyyətlərimiz başlansın.
Hüseyn Cavid Məmməd Cəfərin ömründə, elə mənim də taleyimdə xüsusi yeri olan dahi şəxsiyyətdir və düşünürəm ki, Hüseyn Cavidin qismətində həm də Məmməd Cəfərin ehtirama layiq, vacib yeri var.
Cavidin bəraətindən az sonra Məmməd Cəfərin Hüseyn Cavid haqqında sanballı monoqrafiyası işıq üzü gördü.
Baxmayaraq ki, bu əsər mürəkkəb bir dövrdə, 20 il əvvəl Cavidi “ifşa etmiş”, qara-qura yazıları ilə onun gedər-gəlməzə göndərilməsini sürətləndirmişlərin əksərinin sağ-salamat, ədəbi meydanda olduğu illərdə yazılmışdı, Məmməd Cəfər nə şişi, nə kababı yandırmadan həm Cavidi ucaltmağı, həm də o köhnə tənqidi məqalələrə yeni günün işığında, kəskinliyə yol vermədən, amma həqiqətləri də gizlətməyərək münasibət bildirməyə müvəffəq olmuşdu.
Ədəbiyyatşünaslığımızda birinci dəfə Hüseyn Cavidin dolğun ədəbi obrazını təqdim etmiş həmin əsərin yarandığı vaxtdan onillər sovuşsa, indi böyük şair və dramaturq haqqında kitabxana dolduracaq qədər bolluca əsərlər varsa da, Məmməd Cəfərin həmin İLKİ qətiyyən köhnəlməyib, dəyərini hifz etməkdədir.
1987-ci ildə mənim Hüseyn Cavid, onun ailəsi, Cavidlərin keşməkeşli iqbalı ilə bağlı “Vaxtdan uca” kitabım işıq üzü gördü və o zaman bu əsər ilk dəfə oçağacan bəlli olmayan xeyli gerçəkləri üzə çıxardığından əl-əl gəzirdi. “Vaxtdan uca” qısa müddətdə bir-birinin ardınca bir neçə dəfə nəhəng tirajlarla nəşr edildi.
Amma kitabın əvvəlinci nəşrinin ilk nüsxələri əlimə çatınca götürüb getmişdim Məmməd Cəfər müəllimin yanına, ürək sözlərimi də yazaraq ən birincilərdən olaraq nübar kitabımı ona hədiyyə etmişdim.
Məmməd Cəfər müəllim o zaman xeyli yaşlı insan idi və çox arzulayırdım ki, baş cavidşünas kimi kitabımı oxusun, fikirlərini söyləsin. Di gəl, yaşını, səhhətini nəzərə alaraq bunun heç də yaxın günlərdə baş verməyəcəyini zənn edirdim.
Amma üzərindən bircə gün keçmiş görüşdük. Gözləri qızarmışdı. Soruşdum nə olub? Soyuqlamısınız, Məmməd Cəfər müəllim?
Dedi yox, sənin kitabını bütün gecəni yatmadan oxumuşam. Bir gecənin içərisində başladım və bitirdim. Hələ bəzi yerləri qayıdıb ikinci dəfə oxuyurdum.
Kövrəldi.
Əlavə elədi ki, mənim Cavid haqqında demək, yazmaq istədiyim, amma vaxta görə edə bilmədiklərimi də yazmısan, üstəlik nə qədər də mənə məlum olmayan təzə məsələləri üzə çıxarmısan. Bunlara görə sənə təşəkkür edirəm.
Qayıtdım ki, mən təşəkkür edirəm ki, Siz olmasaydınız, Sizin yaratdığınız təməl olmasaydı, Cavid haqqındakı bu kitab da yaranmazdı.
Və o zaman mənə Məmməd Cəfər müəllim Cavidlər ailəsi ilə bağlılığına aid bir başqa həqiqəti də söylədi, Cavidin qardaşından danışdı.
İllər sonra mən həmin ad, həmin yaradıcılıq barədə də müfəssəl araşdırma apararaq bir neçə dəfə yazdım.
Hüseyn Cavidin böyük qardaşı Şeyx Məhəmməd Rəsizadə müəllim idi.
Şeyx Məhəmməd Cavidi böyüdüb, oxutdurub, ona savad verib, yəni Cavidə qardaşdan artıq ata əvəzi olub.
Şeyx Məhəmməd Rəsizadə gözəl müəllimliyindən savayı səriştəli ədəbiyyat bilicisi olub. Özünün də qələmi varmış. Məqalələr, şeirlər yazıb, Şərq və Qərb ədəbiyyatından tərcümələr edib.
Məmməd Cəfər müəllimə də Şeyx Məhəmməd Rəsizadə Naxçıvanda orta məktəbdə oxuyarkən ədəbiyyatdan dərs deyibmiş və o söyləyirdi ki, mən əgər ədəbiyyata bu cür aşiq oldumsa, ədəbiyyatın bir çox sirlərinə bu cür valeh olmağı bacardımsa, bunun bünövrəsində Şeyx Məhəmməd Rəsizadənin verdiyi dərslər dayanır.
Beləliklə, Məmməd Cəfəri düşünürkən həmişə gözümün önündə mütləq Cavidin surəti canlanır. Çünki Cavid və Məmməd Cəfər obrazları bir-birindən ayrılmazdır.
Elə Şeyx Məhəmməd Rəsizadə ilə də Məmməd Cəfərin adları mənim gözümdə bir-birindən ayrılmazdır.
Artıq Məmməd Cəfərin həyatda olmadığı zamanlarda Naxçıvandan mənə iri bir çamadan gətirdilər. O çamadanın içərisində onillərcə heç kəsə görsənməmiş əlyazmalar var idi. Şeyx Məhəmməd Rəsizadənin əlyazmaları. Ona gəlmiş müxtəlif məktublar, özünün yazdığı məktublar. Məqalələri, qəzetdə çıxmış yazılarının kəsikləri. Bir də, belə duyulurdu ki, müxtəlif vaxtlarda səliqə ilə qatlanaraq çinlənmiş, hər topası ayrıca bağlanaraq saxlanmış kağız bükülüləri. Bağlamaların kəndirini açıb vərəqləri çevirməyə başladım. Bunlar Şeyx Məhəmmədin müxtəlif illərdə dərs dediyi şagirdlərinin inşaları imiş. Xatirə olaraq əzizləyə-əzizləyə qoruyub saxladığı həmin inşalardan birinin müəllifi isə keçmiş şagirdi Məmməd Cəfər idi.
Məmməd Cəfərin həmin şagird yazısı müəllimi Şeyx Məhəmməd Rəsizadənin arxivində (daha doğrusu, onun dinməz-söyləməz, kimsəylə danışmadan üst-üstə qalaqlanmış bütün yazılarının qalaqlandığı sandıqda) illərcə qalırmış, indi də Cavidin ev muzeyində qorunmaqdadır və düşünürəm ki, o yazı da haçansa işıq üzü görərsə, hələ dünyanı yeni-yeni dərk etməyə başladığı vaxtlardan yeniyetmə Məmməd Cəfərin ədəbiyyata necə məftun olduğunu hər kəsə bir az da aydın göstərəcəkdir.
Məmməd Cəfərin çoxşaxəli yaradıcılığında onun peşəsi deyə müəyyənləşdirə biləcəyimiz əsas istiqamət tənqidçilikdir.
Tənqidçilik qəliz olduğu qədər də şərəfli peşədir.
Həmişə – tarixin bütün dövrlərində və dünyanın hər yerində.
Lakin Məmməd Cəfər elə bir düyünlü zaman kəsiyində ömür sürdü və yazıb-yaratdı ki, həmin sovet onilləri içərisində tənqidçi olaraq vicdan qarşısında alnıaçıq qala bilmək, ləyaqətini qoruyub saxlaya bilmək qəhrəmanlığa bərabər idi.
Elə bir dövr idi ki, kiminsə nöqsanlarını yazaraq onun evini yıxmamaq, yaxud nəyinsə xatirinəmi, ya yuxarıdan sifarişləmi kimisə tərif edəndə tərəzinin gözünü açıq-aşkar əyməməkdən ötrü, dar macalda da imzanın çəkisini, təmizliyini hifz edə bilmək həm çətin, həm də məqamına görə təhlükəli iş idi.
Dövrün siyasi konyunkturlarından tam xilas olmaq mümkünsüz idi. İndi yekə-yekə danışmağa nə var! Hünərin var o günlərin içində yaşayaraq taleyin səni də qatdığı oyunun şərtlərinə əməl edə-edə sifətini də saxlamağa qadir olasan.
Məmməd Cəfərin ustalığı ondan ibarət idi ki, o, sanki tükdən nazik, qılıncdan iti bir körpünün üstü ilə irəliləyə-irəliləyə həmişə özünün tənqidçi vicdanının saflığını qorumağı bacardı, daim ədalət hissini içərisində diri saxladı, heç bir həmkarı, heç bir qələm qardaşı haqqında sonralar xəcalətini çəkəcəyi, ən azı tənha olanda iztirabını daşıyacağı mənfi bir söz yazmadı. Əksinə, gücü yetdikcə badalaq vurulanları, haqsız tənqidlərə məruz qalanları müdafiə etdi, onlara qahmar çıxdı.
Məmməd Cəfərin tənqid yaradıcılığının, ədəbiyyatşünaslıq fəaliyyətlərinin şah əsəri onun Füzuli haqqında araşdırmalarıdır.
Böyük Füzulinin ilahi siqlətli sözü hələ XVI yüzildən, özünün zamanından başlayaraq təzkirəçilərin, şeir xiridarlarının diqqətini cəlb etmişdi və XX yüzil Füzulinin həyatında xüsusi bir mərhələyə döndü.
Məhz bu yüzildə o, sanki yenidən doğuldu, millətinə və dünyaya bütünlüyü ilə qayıtdı, haqqında həm Azərbaycanda, həm dünyanın dörd bucağında çoxlu araşdırmalar aparıldı, yazdıqları neçə-neçə dilə çevrildi.
XX yüzildə Azərbaycanın bir neçə məşhur ədəbiyyatşünas alimi Füzuli yaradıcılığı ilə məşğul olub. Həmid Araslı, Mirzağa Quluzadə, Mir Cəlal onun haqqında monoqrafiya yazıblar. Mir Cəlal Füzulinin sənətkarlıq xüsusiyyətlərini araşdırıbsa, Mirzağa Quluzadə Füzulinin lirikasını öyrənib. Həmid Araslı Füzulinin cildlərini həm nəşrə hazırlayıb, həm də mütəfəkkir şairi bütün yönləri ilə təhlil edərək dəyərli monoqrafiya doğurub.
Ancaq XX əsrin ortalarının bəlli monoqrafiyalar silsiləsi, əks-sədalı Füzuli tədqiqatları cərgəsində Məmməd Cəfərin araşdırmaları xüsusilə seçilir. O, Füzulini yalnız bir məhəbbət şairi kimi araşdırmır. Füzuliyə bir filosof kimi yanaşır. Onun yaradıcılığının nüvəsindəki hikməti, qəlb və düşüncə yanğısını ortaya qoyur.
Təqvim sürətlə gələcəyə doğru şütüyür, Füzuli haqqında yeni əsərlər yazılır, söz yox, sabah bundan da artıqları araya-ərsəyə gətiriləcək. Lakin Məmməd Cəfərin köhnəlməyən əsərləri sırasında onun Füzuliyə həsr etdiyi məqalələri və monoqrafiyası həmişə təzəliyini, gərəkliyini hifz edəcək və Füzuliyə üz tutanları mütləq vadar edəcək ki, bir daha Məmməd Cəfərin yazdıqlarını oxusunlar, oradan bir təkan nöqtəsi kimi yararlansınlar.
Məmməd Cəfər şəxsiyyətinin də, sözünün də, qələminin də sanbalı, çəkisi ağır olan bir kişi idi və həm də son dərəcə xeyirxah adam idi. Onun yazdığı rəy yaşıl işıq yandıra bilirdi, redaktoru olduğu kitabın, rəhbəri olduğu dissertantın, aspirantın yolu açılırdı.
Özü həyatı boyu saysız müqavimətlərə, təzyiqlərə tab gətirməli olduğundan təzyiqlərə üzləşənə kömək, dəstək umana yardımını göstərməkdən heç vaxt qızırqanmırdı.
1980-ci illərin əvvəllərində orta əsrlər Şərq şəhərlərindəki ədəbi-mədəni mühiti öyrənir, müqayisələr aparır, elmimizdə təzə olan şəhər poeziyasını tədqiq edirdim. Bu əsnada mən farsdilli şeirdə “şəhraşub”, türkdilli poeziyada “şəhrəngiz” adlandırılan unudulmuş, müasir ədəbiyyatşünaslığımızda, şərqşünaslığımızda diqqət yönəldilməyən yeni bir janrı ortaya çıxarmışdım. Bu haqda bir məqalə yazdım. Ancaq məqaləni müzakirə elədikdən sonra çapında tərəddüdlər yarandı. 1980-ci illərdə hələ elmi dərgi və toplularımız barmaqla sayılacaq qədər az idi və indinin araşdırıcıları təsəvvür etməz ki, bəzən “Elmlər Akademiyasının Xəbərləri”ndə bir yazını dərc etdirməkçün hərdən illərlə növbə gözləməli olurdun.
Qərara aldım ki, ən azı özümün nə dərəcədə haqlı olduğumu müəyyənləşdirməkçün adil bir alimin mövqeyini eşidim. Yazını verdim Məmməd Cəfər müəllimə.
Məmməd Cəfər müəllim yazını oxuyandan sonra müdrikcəsinə sadə bir həll yolu tapdı. Dedi ki, sən bunu heç bir jurnala vermə, əlavə müzakirələrə də ehtiyac yoxdur. “Elmlər Akademiyasının Məruzələri” var. Orada kəşf, tapıntı səciyyəli məqalələr yalnız bir akademikin rəyi ilə dərhal çap oluna bilir.
Məqalənin üstünə müsbət dərkənarını qoydu və məni də bu mövzunun daha dərinlərinə getməyə həvəsləndirərək dedi ki, bu tapıntı son dərəcə vacibdir, həm milli ədəbiyyatımız üçün, həm də ərəb, fars, hind, türk ədəbiyyatlarında janrın inkişaf yolunun müqayisəli şəkildə izlənilməsi baxımından maraqlı nəticələr verə bilər.
Beləcə, Məmməd Cəfər müəllimin xeyirxahlığı bir neçə il sonra ortaya çıxacaq yeni monoqrafiyamın meydana gəlməsinə uğurlu yol açdı.
Bu, Məmməd Cəfərin nəcibliyindən, xeyirxahlığından deyən və mənim rastlaşdığım bir nümunədir. Ancaq onun eyni qəlb səxavəti ilə yol açdığı, arxa durduğu cavan alimlərin sayı onlarca idi.
Məmməd Cəfər müəllim qılıqlı, səsini heç vaxt qaldırmayan, yumşaq bir insan idi.
Amma lazım gələndə o, qətiyyətli, barışmaz, dönməz olmağı da bacarırdı. Onun daxilində bir ayrı – çox mərd və ötkəm Məmməd Cəfər də vardı və bu, həyatın ağır sınaqlarında sübuta yetmişdi.
Onun mərdanəliyinə, birüzlülüyünə, kişiliyinə tutarlı göstərici olan bu əhvalatı rəhmətlik mənə özü də söyləmişdi, sonralar bir yazısında da bunu əks elətdirib.
1945-49-cu illərdə Məmməd Cəfər müəllim “Ədəbiyyat qəzeti”nin baş redaktoru vəzifəsini daşımışdı.
O zaman 37-38 yaşı varmış və günlərin birində Mikayıl Rəfili redaksiyaya yeni şeirlərini gətirir.
Məmməd Cəfər şeirləri həm ədəbiyyatçı, həm də redaktor gözü ilə oxuyur, orada siyasi nöqteyi-nəzərdən narahatlıq doğura biləcək məqamlar tapır və məsləhət görür ki, xata-baladan uzaq olmaqçün şeirlərə əl gəzdirilsin, bu şəkildə çap edilməsin.
Hörmətlə Mikayıl Rəfiliyə “Bəlkə bir qədər dəyişəsiniz?!” deyir.
Mikayıl Rəfili iradları əsəbiliklə qarşılayır, qətiyyən qəbul etmir, hətta cavan redaktorun nəm-nüm etməsi heysiyyətinə toxunan kimi olur. Hirslə yollanır ağsaqqal yazıçıların yanına, Süleyman Rüstəmə, Süleyman Rəhimova müraciət edir. Onlar da Məmməd Cəfəri çağırırlar ki, nə məsələdir, niyə narazıdır Mikayıl Rəfili?
Məmməd Cəfər də izah edir ki, başımız çəkib, ona görə də filan-filan məqamlara görə istəmirəm şeirləri necə yazılıbsa, o təhər çap edək.
İşi yoluna qoymaq, narazılığı aradan götürmək istəyən Süleyman Rüstəmlə Süleyman Rəhimov Mikayıl Rəfilinin əlyazmasını diqqətlə gözdən keçirirlər, öz aralarında məşvərət aparırlar və Məmməd Cəfərə tövsiyə edirlər ki, bu şeirlərdə sən deyən qorxulu bir cəhət yoxdur, babalı bizim boynumuza, çap elə getsin.
Qəzet çıxır və ertəsi gün bunları çağırırlar Mərkəzi Komitəyə, Mircəfər Bağırovun qəbuluna.
Mircəfər Bağırov qeyzlə deyir ki, axı siz siyasi nöqteyi-nəzərdən ziyanlı, zərərli olan bu misraları necə olub ki, qəzet səhifəsinə çıxarmısınız?
Mircəfər Bağırov sadə adam deyildi. O, birisini hansısa suala aydınlıq gətirmək, hansısa haqq-hesabı çürütməkçün yanına çağırırdısa, onu nədəsə ittiham edirdisə, əvvəlcə təfərrüatı ilə araşdırırdı həmin məsələləri.
Məmməd Cəfərə ikibaşlı sual verir ki, səni kimsə vadar edib bu şeirləri çap etməyə, kimsə tapşırıb, yoxsa bunu öz istəyinlə çap etmisən.
Məmməd Cəfər cavab verir ki, yox, günah yalnız mənimdir. Öz istəyimlə çap eləmişəm, heç kim də məni heç nəyə vadar etməyib.
Mircəfər Bağırov hiss edir ki, bu gənc insan mərdi-mərdanə dayanıb qarşısında, amma heç kəsi satmır, sinəsini qabağa verərək, atəşi öz üzərinə çəkərək Süleyman Rüstəmi də, Süleyman Rəhimovu da ələ vermir, onları müdafiə edir.
O dövrdə belə davranış hər kişinin işi deyildi. Dediyin sözlərə görə öz taleyin həll oluna bilərdi, sabah sənin sədan Sibirlərdən, həbsxanalardan gələrdi.
Mircəfər Bağırov üzünü çevirir Süleyman Rüstəmə, Süleyman Rəhimova: “Siz heç, bu ki cavan uşaqdır, bunu niyə məhv edirsiniz? Bunu niyə belə dolaşıq vəziyyətə salırsınız? Durun çıxın gedin!..”
Məmməd Cəfər səhəri dirigözlü açdığı o axşamın sabahı redaksiyaya gələn kimi könüllü işdən çıxmaq haqda ərizəsini yazır, aparıb verir ağsaqqallara – Süleyman Rəhimovla Süleyman Rüstəmə ki, mən aralanım bu qəzetdən, problemdən uzaq olaq.
Təcrübəli ağsaqqallar deyirlər ki, yox, biz səni çıxara bilmərik işdən. Mircəfər Bağırov lazım bilsəydi, özü çıxarardı. Dünən bu haqda bir şey demədisə, deməli, səni işdən kənarlaşdırmaq niyyəti yoxdur. Qal yerində, işlə.
Yəni ən qart zəmanədə, repressiya illərində, o tuthatutlar zamanında, siyasi girdablar əhatəsində dayananda da Məmməd Cəfər mənliyini, saflığını, düzlüyünü qoruyub saxlaya bilmişdi.
Məhz düzlük, saflıq, təmkin Məmməd Cəfər şəxsiyyətinin, xarakterinin, insanlığının əsas cizgiləri idi ki, həmin keyfiyyət onun bütün yazılarında da, bütün o fotolarında da, yaddaşımızdan silinməyən onlu xatirələrdə də həmişə görünür və daim də görünəcək.

Rafael HÜSEYNOV,
akademik

 
Avropa Şurası Parlament Assambleyasının Azərbaycan nümayəndə heyətinin üzvüdür.
Azərbaycan Respublikasının Milli Məclisinin deputatıdır.
AMEA Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktorudur.
Facebook