RAFAEL HÜSEYNOV AMEA-nın həqiqi üzvü Filologiya elmləri doktoru Professor
Müəllim hər gün dərsdədir May 08, 2020 | 13:59 / Mühüm hadisələr

Bu da bizə istiqlalın daha bir hədiyyəsi oldu.
Heydər Əliyev bir siyasətçi, dövlət adamı kimi böyük idi, onun sovet dönəmində də həmin çağın əksər liderlərindən bir neçə baş ucalığı aşkardı, etiraf edilirdi. Amma sovetlər dövrünün Heydər Əliyevinin sonralar, sanki o köhnə zamandan bir uçurumla ayrılalmış təsiri bağışlayan müstəqillik mərhələsində gördüyümüz, davranışların, özünüifadənin daha sərbəst olduğu illərin Heydər Əliyevindən fərqləri də var.
Əski dövrün mühafizəkar siyasi və inzibati ab-havası, yaşam şərtləri Heydər Əliyevin müstəsna şəxsiyyət olaraq bir çox parlaqlıqlarının üzə çıxmasına manelər də yaradıdmış.
Yeni əyyamlar gəldi, təzə zamanın nabələd olduğumuz, mübarizəli, enişli-yoxuşlu, bəzən dramatik gedişatı Heydər Əliyev bizə və Vaxta əsl siması və tututmunda – yalnız nadir siyasəti, dövlətçi, insan kimi deyil, həm də bir Qəhrəman, Örnək təki təqdim etdi.
Mən də xoşbəxtəm ki, Heydər Əliyevin bir epopeyaya bənzəyən zəngin ömrünün son on ildən artıq ən maraqlı dövründə onunla vaxtaşırı ünsiyyətdə olmaq, ulu öndəri yaxından müşahidə etmək, ondan mütəmadi öyrənmək imkanı qismətimə düşdü.
Bunlar elə dərslər və təcrübələrdir ki, bir ömrə yetər.

***
O gün kədər və qürurla dolu idi.
Əziz insandan ayrılırdıq.
O, çox sevdiyi Bakı küçələrindən son dəfə keçirdi.
Vəzifələri, qulluqları həyatı boyunca elə olmuşdu ki, onun adi insanlar kimi asudəcə küçəyə çıxıb gəzmək imkanı yox idi (ən güclü görünənlər bəzən ən sıravi insanların malik olduğu ən xırda azadlıqlardan məhrum olur!).
Lakin o, Bakını – taleyinin şəhəri olan bu əziz məkanı elə candan sevirdi ki, hərdən-hərdən protokol tələblərini də, vaxt çatmazlığını da bir küncə sıxaraq doğma Bakı küçələriylə addımlayırdı...
2003-ün dekabrında bu, son dəfə baş verdi.
Ömrü boyu o, xalqın önündə getmişdi.
Yenə xalqın, insan dənizinin önündə gedirdi.
Ömrü boyu o, xalqı birləşdirmişdi.
Son yolunu gedirdi və yenə xalqı kiçikdən-böyüyə bir duyğu ətrafında qovuşdura bilmişdi.
Heydər Əliyevlə ayrılıq günü idi.
Amma bu son gediş əslində Heydər Əliyevin ən böyük qayıdışı idi. Bəlkə də Azərbaycan xalqı məhz həmin gün Heydər Əliyevlə vidalaşma anında ona nə qədər böyük məhəbbət və ehtiram bəslədiyini bütün aydınlığı və əzəməti ilə ilk dəfə dərk etdi.
Heydər Əliyev o gün xoşbəxt idi!..
* * *
Vaxtı biz seçmirik, Vaxtın püşkü özü bizi seçir. Vaxt bitməz axarından minlərlə, milyonlarla insanı əridib itirir. Yalnız tək-tək qeyri-adi insanlar varlıqları ilə yaşadıqları zamana da, müasirlərinə də təsir göstərə bilir, beləliklə də içərisində olduqları Vaxtın hüdudlarından qırağa adlayırlar. Bəzən hansısa tarixi şəxsiyyət barədə düşünərkən təəssüflənirsən ki, o, yaşamış olduğu dövrdə deyil, bir qədər əvvəl, ya bir qədər sonra dünyaya gəlsəydi, daha çox fayda verərdi, daha silinməz izlər qoyardı, daha yerində olardı. Lakin Tarixin də öz məntiqi var və Tale hər kəsi məhz öz yaşamalı olduğu, öz sözünü deməli olduğu zamana ezam edir. İlahi Qüdrət nadir şəxsiyyətləri millətlərə və məmləkətlərə sərvət kimi, irs kimi məhz məsləhət bildiyi zaman parçalarında hədiyyə edir.
Yazıya pozu yoxdur və ən böyük YAZI Tarixdir.
Azərbaycan Tarixinin pozulmaz yazısında Heydər Əliyevin adı və möhürü əbədilik qalacaq – bu, şübhəsizdir.
Yarım əsrdən artıq bir müddətdə millətin tarixinə bilavasitə təsir göstərmiş şəxsiyyətin ayrı qisməti də ola bilməz.
O, artıq bu tarixin ayrılmaz bir parçasıdır.
Dəyişən dövrlərə müvafiq olaraq ona baxan gözlər, həmin gözlərin görməsi və qiymətləndirməsi fərqlənə bilər.
Bununla şəxsiyyətin tarix aynasındakı yeri və çəkisi dəyişən deyil ki!..
Hərdən düşünürsən ki, Heydər Əliyev kimi qətiyyətli, cəsarətli, yenilikçi, qəliblərə sığmayan, risksevər bir insanın da ömrünün böyük hissəsi çox cəhətdən çərçivəli, davranışın, danışığın sərt ölçülər, dar hüdudlar arasında mövcud olduğu sovet əyyamlarına deyil, daha sərbəst olan başqa zaman zolağına düşsəydi, o, bir az çox açılardı, özünüifadəyə daha münbit meydan tapardı, tarix səhnəsində yeni-yeni keyfiyyətləri, məziyyətləriylə görünərdi.
Amma orası da var ki, Heydər Əliyevin bir şəxsiyyət olaraq ayrı dövrdə deyil, məhz bu zaman kəsiyində yaşayıb fəaliyyət göstərməsi həmin dövrün BU CÜR olmasını müəyyənləşdirən əsas amillərdən birinə çevrildi.
Bəlkə də belə miqyasa malik bir güc sahibi Azərbaycanda XIX yüzillikdə də olsaydı o əsrimiz, XVIII, ya XVII əsrlərdə olsaydı həmin yüzillərimiz başqa cür cərəyan edərdi.
Bu fərziyyələrə qapılmağa əsas verən örnəklər var.
Tarix Azərbaycana yaxşını pisdən ayıra bilməyin qeyri-adi bir fürsətini də verdi – Heydər Əliyevsiz Azərbaycanın necə ola bilməsini, Heydər Əliyevsiz Azərbaycanın hansı məşəqqətlərə düçar olmasını da hamımıza göstərdi: XX əsrin 80-ci illərinin sonları – 90-cı illərinin əvvəllərini ONSUZ yaşadıq və gördük nələr baş verir! Gördük səmtimiz nə təhər dəyişir, gördük illərlə qazandıqlarımızı nə asanca itirə bilirik!
* * *
İkinci Heydər Əliyev olmayacaq.
Doğrudur, əslində hər insan təkrarsızdır. Amma gördüyü nəhəng işlərlə, keçdiyi böyük yolla, şəxsiyyətinin əzəməti ilə bir-birinə oxşayan insanlara hər halda tarixdə rast gəlinir.
Heydər Əliyevsə bütün daxili istedadlarından əlavə, həm də mühitin, içərisindən keçdiyi zamanın övladı idi. Onu yetirmiş mürəkkəb mühit və zamansa artıq keçmişdir – bir daha təkrarlanması mümkün olmayan keçmiş. Ona görə də hətta təbiətən Heydər Əliyevin yiyələndiyi bütün qabiliyyətləri daşıyan başqa bir insan yaransa da, Heydər Əliyevin yaşadığı qədər qəliz, çoxrəngli, özünəməxsus məntiqləri olan epoxaların məktəbində dərs almadığından o şəxs heç vaxt Heydər Əliyev qədər dərin, əngin, miqyaslı olmayacaq.
Sovet “KQB”-sinin sıravi əməkdaşından general rütbəsinəcən, kommunistlər ordusunun sıra nəfərindən Kreml liderlərindən birinə qədər yüksəlmək elə möhtəşəm universitetlər idi ki, o yolu qədəm-qədəm adlayandan sonra çox üstün qafalı insanşünas və cəmiyyətşünasa çevrilmək labüd idi.
Bundan sonra fitri istedadı qat-qat artıq şəxslər dünyaya gəlsə belə, nə o universitetləri, nə o yolu keçə biləcəklər.
* * *
Vaxt hamımızdan güclüdür.
Arxada qalan təlatümlü illər, xüsusən də XX əsrin dünyanın simasına dəyişən son çərəyi özüylə yalnız XX əsri və II minilliyi aparmadı. Sovuşan vaxt xeyli anlayış və dəyərləri də qeyb etdi. O anlayış və dəyərlərlə birgə isə zahirən çox qadir görünən bir çox insanları da zaman selləri öz heybətli dalğalarıyla yuyub apardı.
XX yüzilin son parçasının burulğanları Heydər Əliyevi də sovurmağa, girdabına çəkməyə, siyasət, dövlətçilik, qaynar fəaliyyət meydanından qoparıb aparmağa cəhd etdi...
Və möcüzə baş verdi!
Vaxt burulğanının Heydər Əliyevə gücü çatmadı!
Adətən belə olmur axı!
Bu, təbii gedişata zidd, uyuşmaz kimi təsir bağışlayır axı!
Amma oldu!
Bu, adi insanların iradəsi və imkanından kənar olan bir hadisədir.
Bu, artıq möcuzə deməkdir!
Ömrü boyu qarşısına çox məqsədlər qoyaraq həmişə niyyətinin ardınca sona qədər ardıcıl, inadcıl mübarizə aparmış, ardıcıl, inadcıl, usanmaz olduğu üçün də həmişə uğura çatmış Heydər Əliyev bu dəfə həyatı uzunu rastlaşdığı ən böyük rəqibi – Vaxt Burulğanını yenə bildi.
Bu qeyri-bərabər mübarizədən, amansız sürətlə dəyişən və uçub gedən Zamanla çəkişmədən qalib çıxmaq, sanki hər şeyi təzədən başlamaq üçün Heydər Əliyev səhhətə də, yaşa da üstün gəldi.
Ömrü boyu insanlarla işləmişdi və insanları ram etməyin, kütlələri idarə etməyin çox gizlinclərinə vaqif idi.
Amma indiki halda təbiəti də öz iradəsinin hökmünə tabe etməli idi.
Edə bildi!
Həmin zaman dəyişikliyi, dövr başqalaşması, əsrlər əvəzlənməsi əsnasında Heydər Əliyev cavan deyildi, bütün vəzifələrini itirmişdi, bağında oturub dincələn, ömrün qalan parçasını yaxşı halda, imkan versələr, sakit təqaüdçü güzəranı keçirməklə başa vurmalı bir klassik idi.
Bu tale ilə barışmadı.
Xalqının və yurdunun həyatındakı məsul məqamda öz Sözünü demək, faydasını vermək, ömrü boyunca qazandığı bilik və səriştələri ölkəsinin yeni dirçəlişinə sərf etməkçün, bu mücadiləsində yenə BİRİNCİ, yenə ÜSTÜN, yenə QÜDRƏTLİ olmaq üçün QAYITDI.
(Tarixdə misli az tapıla biləcək bu qayıdışın, qəddar siyasi rejim və saysız-hesabsız rəqiblərlə qeyri-bərabər mübarizədən qalib çıxmağın nəticəsi olan həmin dönüşün mərhələlərini yarpaq-yarpaq yaddaşımızda çevirdikcə bütün bunları görmüş sadəlövh və sadədil siyasət həvəslilərinin Heydər Əliyevin hansı QÜDRƏTƏ sahib olduğunu biləndən sonra da onunla qarşı-qarşıya dayanıb mübarizə aparmaq kimi xam xülyalarına, boş iddialarına vaxt ötəndən sonra bir daha təəccüblənməyə bilmirsən).
Heydər Əliyevin qayıdışı bütün başqa xüsusiyyətlərdən əlavə, bir də ona görə əlamətdar oldu ki, (bunu bir daha vurğulamağa məcburam) o, Vaxta qalib gələrək qayıtdı və onun bacarıqlarının, qüdrətinin arxada qalan ömür parçasının imkan vermədiyi bir çox incəlikləri də bütün aydınlığı və möhtəşəmliyi ilə hər kəsə əyan oldu.
Yalnız bizlər – soydaşları deyil, Moskvada, Kremldə onunla çalışmışlar deyil, bütün dünya Heydər Əliyevin yeni zaman içərisindəki böyüklüyünü, qeyri-adiliyini gördü, təsdiqlədi, heyran qaldı.
Bir dəfə mənə Heydər Əliyevin Kreml illərindən son dərəcə maraqlı anlar barədə söz açan bir moskvalı siyasət adamı: “Siz yaxşı millət deyilsiniz. Heydər Əliyev kimi dahi şəxsiyyətə qarşı nankor oldunuz. Kremldə işlədiyi vaxt onun haqqında Moskvaya qalaq-qalaq donoslar, şikayət ərizələri, adsız, imzasız ifşa məktubları – anonimlər göndərdiniz”, – dedi.
Cavab verdim ki, yanılırsınız. Biz qədirbilən millətik və haqlı olaraq dahi adlandırdığınız Heydər Əliyevi də Azərbaycan xalqı yetirib, bu qəbil övladlar yetirən xalq pis, nankor ola bilməz. Əlbəttə, Azərbaycanda hər bir rəhbər kimi, ondan da narazılar vardı, olsun ki, Moskvaya onun barəsində Azərbaycandan, doğrudan, tək-tək məktublar gedib. Lakin Heydər Əliyevi yıxmağa yönələn və azərbaycanlıların adından yazılan dediyiniz həmin məktublar selininsə əsas təşkilatçıları ermənilər olub. Özü də həmin kağızların əksəriyyəti Bakıdan, Azərbaycandan yox, Ermənistandan, Gürcüstandan yola salınırmış. Zərflərin üstündəki Ermənistan, Gürcüstan möhürlərini də ermənilərin Kremldəki fitnəkarları guya Azərbaycandan belə məktubların çıxmasının qarşısının poçt şöbələrindəcə alınmasıyla izah edirlərmiş.
Erməni lobbisi Heydər Əliyevin – qüdrətli azərbaycanlının Kremldəki ucalışına dözə bilmirdi.
Nə qədər ki Heydər Əliyev orada idi, nə ona bata, nə Azərbaycan əleyhinə qara məkrlərini həyata keçirə bilirdilər. Nəhayət, ən müxtəlif vasitələrlə Heydər Əliyevin Kremldən uzaqlaşdırılmasına nail olandan sonra Qarabağ tonqalını da alışdırdılar...
* * *
Heydər Əliyevin nəvaziş göstərdiyi, himayəsini əsirgəmədiyi qiymətli yaradıcılardan olan mərhum teatrşünas və mollanəsrəddinçi jurnalist Qulam Məmmədli nağıl eləyirdi ki, XX əsrin iyirminci illərində, indiki “Səadət sarayı”ndakı otaqlardan birində onlara dərs keçən o çağın məşhur ədəbiyyatşünas alimi, professor İsmayıl Hikmətə Mirzə Ələkbər Sabirin nə dərəcədə böyük şəxsiyyət olması ilə bağlı sual veriləndə ustad dalğınlaşır: “Mənim cavan dostlarım, biz bu gözəl binanın içərisindəyik və onun füsunkarlığı haqqında, sadəcə, təsəvvürümüz var. Amma bu binadan çıxıb xeyli aralansaq, onu uzaqdan bütövlüyü ilə seyr etsək, gözəlliyinə daha artıq valeh olacaq, əzəmətinə daha artıq heyrətlənəcəyik. Sabirlə bizim hələ nə məsafəmiz var ki! O, müasirlərimiz kimidir. Onun böyüklüyünü zamanlar ötdükcə, gələcəyin uzaqlarından seyr elədikcə daha aydın görəcəyik”.
Heydər Əliyev bizimlə eyni günlərin içərisində yaşayırdı, bəxtimizə dahi ilə müasir olmaq səadəti düşmüşdü və əl çatacaq qədər yaxında olsa da, onun əlçatmaz qədər uca şəxsiyyətinə heyran idik. Lakin millət öndəri Heydər Əliyevin Kimliyini, onun təfəkkürünün ənginliyini, əməllərinin qiymətəsığmazlığını və ən mühümü, Təzədən Qayıdaraq Azərbaycanın müstəqillik tarixinin yeni və ən şərəfli səhifələrinin müəllifi olmasının Ali Mənasını bizdən sonra gələnlər sabahdakı onillərin zirvələrindən daha dəqiq görəcəklər. Və inanıram ki, onlar bizlərdən daha qərəzsiz, daha ədalətli, daha insaflı olduqlarından Heydər Əliyev şəxsiyyətinə və onun əməllərinə bizim verdiyimizdən qat-qat yüksək və dürüst qiymət verəcək, adını bizim tutduğumuzdan daha əziz tutacaqlar.
Bu, labüddür. Əvvələn ona görə ki, böyük həqiqətlər uzaqdan daha yaxşı görünür, ikincisi də ona görə ki, dünya əvəz-əvəz dünyasıdır və Heydər Əliyev özü həmişə dirinin də, ölünün də layiq olduğu əsl qiyməti və ehtiramı imkanı çatan qədər əsirgəməməyə çalışıb.
Şəxsən şahidi olduğum əhvalatdır – yazıram ki, bu nəciblik də tarixdə qalsın, unudulub itməsin.
Həmin Qulam Məmmədli ki az qala bir əsr ömür yaşamışdı və bu bir əsrə çatan ömrünü doğrudan-doğruya xalqa həsr etmişdi, sənət tariximizlə bağlı bir neçə institutun görə biləcəyi həcmdə işlər görmüşdü, – günlərin birində dünyasını dəyişdi.
Ömrünün xəstəliklərlə müşayiət olunan son nigaran aylarında onun ailəsinə müntəzəm baş çəkirdim və bir səhər evimizə Qulam müəllimin həyat yoldaşı niyəsini söyləmədən zəng vurubmuş ki, Rafael bizə gəlsin.
1994-cü ilin 18 noyabrı idi, hələ indiki kimi hərənin bir-iki cib telefonu olan vaxtlar uzaqdaydı, mobil rabitə hələ Bakıya yetişməmişdi.
Arada evə zəng vurmuşdum və mənə Qulam müəllimgildən olan xahişi çatdırdılar.
Zənn elədim yenə nəsə dava-dərman lazımdır.
Qaçan işlərimi görəndən sonra yollandım onların Səməd Vurğun küçəsindəki mənzillərinə.
Elə pilləkənləri qalxıb mərtəbələrinə yetişəndə ürəyim sancdı.
Giriş qapıları açıqdı.
İçəri keçdim və gördüm ki, artıq hər şey bitib – Qulam müəllim keçinib.
Həyatını millətə və mədəniyyətimizə xidmətə həsr etmiş bu dəyərli alim, qələm sahibi çəkdiyi zəhmətlər müqabilində, ən azı, təntənəylə, hörmət-izzətlə dəfn olunmaq haqqını qazanmışdı.
Ailəsinin isə hətta yığcam bir hüzr təşkil etməyə maddi imkanı yox idi.
Şənbə günü idi.
Yazıçılar İttifaqında, Mədəniyyət Nazirliyində bir kəsi tapa bilmədim. Moskvada Füzulinin yubiley təntənələrinin keçirilməsi ilə əlaqədar hər iki təşkilatın rəhbərliyi səfərdəydi.
Mədəniyyət Nazirliyinin köhnə tanışım olan bir idarə rəisi telefonla mənə söylədi ki, boş yerə əziyyət çəkmə, Qulam Məmmədlinin ən yüksək fəxri adı “Əməkdar mədəniyyət işçisi” olub. Həmin səbəbdən ona, bəlli ənənəyə görə, heç İkinci Fəxri xiyaban da düşmür.
Teatr Xadimləri İttifaqına zəng vurdum ki, heç olmazsa, cənazənin Aktyorlar evindən götürülməsini həll edim.
İttifaqın sədri qayıtdı ki, gərək bizə yuxarıdan tapşırıla.
Dedim: “Əlinizin altında hökumət telefonu var, siz yuxarıya çatdırın ki, bu hadisə baş verib, axı onların xəbəri yoxdur”.
Kimə deyirsən!
Gümanım gələn yerlərdən ümidim kəsiləndən sonra o vaxtlar tez-tez gedib-gəldiyim Xarici İşlər Nazirliyinə üz tutdum. Nazir Həsən Həsənova əhvalatı danışdım.
Dərhal dəstəyi götürüb Prezident Heydər Əliyevə məlumat verdi ki, Qulam Məmmədli vəfat edib.
– Sən hardan bilirsən?
– Rafael burda, yanımdadır, o söylədi.
Prezidentin reaksiyası anındaca oldu:
– Rafael bu dəqiqə Aparata gəlsin, bizimkilərlə nekroloq hazırlasınlar ki, televiziyanın axşam “Xəbərlər”inə çatsın. Sabah bazardır. Cənazəni bir gün saxlasınlar. Bazar ertəsi dəfni ən yüksək səviyyədə keçirin, vidalaşma filarmoniyada olsun. Özüm də gələcəyəm.
...Prezident mərasimə gəldi, Qulam Məmmədlinin tabutu yanında fəxri qarovulda dayandı, rəsmi vida sözlərinin altındakı ilk imza da Heydər Əliyevinki idi...
Xatırladıqca bu əhvalat hər zaman məni duyğulandırır, riqqətə gətirir.
Belə olmaya da bilərdi.
O xəbər Prezidentə çatmazdı və ömrünü başa vuran Qulam Məmmədli Bakının ən sıravi qocalarından biri kimi qəbir evinə köçərdi.
1897-ci ildə Təbrizdə dünyaya gəlmiş və dünyanın hər üzünü görmüş, iyirminci əsri az qala əvvəldən sonacan yaşamış Qulam Məmmədlinin özü üçün təmtəraqlı, yaxud soyuq yolasalmanın, hansı qəbiristanlıqda basdırılmasının daha istisi-soyuğu yox idi.
Amma sabah Qulam Məmmədli ola biləcək bir gənc görəcəkdi ki, bir millət və sənət fədaisinin sonu necə oldu. Və o gəncin içərisində mütləq nəsə sınacaqdı. O gənc, yəqin, sabahın Qulam Məmmədlisi olmağa tərəddüd edəcəkdi. Ya bəlkə də “Axırı budurmu?!” təəssüfü ilə yolunu dəyişəcəkdi, Qulam Məmmədlinin açdığı millətəxeyir cığırla getməkdən vaz keçəcəkdi!
Prezident Heydər Əliyevin Qulam Məmmədliyə bu ehtiramı mərhumun ailəsinə təsəlli, qürur bağışladı və olsun ki, hələ heç birimizin tanımadığımız – sabah Qulam Məmmədli olacaq bir gəncə (və çox-çox başqalarına) ibrət dərsinə döndü.
Heydər Əliyevin ömrü boyu verdiyi belə dərslər, belə ibrətlər nə qədər olub!
Hərə birini yada salıb yazsa, elə ayrıca kitab alınar.
Heydər Əliyevsə o xeyirxah işlərini görəndə, təbii ki, bunların nə dərs, nə də ibrət olacağını düşünürdü.
Ağlı və ürəyi belə kəsirdi, onunçün belə edirdi.
Amma müəllimlik zatında, təbiətində olduğundan həmişə hər əməli də elə bir dərs, örnək görüntülü, bir ibrət mahiyyətli idi.
* * *
Şərq dühasının yetirdiyi fövqəladə dövlətçilərdən Teymurləng “Hökmdarın sözü qılıncdan iti olmalıdır” söyləyib.
Heydər Əliyev ən əvvəl bir dövlət başçısı üçün çox mühüm olan qüvvətli zabitə sahibi idi. El içində belə şəxsiyyətlərə “zəhmli adam” deyirlər. Belə insanlar görünməz bir enerji saçır və onların təsirinə qapılmamaq, onların sözünün əksinə getmək, dediyindən qırağa çıxmaq iradədən kənar olur. Heydər Əliyevin insanları təsiri altına çəkən qaçılmaz maqnitizmi vardı. Bu maqnitizmin, cəlbediciliyin bir tərəfi tabe olmağa vadar edirdisə, bir tərəfi də qarşıdakını ona ürək bağlamağa, mehr salmağa cəzb edirdi.
Və bir də, Heydər Əliyev iti söz sahibi idi.
Sözünün kəsəri olan başçı idi.
Kimin nə həddi vardı onun bir sözünü iki eləyə!
Bu keyfiyyət isə havadan yaranmır.
Gərək daim özün öz sözünə sadiq olasan, öz sözünün çəkisini hifz edəsən ki, başqaları da sənin sözünə danışıqsız tabe olmaq məqamına yetişə.
Moskva illərində, SSRİ Nazirlər Sovetinin birinci müavini işlədiyi çağlarda həmişəki kimi çalışmaqdan yorulmayan, həmişəki kimi bəlli iş saatlarından xeyli artıq müddətdə iş başında olmağa adət etmiş Heydər Əliyev şənbə günləri tabeçiliyində olan nazirlər, komitə sədrlərini dəvət edərək toplantılar keçirməyə başlayır.
Şənbə-bazar günləri bağlarına çəkilərək istirahət etməyə adətkərdə olan bəzi nazirlər əvvəl-əvvəl Heydər Əliyevin yığıncaqlarına müavinlərini göndərsələr də, az sonra anlayırlar ki, bu zarafat onlara baha başa gələ bilər.
Ötən iclasda iştirak etməmiş bir nazirdən Heydər Əliyev niyə keçən səfər özü gəlməyib müavinini toplantıya yolladığını soruşanda nazir: “Bağımda dincəlirdim, gül-çiçəyi sulayırdım”, – cavabını verir.
“Hə? Gül-çiçək sulayırdınız? Lap yaxşı... Dincəlin...”
Ertəsi gün o naziri göndərirlər layiqli dincəlişə – təqaüdə.
Və bu, bütün digərlərinə görk olur.
Nazirlərin Heydər Əliyevin toplantılarına öz müavinlərini yollamaq vərdişi birdəfəlik tərgidilir.
* * *
Heydər Əliyev Sözə münasibətdə çox həssas idi.
Sözün də, söz əhlinin də həm qiymətini, həm yerini, həm də gücünü bilirdi. Çünki Heydər Əliyev özü də böyük söz adamı idi.
Qarşısındakını kimliyindən, yaşından, məqamından, çinindən asılı olmayaraq həmişə axıracan, hövsələylə dinləməsi də ilk növbədə Heydər Əliyevin Sözə hörmətindən irəli gəlirdi.
Lap cavanlığından Heydər Əliyev zabit poqonları daşımışdı, generallığacan yüksəlmişdi, üstündə silah gəzdirmək hüququ olmuşdu.
Ancaq silahı olanda da, olmayanda da o, Silahlı idi.
Heydər Əliyevin ən misilsiz, daim tən hədəfə vuran silahı Söz idi.
Heydər Əliyev elə mahir siyasət sərkərdəsi idi ki, Sözün vasitəsilə qalaq-qalaq silahların, sıra-sıra qoşunların görə bilməyəcəyi işləri görməyi bacardı.
Onun Sözə sayğısının ayrı bir əlaməti ana dilimizi səlis, rəvan, səriştə ilə, sözü incitmədən, sözə sevgi ilə məftunedici cəlbediciliyə malik nitqində canlandırması idi.
Heydər Əliyev natiqliyinin bir özəlliyi də vardı.
Onun fenomenal yaddaşı barədə rəvayətlər söylənir. Lakin elə iti yaddaşlı adamlar var ki, anbar kimi hər eşitdiyini alıb saxlayır, üst-üstə qalaqlayır, gərək olanda isə həmin qarmaqarışıqlıqdan istədiyini eşib çıxara da bilmir.
Heydər Əliyevin kəskin hafizəsinin bir özəlliyi də unutmamaqdan əlavə, yadında saxladıqlarından hər birini məhz zəruriyyət anında elə bir saniyə öncə əli ilə qoyubmuş kimi, dərhal alıb ondan yararlana bilməsi idi.
Həmin iti və ani seçmə bacarığı olan hafizəsinin sayəsində Heydər Əliyev dilimizin rəngarəng söz yatırından bir çox yazıçıdan, qəzetçidən, aktyordan da artıq məharətlə bəhrələnə bilirdi.
Hərdən onun nitqində elə məhrəm el sözləri, ifadələr, zərbülməsəllərlə rastlaşırdın ki, məəttəl qalırdın – bu söz bu anda haradan ağlına gəldi!
Araşdıran olsa, müəyyənləşdirər ki, Heydər Əliyevin nitqi söz sayı, lüğət tərkibinin əlvanlığı, ifadə təlqinediciliyi sarıdan bəlkə də müasiri olduğu azərbaycanlılar arasında ən müqayisəsiz genişliyə, bolluğa malik olub.
Bunun arxasında ilk növbədə zəhmət, alın təri, daim öz üzərində işləmək vərdişləri dayansa da, unudulmaz Heydər Əliyev təvazö ilə əsas səbəbi başlanğıcdan yaxşı müəllimlərinin olmasında görürdü.
Əslində, bu da haqq söz idi.
Həmin müəllimlərdən birinin, Hüseyn Cavidin böyük qardaşı – müəllimliyindən savayı mütərcim, araşdırıcı, qəzetçi və nəhayət, yalnız yaşadığı Naxçıvanda deyil, bütün Azərbaycanda sayılan bir ziyalı olmuş Şeyx Məhəmmədin arxivini bitdə-bitdə araşdırmışam. Belə bir qənaətə gəlmişəm ki, qardaşı Cavidin də ilk müəllimliyini etmiş, sonralar məşhurlaşacaq neçə Azərbaycan ziyalısının yetişməsində əvəzsiz xidmət göstərmiş Şeyx Məhəmməd gerçəkdən tayı-bərabəri olmayan müəllim imiş. O cür müəllimin Heydər Əliyev kimi yetirməsi olması, o cür müəllimdən ana dilinin təməl dərslərini alanın ana dilinin ən ali hamisi və keşikçisinə çevrilməsi də bir qanunauyğunluqdur.
“Bizi çox sıxışdırırdı, amma çox yaxşı da öyrədirdi. İndi hiss edirsən ki, nə qədər haqlıymış”.
Bu, ana dilimizin sədaqətli qayğıkeşlərindən olmuş, dilimizi nəğmə kimi sevmiş, qəşəng dilimizin hər sözünü sevərək dilə gətirmiş millət rəhbəri Heydər Əliyevin öz ana dili müəllimi haqqında minnətdar duyğuları idi.
XX yüzilliyin 30-cu illərində əyalət şəhərinin – Naxçıvanın məktəb səhnəsində rollar oynayan balaca Heydər Əliyev aktyor olmağı arzulayırmış.
Aktyor olmadı, amma aktyorluq hər halda ömründə, taleyində qaldı və teatr səhnəsində deyil, Tarix səhnəsində ona millətinin taleyindəki ən baş rollardan birini oynamaq qismət oldu.
Bakıya gəldi, 1930-40-cı illərdə yetərincə məşhur Sənaye İnstitutuna memarlıq ixtisasına yiyələnmək arzusuyla daxil oldu.
Dava başladı, təhsili yarımçıq qırıldı, amma hər halda o, memar oldu.
Memar düşüncə tərzi onun təfəkkür tərzinə çevrildi.
Görəcəyi hər bir işin ən xırda ayrıntısınacan layihəsi irəlicədən beynində hazır oldu.
Ona görə heç vaxt tələsik, qarasına, sonrası necə olacağın fərqinə varmadan addım atmadı.
O, Millətinin və Məmləkətinin yeni tarixinin memarı oldu, Güclü Azərbaycanın, Müstəqil Azərbaycanın, dünyanın sayğı göstərdiyi, istiqlalı dönməz, iqtisadiyyatı günü-gündən qüdrətlənən çağdaş Azərbaycanın Memarı oldu.
Tarixçi təhsili aldı. Yaxşı bir tarix müəllimi olardı, dəyərli bir tarixçi alimə çevrilə bilərdi.
O keyfiyyətlər ki fitrətən ona qismət idi, onların sayəsində Heydər Əliyev hansı ixtisasa üz tutsaydı, seçiləcəkdi, üstünlüyü dərhal nəzərə çarpacaqdı.
Nə auditoriyalara, siniflərə daxil olub xəritə qarşısında mühazirə oxuyan tarix müəllimi oldu, nə keçmiş tarixləri tədqiq edən bir alim.
Millətə dərs verən bir Müəllim oldu.
Xalqının müasir tarixini yaradanlardan, ölkəsinin Xəritəsini hifz edənlərdən oldu.
Heydər Əliyev olmağın sirri nədir?
Bütün üstün xüsusiyyətlər ki Heydər Əliyevdə vardı, onlar hamısı insana xas bacarıqlardır və başqalarında da olmamış deyil.
Heydər Əliyev güclü hafizə sahibi idi.
Amma nə çox möhkəm yaddaş yiyələri.
Heydər Əliyev qətiyyətli idi, dəmir iradəli idi, qorxmaz idi, cəsarətli idi.
Bu keyfiyyət sahibləri də az deyil.
Heydər Əliyev uzaqgörən idi, bəsirətli idi.
Az-az rast gəlinsə də, hər halda, belə insanlar da olub, var, olacaq.
Heydər Əliyev çevik idi, ani reaksiya qabiliyyətinə malik idi, qəfil qərarlar qəbul etməyin ustası idi.
Belələri də tapılır.
Heydər Əliyev dövlətçilik, hakimiyyət maşınına cikinə-bikinə qədər bələd olan, bu maşının sükanını gözüyumulu və yanılmadan idarə etmək vərdişlərinə malik idi, hakimiyyət qrossmeysteri idi.
Bu qəbil şəxslər də tarixdə olub və yəqin, yenə var.
Yaxşı, onda bəs nədədir Heydər Əliyevin nadirliyi, təkrarsızlığı?
Bütün başqa dahiyanəliklər kimi, bunun da cavabı sadədən-sadədir.
Sirr ondadır ki, ayrı-ayrı adamlarda ayrı-ayrılıqda bu keyfiyyətlər var.
Heydər Əliyevdə isə o keyfiyyətlərin hamısı toplu halında, vəhdətdə idi!
Belə şəxsiyyətlərsə həm ayrı-ayrı xalqların, həm də bütövlükdə insanlığın tarixində həmişə tək-tək olub.
* * *
1994-cü il idi, İran İslam Cümhuriyyətinə mənim də iştirak etdiyim səfəri zamanı İsfahanda yerli protokol xidmətinin günahı ucbatından Prezident Əliyevlə bağlı bir tədbir bir neçə dəqiqə gecikirdi və Azərbaycan rəhbəri xəfif işarəylə buna münasibətini gizlətmədi: “Mən intizamlı adamam, bu saatda demişdiniz, bu saatda da gəlmişəm”, – söylədi.
Həqiqətdir, Heydər Əliyev son dərəcə dəqiq, çox intizamlı idi.
Lakin o həm də yaradıcı ruha malik, istedadlı bir insan idi axı.
Belə ruhun yiyəsi, bu cür qəliblərə sığmayan istedad sahibi isə heç vaxt sonacan intizamlı ola bilmir.
Partiya intizamının yaşayış, davranış meyarına çevrildiyi sovet onilləri axarındakı Heydər Əliyev dəfələrlə, həm də nümayişkarcasına kor-koranə intizamın cızığından qırağa çıxıb, dövrün partiya dəbinə görə deyilməsi münasib olmayan cəsarətli sözləri də deyib, edilməsi mümkünsüz görünən, amma xalq tərəfindən arzulanan hərəkətləri də etməkdən çəkinməyib.
Heydər Əliyevin Azərbaycanın partiya rəhbəri olaraq 1970-ci illərdə milli ovqatlı əsərlər yazan söz ustalarını müdafiə etməsi, ya milli memarlıq üslubu və əlamətlərinin qabarıq göründüyü tikililərin artmasına rəvac verməsi bugünkü baxışla adi işlər sayıla bilər. Amma o dövrə enincə aydınlaşır ki, zəlzələnin də, vəlvələnin də, adi bir gəmi qəzasının da rəsmən gizlədildiyi, istənilən təbii fəlakətin mütləq mənada itkisiz olması elan edildiyi saxtakar sovet zəmanəsində (təsadüfən söyləmirdilər ki, ən humanist zəlzələ SSRİ-də baş verir, çünki həmişə tələfatsız ötüşür) ayrı cür düşünüb ayrı cür danışmaq, həm də bu ideologiyanın aparıcı simalarından biri ola-ola belə etmək necə çətin, necə ağlasığmazmış; Kreml sifarişlərinin icraçısı olmalıykən rejimin başlıca tələblərindən biri sayılan xalqların milli özlüyünün tədricən aradan götürülməsi, vahid sovet xalqının yaradılması ideyasının əksinə getmək, milli özünüifadə və özünüdərkə rəvac vermək mürəkkəb zəmanə içində əsl milli fədakarlıq, şücaət idi.
* * *
Heydər Əliyev hərbçi olub, birinci dərəcəli kommunistlərdən olub. Amma qeyd-şərtsiz tabeçiliyi tələb edən bu amillər də onun içərisini, mənini dəyişdirə bilməyib.
Heydər Əliyev inanmadığına heç zaman tabe olmayıb. Bu onun ən seçilən cəhətlərindən idi. Əgər sovet sistemi gözüyumulu tabeçiliyi deyil, məhz bu sayaq şüurlu intizamı və tabeolmanı əvvəldən intixab etmiş olsaydı, heç o cür əyintilərə, ifratlara uğrayaraq ildırım sürətiylə də tar-mar olmazdı.
Heydər Əliyev partiya, dövlət işinə, ona tapşırılan vəzifələrə sadiq qalmağına qalıb, amma vəzifələrin, nizamnamələrin, siyasi konyunkturların səfehliklərini qəbul edə bilməyib.
Quruluşsa sona qədər və istisnasız qəbul edilməsini istəyirdi.
Azacıq sapınmanı yoldan azmaq – dissidentlik hesab edirdi.
İnanıram ki, haqsızlıqla, dardüşüncəliklə, aşkar yalanla barışa bilməyən ağıllı bir insanın sıravi vətəndaş kimi həmin quruluş içərisində yaşamağı nə qədər ağır idisə, bütün eybəcərlikləri daha yaxın məsafədən, çox zamansa lap astar tərəfindən görən, özləri də dövlətin yuxarı qatlarında qərar tutanların belə həyata dözməkləri onlarçün lap müsibət, mənəvi sarsıntılar demək idi, o cümlədən Heydər Əliyevdən ötrü.
Bu səbəbdəndir ki, çox rəmzi olan bir hadisə də baş verdi – Heydər Əliyev, nəhayət ki, ötən əsrin səksəninci illərinin sonluğunda onillərlə cərgəsində dayandığı, xidmət etdiyi, rəhbərlərindən birinə çevrildiyi kommunistlər ordusundan üz döndərdi, partbiletindən imtina etdi.
Və mən inanıram ki, dünənimizə hər birimizdən daha yaxşı bələd olduğundan bəlkə də Heydər Əliyev müstəqilliyimizin, sərbəstliyimizin qədrini hər kəsdən daha çox bilirdi, onun dadını, şirinliyini hər birimizdən daha artıq hiss edirdi.
* * *
Xatırlayıram böyük azərbaycanşünas alim, London Universitetinin professoru Turxan Gənceyinin 1998-ci ildə İngiltərə paytaxtında, Prezident Heydər Əliyevin oradakı soydaşlarımızla görüşündə güvən duyğusuyla və qəhərlənərək dediklərini.
Atası da, özü də talelərilə, canlarıyla onillər boyu müstəqilliyimizi gətirmək yolunda fədakar mübarizələr aparmış, ömürləri boyu boğazdan yuxarı danışmamış bu qənimət adam, bu qocaman alim arxayın məmnunluqla: “Mən istiqlalımızın sabahından daha nigaran deyiləm.
Çünki millətimin üçrəngli bayrağı Heydər Əliyev kimi bir rəhbərin müqtədir əllərindədir”, – deyirdi...
* * *
Heydər Əliyevi görmək asan deyildi. Nə sağlığında, nə indi.
“Görmək” sözünün hərfi mənasında yox.
O mənada Heydər Əliyevi görməkdən rahat iş yoxdur.
Televiziya ekranlarında, ayrı-ayrı toplantılarda, görüşlərdə o, hər gün bizimlə üzbəüz idi və indi də Heydər Əliyevli lentlər bütün televiziyalarda əvvəlkindən də çox nümayiş etdirilir. Amma onu bütünlüyü ilə dərk etmək, mürəkkəb şəxsiyyətini dolğunluğu ilə qavramaq, hüdudsuz bir aləm olan bu insana nüfuz edə bilmək mümkünsüz qədər qəlizdir. Keçmişdə, onlu günlərdə də belə idi, indi də belədir.
Bu baxımdan Heydər Əliyev bütün dahilər kimi Təkdir. Bir ölçüdən yanaşanda, Tənhadır.
“Tək Adam”. Bu ifadəni vaxtilə böyük öndər Mustafa Kamal Atatürkə şamil ediblər.
Bu deyim millət öndəri Heydər Əliyevə də tam yaraşır.
* * *
Bir başqa ölçüdən yanaşanda, başqa dahilər kimi, Heydər Əliyev də yalnız Tək yox, həm də Tənha idi.
Əlbəttə, üzdən baxanda sanki tənhalıqdan əsər-əlamət yox idi, tək də deyildi Heydər Əliyev.
Ətrafında balaları, nəvələri, qohum-əqrəbası, silahdaşları... amma hər halda, bu nəhənglikdə şəxsiyyətlər həmişə daha çox tək olurlar, öz içərilərinə, özlərinin təkrarsız aləmlərinə qapılır, axtardıqları sualların cavablarını da öz daxili dünyalarında tapırlar.
Nə ağır yük, nə ağır məsuliyyətdir – ən düzgün yolu həmişə sən göstərməlisən, ən düzgün məsləhəti həmişə sən verməlisən, ən düzgün həlli həmişə sən tapmalısan, ən dolaşıq düyünü həmişə sən açmalısan.
Həmişə sərvaxt olmalısan.
Bir an belə zəifləməyə ixtiyarın yoxdur.
Sən ümid yerisən və sənin məsləhət almalı yeganə ünvanın özünsən!
Belə nadir və əvəzolunmaz insanın yeri bu gün necə görünməsin?!
...Heydər Əliyevlə ayrılıqdan heç bir il keçməmişdi. Onun böyük yolunun davamçısı Prezident İlham Əliyevdən müsahibə alan əcnəbi müxbir bir ağır sual verdi ki, geridə qalan aylarda elə anlarınız, elə məsələlərlə qarşılaşdığınız olubmu ki, həmin məqamda “kaş atam sağ olaydı, ondan məsləhət ala biləydim” hissi ilə yaşayasınız?
Prezident İlham Əliyev belə cavab vermişdi ki, atamı daim düşünürəm. Amma siz deyən mənada iki dəfə onun yanımda olmasını, məsləhətini almağı, inandığım müdrik sözünü dinləməyi çox istəmişəm.
...Amma bir vaxtlar bütün suallara Heydər Əliyev yalnız özü cavab tapmalı olduğu kimi, indi də ən qəliz sorğuların yeganə doğru cavabını tapmağın məsuliyyəti tək İlham Əliyevin çiyinlərindədir.
İndi ümid yeri o özüdür!
* * *
Ulu Heydər Əliyevin ən üstün keyfiyyəti onun ali peşəkarlığı idi.
Bu məziyyəti olmasaydı, dünyanın superdövləti Sovet İttifaqının rəhbərlərindən biri olandan sonra ucqar Naxçıvana da başçılıq etməyi özünə rəva görməz, dövlət işinin bütün ciddiyyəti və məsuliyyəti ilə min bir problemli, o vaxtlar yalnız Ermənistan deyil, elə Azərbaycan tərəfdən də müəyyən mənada blokadaya salınmış əyalətin idarəçiliyini boynuna çəkməzdi.
Sonra Heydər Əliyev 8 milyonluq müstəqil Azərbaycanın başçısı oldu. Amma dünyanın ən böyük dövlətlərinin – əhalisi də, ərazisi də Azərbaycandan qat-qat artıq olan ölkələrin rəhbərləri ilə bir masa arxasında əyləşib danışıqlar aparanda Heydər Əliyevin şəxsiyyətinin böyüklüyü sayəsində Azərbaycan əslində olduğundan qat-qat böyük göründü və qarşı tərəf də Heydər Əliyevin Azərbaycanına daha ehtiramla, üstdən aşağı deyil, altdan yuxarı baxmağa başladı.
* * *
1996-cı ilin oktyabrı idi.
Prezident təyyarəsi ilə Naxçıvana uçurduq. Heydər Əliyev ata-baba yurduna mühüm bir övladlıq borcunu yerinə yetirməkçün təşrif aparırdı.
Böyük Hüseyn Cavidin məqbərəsinin açılışına. O məqbərənin ki qübbəsi altında uzun illərin həsrətindən sonra Hüseyn Cavid, xanımı Mişkinaz, oğlu Ərtoğrol, nəhayət ki, məhz Prezident Heydər Əliyevin vətəndaş cəsarəti, qeyrət və qayğısı sayəsində qovuşmuşdular.
1941-ci il dekabrın 5-də buzlu Sibirdə 59-cu kamerada saxlanan 59 saylı məhbus Hüseyn Cavid 59 yaşında vəfat etmişdi.
1982-ci ildə şairin 100 yaşı tamam olanda Heydər Əliyev SSRİ tarixində heç kəsin edə bilmədiyini etmişdi – Cavidi Vətənə qaytarmışdı.
Şairin nəşini əvvəlcə Bakıya, Cavidlər ailəsinin bir zamanlar yaşadığı mənzilə gətirmişdilər.
Ustadın tabutu başında sayğı duruşuna dayanan qızı Turanın da, mənəvi övladı Heydər Əliyevin də o zaman 59 yaşları vardı.
Cavid 1937-ci ildə həbs edilmişdi və 1996-cı ildə əzizləriylə cismən ayrılığından düz 59 il ötürdü. Mişkinaz xanım Bakıda, oğlu Ərtoğrol Naxçıvandakı ayrı bir qəbiristanlıqda uyuyurdu. Onların üçünü də, nəhayət ki, kəc taleyin, bəd ruzigarların acığına 59 il sonra Əcəmi yadigarı Mömünə xatun məqbərəsinə tay olan gözəl bir mavzoleydə qovuşdurmaqla böyük Heydər Əliyev mənəviyyat tariximizin ən əlamətdar hadisələrindən birinin müəllifinə çevrildi.
(Cavidin həyatında rəqəmlərin bir-birini heyrətamiz şəkildə izləməsi var. Biri elə bu 59 rəqəmidir. Ustadın başının ölçüsü də 59 olub. Və o vaxt – 1996-cı ilin oktyabrında Cavid məqbərəsinin təntənəli açılışından bir neçə saat sonra Prezident Heydər Əliyev Naxçıvan qəbiristanlığında atasının da məzarını ziyarət etməyə getdi. Dəstəmiz onunla idi. Əlirza kişinin məzar daşına baxanda diksindim. O, Cavidin oğlu Ərtoğrolla eyni ildə vəfat etmişdi və 59 yaşında!).
* * *
...1996-cı il oktyabrın 29-u idi, təyyarəmiz Naxçıvana – Cavid bayramına uçurdu, Prezident burada da işsiz dayana bilmirdi, səfər yoldaşlarından bir neçəsini dəvət edərək fikir bölüşürdü. Turan Cavid, Yaşar Qarayev, Anar, mən... daha bir neçə nəfər.
Söhbət Mirzə Cəlildən, onun Bakıda indiyədək abidəsinin olmamasından düşmüşdü. Mən: “Mirzə Cəlil elə müstəsna şəxsiyyətdir ki, ona abidənin ucaldılması üçün bütün qayğılara baxmayaraq, imkan tapılması vacibdir”, – dedim.
Prezident Heydər Əliyev: “Nəsimi də müstəsnadır, Vaqif də müstəsnadır, Cabbarlı da, Cavid də... Mən onların hər biri üçün bacardığımı etdim. Bəs niyə mən bir neçə il Azərbaycanda olmadım, davam etdirmədilər, digər klassiklərimiz, elə Mirzə Cəlil üçün abidələr ucaltmadılar? Hamısını yalnız mən etməliyəmmi?” – dedi.
Sükut oldu və dilləndim ki, bəli, cənab Prezident, Siz etməlisiniz.
Düz gözlərimə baxdı.
Davam etdim:
– Çünki Siz özünüz də müstəsna şəxsiyyətsiniz!
Gülümsündü:
– Biz Mirzə Cəlilin Bakıdakı abidəsi barədə də düşünəcəyik.
* * *
Azərbaycana XX yüzilin əvvəlində cəmi 23 ay yaşayacaq istiqlal qismət olmuşdu.
Həmin əsrin sonunda Azərbaycana təzədən nəsib olmuş müstəqillik yenə təxminən həmin qədər ömür sürdükdən sonra büdrəyə, itirilə bilərdi.
Millətin bəxti ayaq üstəymiş ki, Tale bizi bu zavaldan xilas etdi – Heydər Əliyev qayıtdı, istiqlal yükünün bütün ağırlığını dözümlü çiyinlərinə götürdü, il-il irəlilətdi və müstəqilliyin yaşına əlavə olunan hər illə bu əzizdən-əziz, üstündən-üstün nemətimizi, ən ali sərvətimizi sarsılmaz etdi.
XX yüzilin ikinci onilliyinin sonunda böyük vətənpərvərlərin iri bir dəstəsinin hamısının birlikdə görə bilmədiyi işi Heydər Əliyev XX yüzilin 90-cı illərində təkbaşına edə bildi.
Müstəsnalığın bariz təsdiqi deyilmi?
XX əsrdə Heydər Əliyev 7 il Azərbaycan Prezidenti oldu.
Əsr dəyişdi, minillik təzələndi.
O, yeni minillikdə də ilk Prezidentimiz idi.
İki əsrin, iki minilliyin Azərbaycan Prezidenti olmaq bundan sonra kiməsə bir də min il sonra qismət ola bilər.
Bu nadir iqbal və şərəf də Heydər Əliyevin bəxtinə düşdü.
Müstəsnalıq deyilmi?
Xarici maraqların, yüz cür məkrli əcnəbi siyasətlərin bəlamıza çevirə biləcəyi sərvətimiz nefti dahiyanə apardığı siyasətlə sabahkı firavanlığımızın bünövrəsinə döndərdi, ən iri dövlətlərin yürütdüyü xəttə müttəfiq çıxmasına, qol qoymasına nail oldu.
Müstəsnalıq deyilmi?!
Dünyaya meydan oxuyan Amerika onu ən böyük övladlarından birinə bənzər tutaraq “Mərkəzi Asiyanın Corc Vaşinqtonu” adlandırdı.
Müstəsnalığın daha bir görüntüsü deyilmi?!
Heydər Əliyev 30 ildən çox hakimiyyətdə oldu.
Bu onilliklər boyunca nəşillər dəyişdi, siyasətlər dəyişdi, dünya dəyişdi.
Amma liderlik yolunun başlanğıcında – 1970-ci illərdə Heydər Əliyev Azərbaycan, yaxın və uzaq xaricdə ən güclü, ən əvəzolunmazlardan sayıldığı kimi, ixtiyar çağında da, XX əsrin sonları və XXI əsrin əvvəllərində də bu üstünlüyü qoruyub saxladı.
Müstəsnalıq deyilmi?!
Bu gün artıq həyatda olmadığı günlərdə də onu eşitmək, ondan öyrənmək, ondan mənəvi güc almaq ehtiyacımız varsa, bu, müstəsnalıq deyilmi?!
* * *
...Bitmiş XX yüzildə, başlanmış XXI əsrdə Arazın o tayında və bu sahilində, orada – Güney Azərbaycanda, burada – Azərbaycan Respublikasında soydaşlarımız iki dağa ən böyük dayaq, nicat rəmzi, milli səadət nişanəsi kimi baxdılar.
Bu dağlara arxalandılar, bu dağlara and içdilər.
Adaş dağlara.
Cənubi Azərbaycandakı Heydərbaba dağına.
Azərbaycan Respublikasında uşağın da, cavanın da, ahılın da, qocanın da sevə-sevə “Heydər baba” dediyi ulu öndər Heydər Əliyev DAĞINA!
Millətimizin Böyük Dayaqlarının, xalqın ümid və inam yeri olan Dağlarımızın vüqarı əskik olmasın!
* * *
Ömür yalnız təqvimin hökmüylə yaşanmış günlərin yığımı deyil. Ömrü ömür edən arxada qalan günləri dolduran mübarizələr, iş-güc, uğurlar, bihudə ötürmədiyin anlar, illərin köksünə həkk etdiyin böyük əməllərdir.
Zirvələr fatehi Heydər Əliyev ömrü uzunu xalq üçün, yurd üçün, dövlət üçün çalışdı. Ömür kitabını şərəfləndirən cahanşümul uğurlara imza atdı.
Bu gün o, dünən olduğu kimi, yenə bütün Azərbaycan boyuncadır.
Abidəyə çevrilərək Vətənin hər guşəsindən sevimli ölkəsini, əziz xalqını seyr edir.
Ondan bizə çox yadigarlar qalıb – hamısı dəyərlidir. Ancaq Heydər Əliyevin bütün taleyinin, varlığının mənası sayılası ən vacib əsər – onun yaratdığı Yoldur.
Çox seçkinlərimiz, böyüklərimiz gəlib-gedəcəklər, söz yox ki, çoxlu parlaq izlər də qoyacaqlar. Lakin bütün millət üçün Böyük Yol yaratmaq qüdrəti yalnız Heydər Əliyev kimi müstəsnaların alın yazısıdır.
Bizə bağışladığın bu Yola görə ruhun şad olsun, böyük öndər!
Yolun yaşayırsa, onsuz da ruhun həmişə şad olacaq!..
***
1990-cı illərin ortalarında unudulmaz Heydər Əliyevi müxtəlif xarici ölkələrə səfərləri zamanı müşaiyət edərkən gördüyüm bir məqam – onun hər dəfə növbəti parlaq çıxışı əsnasında xəritə qarşısına keçərək əlindəki göstərici ilə bir tarix, coğrafiya müəllimi kimi Azərbaycanı nişan verməsi, Vətənimiz haqqında həqiqətləri təkrar-təkrar beyinlərə həkk etməyə çalışması çox riqqətləndirici, həm də son dərəcə rəmzi idi.
Ulu öndər elə düşüncəmdə həmişə də bu cür qalacaq.
Böyükdən böyük Müəllim kimi!
Çağdaş dünyanın mürəkkəb coğrafiyası müstəvisində Yudrunu və Xalqını hifz edən, ucaldan, sabahlar içərisində millətin səadətlərinə təməllər quran, həm özü tarix olan, həm də tarix yaradan bir MÜƏLLİM!
Heydər Əliyev ömrünün bitəcəyində arxayın uzaqgörənliklə bir ülvi niyyətini də (ötən zaman da sübut etdi ki, həm də danılmaz bir gerçəyi) dilə gətirmişdi: “Mən Azərbaycanda həmişə olacağam”.
Bu Vətən, qəliz dünyamızın axarındakıl bu göyçək Azərbaycan hər birimizdən ötrü yalnız sevimli yuva deyil, həm də hər gün dərs aldığımız bir Məktəb, daim soydaşlarla dolu Əbədi Dərs Otağıdır.
Nə qədər ki, bu Dərs Otağından keçənlər Əziz Tarix Müəllimimizin – unudulmaz Heydər Əliyevin açdığı və necə getməli olduğumuzu göstərdiyi YOLa sadiq qalacağıq, uğur və zəfərlər də bizimlə olacaq.
Hər səhərimiz Məktəb Zəngiylə – himnimizlə başlayır.
Böyük Müəllimimiz hər gün Dərs Otağında ¬– Azərbaycandadlr, bizimlədir!..

Avropa Şurası Parlament Assambleyasının Azərbaycan nümayəndə heyətinin üzvüdür.
Azərbaycan Respublikasının Milli Məclisinin deputatıdır.
AMEA Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktorudur.
Facebook