RAFAEL HÜSEYNOV AMEA-nın həqiqi üzvü Filologiya elmləri doktoru Professor
O davadan bir il qabaq May 11, 2020 | 14:04 / Mühüm hadisələr

1940-cı il başlanırdı və Azərbaycan dahi övladı Nizami Gəncəvinin 800 illiyini bayram etməyə hazırlaşırdı.
Hələ heç kəs bilmirdi ki, 1 il sonra hansı faciələr yaşanacaq.
1940-cı il hər təzə il kimi ümidlərlə, arzularla, niyyətlərlə başlanırdı.
Və Nizaminin 1941-ci ildə keçiriləcək 800 illiyi təntənələrində qapılarını tamaşaçılara aça bilməkçün böyük şairin adını daşıyan muzeyin divarları arasında gecə-gündüz iş gedirdi.
Bircə 1940-cı ildə çəkilmiş bu fotoya baxın.
Eyvandakı 6 şair heykəli artıq hazır olsa da, hələ yerinə qoyulmayıb.
Muzeyin içərisindəsə həyat qaynayır, quruculuq işləri dayanmadan davam edir.
1941-ci ildə baş tutmalı olan açılışa ciddi hazırlıq gedir.
Kim bilərdi ki, muzeyin qapılarının tamaşaçı üzünə açılmasını başlanan dəhşətli müharibə 4 il geri atacaq...
Bu yazı müharibədən öncəki həmin 1 il boyunca Nizami muzeyinin tarixçəsi, orda baş vermiş hadisələr, yaşanmış həyəcanlar, kədərlər və sevinclər haqqındadır.


Lal dəftərin danışmaqlığı və ya Nizami Muzeyinin ilk "Əmrlər kitabı"

Bu sadə dəftərxana kitabı Nizami muzeyinin başlanğıcının, ən ilk addımlarının şahididir.
Adi arxiv dəftəri. Əl xətti ilə yazılmış “Əmrlər Kitabı”.
Başlanıb – 1.X.1939, tamamlanıb – 31.XII.1940.
Və dəftərin üz qabığındakı son qeyd: “75 il saxlamalı”.
Həmin hesabla bu dəftər artıq 2015-ci ilin dekabrında ləğv edilməli idi.
Söylədilər ki, arxivdə axın-axın gələn təzə sənədlərçün yer də yoxdur, bu köhnəlmişlərə ehtiyac da qalmayıb, gəlin nə qədər bu qəbil lüzumsuz kağız-kuğuz var, hamısını ataq.
Başladım vərəqləri saralmış, hər cəhətdən nimdaşlamış köhnə dəftərləri, qovluqları vərəq-vərəq çevirməyə.
Həmin vərəqlərdə o qədər doğma və ləyaqətli, Azərbaycan üçün çox işlər görmüş insanların adına rast gəldim ki, ən azı onların xatirinə bu sənədlərlə etinasız rəftar mənə o unudulmazların ruhunu incitmək kimi gəldi.
Həm də bu vərəqlərdə tarix vardı, tarixçələr yaşayırdı.
Tarixi zibilliyə atmaq rəvadırmı?!
Vaxtı bitmiş hesab edilən sənədlərin hamısının daimi saxlanmasını qərara aldıq.
Həmin dəftərə və o qəbildən olan digər qovluq və kitablara baxmaya da bilərdim. Elə irəlicədən müəyyənləşdirilərək üzərində yazıldığına uyğun tərzdə hamısnı atardıq gedərdi, qanuni də hərəkət etmiş olardıq və sanki zahirən heç nə də itirməzdik.
Amma elə olsa idi, bu oxuyacağınız yazı yaranmazdı.
Elə olsa idi, dünənimizin yaddaşdan silinməməli bir sıra səhifələri biryolluq qeybə çəkilərdi.
Zahirən quru və qısa mətnli, yenicə yaradılan bir müəssisənin daxili həyatını tənzimləyən köhnə “Əmrlər Kitabı” onun üçün qoyulmuş ömür möhləti bitəndən sonra da nəsə maraq kəsb edə, danışa bilərmi?
Mən onu vərəq-vərəq açdım və çox mətləbləri söylədi.
Sadə dəftəri bir maraqlı roman, əhəmiyyətli tarix bələdçisi kimi oxudum, bir tarixi və macəralı film kimi seyr etdim.
Və təəssüfləndim.
Muzeyin ilk illərinin şahidləri akademik Həmid Araslı ilə Elmlər Akademiyamızın Yaxın və Orta Şərq Xalqları İnstitutunda direktor olduğu vaxtlarda birgə işlədim, mənə məhrəm, qayğıkeş münasibəti vardı, professor Mübariz Əlizadə isə daha əvvəl mənə Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsində dərs demişdi, istəkli tələbələrindən idim, eləcə də Nizami muzeyinin ilk direktorlarından olmuş İsmayıl Axundovun həyat yoldaşı Xalidə xanım Axundova universitetdə ingilis dili müəlliməm idi, sonrakı illərdə də əlaqələrimiz vardı, filologiya elmləri doktoru Vera Devittlə ixtiyar çağlarında Nizami muzeyində birgə çalışdıq, o, rəhbərlik etdiyim “Qədim və orta əsrlər Azərbaycan ədəbiyyatı şöbəsi”ndə baş elmi işçi idi, ya illərlə birgə işlədiyimiz, çox mehriban münasibətlərimiz olan Nuridə xanım Bağırova ki, muzeyin ikinci direktoru Əhəd Bağırzadə onun əmisi olmuşdu, illərcə yaxın təmasda olduğumuz Turan xanım Caviddən, təbii ki, çox şeylər soruşa bilərdim (o da bu muzeydə işləmişdi. 1944-cü il noyabrın 1-də direktor Salam Salamzadənin 21 saylı əmri ilə 700 manat maaşla kiçik elmi işçi vəzifəsinə götürülmüş [11, 62], 1945-ci il iyunun 1-də artıq İsmayıl Axundovun direktor olduğu vaxt öz ərizəsi ilə işdən azad edilmişdi [11, 67] və daha neçələri, daha kimlər.
Bu əmrlər dəftərini o vaxtlar görmüş olsaydım, indi yaranan şoxlu cavabsız sualım havadan asılı qalmazdı, həmin canlı şahidlərin vasitəçiliyi ilə nə qədər qaranlıq məqamlara aydınlıq gətirmək mümkün idi.
Heyhat, vaxt qatarı onların hamısını aparıb.
Ancaq elə bu əmrlər dəftərində xəsis mətnlərin ardından öz görə bildiklərimi sizinlə bölüşüncə hiss edəcəksiniz ki, üzdən qaradinməz təsiri buraxan quru sənədlər dil açıb danışa, dilli-dilavər tarix hekayətçisinə çevrilə bilərmiş.

Gücdən düşmüş əmrlərin qüvvədə olan başqa gücü

Köhnə yazılar, keçmişdən qalan sənədlər yalnız dünənin xatirəsi və məhz yadigar kimi maraqlı olmaqdan əlavə, həm də keçmişlə bugünü birləşdirmək, hətta sabaha da yol göstərmək keyfiyyətinə malikdir.
“Sırf texniki səciyyəlidir” deyərək hansısa sənədləri müəyyən vaxt ötəndən sonra gərəksiz sayaraq cırıb atırlar, yandırırlar.
Hətta bunların çoxluğunu nəzərə alaraq baş da sındırıblar, məxsusən o cür sənədlərdən ötrü kağızdoğrayan maşınlar da yaradıblar.
Həmin qurğular məxfi, qeyri-məxfi sənədləri saniyələr ərzində elə xıncımlayır ki, əllə tikələnmiş kağızı birtəhər yanbayan düzərək bərpa etmək mümkün olursa da, maşının parçaladığından daha bir söz, bir rəqəm də tapıb ortaya çıxarmaq mümkünsüzləşir.
İz birdəfəlik itir.
Amma dünənə aid hər sənədin içərisində hökmən həmişə dəyər daşıyan, hansısa mətləbə doğru aparan cığır var və əgər həmin köhnə vərəqlərə baxan təcrübəli gözlərdirsə, başqalarının görmədiyi çox unudulmuş həqiqətləri sezə də, digərlərini də bunları görməyə yönəldə bilir.
Tarix elə müdrik və məhrəm həmsöhbətdir ki, sən ona münasibətdə nə qədər həssas olsan, o da sənə o qədər ürək açacaq, çox olmuşlardan bəhs edəcək.
Yaxınlaşmadıqca, hal-əhval tutmadıqca uzaqdan-uzağa tanıdığın birisi sənin gözünə qaraqabaq, adamayovuşmaz gəldiyi kimi, ürəklə yaxınlaşmadığın Tarix də sənə lal-dinməz, azdanışan, söz deməyə xəsis kimi görünəcək.
...1939-cu ilin ilk sətirlərini son səhifəsində yazıblar. Axırdan başlayıblar, vərəqləri bir-birinə tikib surğuclayıblar, möhürləyiblər ki, sonra bura kənar müdaxilə olmasın, hanısısa vərəq qoparılmasın.
74 vərəqlik bu dəftərin ömrü 14 ay çəkib və sonra təhvil verilib arxivə.
Həmin 14 ay ərzində isə dəftər yaşayıb, onu vaxtaşırı açıblar, baxıblar, nəsə yazıblar.
O dəftərin əvvəlinə ilk xətt 1939-cu ilin 1 oktyabrında düşüb, son söz 1940-cı ilin 31 dekabrında yazılıb.
Bir müəssisənin əmrlər kitabıdır.
Bu cür əmrləri bir ara makinada yazardılar, indi kompüterdə yığıb çap edirlər və toplayırlar xüsusi qovluqlara.
1939-cu ildə yeni yaranan həmin müəssisədə isə hələ heç makina da yoxmuş.
Həmin il də, ondan sonrakı illərdə də xeyli müddət bütün əmrlər elə əllə yazılıb.
1939-cu ildir, amma 1940 ötəcək, ardınca 1941-ci il gələcək.
Həmin 1941-ci ildə isə dahi azərbaycanlı, 1141-ci ildə dünyaya gəlmiş, insanlıq tarixində əbədi iz qoymuş Nizami Gəncəvinin 800 yaşı tamam olacaq və onun ilk dəfə olaraq möhtəşəm yubileyi keçiriləcək.
Bu bayrama hazırlıqlarsa yalnız Azərbaycanda getmir.
Moskvada da, Leninqradda (indi Sankt-Peterburq) da, Kiyevdə də və təxminən ovaxtkı sovet respublikalarının hər birində də Nizami yubileyinə öz töhfəsini tədarük edənlər var.
Kimlərsə şairə həsr edilən monoqrafiyalar üzərində işləyir, kimlərsə tərcümələr edir, kimlərsə Nizami portreti müsabiqəsinə qoşulub, kimlərsə Nizami sözlü bəstələr doğurur...
Yubliey günlərində Nizaminin həyat və yaradıcılığına həsr edilən muzey-ekspozisiya da qapılarını tamaşaçılara açmalıdır.
Elə indi vərəqlənən bu “Əmrlər Kitabı” da yolunu yeni başlayan həmin muzeyinkidir.
Tanınmış rəssam Salam Salamzadə (1908–1977) muzeyin ilk direktoru təyin edilib və “Əmrlər Kitabı”nda ilk sətirləri yeni direktor öz səliqəli xətti ilə özü haqqında yazır:

“Əmr №1
1 oktyabr, 1939.
Bu tarixdən Xalq Komissarları Şurası yanında İncəsənət İşləri İdarəsinin 664 nömrəli əmri əsasında 700 rubl maaşla Nizami muzeyi-sərgisinin direktoru vəzifəsinin icrasına başladım.
Muzey-sərginin direktoru Salamzadə” [10, 1a].
Mən bu mətni tərcümə edərək ana dilimizdə yazıram. Əmrin əsli ruscadır. Ümumən, burada başdan-sona nə yazılıbsa, hamısı ruscadır.
Elə bundan sonra gələn növbəti illərin əmr kitabları da beləcə.
Bu əlamət artıq içərisindən keçib gəldiyimiz keşməkeşli milli tariximizdəki ağrılı bir həqiqətin göstəricisidir.
Köhnə dövrləri görmüş bizlər ki bilirik vəziyyət necə olub!
Azərbaycandakı bütün idarə və müəssisələrdə, mədəniyyət ocaqlarında, ali məktəblərdə... hər yerdə yazışmalar, sənədləşmələr rusca aparılırdı, iclaslarda, ən milli mövzulardakı mərasimlərdə də məruzələr, çıxışlar rus dilində edilirdi və hər kəs də bu gerçəkliklə barışan kimiydi.
Ona görə də Sovet İttifaqının yürütdüyü belə siyasət çərçivəsində milli ruhun bariz ifadəçisi olacaq Nizami muzeyi kimi bir elm-mədəniyyət ocağının yaradılmasına dövlətin qərar verməsi sadə hadisə deyildi.
Noyabrın 1-dir və hələlik yeni muzeyin bircə işçisi var, o da direktor. Ertəsi gün direktorun ikinci əmri ilə daha bir nəfər işə götürülür – Əziz Əliyev müvəqqəti olaraq muzeyin katibi vəzifəsinə qəbul edilir [10, 1a] və yarım ay muzeydə rəsmən elə 2 işçi olur: direktor və katib.
Təzə il gəlir. 1940-cı ilin son yanvar günlərində imzalanan əmrlər artıq bu gün bizə tarixi həqiqətləri açır, xəbər verir ki, muzeyin ilk ekspozisiyasını qurmaq üçün materiallar necə toplanırmış, haralardan yığılırmış, bu işlə kimlər məşğulmuş.
Yanvarın 23-də imzalanan əmrlə Nizami muzeyinin ekspozisiya planını tutmaqçün yaradılmış briqadanın üzvü, elmi işçi Mübariz Əlizadə (1911–1994) materiallar toplamaq məqsədilə 2 həftəliyə Tbilisi və Yerevana ezam edilir [10, 3a].
Yanvarın 28-də verilən başqa bir oxşar əmrlə ayın 29-dan yenə həmin briqadanın digər üzvləri – Tarix İnstitutunun direktoru Aleksey Alekseyeviç Klimov (1894–1948) və elmi işçi Həmid Araslı (1902–1983) 25 günlüyə Moskva və Leninqrada, elmi işçi İshaq Cəfərzadə (1895–1982) isə 1 aylığa Aşqabad, Daşkənd, Səmərqənd və Buxaraya ezam edilirlər [10, 3b].
Xəzinəni yaratmaq yolunda çalışmalar belə başlanırdı və o vaxt xeyli cavan olan bu insanların hamısı sonralar Azərbaycan elmi və mədəniyyətinin canlı klassiklərinə çevriləcəklər.
1940-cı il fevralın 27-sidir, muzey 4 aydır işə başlayıb və direktor ilk cəza əmrini də verir.
80 ilin uzaqlarında qalmış bu əmr, yəqin, o zaman narahatlıq da doğurub, qan da qaraldıb, təbii ki, acı ibrət dərsi də olub və vaxt ötəndən sonra yaddan çıxıb gedib də.
İndi nə o əmri verən həyatdadır, nə cəzanı alan, nə də həmin çağlarda o muzeydə çalışmış 10-15 nəfər əməkdaş.
Təsir gücünü lap çoxdan itirmiş həmin əmrsə bu gün danışa və o əyyamların, o insanların yaşadığı cəmiyyətin bəzi siyasi reallıqlarını müasirlərimizə çatdıra bilir.
Az öncə 250 manat məvaciblə makinaçı vəzifəsinə götürülmüş Y.A.Mixaryova xidməti sənəd itirdiyinə və kənar şəxsin makinada yazmasına imkan verdiyinə görə fevralın 28-dən işdən azad edilir [10, 5a].
Bu bircə cümləlik sənəd nələr söyləyir!..
Əvvələn, fikir verin, Azərbaycan ədəbiyyatının tarixi, Nizami Gəncəvi ilə bağlı muzeyin makinaçısı rusdur. Həmin vəzifəyə azərbaycanlı deyil, bir rus götürülübsə, bu o deməkdir ki, müəssisədə çap ediləsi materiallar hamısı rusca olacaq.
Və törədilmiş qəbahətə diqqət edilsin: kənar şəxsə makinadan istifadəyə imkan yaradıb.
Sovet dönəmində yazı makinası silah kimi bir avadanlıq sayılırdı . Xüsusi xidmət orqanları onların hamısını nəzarətdə saxlayırdı və hər birinin nömrəsi bəlli idi. Həm də yalnız idarələrdə, müəssisələrdə olanlarının deyil, şəxslərdə, evlərdə olanlarınkı da!
Nəinki Azərbaycan, hətta bütün SSRİ üzrə hansısa makinada dövlətin zərərinə olan bircə səhifə yazı aşkarlansaydı, həmin makinanı müəyyənləşdirmək dövlətin əlində sadə bir iş idi.
Odur ki, bir işçinin makinasında başqasına yazmaq şəraiti yaratması öz tabel silahını başqa bir adama istifadəyə vermək kimi təhlükəli əməl sayılırdı və addımı, lazım gələrsə, cinayət kimi mənalandırmaq da o dövrün ölçüləri ilə çətin deyildi.
Həm də belə bir əmrlə işdən çıxarılandan sonra adam Dövlət Təhlükəsizlik Komitəsinin “qara siyahı”sına düşürdü və elələrinin başqa yerdə işə düzəlməsi də mürəkkəbləşirdi. Lap lazımlı mütəxəssis olub işə götürülsələr də, daim diqqətdə, nəzarətdə saxlanılırdılar.
Hər xırda təfərrüata getməyə ehtiyac yoxsa da, bunu vurğulamağa lüzum var ki, xeyirxah bir insan olmuş Salam Salamzadənin işçisinə qarşı bunca sərt cəza tədbiri müəyyənləşdirməsində, onu dərhal işdən azad etməsində də epoxanın izi, rəngi var.
1937-1938-ci illərin fırtınaları bu insanlara yaxşı tanış idi, onlar elə faciələrə, başqa cür yozulan adicə bir kəlmə üstündə həbs edilən, güllələnən, sürgünlərə göndərilən o qədər qurbanlara şahid olmuşdular ki, hər an siyasi baxımdan ayıq-sayıq qalmağa məcbur idilər.
Belə qatmaqarışıq dövrləri yaşayıb insanlarımız.
O vaxt Nizami muzeyində bütün çap üçün nəzərdə tutulan yazıların rusca olmasının digər sübutu bir neçə gün sonra verilmiş ayrı bir əmrdir. Makinaçı ştatı boş saxlanmır, martın 4-də 11 saylı əmrlə o vəzifəyə başqa adam götürülür: Y.Y.Rabinoviç! [10, 5a].
Belə görünür ki, Azərbaycan dilində heç bir yazı çap edilmirmiş ki, uyğun makinaçı da işə götürülməyib .
Və möcüzə baş verir. Martın 10-da direktorun yeni, muzey üzrə sayca 12-ci əmri ilə “işdən düzgün çıxarılmadığına görə” İ.A.Mixaryova yenidən vəzifəsinə bərpa edilir, onun əvvəlki işinə qayıtması səbəbindən boşalmış ştata götürülmüş Y.Y.Rabinoviç azad edilir [10, 4b].
Yeni əmrdə Mixaryovaya törətdiyi əmələ görə sadəcə şiddətli töhmət verilir [10, 5b-6a].
“Sadə” və “şiddətli” sözləri yan-yana təzadlı görünsə də, hər halda ağır ittihamla işdən çıxarılmağın müqabilində töhmətin lap şiddətlisiylə olsa da, can qurtarıb işdə qalmaq, üstəlik, işdən qovulandan sonra əvvəlki yerinə bərpa edilmək gününə görə xoşbəxtlik idi.
Ehtimal ki, bu, guya makinaçı xanımın harasa şikayəti əsasında baş verə bilməzdi.
Mümkündür, onu yuxarılardan kimsə tapşırıbmış ki, işiniz olmasın, yüngül cəzayla yola verin.
Məhz tapşırıq! Belə hərəkətə görə kiminsə S.Salamzadəyə xahiş-minnət edəcəyini, onun da bu təvəqqenin müqabilində yumşalacağını ağla gərirmək belə olmaz.
Çünki əmrdə göstərilən faktlar həqiqətən baş vermişdi ki, yeni əmrdə də olduğu kimi saxlanılırdı.
Zəmanə elə idi ki, ürəyiyumşaqlıq göstərmək yeri yox idi.
Belə məqamlarda həmişə ilk növbədə öz taleyini, ailəni, yaxınlarını düşünməli idin.
Repressiya qurbanları haqqında vaxtilə Dövlət Təhlükəsizlik Nazirliyinin arxivində yüzlərlə cild sənədləri, dindirmə protokollarını oxumuşam, Sibirdəki həbs düşərgələrinin əzablarını dadıb qayıtmışlarla bolluca həmsöhbət olmuşam və məndə həmin çağların necəliyi barədə sadəlövh xəyallardan uzaq, sərt, soyuq həqiqətlərə dayanan ağrılı qənaətlər yaranıb.
Nizami muzeyinin, ədəbiyyatımızın, Nizami Gəncəvinin ədəbi taleyi ilə bəlkə də bilavasitə bağlanmayan bu epizod üzərində belə geniş dayanmağa sövq edən muzeyin də, ədəbiyyatımızın da, Nizaminin də, insanlarımızın da axarında olduğu həmin dövrün ağlı-qaralı tərəflərini aşkar göstərmək niyyətidir.
O sualı verməyə tələsməyin ki, bəs ermənilər harada qaldı?! Gəlirlər! Heç olarmı ki, 1930-1940-cı illərdə hər yerə daraşmış ermənilər burada gözə dəyməyə?
Mart ayının 15-də İncəsənət İşləri İdarəsinin, oçağkı Mədəniyyət Nazirliyinin əmri ilə M.Q.Sarkisov Nizami muzeyinə direktor müavini vəzifəsinə göndərilir [10, 7a]. Düzdür, onun direktor müavinliyi uzun çəkmir – cəmi ikicə həftə.
Martın 27-də Sarkisovu başqa, daha yuxarı vəzifəyə aparırlar. Yerinə kim gəlsə yaxşıdır? Yenə erməni – M.Saturov [10, 7b].
Muzey ilk növbədə eksponatlar deməkdir. Ona görə də 1940-cı ilin ilk aylarından artıq muzeyin yaradılacaq ekspozisiyasında və fondlarında yer almalı eksponatları əldə etməklə bağlı addımlar atılır. Ayrı-ayrı rəssamlara sifarişlər verilir, toplanmalı kitablar cəmlənir, gözaltı edilmiş ayrı-ayrı eksponatların əldə edilməsi ətrafında düşünülür. Bütün bunları gerçəkləşdirmək üçün isə muzeyin təcrübəli ekspertlərdən ibarət bədii əsərləri qiymətləndirən və qəbul edən ayrıca komissiyası olmalıdır.
1940-cı il martın 11-də verilən əmrdə onların adları sadalanır. Aralarında muzeyin əməkdaşları da var, kənardan dəvət edilənlər də. Amma bu heyət özü bir nümunədir. Bu siyahıda bir nəfər belə xala-xətrin qalmasın, ya nüfuzuna, yalnız vəzifəsinə görə əlavə edilmiş ad yoxdur. Hamısı o vaxt da, indi də hamı tərəfindən etiraf edilən güclü mütəxəssislər, dərin alimlərdir: Salam Salamzadə, Əzim Əzimzadə (1880–1943), İsmayıl Axundov (1897–1952), Qəzənfər Xalıqov (1898–1981), İshaq Cəfərzadə, Həmid Araslı, Əjdər Ələsgərzadə (1895–1964), Mürsəl Nəcəfov (1918–1979), Həsən Mustafayev (o, Nizami yubiley komitəsinin üzvü, Əməkdar İncəsənət Xadimi idi), İlya Gerasimoviç Rıjenko (1887–1952), Vadim Nikolayeviç Leviatov (1905–1963) [10, 6b-7a].
Tərkibi təsdiq edən 15 saylı əmrdə kənardan dəvət edilən mütəxəssislərə hər iclasa görə 30 manat zəhməthaqqı ödəniləcəyi barədə qeyd var [10, 7a].
Bu nöqtəyə də o səbəbdən diqqət yönəldirəm ki, vaxtından, biliyindən, əməyindən istifadə edilmiş insanların mənəvi dəyərləndirilməsi ilə yanaşı, həmişə gərək maddi qiymətləndirilməsi də ola.
İndinin indisində çox vaxt komissiyalar yaradılır, ora toplaşan insanlar saatlarla vaxt, enerji itirir, fikir söyləyir, məsləhətlər verir, lazım gələndə çoxsəhifəli işləri oxuyur, lakin onlarla quruca “sağol”la xudahafizləşirlər.
Odur ki, bu köhnə əmrdə nəzərdə tutulan ödəniş məsələsi bu gün bütün uyğun istiqamətlərdə tətbiq edilərsə, həm işin keyfiyyətinə, həm də gəlir mənbələri yalnız zəkaları, istedadları olan elm, sənət adamlarının dolanışığına müsbət təsirini göstərərdi.
Salam Salamzadənin, ilk direktorun muzeyə birinci rəhbərliyi 1940-cı il martın 31-də başa çatır [10, 8a] (Bir müddət sonra ona qısa müddətə direktor vəzifəsi yenidən həvalə edilir. 1943-cü il sentyabrın 25-də 19 saylı əmrlə direktor vəzifəsində işə başlayır [11, 58b], 1945-ci ilin 6 aprelində 9 saylı əmrlə “haqqında onu kompromitə edən materialların üzə çıxması ilə əlaqədar” işdən azad edilir [11, 66a]).
1940-cı il aprelin 2-də S.Salamzadənin vəzifədən getməsi və İncəsənət İşləri İdarəsinin 270 nömrəli sərəncamına əsasən özünün muzeyin yeni direktoru təyin edilməsi haqda 19 saylı əmrə Əhəd Bağırzadə [10, 8a] qol çəkir.
“Qol çəkir” yazıram, ona görə ki, ayın 27-dək olan, yəni imzaladığı son əmrədək bütün bu qəbil sənədləri Salam Salamzadə özü öz əli ilə yazıb.
Aprelin 2-dəki əmrdə artıq başqa xətdir [10, 8a].
Yeni direktor sadəcə hazır mətnə imza atır. Ta 1940-cı il avqustun 25-də direktor olaraq imzaladığı sonuncu əmrədək [10, 34b-35a].
1940-cı il avqustun 29-da artıq yeni direktor İsmayıl Axundov İncəsənət İşləri İdarəsinin həmin gün verilmiş 712 saylı sərəncamına əsasən özünün Nizami muzeyinə direktor vəzifəsində işə başlaması, Əhəd Bağırzadəninsə Moskvaya təhsil almaq məqsədilə ezam edilməsi səbəbilə direktor vəzifəsindən azad edilməsi haqda əmri imzalayır [10, 36a].
Direktorun öz xətti ilə əmrləri yazmaq adəti elə Salamzadə ilə də bitir.
Əhəd Bağırzadə kimi, İsmayıl Axundov da “Əmrlər Kitabı”nda yazılmış mətnlərin altından sadəcə qol çəkir.
İsmayıl Axundovun ilk əmrlərindən biri 1940-cı ilin 26 sentyabrına aiddir və həmin əmrlə 16 oktyabrdan etibarən Cavad Rəfibəyov (1890–1956), İvan Pavloviç Şeblıkin , Vadim Nikolayeviç Leviatov saathesabı ödənişlə (saatı 7 rubl 50 qəpik olmaqla adambaşına ayda 40 saat) ştatdankənar məsləhətçi vəzifəsinə işə götürülürlər.
Bunlar sadə adlar deyil. V.Leviatovun Zaqafqaziya tarixinə dair mükəmməl elmi araşdırmalarına və İ.Şeblıkinin əsərlərinə bələd olsam da, Cavad Rəfibəyovu daha yaxından və yaxşı tanıyıram. Onun ömür yolunu, düyünlü taleyini, parlaq şəxsiyyəti və qiymətli elmi irsini diqqətlə arşadırmışam və bu haqda ayrıntıları ilə ayrıca və geniş yazmışam [8, 650-693].
Cavad Rəfibəyli Azərbaycanın ilk sənətşünası adlandırıla biləcək böyük zəka sahibi və son dərəcə kübar ziyalı idi. Cavad bəyin Azərbaycan xalq sənətinin tarixi, İran və Azərbaycan gözəl sənətləri arasında qarşılıqlı əlaqə və təsirlər, təsviri sənət terminləri, Azərbaycan memarlığının bəzi məsələləri haqda araşdırmaları, həmçinin Nizami muzeyində işləyərkən yazdığı və mənə vaxtilə surətlərini oğlu Hadı bəy Rəfibəylinin təqdim etdiyi orta əsrlər mədəni mirasımıza aid əlyazmaları XX əsr Azərbaycan sənətşünaslığının təməl əsərləri kimi çox önəmlidir, bir çox cəhətdən bu gün də dəyərini hifz etməkdədir [13, 476-478].
İ.Şeblıkinin artıq çoxdan məhv olub getmiş ayrı-ayrı tarixi abidələrimizi fotoqrafik dəqiqliklə əks etdirən əlvan illüstrasiyaları isə həm memarlıq, həm rəssamlıq tariximiz üçün xüsusi əhəmiyyət daşıyır.
Muzeydə gördükləri digər işlərdən savayı, onlar tərtib olunmuş cədvəl üzrə (həmin əmrin 4, 5-ci bəndləri) muzey əməkdaşlarına mühazirələr oxuyur, məsləhətlər verirmişlər, onlara növbəti ildə açılması nəzərdə tutulan ekspozisiyanı tamaşaçılara necə peşəkarlıqla təqdim etməyin yollarını anladırmışlar.
Bu insanların üçü də çox yüksək peşəkarlar, elə o vaxt artıq canlı klassik adlandırıla biləcək şəxsiyyətlər idilər.
Nizami muzeyi belə qüdrətli sütunların üzərində qurulurdu.
Hələ muzeyin 1940-cı il sentyabrın 29-da verilən 77 saylı əmrlə təsdiqlənmiş, iclasları ayda 2 dəfə keçirilməli olan ilk Elmi-Bədii Şurasının heyətinə baxın.
Bir-birindən parlaq adlar, şəxsiyyətlər: İsmayıl Axındov, Həmid Araslı, Əzim Əzimzadə, Olqa Aleksandrovna Cəlalbəyova (o, 3 saylı əmrlə 1939-cu il oktyabrın 15-dən muzeyin ilk elmi katibi olmuşdu. 1940-cı il aprelin 8-də verilən 20 saylı əmrlə həmin vəzifəyə Həmid Araslı təyin edilir), İshaq Cəfərzadə, Sadıq Dadaşov (1905–1946), Vadim Leviatov, Y. Kozin, Həsən Mustafayev, Cavad Rəfibəyov, İlya Rıjenko, Pyotr Sabsay (1893–1980), Salam Salamzadə, Həbibulla Səmədzadə (1908–1948), İvan Pavloviç Şeblıkin, Qəzənfər Xalıqov, Əziz Əliyev.
Bu əmrdə də ödəniş məsələsi nəzərdə tutulub : “Elmi-Bədii Şuranın muzeydə işləməyən üzvlərinə hər iclasda iştiraklarına görə 30 rubl ödənilsin”) [10, 42b-43a].
Bir başqa əmrsə yeni qurulan muzeydə pəncərələrdən ən gec saatlaradək işıq gəldiyini, gərgin iş saatlarının səhərdən başlayaraq gecəyədək, gecədən sübhədək davam etdiyini anladır.
Oktyabrın 9-da imzalanmış 86 saylı əmr ayın 9-dan 11-dək hətta fasiləsiz iş rejimi müəyyənləşdirir: H.Araslı 9 oktyabr 18-dən 22-dək, Səmədzadə 22-dən gecə 2-dək, Rəcəbov 10-u gecə 2-dən səhər 6-dək, Tağızadə həmin gün 6-dan 10-dək, Makarova 10-dan 13-dək, Koçubeyeva 13-dən 18-dək, Artarov 18-dən 22-dək, Saturov 22-dən gecə 2-dək, Qrişin ayın 11-i 2-dən 6-dək, Cəlalbəyova 6-dan 10-dək, Musayev 10-dan 14-dək [10, 47a-47b].
Muzeyin elmi katibi Həmid Araslı ilə bağlı oktyabrın 12-dəki 86 saylı əmrlə dəqiqləşdirmə aparılır: “İş günü 11-dən 17:30-a və 20-dən 22-dək müəyyən edilsin” [10, 48a-48b].
Uzun müddət elmi və populyar ədəbiyyatda, eləcə də ictimai düşüncədə yanlış bir fikir möhkəm şəkildə yer tutmuşdu ki, guya Kreml İkinci Dünya müharibəsində faşist Almaniyasının SSRİ-yə hücumuna hazırlıqsız imiş, belə bir həmlənin olacağını təsəvvürə belə gətirmirmiş, hər şey tam qəfildən baş verib.
Bütün bu mülahizələrin əsassızlığı çoxdan sübuta yetirilib, hətta rəsmi Moskvada sonralar Böyük Vətən müharibəsi adlandırılacaq 1941-1945-ci illər savaşının 1941-ci ilin hansı ayının hansı günündə başlanacağına dair dəqiq kəşfiyyat məlumatları da varmış.
Nizami muzeyinin “Əmrlər Kitabı”ndakı bir işarə də müharibə bixəbərliyinin səhv ehtimal olduğunu bir daha aşkarca göstərir.
1940-cı ilin oktyabr ayıdır, artıq İkinci Dünya müharibəsi gedir. Həmin davanın SSRİ-yə də sıçrayacağı təqdirdə hətta müharibə baxımından Sovet İttifaqının ucqarlarından sayıla biləcək Bakıda Nizami muzeyi kimi mülki bir obyektin belə müharibə hazırlığı vəziyyətinə gətirilməsi anladır ki, almanların hücumu ehtimalının nəzərdə tutulmaması cəfənfiyyatdır.
Oktyabrın 8-də imzalanmış “Bakı şəhər İcraiyyə Komitəsinin sərəncamına əsasən Nizami muzeyi binasının hava hücumundan müdafiə zamanı lazımi vəziyyətə gətirilməsi haqqında” adlı 84 saylı əmrdə qeyd edilir ki, Nizami muzeyinin işıqlanmasının gizlinlənməsi (orijinalda: светомаскировка) aşağıdakı qaydada həll edilsin: “Axşam saatlarında muzeyin işini normal şəkildə davam etdirməsi üçün işıq gizlinlənməsi 3-cü mərtəbənin 3 otağında və 2-ci mərtəbənin 1 otağında təşkil edilsin; Binanın fasadındakı, həyətdəki və dəhlizlərdəki göy rəngli kontrol lampalar örtüyün altında yerləşdirilsin; Bütün başqa otaqlarda və bütövlükdə binadakı digər işıqlar ümumi paylayıcıdan söndürülsün; Bütün əməkdaşlar və Nizami muzeyi binasında işləyənlər bu əmrdə göstərilənlərə danışıqsız əməl etməli və məsul şəxslərə tabe olmalıdırlar” [10, 46a-46b].
Nizami muzeyinin quruculuğuna başlanarkən görülən və o vaxtdan bəri də fasiləsiz davam edən digər iş foto ilə bağlıdır.
Bu gün Nizami muzeyinin zəngin fotoneqativ irsi var ki, bunun da təməli məhz muzeyin yaradıldığı ilk aylardan başlayır.
1940-cı il mayın 15-də imzalanan əmrlə Y.İ.Şerbakov 500 rubl məvaciblə fotolaboratoriyanın müdiri vəzifəsinə işə götürülür. Lakin əmrin mətnindən bu da aydın olur ki, həmin fotoqraf muzeyin sifarişlərini icra etməyə daha əvvəldən cəlb edilibmiş. Çünki əmrdə onun əvvəlki günlərə aid maaşı da ala bilməsi üçün işə mayın 8-dən götürüldüyü qeyd edilib [10, 14a].
Muzeyin fondlarında həmin dövrdə Y.İ.Şerbakovun çəkdiyi yüzlərlə fotonun iri şüşə neqativləri qalmaqdadır. Bunların böyük əksəriyyəti kitablardan, əlyazmalardan çəkilmiş müəyyən səhifələrin və illüstrasiyaların, rəsm əsərlərinin, miniatürlərin, ayrı-ayrı eksponatların əksidirsə, Abşerona və Azərbaycanın müxtəlif bölgələrinə səfər edərək çəkilmiş tarixi məskənlərin fotoları da az deyil.
1940-cı ildə çəkilən fotolar arasında Y.İ.Şerbakovla yanaşı, Nizami muzeyi ilə əməkdaşlığa cəlb edilmiş V.M.Şerenko və muzeyin sayca ikinci direktoru İsmayıl Axundovun qardaşı Cavad Axundovdan qalan kadrlar da az deyil.
Onların yaratdığı foto irsinin bir qismində canlı həyat, muzeyin əməkdaşları, iş prosesi, cərəyan edən yenidənqurma və tikintinin gedişatı əksini tapıb ki, bunlar ekspozisiyada nümayiş üçün nəzərdə tutulmasa da, tarixin fotoxronikasını yaratmaq baxımından dəyərlidir.
C.Axundovun 1940-cı ildə çəkdiyi “Muzeyin əməkdaşı Cavad Rəfibəyov rəssamlar Salman Zeynalov, Lətif Kərimov və heykəltəraş Hüseyn Əhmədovla məsləhətləşərkən” [1, inv. №558], V.Şerenkonun çəkdiyi “Rəssam Sadıq Şərifzadə Məhəmməd Füzulinin portretini işləyərkən” [1, inv. №567], “Nizami muzeyinin bərpa işləri zamanı komsomol iməciliyi” [1, inv. №635], “Nizami muzeyinin bərpası zamanı Maksimovun briqadası tərəfindən örtülü naqillərin montaj edilməsi” [1, inv. №644], “Nizami muzeyinin bərpası zamanı Nizami zalında divarların malalanması” [1, inv. №645], “Yapma sexində briqadir Avdeyev Nizami muzeyinin sütun başlıqlarını bərpa edərkən” [1, inv. №647], Y.İ.Şerbakovun çəkdiyi “Gəncədə “Krasnıy Azerbaydjan” adına parça fabrikində əyirmə sexinin rəisi, staxanovçu Həsən Qədirquliyev” [1, inv. №944], “Gəncədə Serqo Orconikidze adına toxuculuq kombinatında deputat, staxanovçu Bağırova Səmayə əmək fəaliyyətinə görə medal alarkən” [1, inv. №939) və digər onlarca bu cür şüşə neqativ artıq xeyli arxada qalmış onillərin nəfəsini XXI yüzilə çatdırır.
Azərbaycanın ayrı-ayrı rayonları və kəndlərində o sənətkarların çəkdiyi fotolardakı abidələrin, qalaların, türbələrin, məscidlərin, cürbəcür tikililərin çoxu artıq yoxdur, qalanları da büsbütün dəyişdirilərək ayrı görkəm alıb. Bu fotolar həm də köhnə memarlıq incilərinin bərpası üçün bu gün yardımçı olmaq gücündədir.
Örnəyi – 1940-cı il sentyabrın 10-da verilən 71 saylı əmrlə “səyyar fotoqraf” V.M.Şerenko Nizami muzeyi ekspozisiyası üçün fotolar çəkməkdən ötrü 1 ay müddətinə Azərbaycanın rayonlarına ezam edilir [10, 39b].
Nələri çəkib gətirib ki, bu gün o görüntülər itirdiklərimizi diriltməkçün mötəbər vasitə, qiymətlidən-qiymətli tarix anları kimi qəbul edilə bilər?
Gedib çıxıb Qonaqkəndə. Oradakı Sükut qalasının şəklini çəkib. Amma işinə əsl peşəkar kimi yanaşıb. Lentə qənaət etməyib, Söhüb kəndindəki Sükut qalasını həm qərb [1, inv. №750], həm şərq tərəfdən [1, inv. №751], həm şimal-qərb səmtindən [1, inv. №753], həm cənub-qərbdən [1, inv. №755] çəkib. Həm yaxından çəkib, həm ən müxtəlif səmtlərdən uzaqdan görünüşlərini lentə alıb [1, inv. №756, inv. №757, inv. №758, inv. №759, inv. №760], həm də qalanın yaxınlığındakı dağıntıları hər ehtimala qarşı çəkməyi gərəkli sayıb.
Buduq kəndində “Daxma” deyilən başqa bir Sükut qalasını da eynən bu təhər – neçə yöndən çəkib (inv. 761, inv. 762, inv. 763, inv. 764, inv. 765), həmin sayaq kamerasını atəşpərəstlərin Xınalıq məbədi sarı da tuşlayaraq müxtəlif görüm bucaqlarından təsvirlər götürüb (inv. 766, inv. 767, inv. 768, inv. 769, inv. 770, inv. 771, inv. 772, inv. 773, inv. 774). Gəlmişkən Xınalıq kəndindəki dağılmış pirin qalıqlarını da bir neçə nöqtədən çəkib (inv. 775, inv. 776, inv. 777, inv. 778, inv. 779).
Pir elə yerdir ki, yəqin, üstündən illər keçəndən sonra indiyədək insanlar onu bir neçə dəfə bərpa ediblər, olsun ki, hər təzə bərpa zamanı da nələrisə bilərəkdən, ya bilməyərəkdən dəyişiblər. Bu gedişatda, söz yox ki, ilkinlik, əsillik itib-gedib.
Hansısa tarixi məkanlarımızı, abidələrimizi, memarlıq incilərimizi ilkin görünüşündə bərpa edib düzəltmək, ya ən azı könül toxtaqlığı üçün onların əsl görkəmini dəqiq təsəvvür etmək istəsək, bu cür fotolardan etibarlı hansı yolgöstərən olar ki!
14 aylıq ömrü olan bu dəftərdəki əmrlərin xeyli hissəsi əməkdaşların ezamiyyətləri ilə bağlıdır. Amma onların içərisində biri (daha dəqiqi, ikisi. Hərçənd ikinci də elə birincinin davamı sayılmalıdır) sanki iltifatının çox olması ilə diqqəti cəlb edir.
Nə iləsə fərqlənirsə, demək, bu seçdirmə səbəbsiz deyil və ona diqqət ayırmağın yeri var.
1940-cı il iyulun 27-də verilmiş 59 saylı əmrdə deyilir ki, baş elmi işçi Olqa Aleksandrovna Cəlalbəyova avqustun 3-dən 25-dək Moskva və Leninqradda ezamiyyətdə sayılsın, ona ezamiyyət xərcləri 900 rubl olan maaşına uyğun verilsin, Leninqrada gediş və Bakıya qayıdış üçün təyyarə, yaxud yumşaq vaqona bilet alınmasına icazə verilsin [10, 32a-32b].
Avqustun 12-də imzalanan 61 saylı əmrdə 59 saylı əmrə dəyişiklik edilir və o dövrün əmrlərinə xas olmayan bir jest edilir: qayıtma müddətinin yeri boş saxlanılır [10, 34a].
Belə çıxır ki, işini haçan qurtardı, onda qayıtsın.
(Və yəqin, elə də olur. Çünki bir də bu məsələ ilə bağlı 1940-cı il oktyabrın 1-də növbəti əmr verilir ki, O.Cəlalbəyova məhz həmin gündən xidməti ezamiyyətdən qayıtmış hesab edilsin) [10, 44a].
Kim idi Olqa Cəlalbəyova ki, ona başqa heç bir əməkdaşa olmayan belə nəvazişkar, imtiyazlı münasibət göstərilirdi?
Olqa Aleksandrovna Cəlalbəyova əslən Gəncədən idi. Həmin dövrdə muzeyin ən yaşlı əməkdaşı olub – 1884-cü il təvəllüdlü idi. Uşaqkən ailəsi Bakıya köçübmüş. Olqa Aleksandrovna Sankt-Peterburqda təhsil aldıqdan sonra yenidən Azərbaycana qayıtmış, Bakıda gimnaziyada müəllimlik etmişdi. Böyük maarifçilər Həsən bəy Zərdabi, Nəcəf bəy Vəzirov, Nəriman Nərimanovla dostluq etmişdi. O, ekspozisiya, sərgi qurmaqda ən güclü mütəxəssislərdən hesab edilirdi, 1920-1937-ci illər arasında Azərbaycan Xalq Maarif Komissarlığında onun bilavasitə rəhbərliyi ilə SSRİ-nin Londonda, Parisdə, Praqada, Leypsiqdə və digər Avropa şəhərlərində nümayiş etdirilən mədəniyyət sərgiləri tərtib edilmişdi [6].
1939-1958-ci illərdə, yəni Nizami muzeyində çalışdığı vaxtlarda da Olqa Cəlalbəyova Moskvada Azərbaycan ədəbiyyatı və teatrının tarixi və nailiyyətlərinə aid sərgilərin əsas təşkilatçısı olmuşdu [7].
İstisna deyil ki, Olqa xanımın bu ezamiyyəti də elə həmin sərgilərlə bağlı idi və Azərbaycan hökumətinin xüsusi tapşırığını icra etdiyindən ona xüsusi də münasibət göstərmək tapşırılıbmış. Bu xüsusi münasibət də elə əmrdəki imtiyaz məqamlarından duyulmaqdadır.
Nizami muzeyinin ilk ekspozisiyanın zövqlə, səriştə ilə qurulmasında da bu təcrübəli insanın əməyi böyük idi.
“Hələ qurulub qurtarmamış muzeydə intizam məsələləri necə qurulubmuş” sualına da “Əmrlər Kitabı”nda diqqətçəkən cavablar var.
İşə gəlib-getmək məsələsində güzəşt yoxmuş. Dəqiqəsinədək dəqiqliklə gəlib dəqiqəsinədək dəqiqliklə də gedirlərmiş.
Belə etməyəndə cəza özünü çox gözlətmirmiş.
1940-cı il iyunun 29-da verilmiş əmr işarə edir ki, gənc kiçik elmi işçi R.Rəcəbova hər halda yumşaq yanaşılıb. İşdən 5 dəqiqə tez getdiyinə görə ona hələlik töhmət verilmir, xəbərdarlıq elan edilir [10, 26a] (Avqustun 28-də imzalanmış bir əmrdən R.Rəcəbovun Bakı Dövlət Universitetinin tələbəsi olduğu bilinir. Görünür, qabiliyyətli gənc olduğuna görə işə götürüblərmiş, yəqin, cavanlığına, tələbəliyinə görə də güzəşt edərək cəzanı töhmət səviyyəsinə qaldırmayıblar).
Digər cəza – muzeyin elektriki hansısa işi ilə əlaqədar 1940-cı il mayın 27-də 20 dəqiqəliyə icazə almadan muzey binasından kənara çıxıb. Hələ müharibə başlanmayıb, sonra rejim daha sərt olacaq, amma heç indi də yumşaq deyil və heç bir intizamsızlıq tənbehsiz ötüşmür. Elektrik V.Kasparov da töhmət alır [10, 17 b].
Ya başqa töhmətli əmr. Cəza qarovulçu A.Avetisova muzey binasına daxil olmaq üçün buraxılış vərəqələrinə səhlənkar münasibət bəslədiyinə görə verilir [10, 31b].
Daha qorxulu cəza əmri də var. 1940-cı ilin 16 iyulunda yubiley komitəsi üçün alınmış materialı mənimsədiyinə görə təsərrüfat müdiri-kassir A.K.İskəndərov vəzifəsindən azad edilir və həmin əmrlə işi prokurorluğa verilir [10, 30a] (Yəqin, A.İskəndərov indi həyatda olmaz, amma qohum-əqrəbası ki qalır. Ona görə dəftərdə bir müddət sonra qarşıma çıxan bir əmri də bura əlavə edirəm ki, o rəhmətliyin də ruhu inciməsin. 1940-cı il oktyabrın 16-da verilən əmrlə A.K.İskəndərov Voroşilov rayonu xalq məhkəməsinin 13 oktyabr tarixli qərarı ilə özündən asılı olmayaraq buraxdığı 20 iş gününün haqqı ödənilmək şərti ilə əvvəlki vəzifəsinə bərpa edilir. Haqq yerini tutur. Amma A.İskəndərov üstündən ləkə silinəndən sonra, yəqin ki, artıq aradan pərdə götürüldüyünə, ürəyi sındığına görə muzeydə qalmaq istəmir. Vəzifəsinə bərpa olunmaq əmri veriləndən 1 gün ötüncə, oktyabrın 17-də ərizəsini yazır və ayın 19-dan öz xahişi ilə işdən azad olunur) [10, 43a-b].
İşçiləri gecələr də gəlib yoxlayırmışlar. Müşahidə edirlər ki, qarovulçu A.Avetisov gecə növbə çəkərkən 5 dəqiqə mürgüləyib.
Dərhal sənədləşdirirlər.
Ertəsi gün səhər – 1940-cı il sentyabrın 28-də 76 saylı əmr verilir: “İşdə 5 dəqiqə yatdığına görə sonuncu xəbərdarlıqla şiddətli töhmət elan edilsin” [10, 42a].
10 mart tarixli 13 saylı əmrləsə Y.A.Mixaryovaya işə 7 dəqiqə gec gəldiyinə görə töhmət elan edilir [10, 6a].
Amma iş vaxtı məsələsinə yaradıcı yanaşaraq müəyyən sərbəstlik də verilməsi halları olurmuş.
Göstərəcəyimiz halda, yəqin, bu həm də havaların istiləşməsi ilə bağlıymış. Saatlar həmin saatlardır, norma nə qədərdir, o qədər də işləməlisən. Ancaq bəzi saatları nisbətən sərin saatlara atmağa mane olmurlarmış.
Fəqət dildə verilən icazə ilə yox. Əmrlə!
6 iyul tarixli əmrə əsasən şöbə müdiri Həbibulla Səmədzadəyə ayın 2-dən 15-dək işə saat 11:30-da gəlib 16:30-da getməyə, amma əvəzində axşam 19:00-dan 22:30-dək işini davam etdirməyə, baş rəssam İsmayıl Axundova muzeyə saat 12-də gəlib 16:30-da getməyə, əvəzində axşam 21:00-dan 00:30-dək işləməyə icazə verilir [10, 27b].
Bu “Əmrlər Kitabı” başqa bir qaranlıq səmtə də işıq salır ki, orada sənət tariximizdə qalan bir sıra artıq çox məşhur əsərlərin yaranış tarixi ilə bağlı sirlər var.
Həmin əmrlər olmasaydı, bu əmrlərin verilməsinə razılıq əldə edilməsəydi, olsun ki, heç həmin əsərlər də yaranmazdı.
Razılıqsa əldə edilməyə bilərdi.
Çünki rəssamların hər biri ilə konkret mövzu ilə bağlı müqavilə imzalanmışdı, avans ödənilmişdi, icra müddəti müəyyən edilmişdi.
1939-cu il dekabrın 14-də rəssam Aleksandr Trafimoviç Pestun-Dibrovski (1902–1951) imzaladığı müqaviləyə əsasən Nizami Gəncəvinin “İskəndərnamə”si mövzusunda 6 qrafik lövhə çəkməliydi.
1940-cı il mayın 29-da muzeylə razılığa gəlinir ki, həmin razılaşdırılmış işlərin yerinə “Dulusçuluq”, “Nəqqaşlıq”, “Bazarda barama satışı”, “Bazar meydanı”, “Tərtər sahilində” (adamlar da olan mənzərə) mövzulu əsərlər çəkilsin [10, 20a-b].
Bunları çəkib və qrafika ustası olan rəssamın bu əsərlərinin hər biri çox gözəldir.
Nizami muzeyinin saxlancında “İskəndərnamə”yə və “Xəmsə”dəki digər məsnəvilərə müxtəlif rəssamların yaratdığı onlarla illüstrasiya var ki, ekspozisiya üzü görmədən elə qovluqlarda yatıb qalır, münasibətdən-münasibətə yada düşür. A.Pestun-Dibroskinin bu işləri isə daim ekspozisiyada, göz qabağındadır (O, 1940-cı il oktyabrın 16-da verilən əmrlə bir müddət rəsmən Nizami muzeyinin rəssamı vəzifəsində də işləyib [10, 43a].
Nə bilmək olar, bəlkə irəlicədən danışılanları çəksəydi, onların da taleyi belə olacaqdı?
Mümkündür, lakin burası da danılmazdır ki, məlum poemanın məlum süjetlərinə çəkilmiş bollu rəsmlərdə müəyyən təkrarçılıq qaçılmazdır. Bu çəkilmiş lövhələr isə yalnız bir rəssamın məhz bu cür duyub, bu cür gördüyü səhnələrdir.
Yaşaya biləcək əsərin gələcəkdə öləcək (amma o zaman siyasi çəkisinə görə işə yaxşı yarayacaq) konyunktur mövzu ilə əvəzlənməsi də olub.
1939-cu ilin 23 noyabrında rəssam Aleksey Petroviç Zarubinlə anlaşılıbmış və avans da verilibmiş ki, “Xosrov və Şirin” poeması əsasında “Ov” adlı lövhə yaratsın. Lakin 1940-cı il iyunun 4-də razılığa gəlinir ki, mövzu dəyişdirilsin. İyunun 7-də 41 saylı əmr imzalanır və A.Zarubin başlayır “Sergey Orconikidze, Sergey Kirov və Anastas Mikoyan Azərbaycan zəhmətkeşləri arasında” əsərini çəkməyə [10, 22a]. Yaxşı da çəkib. Amma indi o şəkil kimə gərəkdir? Hələ Sovet İttifaqı çökməmişdən bu siyasət də, bu adlar da öldü, onlarla birgə bu və buna bənzər nə qədər şeir, rəsm, musiqi əsəri də ömrünü bitirdi.
Sadıq Şərifzadə böyük rəssam idi, nə çəksə, gözəl olacaqdı. 1939-cu ilin 1 dekabrında muzeylə müqavilə bağlayıbmış ki, “Nizami oğlu ilə Göy göl sahilində” lövhəsini çəkəcək. Nəyə görəsə mövzu onu tumayıb. 1940-cı ilin 10 iyununda müqaviləni dəyişirlər. Bu dəfə öz təklifi ilə “Füzuli poema yazır” və “Rəssam Behzad iş başında” adlı əsərləri çəkmək istəyir. İyunun 11-də verilən əmrlə bu seçim təsdiqlənir [10, 22b].
Beləcə, orta əsrlərin məşhur “Şərq Rafaeli” Kəmaləddin Behzadın (1455–1536) surəti ilk dəfə müasir Azərbaycan rəssamının fırçasında dirilik tapır.
Bu gün də həmin əsər Nizami muzeyinin ekspozisiyasında hər gün göz oxşayır.
Amma yaranmalı olub, yaranmayan mövzular da varmış.
Əlbəttə, indinin rəssamları həmin mövzuları götürüb işləyə bilərlər.
Lakin köhnə rəssamlar, o məktəb, o üslub, o yanaşma daha yoxdur. O epoxa, o gerçəkçi təsvir tərzi onlarla getdi.
Tağı Tağıyevlə 1939-cu il dekabrın 13-də müqavilə imzalanmışdı ki, “İskəndərnamə” əsasında “Zəncilərin məğlubiyyəti” adlı lövhə yaratsın. Tağı Tağıyev işə başlayıbmış da. Bunu mənə rəssam özü danışırdı ki, muzey rəhbərliyi digər təcili işlə bağlı onu bu mövzudan ayırır. Açılışa qədər muzeyin böyük zalında nümayiş etdiriləcək bir əsər mütləq hazır olmalı idi: “Nizamidən sonrakı Azərbaycan şairləri”. 24 şairin portretini əhatə edən bu irihəcmli əsərin öhdəsindən qısa vaxtda gəlmək 1 nəfərin, 3 nəfərin işi deyildi. Ona görə əsəri tezliklə tamamlamaqdan ötrü Salam Salamzadənin rəhbərliyi ilə bir dəstə rəssamdan ibarət xüsusi briqada yaradılmışdı. 1940-cı il iyunun 5-də Tağı Tağıyev köhnə mövzudan imtina edərək bu yeni əsəri tamamlamalı olan briqadaya qoşulur, iyunun 11-də 42 saylı əmrlə bu razılıq sənədləşdirilir, əvvəlki sifariş üçün almış olduğu avans da bu yeni əsər üzərində işinin zəhməthaqqısı kimi nəzərə alınır [10, 22b].
Lakin muzeydə ümumi tərtibat işləri ilə bağlı da briqadalar yaradılmışdı.
Elə həmin əmrin digər bəndi göstərir ki, rəssam Əlibala Kazımova 1939-cu il noyabrın 16-da bağlanmış müqaviləyə əsasən çəkməli olduğu “Nizaminin Qızıl Arslanla görüşü”, “Hind gözəli Bəhramın sarayına daxil olarkən” mövzularını bir kənara qoyaraq Salman Zeynalovun briqadasına qoşulmaq tapşırılır [10, 22b-23a].
Eynən o cür rəssam Məmməd Şirinov çəkməli olduğu “Leyli ilə Məcnunun son görüşü”, “Fərhad qayaya Şirinin surətini həkk edir”, “Bəhram iki şir arasından tacı götürür” əsərlərinin əvəzinə işini Qəzənfər Xalıqovun briqadasında davam etdirməli olur [10, 23a].
Mühafizəkar bir dövrün içərisində artıq təsdiqləmiş, maliyyə məsələləri həll edilmiş müqavilələrlə belə sərbəst görünə biləcək davranışlar Nizaminin xatirinə, yaxınlaşan yubileyədək muzeydəki tərtibat işlərini layiqincə başa çatdırmaq naminə edilirdi, əlbəttə ki, yüz faiz tam azad şəkildə də deyil, müvafiq yuxarılarla razılaşdıraraq.
1940-cı ilin bitər-bitməzində Nizami yubiley komitəsinin qərarına əsasən muzeydə bir əmr də hazırlanır.
102 saylı əmr dekabrın 10-da verilir. Ancaq muzeyin elmi katibi Həmid Araslı artıq dünən yola düşüb. Elə əmrdə də bu cür yazılıb: “Dekabrın 9-dan 18-dək Nizaminin əsərlərinin əlyazmalarını almaq məqsədi ilə İrəvan şəhərinə ezam edilsin” [10, 56a].
Bu vacib səfərin ezamiyyət xərclərini də muzey deyil, yubiley komitəsi ödəməyi öhdəsinə götürür.
Həmid Araslı səfərdən əlidolu qayıdır [10, 56b].
Nizami muzeyinin də, Nizami yubiley komitəsinin də yeni il astanasında dərindən nəfəs almaq haqqı var. Çiyinlərindəki ağır yük yüngülləşən kimidir.
Nizami muzeyi üzrə 1940-cı ilin 31 dekabrına aid 105 saylı son əmr yubiley hazırlıqlarının müəyyən olunmuş qrafik çərçivəsində, yüksək səviyyədə getdiyini və dahi şairin qarşıdakı 1941-ci ildə təntənə ilə qeyd edilməli olan 800 illiyinə muzeyin açılışına mane olacaq bir səbəbin qalmadığını göstərir.
Həmin əmrlə binadakı yenidənqurma, təmir-tikinti işlərinin bitməsi ilə əlaqədar muzeyə bu münasibətlə müvəqqəti qəbul edilmiş əməkdaşlar işdən azad edilirlər [10, 57b].
Bina hazır, eksponatlar toplanıb, sifariş edilmiş rəsm əsərləri çəkilib.
Qalır gözəl təmir edilmiş muzey binasının zallarında onları zövqlə, səliqə ilə yerləşdirmək və 1941-ci ilin sentyabrında keçiriləcək Nizami yubileyi günlərində qapıları tamaşaçıların üzünə açmaq.
O günü Azərbaycan da, muzey də ruh yüksəkliyi ilə gözləyir.
Lakin 1941-ci ilin yayında başlanacaq müharibə bu ümidləri yarı yolda qoyacaq.
Muzeyin açılışı 5, yubileyin keçirilməsi 7 il təxirə düşəcək.
74 vərəqlik “Əmrlər Kitabı”nın 58- i yazılıb. Qalan 32 səhifə boşdur.
Əlbəttə, bu qədər boş səhifə varkən elə növbəti ilin əmrlərini də həmin dəftərdəcə davam etdirmək olardı.
Amma yox!
1941 xüsusi ildir, bayram ilidir.
Muzey açılacaq, Nizaminin 800 yaşının fərəhli təntənələri yaşanacaq. Hər şey təzə olsa yaxşıdır. Elə “Əmrlər Kitabı” da!
Bundan sonra gələn “Əmrlər Kitabı” 100 səhifədir. Lakin daha əvvəlki ovqat yoxdur. Bir dəftərxana kitabında 6 ilin əmrləri yazılıb.
1941-ci ilin əvvəlindən ta 1946-nın sonuna qədər. Sadəcə hər il tamamlananda bir vərəqi qatlayaraq növbəti ili qeyd ediblər [11, 2a, 42a, 54a,74a].
Zamanın qaramatlığı və insanın ruhdan düşməsi, çoşqun həvəsin sönməsi, xəyal qırıqlığı hətta zahirən əhəmiyyətsiz sayıla biləcək belə xırdalıqlarda da özünü göstərir...
Yüzillər, minillərlə torpaq altında uyumuş daşlar gün işığına çıxınca dil açıb çox həqiqətləri söylədiyi kimi, illərlə arxivlərin səssizliyində kirimişcə qalmış saralmış vəqərlərin də dilini bilən dindirincə beləcə gizlincləri açması, vaxt dumanını dağıdaraq məhrəmləşməsi, doğruçu danışmağı var.
`
QAYNAQLAR:

1. AMEA Nizami Gəncəvi adına Azərbaycan Ədəbiyyatı Muzeyi. NEQATİV bölməsinin siyahısı. Kitab № 1, 2. Başlanır: inventar №1. Bitir: inventar №2703
2. Cavad Axundovun şəxsi işi. Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin arxivi
3. Cəmilə Novruzova. Fuad Əbdürrəhmanov. “Nurlan”, Bakı, 2004.
4. Həbibulla Səmədzadənin şəxsi arxivi. Salman Mümtaz adına Azərbaycan Dövlət Ədəbiyyat və İncəsənət arxivi.
5. Həbibbula Səmədzadənin şəxsi işi. Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin arxivi
6. Olqa Cəlalbəyovanın şəxsi arxivi. Salman Mümtaz adına Azərbaycan Dövlət Ədəbiyyat və İncəsənət arxivi.
7. Olqa Cəlalbəyovanın şəxsi işi. Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin arxivi
8. Rafael Hüseynov. Yurdun adındakı can. “Elm”, Bakı, 2010
9. Tamilla Kərimova. Azərbaycan Milli Elmlər Akademiyasının yaranması. “Elm və təhsil”, Bakı, 2015
10. Академия наук Азербайджанской ССР. Музей Азербайджанской литературы имени Низами. Фонд №25. Опись №3. Единица хранения №1. Книга приказов. Начато: 1.Х.1939. Окончено: 31.ХII.1940. Хранить 75 лет. На 73 листах
11. Академия наук Азербайджанской ССР. Музей Азербайджанской литературы имени Низами. Фонд №21. Опись №3. Единица хранения №2. Книга приказов. Начато: 5.I.1941. Окончено: 25.ХII.1946. Хранить 75 лет. На 100 листах
12. Валентина Золотарёва. Художник Илья Рыженко // Известные камышане двадцатого века. Камышин, 2003, В.
13. Керимова Тамилла. Из истории национальной Академии наук Азербайджана. Издательство «Тахсил», Баку, 2005
14. Левиатов В.Н. Керамиkа старой Гянджи. Издательство АзФАН, Баку, 1940 (44 стр.)
15. Левиатов Вадим Николаевич. Очерки из истории Азербайджана в ХVIII веке. Издательство АН Азербайджанской ССР. Баку, 1948 (227 стр.)
16. Левиатов В.Н. Памятники Азербайджанской культуры: Бакинский дворец Ширваншахов. Академия наук СССР, Азербайджанский филиал, Институт истории, Баку, 1944 (52 стр.)
17. Н.Габибов, П.Гаджиев, Н.Милашевская, Д.Новрузова. Очсрки изобразительного искусства советского Азербайджана. Живопись, скульптура, графика. Издательство Академии Наук Азербайджаннской ССР. Баку, 1960
18. Щеблыкин И.П. Краткий очерк истории Дворца ширваншахов в Баку. Баку, 1939
19. Щеблыкин И.П. Памятники Азербайджанского зодчества эпохи Низами: материалы. Издательство АзФАН, Баку, 1943 (95 стр.)

Avropa Şurası Parlament Assambleyasının Azərbaycan nümayəndə heyətinin üzvüdür.
Azərbaycan Respublikasının Milli Məclisinin deputatıdır.
AMEA Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktorudur.
Facebook