RAFAEL HÜSEYNOV AMEA-nın həqiqi üzvü Filologiya elmləri doktoru Professor
Qoca müdrikin vəsiyyətindəki nigaranlıq May 17, 2020 | 14:25 / Mühüm hadisələr

O, təqribən 1 əsrə çatan, lap dəqiqi 98 illik ömür yaşadı.
Bu uzun həyatının təqribən 90 ilini atalar sözləri ilə baş-başa oldu.
Təbii ki, ata sözlərinin, zərbülməsəllərin, hikmətlərin, nəsihətlərin hər çeşidinə bələd olan bu kişinin belə bir el deyimindən də xəbəri vardı ki, “Vəsiyyət yüngüllükdür”.
Ona görə də vəsiyyətini etməyi, son arzularını dilinə gətirməyi canını tapşıracağı dəqiqələrə, axırıncı nəfəsinə saxlamadı.
Vəsiyyətini elə qabaqcadan – yaşlansa da, hələ xeyli sağlam, gümrah olduğu çağlarda edərək daxilən yüngülləşdi.
Həm hərdən balaları başına yığılanda bu ürək sözlərini dilə gətirdi, həm də özünə xas səliqə ilə bir parça kağızda da yazdı ki, nişanə qalsın, bir gün həyatda olmadığı əyyamlarda umduqları övladlarına təhrifsiz, sözbəsöz dəqiqliyi ilə çatsın.
Təkcə öz nəvələrinin deyil, həm yaşına, həm də həyatı boyunca topladığı söz sərvətlərinə görə bütün azərbaycanlıların babalarından biri adlanmağa layiq Əbülqasım Hüseynzadə nə vəsiyyət edirdi, özündən sonrakı dünyada balalarını necə görmək istəyirdi?
Lap yeniyetmə vaxtlarından ahıllığınacan maaş alıb yaşamışdı, məvacibdən başqa yeganə gəlir mənbəyi yazdıqları olmuşdu.
Həmişə nəfsi tox ömür sürmüşdü, acgözlükdən, tamahdan uzaq durmağı övladlarına da aşılamışdı. Odur ki, nə xüsusi bir mal-mülk sahibi idi, nə də sonradan balaları arsında mübahisə, höcətləşmə yarada biləcək var-dövləti vardı.
Həmin səbəbdən də Əbülqasım Hüseynzadənin vəsiyyətnaməsində mal-dövlət, əmlak barədə bircə kəlmə də yox idi.
1983-cü il fevral ayının 4-ü idi və hələ təkcə Allaha bəlli idi ki, o, 5 il də yaşayacaq və 1988-ci ilin 25 sentyabrında gözlərini əbədilik yumacaq.
“Əziz balalarım!
Məryəm, Züleyxa, Gülsüm, Balaxanım, Nəzakət, Asiya, Fərhad, Leyla!
Və nəvə-nəticələrim.
Sizə 2 şey tapşırıram”.
Əbülqasım Hüseynzadənin zahirən sırf şəxsi səciyyəli bu sözlərini, öz xələflərinə məktubunu, bir ailəyə aid vəsiyyətnaməsini ona görə insanlarımızın bilməsini istəyirəm ki, burada ibrət var.
Bu sözləri adi adam yazmır.
Bu sözləri yazan dünyanın hər üzünü görmüş, ən fırtınalı zamanların içərisindən keçmiş, ağlı kitab-dəftər kəsəndən də müdrik el sözləri ilə təmasda olmuş dərin bir ağsaqqalın bitəcəkli ömürdən, bivəfa dünyadan çıxardığı başlıca qənaətlərdir.
Və üzdən son dərəcə adi görünə biləcək həqiqətlər.
Birinci istəyi nə idi?
“Oğlum və qızlarım, bir-birinizlə mehriban və müqəyyəd olun”
Bu dünyada, uzun, ya qısa ömrü içərisində insana nəsib olan bütün dostlardan, qohumlardan, əzizlərdən ən yaxınları Allahın müəyyən etdikləridir.
Bacın, qardaşın.
Ancaq hamı səmaların təyin etdiyi, tale yazısı olan bu yaxınlığın mənasını sonacan anlayaraq bacısına-qardaşına bəsləməli olduğu məhəbbəti, sədaqəti, nəvazişi ömrü boyu davam etdirə bilirmi?
Eyni valideynin övladı ola-ola bir-birləri ilə soyuq davranan, yad kimi rəftar edən, hərdən lap qanlı-bıçaq olan az adam görməmişdi Əbülqasım ustad.
Bundan da agah idi ki, öz doğmasına mehribanlıq, ülfət göstərə bilməyən kəs yada da heç vaxt sonacan səmimiyyət, sədaqət, şəfqət bəsləyə bilməz.
Kiçik kürəkəni, artıq yaşı 80-i keçmiş Seyfi Gözəlov yada salır: “Hərçənd söyləyirlər ki, bacanaq bacanağı görəndə qaşınma tutar, amma qayınatam elə mühit yaratmışdı ki, biz 7 bacanaq 7 doğma qardaş kimi olmuşduq”.
Elə balalarını da bu cür böyütmüdü. Ancaq hər ehtimala qarşı sözünü bir də çatdırırdı ki, balaları, onların övladları bu düsturdan qırağa çıxmasınlar.
İkinci istəyi nə idi qalanlardan?
Xatirəyə hörmət, yaddaşa sayğı, keçmişə dönük çıxmamaq.
Hər millətin də yaddaşı, xatirəsi, keçmişi var, hər insanın da. Öz nəslinin, ailsəinin soyadının yaddaşına, xatirəsinə, keşmişinə sahib çıxmayan, biganə qalan kəs millətin yaddaşına da, xatirəsinə də, keçmişinə də etibarlı ola bilməz.
Bu da Əbülqasım ustadın uzun və enişli-yoxuşlu həyatdan aldığı vacib dərslərdən idi.
Özü yaşadığı müddətcə əslinə-nəslinə də, xalqının yaddaşına da sadiq olmuşdu. Bunu balalarından da istəyirdi: “Qəbrim üstə gələndə atamın-anamın da qəbri üstə gedin. Fatmaxanım bacımı, Xanımananı və Hüseyni yaddan çıxarmayın”.
Ən son diləyi və nigarançılığı isə kitabları, yazı-pozusu, yolu, məsləki ilə bağlı idi:
“Mənim kitablarımı, əlyazmalarımı qoruyun.
Hansınızın həvəsi olsa, şifahi ədəbiyyatımızın toplanmasını və nəşrini davam edin.
Heç olmazsa biriniz mənim otağımda yaşayın”.
...Otağında yaşamağına yaşadılar, lakin o nəsildən Əbülqasım yolu gedən ikinci şəxs çıxmadı.
Azərbaycanınsa fədakar Əbülqasımlara daim ehtiyacı var.
Lap vaxt ayrı söz desə də, lap zəmanə daha belə məşğuliyyətlərə keçmişlərdəki kimi həssas yanaşmasa da, lap araşdırıcılığa, toplayıcılığa, əski sözlər üstündə əsməyə internet dövrü, günün qeyri-adi sürətləri laqeyd qalsa da.
Çox şeylər dəyişilə bilər və hələ indikindən də betər dəyişəcək.
İnsanlıqsa, gərək yaşasın! İnsanı insan edən insanlıq!
Elədirsə, demək həmişə Əbülqasımlara da ehtiyac var olacaq, Əbülqasım Hüseynzadədən bizə saxlanc olan qiymətlidən qiymətli kitablar da ömrünü davam etdirəcək.

Avropa Şurası Parlament Assambleyasının Azərbaycan nümayəndə heyətinin üzvüdür.
Azərbaycan Respublikasının Milli Məclisinin deputatıdır.
AMEA Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktorudur.
Facebook