RAFAEL HÜSEYNOV AMEA-nın həqiqi üzvü Filologiya elmləri doktoru Professor
İki böyük sevgi İyun 18, 2020 | 11:25 / Görüşlər

Bu il iyunun 3-də onun 93 yaşı tamam oldu, qədəm basdı ömrün 94-cü ilinə.
Oturmuşuq, dünənləri, ötüb-keçənləri yada salırıq.
Maşallah, hafizəsi saat kimi dəqiqdir.
60-70 il əvvəlin olmuşları ilə bağlı təfərrüatları xəbər alıram ondan, hər şeyi yerli-yataqlı danışır, arada tutalım, 4-cü sinifdə onunla eyni sinifdə oxumuş hansısa uşağın adını xatırlayıb soyadını yada sala bilməyəndə şikayətlənir ki, yaddaşı zəifləyib.
Amma bu kişinin əsas gözəlliyi qarşı-qarşıya oturduğumuz saatlar boyunca yalnız mənimlə dünən arasında çox etibarlı körpü olması deyil, sidq-ürəkdən gələcək haqqında düşünməsidr.
Arzulaması, hansısa gərəkli işləri görməyi niyyət etməsidir!
Səliqəli xətti ilə qələmə aldığı vərəqləri göstərir mənə.
“Babam haqqında xatirələrimi yazıram. Gələn il onun 150 illiyidir. İstəyirəm bir kitab buraxam”.
Birazdan çəkilişimizi başlayacağıq. İstəmirəm ki, onu yorum. Cəhd edirəm bir qədər fasilə verib dincəlsin ki, yazılışa daha çox gücü qalsın.
Lakin nəvələrinin ən sevimlisi (özü bunu təsdiq edir) Kəmalə xanım məni arxayın edirki, narahat olmayın, yorulan deyil.
Arada hansısa kağızlar , hansısa sənədlər, yazılar gərək olur.
Ha deyirəm, əziyyət çəkməyin, sonra baxarıq, dinc dayanmır, gedib-gətirir.
Fərəhlənirəm.
Görürəm ki, bu işıqlı varlıq həvəslə, şövqlə, həyat eşqi ilə, işləmək istəyi ilə doludur.
Haqqında xatirələrini yazmaq istədiyi babası Axund Ağa Əlizadə müqəddəs adam olub.
O, Azərbaycan Xalq Cümhuriyyəti dönəmində -- 1918-1920-ci illərdə müstəqil dövlətimizin ilk, Qafqazın isə səkkizinci Şeyxülislamı idi.
Və necə nüfuz, ehtiram sahibi imişsə sovetin repressiya dalğaları onu sıralardan qopara bilməyib. Əksinə, yenidən ali dini kürsü ona etibar edilib, 1944-cü ildən ta 1954-ci ilə --ta vəfatınadək yenidən Şeyxülislam vəzifəsində çalışıb.
Bir telefon nömrəsini istəyirəm ondan. Dediyimə peşman da oluram. Çünki yenə dərhal qalxır, gedir, telefon nömrələri yazdığı dəftərçəni gətirir.
Maraq üçün vərəqləyirəm o dəftərçəni. Səhifələrdəki adların əksəri tanış.
Azərbaycanın görkəmli rəssamları, ziyalıları, alimləri...
Çoxu artıq həyatda yoxdur.
Neyləməli, 93 yaşlı adamın dəftəri elə belə olar.
Vaxt onun nəsildaşlarının yarpaq tökümünü çoxdan başlayıb yox, bəlkə də artıq bitirib.
Dəftərçənin ilk səhifəsinə bir göyçək qadın şəkli yapışdırıb.
“Sevgilinizin şəklidir?”, -- soruşuram.
Qəhərlənir.
“3 ildir onu itirmişəm, heç yadımdan çıxmır, bilsən necə çətindir!”.
Əlbəttə, belə ayrılığa dözmək çətindir.
O qızı ilk dəfə 5 yaşı olanda, uşaq bağçasına gedəndə görüb.
Balacaları balıq yağı içmək üçün növbəyə düzüblərmiş. Hər uşaq bir qabın içərisindən duza batırılmış bir tikə çörək götürür, gəlib balıq yağını içəndən sonra o duzlu tikəni yeyirmiş ki, ürəyini bassın.
Qəfilcə növbədəki bir qız başlayır ağlamağa.
Sən demə çörəyini yerə salıbmış.
Bu oğlan öz tikəsini verir o qıza.
Və illər sonra onlar qovuşurlar. 70 ilə sığan xoşbəxt, özü demiş, “şeir kimi” həyat yaşayırlar.
Belə bir əzizini itirmək, sənin bir parçan olandan ayrı düşməyə dözmək asanmı?
Hər insan kimi onun da uzun ömründə çox sevgilər olub.
Dünyaya gəlişləri ilə ona hərəsi bir sevinc gətirmiş balalarına, nəvə-nəticələrinə sevgi, doğma yurduna, sadiq dostlarına sevgi...
Fəqət 2 sevgi ondan ötrü ən başda dayanıb, həyatının mənası olub.
70 il nəfəs-nəfəsə olduğu Sevilinə sevgisi, bir də lap uşaqlığından aşiqi olduğu foto sənətinə məhəbbəti.
Bir-bir köhnə illərdə çəkdiyi fotoları qaldırır, hərəsi ilə bağlı bir tarixçəni söyləyir.
O şəkilləri əlində elə nəvazişlə tutur, onlar barədə elə hərarətlə, həyəcanla danışır ki, sanki bunlar heç cansız foto kağızları deyil, dipdiri adamlardır...
...Azərbaycantelefilm xətti ilə fotomuzun tarixinə həsr edilən filmin növbəti parçasını çəkirik.
Mənimlə üz-üzə dayanan bu tarix adam yəqin ki, bu gün üçün ən qocaman fotoqrafımızdır.
93-ünü başa vurub 94-ünü başlayan Kamal Axundov.
Dünəndən qoparıb əbədiləçdirdiyi anlarla Azərbaycan mədəniyyətinin təkrarsız fotosalnaməsini yaratmış fotoqraf Kamal Axundov!

Avropa Şurası Parlament Assambleyasının Azərbaycan nümayəndə heyətinin üzvüdür.
Azərbaycan Respublikasının Milli Məclisinin deputatıdır.
AMEA Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktorudur.
Facebook