RAFAEL HÜSEYNOV AMEA-nın həqiqi üzvü Filologiya elmləri doktoru Professor
Seyid Əzimin salamı İyun 15, 2020 | 11:35 / Mühüm hadisələr

Bütün zamanlarda böyük şairlər gələcəkdə də diri qalacaqlarına, sözlərinin həmişə yaşayacağına sadəcə ümid bəsləməmiş, məhz belə olacağına inanmışlar.
Ondoqquzuncu əsrdə yaşayıb-yaratmış, 53 illik qısa ömür sürsə də, zəngin irs doğurmuş və bütün Azərbaycan ədəbiyyatının ən parlaq simalarından olmuş Seyid Əzim Şirvani də nələr yaratdığının dəyərini, təbii ki, hər kəsdən daha əvvəl və daha yaxşı bilirdi. Ona görə də cismani ölümlə həyatdan getməyəcəyinə, daim insanlarla qalacağına əmin idi. Lakin başqalarından fərqli olaraq, Seyid Əzim sadəcə kağız üzərindəki sözünün deyil, SƏSinin də hər zaman var olacağı, onu yaşadacağı qənaətində idi:

Mövt-i cismani ilə sanma mənim ölməyimi,
Seyyida, ölmərəm, aləmdə səsim var mənim.

XXI əsrdir və o üslubda, o lüğət tərkibi ilə ki Seyid Əzim yazıb, indi xeyli köhnədir. Türk dilləri, o sıradan Azərbaycan türkcəsi vaxt ötdükcə xeyli təmizlənib, saflaşıb, bir çox əcnəbi sözlərdən azad olub. Amma Seyid Əzimin şeirləri bu gün dərsliklərdədir, yeni nəsillərin dilində əzbərdir, səhnələrdədir və ən mühümü, öz sağlığında olduğu kimi, xanəndələrin ifasındadır. Seyid Əzimdən sonra saysız qəzəllər də yaranıb, gözəl yazan şairlər də az olmayıb. Amma bu gün də Azərbaycan muğamlarını bəzəyən sözlər içərisində ağırlıq Məhəmməd Füzuli ilə Seyid Əzim şeirlərinindir.
Elə bir gün olmaz ki, muğamlar səslənməsin və hər qəzəlin məqtəsində – bitəcəyindəki “Seyyida” kəlməsi eşidilməsin.
Bu, Seyid Əzimin qeyri-adi fəhmlə gördüyü gələcək deyilmi?
Bu, Seyid Əzimin aləmdə səsinin həmişə var olacağına ən əyani sübut sayılmazmı?!
Seyid Əzim Şirvani kimi müstəsnaları yalnız bir xalqın övladı hesab etmək, onları məhdud coğrafi çərçivələr içərisində görmək bu misilsiz şəxsiyyətlərin əsl böyüklüklərini sonacan dərk etməməyə bərabərdir.
Seyid Əzimin Azərbaycana verdiyi faydalar və xalqına bəxş etdiyi işıq öz yerində, eyni zamanda onu həm də yeni türk mədəniyyətinin nadir qurucuları və fədailərindən biri olaraq qavramalıyıq.
O dövrdə ki Seyid Əzim yaradıcılıq aləminə gəlmişdi, dünya dəyişirdi, Şərq və Qərb mədəniyyətləri bir-birinə daha çox yaxınlaşırdı, Mərkəzi Asiyanı – Mavərrənnəhrdən Qafqazlara, Osmanlıdan Hindistanacan nəhəng ərazini yeniləşmələr dalğası bürüyürdü. Bu gedişatda yükün ağırı istedadlı, fədakar, millətsevər maarifçilərin boynuna düşürdü ki, Seyid Əzim də onlardan biri di. Bu qəbil insanlarsa vaxtın az, işlərin, vəzifələrin həddən ziyadə çox olmasının məsuliyyətini dərk etdiklərindən qətiyyən bir sahədən yapışıb qalmırdılar. Onlar hamısı dərin, universal zəkalı, dillər bilən, müasirlik duyğusu ilə çırpınan şəxsiyyətlər idi. İndi zamanın hündürlüyündən baxaraq o nadir simaları təhlil edərkən bunu da görürük ki, millətin mənəviyyat yükünü çəkən şəxsiyyətlərin gördüyü işlər nə qədər sanballı, müdrik, ağsaqqal təmkini ilə ölçülüb-biçilmiş olsa da, özləri hələ xeyli cavanmışlar.
Vaxt onları yaşlarından daha qoca, daha yetkin etmişdi.
Seyid Əzim də yalnız şairlik etmirdi ki.
Yeni tipli məktəblər açılırdı, xalqın balalarına xurafatdan uzaq mükəmməl təhsil vermək lazım idi.
Bütün çətinliklərə baxmayaraq, yeni tipli məktəb açanların ilkinlərindən biri də elə Seyid Əzim idi.
1875-ci ildə Azərbaycanın ilk qəzeti “Əkinçi” nəşrə başlayır, mühitimizə jurnalistika daxil olur, bu mətbuat qaranquşu Çar Rusiyasının müsəlman xalqları arasında da yayılır, yeni düşüncənin təşəkkül tapmasına töhfələrini verir və həmin qəzetdə imzası görünən ilklərdən biri Seyid Əzim idi.
“Əkinçi”nin ardınca başqa qəzetlər yaranır və Seyid Əzim ləngimədən onların yanındadır. “Ziya-yi Qafqasiyyə”yə (1879–1883), “Kəşkül”ə (1883–1891) məqalələr yollayır.
Ədəbi incilər doğuran Seyid Əzim bir-birinin ardınca əsl jurnalist əzmi ilə zahirən öz zərif şair ruhu ilə sən deyən uyuşmayan, fəqət günün tələb etdiyi mövzularda məqalələr qələmə alır.
Şamaxıda bərk istilərin düşməsi səbəbindən yaranan quraqlıq və bunun təsərrüfata vurduğu ziyan, Şamaxıda neft quyusunun qazılması, 1880-ci ildə Şamaxı qəzasının Kürdəmir və Kərkənc kəndlərində məktəb açılması, Göyçay mahalında qaçaqların törətdiyi fəsadlar sanki ilhamının qanadları yüksək fəzalara açılmış, sevdalı qəzəllər müəllifi Seyid Əzimə yad mövzulardır.
Amma bu məsələlərlə bağlı məqalələri də həvəslə yazır, öz “müxbir məktubları”nı səliqə ilə redaksiyalara göndərir və yazdıqlarının hansısa nöqsanların aradan getməsinə yardımçı olacağına ümid bəsləyir.
Gerçək millət fədailərinin, sadiq maarifçilərin başlıca özəlliyi elə bundan ibarətdir ki, onlar heç bir işi çağırışla, dəvətlə, təsirlə, təzyiqlə etməyiblər. Vicdanları, zəmanənin ruhu onları səfərbər edib və harada lazımdırlarsa, o nöqtədə də olublar.
“Əkinçi”nin naşiri, ustad Həsən bəy Zərdabi (1842–1907) Seyid Əzim Şirvaniyə iftixarla “Məliküş-şüəra” – “Şairlər başçısı” deyirdi [“Əkinçi”, 1876, №11], böyük filosof-şair Məhəmməd Hadi (1879–1920) Seyid Əzimi sevərək “nadire-yi ürfan” – “Az-az rast gəlinən bilik sahibi” adlandırır, onu “zülam, ovham və xurafat ilə kirlənmiş mühit qucağında parlayan zəka şöləsi” [Məhəmməd Hadi. “Seyid Əzim və asarı”, “İqbal” qəzeti, 1914, №714] deyə təqdim edirdi, şagirdi olmuş Mirzə Ələkbər Sabirsə (1862–1911) müəllimini digər şairlərdən ayıraraq onu “şair-i nədim” sayırdı, müasirləri Seyid Əzimi çoxcəhətli bilikləri və coşqun təbinə məftunluqla “sərvər-i dövran”, “mərifət taxtının Süleymanı”, “səramad-i dövran” [Kamil Mirbağırov. Seyid Əzim Şirvani. Azərbaycan Uşaq və Gənclər Ədəbiyyatı Nəşriyyatı, Bakı, 1959, s. 4] kimi səciyyələndirmişlər.
Bizim dahi şəxsiyyətlərimizin, gökəmli ədiblərimizin, millət üçün qəlbi yanan və el naminə çox işlər görmüş sələflərimizin heç birinin rahat, rəvan həyatı olmayıb. Tək bizdə, türk dünyasında, müsəlman aləmində belə deyil ki! Dünyanın hər yerində bu cür olub. Hər yerdə və hər zaman böyük başın ağrısı da çox olub. Odur ki, övlad olaraq, xələflər olaraq onların hamısına borcumuz var. Bu gün biz Seyid Əzimi özbək dilində danışdırmaq zəhmətini çəkiriksə, bunun özü də elə həmin borcqaytarma yolunda daha bir addım sayılmalıdır.
Şeyx Fəridəddin Əttar (1136–1221) əzazil Çingiz xanın (1162–1227) istilaları əsnasında əsir düşür. Bir moğol onu qətlə yetirmək istəyəndə başqa moğol çıxır irəli ki, əl saxla, sənə min qızıl verirəm, sat bu adamı mənə. Öldürmək istəyən razılaşan kimi olur və bu zaman Əttar dillənir: “Satma, mən bu qiymətdən daha artığa dəyərəm”.
Bu arada bir başqa moğol dillənir: “Qıyma o zavallıya, əvəzində sənə bir torba saman verərəm”.
Şeyx Əttarın qanadı sınır: “Hə, indi sat, bundan artığına dəymərəm!”
İnsan, Ağıl, İstedad, İlham o yerdə dəyərlidir ki, onun qiyməti bilinir.
O yerdə qiymətlidir ki, onu əziz tuturlar, ona ehtiyac duyurlar.
Parlaq kimsələrin üstünə qarğa-quzğunlar töküləndə, əl-qol açmasına imkan verilməyəndə, başından basılanda, ondan qat-qat aşağı olanlardan daha əskik tutulanda dünya başına dar gəlməsin, neyləsin?!
Görkəmli Azərbaycan ədibi və maarif xadimi, müstəqil Azərbaycan dövlətinin qurucularından, İstiqalal Bəyannaməsinə ilk imza atanlardan və bolşevizmin əvvəlinci qurbanlarından olan Firidun bəy Köçərli (1863–1920) sözün sərrafıydı, şairlərin hansının hansı qüdrətə sahib olduğunu səriştəylə duyub qiymətləndirməyi bacaran həqiqi münsif idi. Və orta çağda yazıb-yaradanlardan tutmuş XX əsrdəki öz müasirlərinəcən yüzlərlə şairin minlərlə şeirini oxumuş Firidun bəy heç kəsə Seyid Əzimə heyran olan kimi məftun kəsilməmişdi və heç bir yaradıcı haqqında bu şair barəsində yazdığı qədər səxavətlə təriflər işlətməmişdi.
Təpədən-dırnağa bir şərqli ola-ola, seyid-peyğəmbər övladı ağır bir seyid ola-ola, mükəmməl dini təhsil görmüş ruhani ola-ola Seyid Əzim öz qılafından çıxa bildi, ömrünün boyuna biçilmiş qəlibi sındırdı, üzünü Avropaya tutdu.
Çünki bir alim və şair fəhmiylə sezmişdi ki, yeni dövrün işığı Qərbdən gəlir.
Bu qiymətverən Köçərlidir: “Mərhum Seyid əgərçi tüfuliyyətdən (uşaqlıqdan – R.H.) köhnə və qədimi qayda üzrə təlim alıb Avropa mədəniyyətindən bir növ bəhrəmənd olmamışdı, akademiya və universitet görməmişdi, lakin istedad-i cibilli (yaradılışdan ona qismət olan vergi – R.H.) və şüur-i fitri sayəsində, ənva-i ülumü fünuna dara olub öz əsrində müasirləri arasında ən məşhur ədiblərdən, ən zərif ürəfalardan və ən mötəbər və müqtədir şüəradan birisi hesab olunurdu” [Firidun bəy Köçərli. Azərbaycan ədəbiyyatı. İkinci cild. “Elm” nəşriyyatı, Bakı, 1981, s.35].
Bu hələ hamısı deyil.
Firidun bəy davam edir: “Fünun-i şeirdə binəzir olduğundan maəda bədihəguluqda (improvizədə – R.H.) türk şairləri arasında misl ü bərabəri yox idi. Bu barədə Hacı Seyid Əzim rusların Puşkininə, ingilislərin Bayronuna və polyakların Miskeviçinə bərabər imiş” [F.Köçərli, s.35].
Bizimçün şeirdə Füzulidən üstün meyar təsəvvür etmək mümkünsüz kimidir.
Firidun bəy heç kəsə şamil etmədiyi bu ali qiyməti də Seyid Əzimdən əsirgəməyib: “Mərhumun elə gözəl və səlis qəsidələri, elə xoşməzmun müxəmməsləri və qitələri, elə ruhpərvər qəzəlləri var ki, Füzuli Bağdadinin kəlamına əvəz ola bilərlər”.
Bir dəfə deməklə ürəyi soyumur, dübarə başqa yerdə bir də təkrar edir: “Zənn-i acizanəmizcə, ərbab-i hal və sahib-i mərifət ü kamal nəzərində Seyidin qəzəlləri Füzulinin kəlamına gərək bərabər tutulsun” [F.Köçərli, s. 89].
İfrat təvazö ilə “acizanə gümanıma” görə deyir Firidun bəy Köçərli.
İkinci bir bu ucalıqda, Firidun bəy siqlətində bilici yoxdur ki, Seyid Əzimə qiymət verəndə ona istinadı bunca arxayınca edək.
Həmin səbəbdən Firidun bəyin söz tariximizin ən möhtəşəm zirvələrindən olmuş Seyid Əzim haqqında yazdığı hər dəyərləndirməni iqtibas etmək məcburiyyətindəyəm (və həvəsindəyəm): “Seyyid… Azərbaycan türklərinin Xacə Hafizi mənziləsində ola bilər” [F.Köçərli, s. 89].
Bunca yüksək sözlərdən sonra da hiss edirdi ki, dedikləri, yazdıqları hələ azdır və arzulayırdı: “İnşallah, əcəldən macal olsa, Seyyid-i mərhumun barəsində məxsusi bir kitabça tərtib etmək niyyətində varıq” [F.Köçərli, s.91].
Əcəldən macal olmadı. Azərbaycanı işğal etmiş Şura hökuməti Firidun bəyi qətlə yetirdi və o kitabça yazılmadı…
Seyid Əzimin öz tale kitabısa ilk sətirlərindən əyri-üyrü, pozuq gəlmişdi.
1835-ci il iyulun 10-da Şamaxıda doğulan Əzim atası Seyid Məhəmmədi 7 yaşındaykən itirmişdi.
Ömrü uzunu çox səfərlərə yollanacaq Seyid Əzim ilk uzaq səfərinə hələ dünyanı dərk eləmədiyi çağlarda naçar çıxası olmuşdu.
Cavankən dul qalan Kiçginə xanım balaca Əzimi də götürüb Dağıstana, Yaqsay kəndinə, atası Molla Hüseynin yanına yol almışdı.
Şamaxıdan Dağıstana gedəndə Əzim həyatın bərkindən-boşundan bixəbər sütül uşaqdısa, qayıdanda 18 yaşlı yetkin, bişkin bir cavan idi.
Kiçginə atasının tək övladı idi və Axund Hüseynin qızıyla nəvəsinə himayədarlıq etdiyi 11 il onunçün bir də bu səbəbdən əziz idi ki, Əzimin simasında sadəcə nəvə yox, həsrətində olduğu oğul tapmışdı.
Babası Əzimə dolğun təhsil verə bilmişdi, farscanı, ərəbcəni dərindən mənimsəyən gənc fərasəti və zirəkliyi sayəsində bir neçə yerli Dağıstan dili və ləhcəsini də öyrənmişdi.
Bu, məntiqə arxalanaraq edilən ehtimal deyil.
Bunu 1887-ci ildə Şamaxıda Seyid Əzimlə görüşmüş A.Zaxarov 1890-cı ildə Tiflisdə işıq üzü görən araşdırmasında ayrıca vurğulayır [А.Захаров. Народное обучение у Кавказских татар. «Сборник материалов для описания местностей и племён Кавказа». Девятый выпуск, отдел II, Тифлис, 1890, стр.26].
Amma Seyid Əzim Dağıstanda axund babasının yanında yalnız dilləri qavramamışdı.
Artıq bir başqasının şəhadəti yox, özünün yazmasıdır ki, 14 yaşından elmlərə meyil etməyə başlamışdı:

Oldum ol gün ki çardəhsalə,
Düşmədim fikr-i dövlət ü malə.
Eylədim arifanə kəsb-i ülum…

Amma Dağıstan mühiti Şamaxıya nisbətən umduqlarını ona vermək baxımından daha məhdud idi və 1853-cü ildə dədə-baba yurduna qayıtsa da, tezliklə hiss edir ki, buralar da ona dar gəlir:

Gah Bağdad məskənim, gah Rum,
Eylədim Misr ü Şamdə məva.
Gah yerim Yəsrib oldu, gah Bətha.
Oxudum nəhv ü sərf ü fiqh ü üsul,
Hikmət ü heyət eylədim məhsul.

Elmləri öyrənməyinə öyrənir və həyatının ilk kədərli qənaətlərindən birinə də məhz o zaman gəlir.
Yox, bu, çox bilməkdə çox dərd olması qənaəti deyildi.
Çox biləni zəmanənin əl üstdə, hörmət-izzətlə saxlaması əvəzinə məsxərəyə qoyması idi:

Ta ki müstəcmi-i ülum (bilikləri cəm edən – R.H.) oldum,
Nəzər-i əhl-i əsrə şum (uğursuz – R.H.) oldum.
Olmadı çünki məndə mal ü mənal (sərvət – R.H.),
Mənə öz elmim oldu vizr ü vəbal (ağır yük – R.H.).
Eylədim ta ki hər büsatə güzər,
Məni gördükdə xəlq söylədilər:
Budu gəldi səfahətin kani (səfehlik mədəni – R.H.),
Hacı Seyyid Əzim Şirvani.

Orta çağda “Çin ü Maçin” təşbihi ilə ən uzaq məmləkətlər düşünülərdi.
Bilikdə Allah gücü olmasını təsdiqləyən Məhəmməd peyğəmbər: “Biliyin ardınca gedin. O lap Çin ü Maçində olsa da” tövsiyə etmişdi.
Və Seyid Əzim 20 yaşındaykən İraqa savad ardınca qoşmuşdu.
Gəncliyinin dan yerində qərar verdiyi iki uzun səfərdə Anadoluda, İranın bir sıra şəhərlərində bulunması, Misirdə, Şamda, Bağdadda, Qahirədə dövrün böyük üləmalarından dərs alması, Məkkəni, Mədinəni ziyarət etməsi təkcə savadını artırmaq və dərinləşdirməklə bitməmişdi, onun gözlərini açmışdı, onu yaşından daha yaşlı etmişdi, oturub-durduğu insanların, içərisindən keçdiyi xalqların hərəsindən bir incəlik əxz etməsinə gətirib çıxarmışdı.
Sonradan Qafqazın get-gedə müasirləşən, Avropaya səmt götürən gedişatında hərdən köhnə elmləri oxuyub-öyrənməyə sərf etdiyi illərə görə heyifsilənmələri varsa da, bu nöqtədə ustadla razılaşmaq çətindir.
Məhz həmin inadlı təhsil illərinin bəhrəsiydi ki, Seyid Əzim əski fars, ərəb, türk şeirinin bütöv xəzinəsinə və ülgülərinə bu sayaq mahiranə bir tərzdə vaqif olmuşdu, sözlə belə gözbağlayıcılar edə bilirdi, sanki bütün fikirlərin Şərq şeirində deyilib qurtarmasından sonra da hünərvər, kəlməsi təravətli bir sənətkar kimi qəbul edilirdi, hamının ucdantutma qəzəl yazdığı tozanaqda itib-batmırdı, aydınca sezilirdi, Hafizlə, Füzuliylə müqayisə edilirdi.
İstedad öz yerində, amma əngin biliklər olmasaydı, bu mərtəbəyə yetmək mümkünsüz idi.
“Azərbaycan şairlərindən heç birisi mərhum Hacı Seyid Əzim yazdığı qədər əsərlər vücuda gətirməyibdir. Onun hər qisim kəlamı vardır və birindən gözəl, dilpəzirdir” [F.Köçərli, s.35].
Azərbaycan ədəbiyyatının səkkiz əsrlik yolunu tədqiq etmiş, bu nəhəng zaman kəsiyində yazıb-yaratmış məşhurların hamısının əsərlərindən xəbərdar olmuş söz və ədəbiyyat qazisinin – Firidun bəy Köçərlinin daha bir doğru inancıdır bu.
Hanı bəs o əsərlər?
O böyük və misilsiz irsin kiçik bir hissəsini oxumuşuq.
Əlbəttə ki, itənləri, ortada olmayanları da var.
Amma alimlərə çoxdan bəlli olan əsərlərinin də əksəri hələ geniş kütlələrə çatdırılmayıb.
O əsərlərisə Seyid Əzim həyatını şam kimi əridə-əridə ona görə yazırdı ki, xalqın gözü daha açıq olsun.
Bədbəxtin bu ümidi də, deyəsən, xam xəyal imiş:

Sizlərə sərbəsər salamım var,
Olmasam da özüm, kəlamım var.
Oxuyun şeirimi, qılın yadım,
Şad olsun bu ruh-i naşadım.

Şeirlərini oxuyub ona salam verənləri, naşad ruhunu şad edənləri mən gördüm.
Daha köhnə vaxtları bir tərəfə qoyuram, 1970-1980-ci illərdə Seyid Əzim qəzəllərini, müxəmməslərini cuşa gələrək əzbər söyləyən Azərbaycan xanəndələri, Ağanın “Divan”ını başdan-ayağa sinədəftər bilən şeirsevənlərimiz, hər sözünün, hər misrasının, hər beytinin üstündə əsə-əsə əlyazmalardakı yadigarlarını itkisiz, təhrifsiz hamınınkı etməyə çalışan mətnçilərimiz, seyidşünaslarımız vardı (onlardan bəzilərini mən şəxsən görmüşdüm. 1976-cı ildə hələ tələbə ikən rastlaşdığım, ixtisasca mühasib olan Böyükağa Mərdəkanlı Seyid Əzimin bütün “Divan”ını başdan-sona əzbər söyləyirdi).
İndi həmin istiqamətlərin hər birindəki boşluğu qəlb sıxıntısı ilə duyuram. Əlbəttə, bunun təbii səbəbləri də var. Nəsillər dəyişib, zaman ayrı zamandır. Lakin orası da var ki, Seyidi günümüzə yaxınlaşdıranlar olmasa, gün ötdükcə o bizdən uzaqlaşacaq. Acınacaqlıdır, di gəl, nə edəsən ki, həqiqətdir. Amma heç rəva deyil!

***
Seyid Əzim millətə balası kimi baxırdı.
O nəsihətləri ki oğlunun adını çəkərək ona ünvanlayıb, əslində bütün millət balalarına deyirdi.
Özü oxumaq, öyrənmək, hüdudsuz biliklər kəsb etməkdə örnək götürüləsi yol keçmişdi və nə öyüd edirdisə, hamısı qəbul və əməl olunmağa layiq idi.
Amma yenə təkid etmirdi.
Əsl müəllim kimi, canıyanan valideyn və ustad kimi, övladını – öyrəncisini danışıqsız tabe olmağa səsləmirdi, onlarçün seçmək imkanını da saxlayırdı:

Demirəm mən gedən təriq ilə get,
Əqli tut, ol gözəl rəfiq ilə get.
Sənə bürhan deyil təriq-i pedər,
Gör nə yol getdi zade-yi Azər.
Demirəm rus, ya müsəlman ol,
Hər nə olsan, get əhl-i ürfan ol.
Cəhd qıl, nemət-i təmamə yetiş,
Elm təhsil qıl, məqamə yetiş.

Seyid Əzimin yazdıqlarından xeylisi itib-batıbsa da, onun həyatı, şəcərəsi haqqında bilgiləri yaşadan sənədlərin çoxu əldən gedibsə də, seyidliyinin təsdiqi əks olunmuş möhürlü-imzalı sanballı vəsiqə qalmaqdadır.
Qəzəliyyatını oxuduqca da “Quran”ı, şəriəti necə dəqiqliklə, ən xırda ayrıntılarıyla bilməsinə iman gətiririk.
Hələ bunu bir kənara qoyuram ki, o, “Xilafət-i Həzrət Əbubəkr”, “Qəzavat-i Həzrət Əli”, “Qisəs ül-ənbiya” kimi sırf dini məzmunlu elmi-bədii-fəlsəfi əsərlər yaradıb.
Köklü-köməcli seyid, məclisləri bəlağəti və fəsahəti ilə əfsunlayan natiq, çoxlarının arzusunda olub yetişmədiyi hacılıq rütbəsini qazanmış, din alimi sayılacaq qədər sanballı ilahiyyat təfəkkürünə sahib Seyid Əzim bütün Qafqazın başına and içəcəyi ən ali məqamlı din xadimi məqamına yüksələ bilərdi.
Amma qaragüruhun cövlan etdiyi bir zəmanədə rişxəndlə qarşılanan, istehza ilə yola salınan məktəbdarlıqla məşğul olmağa başladı.
Onun məktəbdarlığı ənənəvi, mədrəsə, çərəkə məktəbdarlığı deyildi.
Tanrı onları bu xalqa Müəllim olaraq ezam etmişdi.
Hamısının bütün fəaliyyətləri Məktəb və Dərslik fəlsəfəsini ifadə etsə də, hər halda hər biri birbaşa dərsliklər də yazıb.
Abbasqulu ağa Bakıxanov (1794–1847) da, Mirzə Şəfi Vazeh (1794–1852) də, Mirzə Fətəli Axundzadə (1812–1878) də, Seyid Əzim də…
Oğlu Cəfəri (1856–1937) də yeni üsulla dərs verən dünyəvi məktəbə qoymuşdu – “uşkol”a.
Buna görə də mühiti, ətrafı onu məzəmmət etmişdi.
Açın “Əkinçi”ni, həmin qısqanc məzəmmətin əks-sədasını eşidəcəksiniz…
Amma bu, azmış kimi, özü də üsuli-cədid məktəblərindən birində dərs deyirdi.
Rus dilini də öyrənmişdi. Müasirinin təsdiqinə görə, kifayət qədər səlis danışmasa da, bu dildə oxuyub-yazmağı yaxşı bacarırmış. Bunları xəbər verən və Seyid Əzim haqda şairin hələ sağlığında yazılmış ilk məqalənin müəllifi olan A.Zaxarov da təsdiqləyir: “Seyid Əzim rus ədəbiyyatına maraq göstərir və Aleksandr Sergeyeviç Puşkinin bir neçə şeirini farscaya tərcümə edib” [A.Zaxarov, s.27].
Oğluna bütün dillərə rəğbət göstərməyi, amma ruscaya daha artıq diqqət yetirməyi məsləhət edəndə Seyid Əzim çox haqlıydı. Çünki rus dili Azərbaycandan ötrü o zaman Qərbə, müasir dünyaya açılan ən əlçatar bir pəncərə idi.
Və yenilikçilik hissi və əzmi Seyid Əzimdə o qədər vüsətli idi ki, hətta bu yeni üsullu məktəbin verdikləri də onun nəzərində yeni nəsli yeni həyata qovuşdurmaqçün yetərli deyildi.
1874-cü ildə Şamaxıda açılmış məktəbdə o, Azərbaycan, fars, ərəb dilləri və şəriət müəllimi olsa da, təlimi daha geniş çevrədə götürürdü, daha çox mətləbləri anlatmağa cəhd edirdi.
Və onun canfəşanlıqları çar hökumətinə cızığından çıxmaq kimi görünmüşdü.
Seyidi siyasi etibarsızlıqda ittihamlayaraq ona rəsmən “siyasi baxımdan şübhəli müəllim” damğası vurmuş, məktəbdən xaric etmiş, dərs demək hüququndan məhrum etmişdilər.
Amma Seyid Əzim daxilən davakar, üsyankar, ədalətpərəst, düzlüksevər, haqqın tapdalanmasına göz yuma bilməyən bir insan idi.
Belə olmasaydı, hərəsinin içərisində bir vulkan qaynayan satiralarını da heç yaratmazdı.
Ədalət ardınca imperatorluğun canişinliyinin yerləşdiyi Tiflisə yollanır və haqlı olduğunu sübuta yetirməyə müvəffəq olur. Onu vəzifəsinə bərpa edirlər.
Lakin Seyid Əzimin iti gözləri Tiflisə gedib çıxanacan da yol boyu çox haqsızlıqları müşahidə edir, onları da öz dərdi kimi könlünə yovuq tutur, onları da şeirləşdirir.
Gəncədən keçəndə Şeyx Nizaminin qəbrini ziyarət edir.
Uçuq-sökük məqbərə uçurub sökür onun varlığını.
Nizaminin dərdi öz dərdinə qatışır:

Ey Şeyx Nizami, ey nizamı dağılan,
Ey Gəncədə izzü ehtişamı dağılan.
Olmubdu səninlə mən kimi aləmdə
Beyti, evi, məktəbi, kəlamı dağılan.

Bu balaca şeirin içində Seyid Əzimin həyatının bütün faciəsi var. O, həmişə kasıb yaşadı. 1859-cu il Şamaxı zəlzələsi onun elə bünövrədən kasıb olan ev-eşiyini dağıtdı. Sızıldayan şeirləri var – ailəsinə qarın dolusu çörək verə bilməməsinin xəcalətini çəkir. Ehtiyac onu daim qarabaqara izləyib.
Bu, Seyid Əzimin öz dəst-xəttiylə yazdığı məktubdur.
“Ağa” dediyi bəyin, yəqin ki, müvəqqəti istifadə üçün ona verdiyi atı günlərin birində geri almasından pərişanlanır və gileyli-gileyli təəssüflənir: “Məndəki qoca atı cənab Ağa bəy özgəyə bağışladı. Piyada qalmışam. Allah kərimdir, bəlkə ondan yaxşısı olacaq?!”
Söz meydanında heç vaxt piyada qalmayan, qələm əlindəykən ötkəm, qızmış şir kimi gərdiş edən Seyid Əzim güzəran meydanında zəif idi. Payi-piyada idi.
Nizami Gəncəvinin halına yanmağında bəlkə həm də özünə bir təsəlli vermək havası vardı.
O boyda Nizami eləykən mən nəkarəyəm!

* * *
1860-cı illərin sonlarında Şamaxıda öz açdığı məktəb də elə bir gəlir gətirmirdi ki, Seyidin sönük dolanışığını rövnəqləndirsin.
Əslində, məktəbi açmaqda dolanışığında sahman yaratmaq iddiası da yox idi.
Sadəcə, öz məktəbi ona öz ürəyi istəyən təki dərs deməkdən ötrü vacib idi.
Amma hər halda məktəbdən cüzi də olsa gəlir vardı və ailəsinin qarşısında kasıbçılığın üzqaralığından birtəhər xilas olmasına yardımçı ola bilirdi.
Şagirdlərinin qarşısında yoxsulluğunu, imkansızlığını etiraf etmək daha üzücü idi. Sabahın məşhur Mirzə Ələkbər Sabiri onun həmin məktəbdəki şagirdlərindən biri idi.
Abbas Səhhətin “Hophopnamə”nin ilk nəşrinə yazdığı “Sabirin tərcüme-yi halı”nda Seyidin ciyərdağlayan etiraflarından biri təsvir edilib.
Sabir ustadının şeirlərinə rəvan nəzirələr, hazırcavab təzmin və təxmislər yazar, Seyid də Sabirə şeir aləmində bəslədiyi ümidləri gizlətməzmiş:

Ey məh, bilirəm fitne-yi dövran olacaqsan,
Ey qaşı hilalım, məh-i taban olacaqsan.

Seyidin bu ürəkdolusu iftixar misraları Sabiri necə ruhlandırırsa, elə həmin dalğada müəllimini riqqətə gətirəcək cavab qoşub-düzür:

Sən pir-i cahandidəsən, ey Seyyid-i sərkar!
Məndən çək əlin, eyləgilən pir ilə rəftar!
Olmaz sənə qismət dəxi bu dövlət-i didar,
Bundan sonra hicrimdə ciyərqan olacaqsan.
Aşiq mənə bir mən kimi ziba gərək olsun,
Mail gülə bir bülbül-i şeyda gərək olsun,
Səndə bu işə səbrü şəkiba gərək olsun,
Amma bilirəm, səbr evi viran olacaqsan.

Seyid Əzim Sabirin göndərdiyi bu şeir-məktubu alanda öz evində Nizami “Xəmsə”sini mütaliə etməklə məşğulmuş. Sabirin naməsini oxuyunca bir neçə sətirlik cavab məktubu yazır, qoyur əlindəki kitabın arasına, göndərir şagirdinə: “Nur-i didəm Sabir! Qəzəlimin birinə yazdığın məlih (gözəl – R.H.)və şirin cavab xoşuma gəldi. Hazırda başqa bir şeyə gümanım olmadığından həmin kitabı sənə silə (hədiyyə – R.H.) göndərirəm. Yadigar-i ustadanə olmaq şərtilə qəbul edəsiniz və şairlikdə tərəqqi etmənizi arzu edirəm” [Abbas Səhhət. Sabirin tərcüme-yi halı. “Hophopnamə”. “Kaspi” mətbəəsi. Bakı, 1914, s.6].
Seyid Əzim sözün aşiqi idi. Başqa bir şeyə gümanı olsaydı, imkanı çatsaydı, ağlıyla, qələmiylə onu fərəhləndirən şagirdlərinə dünyanın ən bahalı hədiyyələrini verərdi.
Nə Sabir var, nə Seyid, nə də o kitab qalıb.
Amma Səhhətin bizə çatdırdığı bu xatirənin içərisindəki soyumayan, səngiməyən nisgil yaşayır…
Seyidin elə təxminən ayaq üstə, yollarda, narahat keçən ömrü boyunca doyunca yeməyə çörəyi, yaşamağa fərli-başlı evi, minməyə babat atı, ürəyi kimi geniş səxavətini göstərməyə, könlü istəyənə sovqat etməyə babat var-dövləti olmadı.
Amma deməyə sözü həmişə oldu. Başqasına gücü yetməyəndə özünə də gülə bildi. Lap ac olanda həsrət qaldığı buğdaya da yanmışlıq verən şeiri yazmağa qələmi öz-özünə hərəkətə gəldi.

Guş qıl, ey ki, bilirsən özüvü vaqif-i kar,
Agah ol, gör ki nədir nale-yi ney, nəğme-yi tar,
Nədir ol xüşk olan çubidə bu nale-yi zar,
Ki sədasından onun qarət olur səbr ü qərar,
Açmason pərdəni, hər pərdədə var yüz əsrar.

Şamaxı zəngini, tanınmış mesenat Mahmud ağanın (1826–1896) musiqi məclislərində məşhur çalğıçıları, xanəndələri dinləyirdi, o sənətkarlar çox öynə elə Seyidin qəzəllərini, müxəmməslərini oxuyurdular, hamı o yığnaqlarda eşitdiyinin ləzzətinə dalırdı, Seyidsə həzzi də canına yatan kimi ala bilmirdi.
Söz onu dərinlərə çəkirdi. Gözəl səslər də onu aldada, hissə qapılda bilmirdi, fikrə dalırdı. Quru taxtadan çıxan sədaların diriliyinin sirrini arayırdı, ruhun qulağından qəflət pambığını çıxararaq oyanmağa, xanəndənin qəlbi sığallayan avazı ilə İsa peyğəmbərin ölünü dirildən nəfəsi arasındakı eyniliyin gizlincini dərk etməyə can atırdı.
Onu həmişə cövhər çəkirdi. Mahiyyət, cövhər cəzb edirdi Seyidi və o, gövhərlər xəlq edirdi…
Seyid Əzimin bacı-qardaşı yoxdu.
Lakin Həsən bəy Zərdabi də onun məslək qardaşı idi, Qafqaz müftisi, “Qafqazda məşhur olan şüəranın məcmuəsi”ni tərtib edən Hüseyn Əfəndi Qayıbov (1830–1917) da, Məhəmmədtağı Qumri (1819–1891) də, Mirzə İsmayıl Qasir (1805–1900) də…
Onlar ruh sirdaşları, amal qardaşlarıydılar.
Seyid Əzimi həyatı boyu qaragüruh izlədi, zəhərlədi, sancdı – bu, haradasa dözülən idi. Bu, böyük dərdin yarısı idi. Daha artıq dərd o idi ki, özləri də yazıb-pozan paxıllar, xəbislər də bir ucdan quyu qazmaqdaydılar.
Qafqaz canişinliyinə hey donoslar gedirdi. Müəllimdən şikayətlənirdilər.
Bir dəfə cəhd edərək Seyidi kənarlaşdırmağa nail olmuşdularsa da, tezliklə bərpa olunmuşdu yerinə. Buna görə zəncir çeynəyirdilər, növbəti dəfə qəti qələbəyə çatmaqçün həşirdəydilər. Və nəhayət, yazhayazlar nəticəsini verir, müəllimi – Seyid Əzimi yoxlamaqçün müfəttiş göndərilir.
Seyid Əzimin bəxti onda gətirmişdi ki, 1887-ci ilin 22 mayında donosları saf-çürük eləməyə gələn peyğəmbər kimi saf bir adam, həm də qələm əhli idi – Hüseyn Əfəndi Qayıbov.
Seyid Əzim izahatını şeirlə yazır:

Özün agahsan hər bir kəsin fel ü ədasından,
Bilirsən kim sədaqət etdi, kim əhl-i riya gəldi.
Vəleykən neçə müddətdir ki, mən bu qövmidən zarəm,
Ki hər bir kinəvədən başıma yüz min cəfa gəldi.
Dönüb tufan-i Nuhə göz yaşım qövmin cəfasindən,
Mənim, ey naxuda, gör başıma yüz macəra gəldi.
Kəsibdir nanımı, kəssin onu ol kəsdiyi əppək,
Ümidim var ola məqbul, Seyyiddən dua gəldi.

Şərçilər, çəpyozanlar, donosbazlar, evyıxanlar iltimas etmişdilər ki, müfəttiş gəlib Seyid Əzimi yoxlasın, yenidən məktəbdən xaric eləsin, yenidən müəllimlikdən uzaqlaşdırsın, ağır güzəranı bir az da qəlizləşsin.
Hüseyn Əfəndi gəlir, görüşür, Seyid Əzimdən şeirlərini gətirməsini təvəqqe eləyir, sonra həmin şeirləri fəxrlə hazırladığı məcmuəyə əlavə edir.
Və Tiflisə qayıdan kimi bir təqdimat da yazır: Seyid Əzimin medala təqdim edilməsi barədə.
1888-ci ilin 15 yanvarında “Qafqaz” qəzeti Rus imperatorluğunun “Pravitelstvennıy vestnik”ində dərc olunmuş fərmanını hamının oxuyub bilməsi üçün təkrar çap edir: “Seyid Əzim Şirvani çar hökumətinin “Səylərə görə” («За усердие») adlı gümüş medalı ilə təltif edilsin”.
Soraq Şamaxıya da yetişir. 1888-ci ilin 10 mayında Seyid Əzimin medalı da gəlib çıxır Şamaxıya.
Bədxahlar birtəhər olurlar, zəncir çeynəyirlər. Haçandı yazıb-pozur, əlləşirdilər ki, Seyid Əzimi büdrətsinlər, onu işdən çıxartdırmağa nail olsunlar, bu tərəfdənsə ona mükafat verilir. Belə dönüşü heç gözləmirdilər.
Və düşmənlə mübarizədə, Seyid Əzimi yıxmaq yolundakı çalışmalarında onların bircə yolu qalır – məsələni birdəfəlik çürütmək. Rəqibi məhv etmək.
Seyid Əzimin 53 yaşı vardı, 1888-ci il mayın 10-u idi və onun həyatının sonuna 10 gün qalırdı.

Mürğ-i bağ-i mələkutəm qəfəs-i çərxə əsir,
Bu əcəb təng olan gör qəfəsim var mənim.
Etmişəm gərçi bu dəm aləm-i nasuti vətən,
Ey könül, böylə degil, piş ü pəsim var mənim.
Karvan getdi, könül, qafil edirsən nalə,
Dəmbədəm nalə vü bang-i cərəsim var mənim.

Olmaya bu faciəli son ona irəlicədən əyan idi ki, bu qəzəli yazmışdı?
Ya sözünün hər zaman yaşayacağına sarsılmaz inam onu ölümdən də qüvvətli olmasına inandırmışdı?

Ey Həsən bəy, müəllim-i huşyar,
Etməsin haqq vücudunu bimar.

Seyid Əzimin dostu Həsən bəy Zərdabiyə məktublarından birindəki şeir belə başlanırdı.
Həsən bəyin vücudunu Haqq yox, quyruq bulayan Yer şeytanları bimar edirdilər. Həsən bəysə öz nəcib işini görməkdəydi.
Seyid Əzim Şamaxıdakı bir məktəbdə dərs deyirdi, Həsən bəyin sinfi bütün Azərbaycan, şagirdi bütün millət idi.
Amma onun dediyi dərsə kimsə qulaq asırdı, kimsə qulaq asmırdı.
Əslində, Seyid Əzimin Şamaxıda müəllim təyin edilməsinə görə də vaxtilə o, ağız açmışdı (Seyid özü minnətdar idi: “Mənim müəllim olmağıma cənab Axund Molla Məhəmmədin və Sizin səy və təlaşinizdən qayət məmnun və məsrur varam”).
1875-ci ildə Həsən bəy qaranquşu ilk uçuranda, “Əkinçi”nin ilk sayı işıq üzü görəndə buna ən çox sevinənlərdən biri Seyid Əzim olmuşdu.
Yeniliyə heyrətli dərəcədə rahatlıqla uyğunlaşmaq istedadına malik Seyid Əzim Azərbaycanın ilk müxbirlərindən birinə çevrilmişdi.
Başlamışdı bu qəzetə yazılar göndərməyə, millət müəllimliyini “Əkinçi”nin səhifələrində davam etdirməyə.
Yalnız ürəyindən keçənləri yazmırdı, həm də şeirlər qoşub xalqa qəzetin faydasını anlatmağa səy edirdi:

Dün sual etdi bir nəfər cahil:
– Ki qəzetdən nədir hasil?
Bu Həsən bəy nə istəyir bizdən,
Doldurub aləmi quru sözdən?
Hiç doğru deyil bunun nəfəsi,
Nə qəzetdir? Tamam pul tələsi.
Dedim: – Ey cahil-i kərihxitab,
Gərçi nadanə yoxdu heç cavab.
Qəzetin çoxdu xəlqə mənfəəti,
Nə bilir kim ki, yoxdu mərifəti.
Nə qəzet, maye-yi səadətdir,
Nə qəzet, eyn-i elm-i hikmətdir.

Bu, siftə idi, yolun əvvəliydi.
Və həmin başlanğıcda “Əkinçi”ni Seyid Əzim fədakarlığıyla təbliğ və təşviq edən, millətə onun faydasını bunca candan anlatmağa çalışan ikinci kəs yoxdur:

Neçə müddətdi ki, Həsən bəy-i zar,
Hüsn-i tədbir ilə o fəxr-i kibar,
Öz qədimi lisanımızda haman
Qəzetə çapını edib ünvan.
İzin hasil qılıbdı dövlətdən,
Biz gərək dəm vuraq səadətdən.
Özünə gərçi yoxdu faidəsi,
Leyk var xəlqə feyz-i zaidəsi.
Oluruq hal-i aləmə vaqif,
Bu bizə bəs deyilmi, ey arif?
Səy edin, ey güruh-i niksifat!
Etməsin ta bizim “Əkinçi” vəfat.
Sonra göydən əgər enə İsa,
Edə bilməz o mürdəni ehya.

“Əkinçi”yə yazanlar, Həsən bəyi tanıyıb rəğbət bəsləyənlər çox idi.
Amma əksəri susurdu. Özü də nacinslərdən, zatıqırıqlardan az kötəklər yeməmiş Seyid Əzimsə pak Həsən bəyə qarşı artan hücumları görəndə müşahidəçi olaraq qala bilməmişdi, özünəməxsus çılğınlıqla köksünü vermişdi irəli.
Həsən Qara Hadinin tarix qarşısında yalnız adı yox, üzü də qaradır.
Həsən bəy adaşı olan o Qaraya bircə cümləsiylə elə bir damğa vurub ki, bütün bu cür içdən qaraların hamısına bəs edər: “Fikrim budur ki, bizim Zərdab kəndində, Qarabağın sərhədində bir daş qoydurub onun üstünə zikr olunan həcvi tamam qazdırım ki, gələcəkdə bizim övladlar o yadigara baxıb bilsinlər ki, mən bu zəhmət ilə millət-i islami qəflətdən ayıltmaq istəyən vaxtda necə nadanlara rast gəlmişəm” [Həsən bəy Zərdabi. Seçilmiş əsərləri. Azərbaycan Dövlət Nəşriyyatı, Bakı, 1960, s. 19].
Və Seyid Əzim həmin Həsən Qara Qarabağini “Əkinçi”nin 1877-ci il 12 may sayında işıq üzü görən şeirində belə daşqalaq edirdi:

Xaçpərəstlər hamısı açdı gözün, düşdü qabaq,
Dalda qaldıq, tökülüb cəhl ilə biz, ay sarsaq!
Bəs nə vəqti bizə qismət olacaq göz açmaq?
Əqlə gəl, Tanrıya bax, bəsdi bu qəflət, Hadi!

Sözə rəng vurmağı, misranı gəlin kimi ən əlvan təşbihlərlə bəzəməyi sevən Seyid Əzim sevda buludlarından gerçək həyata enəndə sanki qiyafəsini dəyişirdi, olurdu büsbütün başqa adam. Kəlmələrinin süslü örtüyü dağılırdı, misraları iti xəncər kimi yalınlaşırdı, ən sərt həqiqətləri ən çılpaq deyişlərlə qələmə gətirirdi.
1875-ci il idi, Seyid Bakıda oxuyan “nur-i çeşmim” – “gözümün işığı” söylədiyi oğlu Ağa Mircəfərə məktub yazırdı.
Haçandı uşağı anası ilə birgə şəhərə oxumağa göndərmişdi, nə illah eləsə də, girəvə tapa bilmirdi ki, gedib onlara baş çəksin.
Bilirdi ki, onlar da darıxıb, çünki özü ikiqat darıxırdı və belə nəvazişli sətirlər yazırdı: “Əgərçi gəlməyim bu səfər tul (uzun – R.H.) çəkdi, nur-i çeşmim, təngdil olma (qəlbin sıxılmasın – R.H.). İnşallah, ümidvaram Qurban bayramına şəhərə gəlim, xatircəm olasan. Təvəqqe edirəm ki, yaxşı dolanasan, ananı incitməyəsən, yoldaşlarını incitməyəsən, oxumağa səy eləyəsən”.
Buracan adicə qayğıkeş atadır.
Amma bu yerdə təbi dəbərir və istəyir ciyərparasına yaxşı oxuyub-öyrənməyi şeirlə də anlatsın.
Bayaqkı həlim səsindən əsər-əlamət qalmır.
İndicə yumşaqca dilə gətirdiyi mətləbi elə cod sözlərlə izhar edir ki, uşaq olan bəndə bunu oxuyanda diksinməyə və söylənəni yadında saxlamaya bilməz:

Ey oğul, bu dəlil-i bişəkdir,
Adəm-i bisəvad eşşəkdir.

Doğmaca balasına öyüd verəndə belə sərtləşən Seyid Əzim gör ki qəzəblənəndə, birinin əlindən boğaza yığılanda necə od-alov saçırmış.
Zarafatlarını bir batman balla yemək olmurdu, onda qalmış həcvləri ola.
O çağlar Şamaxı məhəllə-məhəllə bölünmüşdü.
Hər məhəllənin öz adı, özünəməxsus şakərləri, öz lətifələri, öz söz-sovu, digər məhəllələrinkindən hansısa cəhətləriylə seçilən adamları.
Hamısı şamaxılı olmağına şamaxılıydı. Lakin Sarıtorpaqlılar İmamlılardan seçilirdilər, Yeddi Günbəzlilər Şıxminaslılardan fərqlənirdilər, Minaxorlular Yuxarı Qalalılardan ayrılırdılar.
Seyid Əzim zamanca nə qədər yaxındır bizə!
Görkəmli Azərbaycan xanəndəsi Yavər xanım Kələntərli (1902–1979) Seyid Əzimlə bağlı ustadı görmüş həmyerlilərindən ilk uşaqlıq illərində yüz cür əhvalat eşidib möhkəm hafizəsində biryolluq saxlamışdı. Həmin yaşlı müasirləri Yavər xanımla Seyid Əzimin canlı körpüləriydilər. Onun eşitdiyi Seyid Əzimli əhvalatlar birinci əldən olan mötəbər hədislər kimiydi. Yavər xanım ilk gənclik illərimdə o əhvalatları mənə nağıl edirdi. Dönüb olurdum elə Seyid Əzimlə müasir.
Seyid Əzim Şamaxının baş məhəlləsində – Şahküçədə yaşayırmış.
Bu dili duzlu şəhərin Eşşəkküçə deyilən bir məhəlləsi də varmış ki, itisözlü şamaxılılar məhəllələrindən birinə bu cür gözlənilməz ad verdiklərinə görə heç narahatlıq-filan keçirmirlərmiş, həmin küçədə yaşayanlar da hansı məhəllədən olmalarını əskiklik-filan saymırlarmış.
İndi, bizim günlərdə bir də görürsən, yüzillərlə yaşı olan bir kəndin adını dəyişirlər ki, camaatın döşünə yatmır, guya o kəndistan əhli yığışıb hökumətə məktub göndərib – bəs sən demə, hər dəfə kəndin adı bu təhər səslənəndə özlərini təhqir olunmuş bilirlər.
Nəsil-nəsil “Canavarlı” olmuş kəndi çevirib edirlər “Yenikənd”, zaman-zaman “Əyricə” olmuş kəndi döndərib edirlər “Təzəgün”…
Bu minvalla bircə sözün yaşatdığı sürəkli bir tarix çökür dumana, o söz yaşadıqca yaşayan rəvayətlər də ahəstə-ahəstə hafizələrdən silinir, unudulur.
Rəhmətlik Yavər xanım məzə ilə danışırdı ki, Şahküçədə Seyid Əzimlə qapıbir qonşu olan bir kişi oğluna toy edirmiş, qapı-qapı gəzib hamını çağırır, amma Allah elə bil basaratını bağlayır, Seyid Əzimi dəvət etməyi unudur. Hacı da bundan bərk inciyir və çağırılmadığı toya getmir. Məclisdən 3-4 gün sovuşunca bazarda Seyid Əzimlə rastlaşan toy sahibinin başına elə bil bir qazan qaynar su tökülür.
Yadına düşür ki, böyük qələt edib, Seyidi toya çağırmayıb.
Cəld yaxınlaşır ona, başlayır dil-ağız eləməyə ki, vallah, başım şişmişdi, yaddan çıxarmışam səni dəvət etməyi.
Seyid Əzim bədahətən bir şeir deyir və sözünü söyləyib ürəyini boşaldır, ancaq onun qarşısında günahkar olan qonşunun canı bununla qurtarmır, Seyidin tikanlı mənzum zarafatı dildən-dilə keçir:

Var özgə vilayətdə də tək-tək köpəyoğlu,
Çoxdur bu vilayətdə də bişək köpəyoğlu.
Eşşəkküçədən Kəblə Yusif yaduva düşdü,
Mən Şahküçədən düşmədim, eşşək köpəyoğlu.

Yavər xanım dəqiqləşdirirdi: Kəblə Yusif tarçalan, Xalq artisti Hacı Məmmədovun (1920–1981) əmisiydi.
İnkvizisiya da, faşizm də, stalinizm də, sovet terrorizmi də bəlli tarixi dövrlərin hadisələri olmaqdan savayı həm də rəmzi məna daşıyırlar. Bu qəbil naqisliklər də, ən qəddar siyasi senzura və rejimlər də, həmin rejimlərə xas rəzillikləri varlığında daşıyan insanlar da həmişə olub. Onlar elə Seyid Əzim vaxtında da vardılar və gələcəkdə Seyid Əzimin yazıçı nəvə-nəticələrini girdablara sovurmaqçün təcrübələr yığırdılar. Bu növdən olan müasirləri Seyid Əzimin şeirlərini zərrəbinlə oxuyub küfr arayırdılar. Oxuyurdular, tapdıqlarına sevinərək şərh edirdilər ki, məlunun biri məlundur. Meypərəstdir. Həm də həyasızca bunu qəzəllərində car çəkir. Özü deyib:

Tökmə mey-i nabi yerə, ey zahid-i gümrah,
Bu xun-i Xuda, xun-i şəh-i Kərbibəladır.

Qeyzlənirdilər ki, bunda üzə bax, murdar şərabı Allahın, Kərbəla şəhidlərinin qanına bənzər tutur.
Seyid Əzim o mənhusları haradan tapıb deyəydi ki, bu, siz deyən meydən deyil, bu, içilmədən insanı məst edən ilahi mey, mənəviyyat şərabıdır. Lap tapıb desəydi, bu sözünə də bir ayrı tərs don geydirəcəkdilər.
Söyləyirdilər ki, kafirin biridir, dinin düşmənidir və kafirliyini özü də boynuna alıb:

Çəkməyin Seyyid-i laməzhəbi meyxanə sarı,
Kafəri Kəbə əra hansı müsəlman aparır?

“Xalq düşməni” deyimi Seyid Əzimləri qırıb qurtarandan sonra, növbəti yüzildə, XX əsrin 1930-cu illərində Sovet İttifaqında dəbə düşəcək.
Hələliksə “din düşməni” damğası işlək idi. Və o yamağı vurmuşdular Seyidin adına, sözünə…

***
Seyid Əzimin həcvləri onun satiralarının cazibəli bir qanadıdır. Bəzən misraları söyüşlü, qaba deyişli, ortaya çıxarılmayası ibarələrlə yüklü olsa da, onlara qətiyyən etinasız yanaşmaq olmaz. Çünki bunlar da tarixin sənədləridir, vaxtın köntöy görüntülərini əks etdirən güzgü qırıqlarıdır. Bütövlükdəsə Seyid Əzimin ifşaçı sözü vicdan tariximizin sönməz bir səhifəsidir. Ədəbiyyatımızdakı doğruçuluğun, haqpərəstliyin, cəsarətin, qətiyyətin əvəzsiz inciləridir.
Lirikada o təhər güclü ola-ola satirada bu qədər qənirsiz olmaq nadir keyfiyyətdir.
Yaratdığı surətlərin, tapdığı ifadələrin hərəsi bir kəşfdir.
Seyid Əzim köpəyə ehsan verəni də, Allaha rüşvət ötürmək istəyəni də, təhsildən qayıdan təkəbbürlü müctəhidi də, elmsiz alimi də, riyakar mollanı da, şərəfsiz abidi də qələminin qırmancıyla elə çırpıb ki, çığırtıları indiyəcən kəsilmir.
Seyid Əzimlər bütün bunları yazıblar ki, həmin əqrəblər ölüb getsinlər.
Amma çifayda!
Seyid Əzimlər ölüb gedib, köpəyə ehsan verənlər də, Allahı rüşvətə dadandırmaqçün rəml atanlar da, minsifət riyakarlar da sağ-salamat qalıblar.
Libaslarını dəyişərək yenə soxulublar ömrümüzə-günümüzə.
Doğrudanmı söz sağaltmaqçün yox, elə sadəcə qulaq asıb qulaqardına vurmaqdan ötrüdür?

Şamaxının o məşhur şeir-sənət məclisi “Beyt üs-səfa” ki ora Molla Ağa Bixud (1830–1892), Ələkbər Qafil (1818–1891), Mirzə Nəsrullah Didə (?–1870), Ağababa Zühuri (1848–1910), Ağəli Naseh (1856–1915)… toplaşardılar, gerçəkdən də zövqü səfa evi idi.
Amma Seyid Əzim üçün həyat səfa evindən daha əvvəl cəfa evi, möhnətlər məkanı olub.

Özümlə olsa idi, mən cahanə gəlməz idim,
Gətirdilər məni, amma mən anə gəlməz idim.
Könüldə zəxm-i nihan olmasaydı, ey Seyyid,
Ümid-i məhrəm ilə mən fəğanə gəlməz idim.

Özxoşuna gəlmədi, onu bura göndərdilər və Seyidlərin böyük şair kimi bu dünyaya tapşırıqla, yerinə yetirməli olduğu vəzifələrlə gəldi.
Qısa ömrü içində mühitini hər halda olduğu kimi qalmağa qoymamaqçün nə bacarırdısa etdi.
Yaşadığı dərdləri sözlərə çevirib dərd doğdu:

Yüz mama olsa, ey güruh-i bəşər,
Bu məsəldir ki, güc doğanə düşər.

Sürdüyü ömrün, keçdiyi yolun mənasını dərk etdiyindən, hər əzabına könüllü hazır olduğundan üstünə yağan daşlara görə başını tutub qalmadı.
Hər misrası bir sapand oldu.
Daşa daşdan ağır sözlərlə cavab verdi.
Şərəfli ömrünün bir vəzifəsinin də böyük dərdlərə dözmək olduğunu heç vaxt yaddan çıxarmadı:

Bəli, hər kəsin var bir səyağı,
Böyük başın böyükdür ağrımağı.

1888-ci il mayın 20-də Şamaxıdakı Allah evinə – məscidə şeytanlar girmişdi.
Biz bu tarixi heç vaxt unutmamalıyıq. O günü daim tövbə məqamı kimi yadda saxlamalıyıq. Həmin gün Şamaxı məscidində əhatəyə almışıq Seyid Əzimi. Dirəmişik onu divara. Dirsəyimizlə vurmuşuq onu, təpikləmişik onu, sıxmışıq onu, boğmuşuq onu, tıncıxdırmışıq nəfəsini, kəsmişik heyini.
Biz olmuşuq bu. Və bizliyimizdə qalırıq. Yenə kimisə o cür çərlədirik, yenə kimisə o cür həlak edirik.
Biz – yəni insan oğlu! Dünyanın hər ölkəsində, hər şəhərində, bütün dövrlərdə və nə acı ki, elə bugünün özündə də!
Nə qədər ki bir-birimizə qarşı belə qəddarıq, başımıza bəlalar enəndə heç vaxt heyrətlənməyək ki, birdən-birə niyə belə oldu?

O gün Naseh misralarından qan axa-axa ağlayırdı:

Qan ağla, gözüm, sərvər-i dövran getdi,
Sərdəftər-i əhl-i fəzlü ürfan getdi.
Əfsus o şair ü ədib-kamil,
Əhbabın edib zarü pərişan getdi.
Ayine-yi övqat idi ol zat-i şərif,
Səng-i əcəl ilə sındı əlan getdi.
Heyrətdəyəm, ey xak, necə sığdırdın
Ağuşuna, ta o bəhr-i ümman getdi?
Etmişdi qəza gər səni əmvatə məqam,
Fəxr et ki, bu dəm cismin ilə can getdi.
Naseh dedi tarix-i vəfatın qəm ilə,
Səd heyf ola, Seyyid-i Şirvan getdi.

O gün 10-cu gün idi ki, Seyid Əzimə yaxşı müəllimliyinə, xalqa yaxşı xidmət etdiyinə, yaxşı dərs dediyinə görə hökumət medal vermişdi.
Və ona belə dərs verdik. Başqalarının verdiyi dərsdən dərs almırıq, barı öz verdiyimiz dərsdən dərs alaq. Axı yaşanmış tarixlər həm də insanların keçmişdən dərs almaq, ibrət götürmək fürsətidir.
Seyid Əzim Şirvanidən yadigar alan bir-birindən dəyərli, bir-birindən mükəmməl əsərlər qatarında onun 40 yaşında ikən – 1875-ci ildə, özünün də etiraf etdiyi kimi, həyatının ən ağır günlərində tərtib etdiyi “Təzkirə”sinin xüsusi yeri var. Bu toplunu yaratmaqçün Seyid Əzim illərlə zəhmət çəkmişdi və ömrün etibarsızlığından ehtiyat edərək əsərini bacardıqca tez tamamlamağa çalışırdı: “Çün bir neçə müddət mülk-i Azərbaycan və İran, Bağdad, Şam və Rum-i Qəstəntiyyənin əksər bilad və əmsarin seyr edib zəhəmat-i kəsirə ilə əşarlər cəm etmişdim, bavücud-i pərişan-i hal və ziqül-məcal bu məcmue-yi mütəfərriqənin tərkib və tərtibinə iqdam ehtimam etdim”.
Seyid Əzimin el-el gəzib cəm etdiyi, cild-cild əlyazmalardan seçərək topladığı gözəl şeirlərin sırasında çox sevdiyi Əlişir Nəvainin də ölməz misraları vardı.
Və sanki indi çevrə qapanır. Seyid Əzimin Əlişir Nəvainin mirvari timsallı beytlərini öz təzkirəsinə köçürdüyü vaxtdan 145 il ötəndən sonra o özü də özbəkcə danışmağa başlayır.
Seyid Əzim Şirvaninin 185 yaşının tamamında Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyəti Mərkəzinin nəcib təşəbbüsü ilə gerçəkləşən bu layihə hər təqdirə layiqdir.
Zamanında 3 dildə – azərbaycanca, farsca, ərəbcə sərbəst yazıb-yaratmış, daha bir neçə dildə də danışmağı bacarmış Seyid Əzimin yüzminlərlə yeni oxucusuyla şirin özbəkcədə könül həmsöhbəti olmağa başlaması necə də sevindiricidir!
Şeir tərcümə etmək, xüsusən də klassikləri çevirmək həm çətin, həm də çox məsuliyyətli işdir. Vaxtın sınağından çıxmış, yaddaşlara hopmuş sətirləri onların ilkin gözəlliyinə xələl gətirmədən yeni dil libasında canlandırmaq yüksək məharət tələb edir.
Seyid Əzimin şux qəzəllərinin bir çoxunu mən də əzbər bilirəm. Tohir Qahhorun ustalıqla çevirdiyi o qəzəllərin özbəkcələrini gözlərim oxuyurdu və yaddaşımda şeirlərin Azərbaycan türkcəsində olan əslləri səslənirdi.
Ürəyimdə həm Tohir Qahhora məharətlə etdiyi tərcümələrə görə “Əhsən!”, “Yaşa!” deyirdim, həm özbəklərlə azərbaycanlıların bir-birinə nə qədər doğma, məhrəm olduğuna fərəhlənirdim.
Bu qəzəllər Azərbaycan dilində hansı cazibədədirsə, necə musiqilidirsə, ruhu necə silkələyirsə, eynən özbəkcə də o cürdür.
Sanki Seyid Əzim bütün bunları elə özbək türkcəsində yazıbmış.
Eyni hissi mən həmişə dahi Əlişir Nəvainin əsərlərini ərəb əlifbasında, Azərbaycan ağzı ilə oxuyarkən keçirirəm.
Özbək oxucusu Seyid Əzimin qəzəllərini mütaliə etdikcə, bu söz məlahətinə valeh olduqca duyacaq və inanacaq ki, bu böyük ustad elə həm də onların öz doğma şairi imiş, umacaq ki, Seydi Əzimin başqa əsərləri ilə də görüşsün.
Səsi və sözü əbədi var olanların bir böyük gücü də daim millətlər, məmləkətlər, ürəklər, düşüncələr arasında elə bu cür mötəbər, sevimli körpü olmalarıdır!
Ömür elə gödək oldu, ölüm elə qəfil gəldi ki, Seyid Əzim vəsiyyətnamə yazmağa macal tapmadı. Amma fitrətdən şair olan hər söz sehrkarı kimi, Seyid Əzim də əslində lap ilk gəncliyindən ilahi fəhmlə torpaq üzərindəki sonunu da görürdü, sonundan sonrakı sonsuzluğundan da agah idi.
Özünün olmayacağı günlərin, illərin, əsrlərin qoynunda özünü öncədən görən, sanki artıq bir dəfə gəlib etmiş olduğu gələcəkdən soraq verən bu misralar əslində həm də vəsiyyət deyilmi:

Gələcək aləmə çox əhl-i məzaq,
Olacaqlar vücudimə müştaq.
Deyəcəklər ki, heyf Seyyid-i zar,
Oldu Şirvan əra xərabə məzar.
Kaş olaydı zəmanəmizdə bizim,
Bəzm-i çəng ü çəğanəmizdə bizim.

Sabahlardan arxayın idi, çünki sabahdakılarçün necə gözəlliklər miras qoyacağını bilirdi.
Seyid Əzim bütün yaradıcılığı və fəaliyyətləriylə müəllim idi, ona görə də gələcəkdəkilərə, elə indi onun özbəkcə səslənən bu qəzəllərini oxuyanlara da nəvazişlə öz yetirmələri, tələbələri kimi baxırdı, hamısına şəfqətlə uğurlar diləyirdi, salam verirdi, “güman etməyin uzaqdayam, elə sizin yanınızdayam” deyirdi:

Ey gələn ruzigarə növrəslər,
Qaşları qövstək müqəvvəslər.
Sizi Haqq saxlasın bəlalərdən,
Düşməsin könlünüz səfalərdən.
Sizlərə sərbəsər salamım var,
Olmasam da özüm, kəlamım var.
Oxuyun şeirimi, qılın yadım,
Şad olsun bu ruh-i naşadım.

Salamını alırıq, Ustad, Kəlamını oxuyuruq, Ustad, Səni hər an yad edirik, Ustad, Ruhun şaddırmı?

Avropa Şurası Parlament Assambleyasının Azərbaycan nümayəndə heyətinin üzvüdür.
Azərbaycan Respublikasının Milli Məclisinin deputatıdır.
AMEA Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktorudur.
Facebook