RAFAEL HÜSEYNOV AMEA-nın həqiqi üzvü Filologiya elmləri doktoru Professor
Rafael Hüseynov: Cəmiyyət həyatının istənilən məsələsində uğur qazanmağın ən mötəbər açarı məsuliyyətdir İyun 12, 2020 | 12:46 / Mətbuatda çıxışlar

Azərbaycan vətəndaşlarının sağlamlığının qorunması yolunda dövlətin sistemli şəkildə həyata keçirdiyi siyasət, xüsusilə COVID-19 pandemiyasının yayılmağa başladığı dövrdə atılan addımların verdiyi müsbət nəticələr cəmiyyət tərəfindən məmnuniyyətlə qarşılanır.

AZƏRTAC-ın müxbiri ilə söhbətində Azərbaycan Milli Məclisinin deputatı, akademik Rafael Hüseynov Prezident İlham Əliyevin iyun ayının 9-da Bakı, Sumqayıt və Abşeron rayonunun Saray qəsəbəsində üç modul tipli xəstəxananın açılışında karantin tədbirləri ilə əlaqədar səsləndirdiyi fikirlərə münasibətini bildirib. Rafael Hüseynov bildirib ki, artıq aylardır dünya fərqli bir rejimdə yaşamağa məcburdur. Dünyanın adət etdiyi həyat ritmini dəyişən COVID-19 pandemiyası dövlətlər və xalqlar üçün ciddi imtahana çevrilib. Hansı ölkənin bu sınaqda hansı məqamda olmasının ən bariz göstəricisi statistikadır.

Deputat deyib: “Mərəzin ölkə-ölkə addımlamağa başladığı ilk mərhələdəcə Azərbaycan dövlətinin atdığı zəruri addımlar qorxunc virusla bağlı bir çox başqa ölkələrin üzləşdiyi ağır problemlərin bizdən yan keçməsinə imkan yaratdı. Ləngimədən ölkəyə giriş-çıxışın bağlanılması təhlükəli xəstəliyin Azərbaycana nüfuz etməsinin qarşısını alan ilk ciddi maneələrdən idi. Qabaqlayıcı tədbirlərin vaxtındaca görülməsi, müvafiq laboratoriyaların yaradılması, təcili olaraq tibbi maska istehsal edən müəssisələrin fəaliyyətə başlaması, dezinfeksiya vasitələri istehsalının təşkil edilməsi, koronavirus xəstələrinin müalicəsi üçün ən qabaqcıl xəstəxanaların ayrılması və digər vacib tədbirlər müsbət təsirini göstərdi. İstər yoluxanların, istərsə də bu xəstəlikdən həyatını itirənlərin sayı baxımından Azərbaycan üzrə rəqəmlərin yetərincə kiçik olmasının arxasında məhz dövlətin ardıcıl və səmərəli apardığı gərgin fəaliyyət dayanır. Səbəbsiz deyil ki, Ümumdünya Səhiyyə Təşkilatı da Azərbaycanı bu sahədə nümunəvi ölkə kimi qiymətləndirib.

Prezident İlham Əliyev arxada qalan müddət boyunca bu problemi daim bilavasitə diqqət mərkəzində saxlayıb, müxtəlif görüşlərində məsələ ilə bağlı mülahizələrini diqqətə çatdırıb. Dövlətimizin başçısı iyun ayının 9-da Bakı, Sumqayıt və Abşeron rayonunun Saray qəsəbəsində quraşdırılan üç modul tipli xəstəxananın açılışında da bir daha karantin tədbirləri ilə bağlı əhəmiyyətli fikirlər səsləndirib. Zənnimcə, hər biri çox dəyərli olan həmin mülahizələr sırasında cənab Prezidentin bir qənaətinə hər kəs ən ciddi diqqət ayırmalıdır. Prezident İlham Əliyev “Koronavirus pandemiyası başlayandan bu günə qədər Azərbaycan dövləti çox böyük məsuliyyət göstərib” deyir və əslində görülmüş işlər bunun əyani sübutudur. Amma, eyni zamanda, dövlətimizin başçısı xəstəliyin yayıldığı dövrdə xalqımızın nümayiş etdirdiyi mütəşəkkillikdən, nizam-intizama riayətdən razılığını ifadə etməklə yanaşı, bir daha hər bir vətəndaşımızı daha artıq məsuliyyətə dəvət edir.

Həqiqətən də cəmiyyət həyatının hər sahəsində, xüsusən də belə həssas məsələlərdə arzuolunan nəticəyə gəlməyin ən zəmanətli yolu daxilən səfərbər olmaqdan, məsuliyyətdən keçir və hamımızın arzusudur ki, Azərbaycan insanı ona xas olan məsuliyyət hissini daha da artıraraq bu çətin sınaqdan daha tez və uğurla çıxmağa nail olsun”.

Avropa Şurası Parlament Assambleyasının Azərbaycan nümayəndə heyətinin üzvüdür.
Azərbaycan Respublikasının Milli Məclisinin deputatıdır.
AMEA Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktorudur.
Facebook