RAFAEL HÜSEYNOV AMEA-nın həqiqi üzvü Filologiya elmləri doktoru Professor
“Xətainin qılıncı və qələmi” mövzusunda respublika konfransı keçirilib Noy 25, 2017 | 12:40 / Mühüm hadisələr

Noyabrın 24-də AMEA Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyində xalqımızın ictimai-siyasi və mədəni yüksəlişində müstəsna xidmətlər göstərmiş dövlət xadimi, şair Şah İsmayıl Xətainin anadan olmasının 530 illiyinə həsr edilən “Xətainin qılıncı və qələmi” mövzusunda respublika konfransı keçirilib.

Əvvəlcə Şah İsmayıl Xətainin xatirəsinə həsr olunan sərgi nümayiş etdirilib.

Konfransda muzeyin direktoru, akademik Rafael Hüseynov Azərbaycan tarixində böyük dövlət xadimi, istedadlı sərkərdə, vətənpərvər şəxsiyyət kimi tanınmış Şah İsmayıl Xətainin həyat və fəaliyyətindən söz açıb. Qeyd edib ki, Xətai ədəbi dilimizin inkişafında, poeziyamızın əxlaqi-mənəvi dəyərlərlə zənginləşməsində özünəməxsus rol oynamış görkəmli şair olub, Azərbaycan türkcəsində gözəl poetik əsərlər yaradıb. O, Azərbaycan dilini dövlət və şeir dilinə çevirib, ölkənin siyasi, ictimai, iqtisadi və mədəni inkişafı naminə böyük işlər görüb. Ş.İ.Xətai qılıncı və qələmi ilə Azərbaycan tarixində dərin iz qoyub.

Xətaiyə həsr olunan ilk tədbirin 1987-ci ildə Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında keçirildiyini xatırladan akademik R.Hüseynov hər beş ildən bir Ədəbiyyat Muzeyinin təşəbbüsü ilə Xətainin yubiley və ildönümlərinin qeyd olunduğunu diqqətə çatdırıb. Xətai irsinin Azərbaycan ədəbiyyatşünaslarının diqqətindən kənarda qalmadığını söyləyən muzeyin direktoru Salman Mümtaz, Əzizağa Məmmədov, Oqtay Əfəndiyev, Azadə Rüstəmova, Məhərrəm Qasımlı kimi alimlərin onun yaradıcılığını ciddi araşdırdıqlarını diqqətə çatdırıb.

R.Hüseynov Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin son illərdə görkəmli dövlət xadimi Şah İsmayıl Xətaiyə həsr etdiyi “Şah İsmayıl Səfəvi ali məramlı tarixi şəxsiyyət kimi”, “Şah İsmayıl Səfəvi: hökmdarın və döyüşçünün portreti” kitabları barədə də danışıb. Kitabların tarixi və elmi əhəmiyyətindən söz açan  alim bildirib ki, bu dəyərli nəşrlərdə orta əsrlər tarixinə yeni baxış ortaya qoyulub. Akademik R.Mehdiyevin Xətai şəxsiyyəti və yaradıcılığına müraciət etməsi, görkəmli şəxsiyyəti müasir Azərbaycn dövlətçiliyi konteskstində təhlil etməsi onu göstərir ki, bu gün Azərbaycan dövlətinin apardığı siyasətin içərisində də Şah İsmayıl Xətaiyə ehtiyac vardır. Çünki Xətai Azərbaycanda mərkəzləşdirilimiş dövlət anlayışının təfəkkürdə, oturuşmasında əməyi olan insandır.

Konfrans öz işini “Şah İsmayıl Xətainin ədəbi irsi və orta əsrlər Azərbaycan ədəbiyyatının problemləri”, “Şah İsmayıl Xətai dövründə və orta əsrlər Azərbaycanında ana dili və terminologiya problemləri”, “Səfəvilər dönəmi Azərbaycan xarici siyasətinin başlıca istiqamətləri və orta əsrlər Azərbaycan diplomatiyasının problemləri”və s. bölmə iclasları ilə davam etdirib.

İclaslarda filologiya elmləri doktorları, professorlar Şəfəq ƏlibəyliPaşa Kərimov, tarix üzrə elmlər doktoru Şahin Fərzəliyev, tarix üzrə fəlsəfə doktoru Dilavər Əzimli və başqalarının məruzələri dinlənilib.

Avropa Şurası Parlament Assambleyasının Azərbaycan nümayəndə heyətinin üzvüdür.
Azərbaycan Respublikasının Milli Məclisin Mədəniyyət komitəsinin sədridir.
AMEA Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktorudur.
Facebook