RAFAEL HÜSEYNOV AMEA-nın həqiqi üzvü Filologiya elmləri doktoru Professor
Əməkdar rəssam Mübariz Əkbərovun metalişləmə sənəti nümunələrindən ibarət sərgisi açılıb Noy 29, 2017 | 20:55 / Mühüm hadisələr

Dünən Azərbaycan Milli Elmlər Akademiyasının Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyində metal üzərində işləmə sahəsində tanınmış sənətkar, Əməkdar rəssam Mübariz Əkbərovun əsərlərindən ibarət “Gəncəli sənətkarın gözəllik dünyası” sərgisinin açılışı olub. Tədbiri muzeyin direktoru, akademik Rafael Hüseynov açaraq metalişləmə sənətinin Azərbaycanın ən qədim sənətlərindən biri olduğunu qeyd edib. Metal üzərində bədii işləmənin tarixindən danışan akademik onun gələcək nəsillərə çatdırılmasının vacibliyini vurğulayıb. Qeyd edilib ki, bu gün dünyanın bir sıra məşhur muzeylərində Azərbaycanın qədim metalişləmə sənətinin köklərindən xəbər verən qiymətli əsərlər saxlanılır.

Akademik R.Hüseynov bildirib ki, M.Əkbərov metal üzərində işləmə sənətinin müasir dövrdə ən layiqli davamçılarındandır. Onun hazırladığı və milli ornamentlərlə bəzədilən müxtəlif silahlar, qılınc və xəncərlər, hərbi geyimlər, çeşidli aksesuarlar nəfisliyi ilə diqqəti cəlb edir. Sənətkarın yaratdığı bu qəbil silahlardan bir sıra bədii və sənədli filmlərin çəkilişində də istifadə olunub. O, metalişləmə sənəti üzrə ölkəmizdən kənarda tanınan mütəxəssisdir. Rəssamın əsərləri Türkiyə, Fransa, İngiltərə, Almaniya, Rusiya və digər ölkələrdəki sərgilərdə nümayiş etdirilib, onun dəyərli sənət nümunələri şəxsi kolleksiyalarda saxlanılır. M.Əkbərov unudulmaqda olan bu qədim sənəti yaşadan nadir sənətkarlardandır.

Professor Kubra Əliyeva, Xalq rəssamı Ağəli İbrahimov, Əməkdar rəssam Rais Rəsulzadə və digər çıxış edənlər Azərbaycanda metalişləmə sənətinin tarixindən, ölkəmizdə bu sənətin inkişafında görkəmli rəssamın xidmətlərindən soz açıblar.

Yaradıcılığı barədə məlumat verən Mübariz Əkbərov bildirib ki, sərgidə, əsasən, Azərbaycanın qədim milli xəncər və qılınc nümunələri, qadın bəzək əşyaları, həmçinin ərəb, ispan, ingilis xəncərləri təqdim olunur. M.Əkbərov tədbirin yüksək səviyyədə təşkilinə görə Ədəbiyyat Muzeyinin rəhbərliyinə və iştirakçılara minnətdarlığını bildirib.

Sonra tədbir iştirakçıları sərgi ilə tanış olublar. Sərgidə naxışlarla bəzədilmiş qılınc, xəncər, dəbilqə və digər nümunələr, həmçinin sənətkarın 60-dan çox əl işi nümayiş olunub.

“Xalq qəzeti”

Avropa Şurası Parlament Assambleyasının Azərbaycan nümayəndə heyətinin üzvüdür.
Azərbaycan Respublikasının Milli Məclisinin deputatıdır.
AMEA Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktorudur.
Facebook