RAFAEL HÜSEYNOV AMEA-nın həqiqi üzvü Filologiya elmləri doktoru Professor
Qəzəlxan şair Həkim Qəninin anadan olmasının 100 illiyinə həsr edilmiş tədbir keçirilib Dek 01, 2017 | 20:54 / Mühüm hadisələr

Noyabrın 30-da C.Cabbarlı adına Respublika Gənclər Kitabxanasında qəzəlxan şair Həkim Qəninin anadan olmasının 100 illiyinə həsr edilmiş tədbir keçirilib.

Kulis.az Azərtaca istinadən xəbər verir ki, tədbirdə Milli Məclisin mədəniyyət komitəsinin sədri, akademik Rafael Hüseynov Həkim Qəninin yaradıcılığından söhbət açıb.

Bildirib ki, qəzəl janrının mahir bilicilərindən olan şairin “Qənimətdir keçən hər gün” adlı ilk qəzəllər kitabı 1992-ci ildə “İşıq” nəşriyyatında çapdan çıxıb. O, bütün yaradıcılığı boyu Məhəmməd Füzuli, Əliağa Vahid yaradıcılığının tərənnümçülərindən biri kimi tanınıb və bu janrı təbliğ edib. Yaradıcılığının ilk günlərindən Füzuli poeziyasına daha artıq maraq göstərib və füzulişünas şair kimi püxtələşib. Sələfi Füzulini nəinki Şərqə, bütün dünyaya tanıtmaq üçün onun yüz qəzəlini rus dilinə tərcümə edərək bu qəzəlləri orijinal əruz vəznində işləyib.

Tədbirdə Xalq Artisti Əlibaba Məmmədov, Hacı Rafiq Əliyev, şairlər Azər Buzovnalı, Tahir Şirvanlı və başqaları Həkim Qəninin yaradıcılığını yüksək qiymətləndiriblər. Onun Füzulinin 124 qəzəlinə yazdığı təxmislərini yüksək dəyərləndiriblər. Şairin 1992-ci ildə Türkiyədə keçirilmiş “Minacat” müsabiqəsində iştirak etdiyini və birinci yeri qazandığını diqqətə çatdırıblar.

Natiqlər H.Qəninin bir insan olaraq müasirlərinə və yetirmələrinə göstərdiyi xoş rəftarından, yüksək insani keyfiyyətlərindən də söhbət açıblar.

Tədbirdə qiraətçilər və xanəndələr tərəfindən Həkim Qəninin qəzəlləri oxunub.

Tədbir çərçivəsində qəzəlxan şairin “Dram əsərləri”nin və “Qəlbimizdə yaşayan Həkim Qəni” adlı məqalə və oçerklərdən ibarət kitabın da təqdimatı keçirilib. “Qəlbimizdə yaşayan Həkim Qəni” kitabının redaktoru və “Ön söz” müəllifi Rauf İlyasoğlu, “Dram əsərləri” kitabının redaktoru isə filologiya üzrə fəlsəfə doktoru, dosent Yusif Günaydındır.

Sonda şairin oğlu Cavid Qənioğlu atası ilə bağlı xatirələrini danışıb, tədbirin təşkilatçılarına və iştirakçılarına minnətdarlığını bildirib.

Avropa Şurası Parlament Assambleyasının Azərbaycan nümayəndə heyətinin üzvüdür.
Azərbaycan Respublikasının Milli Məclisin Mədəniyyət komitəsinin sədridir.
AMEA Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktorudur.
Facebook