RAFAEL HÜSEYNOV AMEA-nın həqiqi üzvü Filologiya elmləri doktoru Professor
Azərbaycanlı deputat: AŞPA-da ikili standartlar, qeyri-obyektiv və sifarişli çıxışlar çoxalıb Apr 25, 2021 | 13:25 / AŞPA məruzələr

Son illərdə AŞPA-da daimi müzakirə mövzularımızdan biri Avropa Şurasında köklü islahatların zəruriliyi, yeniləşmənin vacibliyi, ənənəvi problemlərdən xilas olmağın təxirəsalınmazlığı olub. Təəssüf ki, düzəldilməli başlıca qüsurlar yenə əvvəlki kimi qalmaqda davam edib, sadəcə, bəzi komitələrin və siyasi qrupların adları dəyişdirilib, bəzi prosedur qaydalarında kosmetik düzəlişlər olunub və elə köhnə yerişimizlə irəliləməkdə davam etmişik.

AZƏRTAC xəbər verir ki, bu fikirləri AŞPA-da “Türkiyədə demokratik təsisatların fəaliyyəti” mövzusunda sərbəst debatlarda çıxış edən Azərbaycan nümayəndə heyətinin üzvü Rafael Hüseynov deyib.

Deputat bildirib ki, islahat aparılmalı ən vacib məsələ hələ də davam edən ikili standartların aradan qaldırılmasıdır. İkili standartlar əvvəlkindən də çoxalıb. Qeyri-obyektivlik, sifarişli çıxışlar, qərəzli qruplaşmalar, bəzi üzv ölkələri daim hədəf seçərək onların üstünə getmək vərdişi qalmaqda davam edir.

Vaxtilə Almaniyanın ilk Federal Kansleri Konrad Adenauer (1876-1967) Avropa Şurasını “Avropanın vicdanı” adlandırmışdı. Bu sessiyada Assambleya qarşısında çıxış edən Angela Merkel də bunu xatırlatdı. “Angel” – “mələk” kimi sözləri asanca demək olur. Amma mələk ola bilməyin, Avropanın vicdanı olmaq məsuliyyətini daşımağın nə qədər ağır, çətin çəkilən yük olması barədə təəssüf ki, heç də həmişə, bəzən isə heç vaxt düşünmürük.

Ayrı-ayrı ölkələr üzrə davamlı monitorinqlər həyata keçirmək təşkilatımızın səciyyəvi işlərindəndir. Ancaq öz fəaliyyətlərimizin də monitorinqi haqqında bəzən dərindən düşünməli və belə monitorinqləri mütləq aparmalıyıq.

“Burada Türkiyə ilə bağlı müxtəlif illərdə hazırlanmış eyniadlı məruzələri qaldırın, müzakirələrin stenoqramlarını oxuyun. Hər dəfə Türkiyəni xüsusi ehtirasla tənqid edən eyni adları görəndə təəccüblənməyin. Təkcə Türkiyənin deyil, elə Azərbaycanın da belə ştatlı əleyhdarlarının kimlər olduğunu mən bir dəfə bu kürsüdən sadalamışam. Xatırlayıram, 2016-cı ilin iyun sessiyasında da Türkiyə ilə bağlı eyni sərlövhəli məruzə müzakirə edilirdi. Məruzə Türkiyədə qanunun aliliyinin davam edən eroziyasından danışırdı, ölkədəki antiterror əməliyyatları zamanı ortaya çıxan insan haqları pozuntularına dair iddialar irəli sürülürdü, mətbuatla bağlı ciddi problemlərin olduğu bəyan edilirdi, bütün bunların ölkədə demokratik təsisatların normal fəaliyyət göstərməsinə təhlükə törətdiyini bildirilirdi və sair belə-belə müddəalar”, - deyə R.Hüseynov vurğulayıb.

O deyib: “Ondan əvvəlki illərə baxın, onların sənədlərini qaldırın, bugünkü məruzə ilə müqayisə edin. Görəcəksiniz ki, sanki eyni bəstəkarın yazdığı oxşar melodiyadır. Türkiyə isə terrorizmlə ağır mübarizələrə qatlaşaraq, varlığı və gücü ilə Yaxın və Orta Şərqdə, Cənubi Qafqazda tənzimləyici amil olaraq, minlərlə əcnəbi qaçqına qucaq açıb, bu fədakarlığı ilə Avropanı ağır fəsadlardan xilas edərək, demokratiya ənənələrinə və böyük Atatürkdən miras qalan dərslərə sədaqət göstərək inamla irəliləyir, ildən-ilə daha güclü, daha qüdrətli olur”.

Ədalətli şəkildə müqayisə aparılacağı təqdirdə avropalı parlamentarilərin bugünkü Türkiyənin 5 il əvvəlki Türkiyədən daha güclü, daha demokratik olduğunu görəcəklərini bildirən R.Hüseynov vurğulayıb ki, 5 il əvvəl burada Türkiyədə demokratiyanın təhlükədə olduğu bildirilirdi. Avropa Şurası artıq yetərincə yaşlıdır və Türkiyə bu 72 yaşlı təşkilatın elə 72 ildir üzvüdür. Axı, Avropa Şurasına Avropanın vicdanı deyiblər. Türkiyəyə ən azı bu müstəvidən vicdanla baxmağa, onu vicdanla qiymətləndirməyə adət edilməlidir.

AzərTac

Avropa Şurası Parlament Assambleyasının Azərbaycan nümayəndə heyətinin üzvüdür.
Azərbaycan Respublikasının Milli Məclisinin deputatıdır.
AMEA Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktorudur.
Facebook