RAFAEL HÜSEYNOV AMEA-nın həqiqi üzvü Filologiya elmləri doktoru Professor
“Vətənim” verilişinin növbəti buraxılışı Abbas Səhhət yaradıcılığına həsr olunub İyul 14, 2021 | 12:26 / Mətbuatda çıxışlar

AZTV-nin “Mədəniyyət” kanalında AMEA Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru, akademik Rafael Hüseynovun təqdimatında “Vətənim” verilişinin Azərbaycan ədəbiyyatında romantizm cərəyanının nümayəndəsi, böyük ustad şair və dramaturq, tərcüməçi Abbas Səhhətin misilsiz yaradıcılığına həsr olunmuş növbəti buraxılışı yayımlanıb.

Verilişdə XX əsrin mürəkkəb ədəbi-tarixi və ictimai-siyasi şəraitində bütün zəkasını və enerjisini doğma xalqının mədəni tərəqqisinə, mənəvi və fiziki sağlamlığı uğrunda mübarizəyə həsr edən Azərbaycan  ədəbiyyatının orijinal,  sayılıb-seçilən simalarından olan A.Səhhətin yaradıcılığına nəzər salınıb.

Verilişdə məşhur xanəndə, Əməkdar artist Yavər Kələntərlinin bibisi oğlu Abbas Səhhətlə bağlı xatirələrindən söhbət açılıb. Qeyd olunub ki, güclü yaddaşa malik olan A.Səhhət öz şeirlərindən əlavə, Azərbaycanın görkəmli nümayəndələrinin şeirlərinin böyük bir qismini əzbər bilir, Osmanlı şairlərinin əsərlərini səsləndirirdi.

Akademik R.Hüseynov “Mən vətəni canım kimi sevərəm, ruhum, ətim, qanım kimi sevərəm”, - deyən A.Səhhətin hər zaman doğma vətənə dərin məhəbbət hissləri aşıladığını vurğulayıb, dahi şairin onun Vətəni sevdiyi qədər sevilməyə layiq bir şəxsiyyət olduğunu diqqətə çatdırıb.

R.Hüseynov A.Səhhətin Tehranda tibb sahəsi üzrə təhsil alması üçün ailəsinin gördüyü işlərdən, həmçinin yaşadığı dövrün bədii fikir tarixində istedadlı şair, poetik  tərcümələr, elmi-publisistik məqalələr müəllifi, şeir nəzəriyyəçisi, Yaxın və Orta Şərqdə yeni tipli  poeziyanın  banisi Mirzə Ələkbər Sabirlə yaxın dostluq münasibətlərindən söz açıb.

Akademik R.Hüseynov A.Səhhətin həyatında yeni bir mərhələ hesab olunan Paris dövrü, onun tələbə olarkən  Parisə getməsi və oradakı xəstəxanalardan birində təcrübə keçməsi barədə də məlumat verib. Onun sözlərinə görə, bu haqda məşhur tədqiqatçı Salman Mümtaz məlumat verir: “Səhhət Nasiriyyə mədrəsəsinin klinikasında işlədiyi vaxt oraya Hülaku nəslindən bir cavan xan gözlərini müalicə etdirir. Həmin xan Parisə getməli olur və gözlərinə qulluq etmək üçün öz yanında bir nəfər aparmalı olduğundan professor Mirzə Abdullanın mərufluğu ilə A.Səhhəti özü ilə Parisə aparır. Beləliklə, A.Səhhət Paris  xəstəxanalarının birində təcrübəsini artırmaq üçün çalışmağa davam edir”.

R.Hüseynov qeyd edib ki, A.Səhhət Avropada keçirdiyi ayların nəticəsində yalnız zahirən deyil, həm də düşüncə tərzi, bir çox hadisələrə baxışları, ədəbiyyata və sözə münasibəti ilə daxilində artıq Qərb-Şərq düşüncəsini qovuşdurmuşdu.

Akademik, həmçinin 1902-ci ildə Şamaxıda baş verən və şəhəri viran qoyan zəlzələ və A.Səhhətin bu zəlzələ haqqında qələmə aldığı şeirlər, eləcə də müxtəlif dillərdən xalqın maariflənməsi üçün etdiyi tərcümələri barədə söz açıb. Bildirib ki, A.Səhhətin bütün yaradıcılığına qələm əvəzinə sanki fırça ilə yaratmaq keyfiyyəti xasdır. Onun 100 il əvvəl yazılmış əsərləri bu gün üçün də aktualdır və yaddaşlardadır və Vətən dərsliyinin “ayələridir”.

O, 1918-ci ildə Şamaxının ayrı-ayrı kəndlərində ermənilər tərəfindən törədilən soyqırımı və vəhşiliklərdən danışıb, bu hadisələrin A.Səhhətin yaradıcılığında buraxdığı dərin izlərdən bəhs edib.

Avropa Şurası Parlament Assambleyasının Azərbaycan nümayəndə heyətinin üzvüdür.
Azərbaycan Respublikasının Milli Məclisinin deputatıdır.
AMEA Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktorudur.
Facebook