RAFAEL HÜSEYNOV AMEA-nın həqiqi üzvü Filologiya elmləri doktoru Professor
“Vətənim” verilişinin Nizami Gəncəvinin Leninqradda keçirilmiş 800 illik yubileyinə həsr olunan növbəti buraxılışı yayımlanıb İyun 02, 2021 | 12:33 / Mətbuatda çıxışlar

Mayın 31-də AZTV-nin “Mədəniyyət” kanalında AMEA-nın Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru, akademik Rafael Hüseynovun təqdimatında “Vətənim” verilişi yayımlanıb.

Akademik R.Hüseynov verilişdə 1941-ci il oktyabrın 19-da dahi Azərbaycan şairi və mütəfəkkiri, dünya ədəbiyyatının görkəmli siması Nizami Gəncəvinin Leninqradda böyük çətinliklərlə ərsəyə gəlmiş 800 illik yubiley mərasimi barədə məlumat verib. Bildirib ki, dahi şairin SSRİ məkanında 800 illik yubileyinin təntənəli şəkildə qeyd olunması planlaşdırılsa da, faşist Almaniyasının SSRİ-yə hücumu ilə başlayan müharibə bu planın gerçəkləşdirilməsinə imkan verməmişdir. Lakin Nizami Gəncəvinin yubileyi dar çərçivədə olsa da qeyd edilmiş, SSRİ-nin mədəni paytaxtı sayılan Leninqradda (hazırki Sankt-Peterburq) Rusiya alim və ədəbiyyatşünaslarının iştirakı ilə dahi şairin 800 illik yubileyinə həsr olunmuş tədbir 872 gün blokadada qalmış Leninqradın blokadasının 42-ci günündə Ermitaj muzeyində baş tutmuşdur.

Akademik qeyd edib ki, Azərbaycanın Xalq şairi Nikolay Tixonov o dövrün qəzetlərinin birində nəşr olunmuş məqaləsində yubileyə hazırlıqla bağlı təfərrüatlardan danışıb, yubileyin ərsəyə gəlməsi üçün görülən işlərdən bəhs edib.

Qeyd olunub ki, blokadada olan şəhərdə yubiley tədbirinin keçirilməsi təşkilatçılar tərəfindən 1941-ci il oktyabrın 19-na təyin olunur. Almanlar saat 2-5 arasında hava hucumuna ara verdiklərindən tədbirin də məhz saat 2-də başlanmasına qərar verilir. Cəmi 95 nəfərin iştirak etdiyi yubiley tədbiri, dəqiq vaxtında, yəni, hava hücumunun başlanacağı vaxtdan bir qədər əvvəl, saat 16:50-də tamamlanmışdır. 

Belə bir çətin şəraitdə Nizaminin yubileyinin keçirilməsinin böyük qəhrəmanlıq nümunəsi olduğunu deyən akademik R.Hüseynov yubiley tədbiri barədə “Leninqradskaya Pravda” qəzetinin oktyabrın 21-də işıq üzü görən buraxılışında materialın təqdim olunduğunu, tədbirin mühasirə şəraitində yaşayan şəhər əhalisinin qələbə ruhunun yüksəlməsinə şərait yaratdığını vurğulayıb.

Akademik həmin tədbirdə iştirak etmiş Aleksandr Boldıryevin ona yubileylə bağlı şəxsən danışdığı xatirələrindən də söz açıb. Həmçinin A.Boldıryevin ona bağışladığı Nizami Gəncəvinin 800 illik yubiley məclisinin dəvətnaməsini nümayiş etdirib.

R.Hüseynov Azərbaycan rəssamı Vaqif Hüseynovun (Ucatay) 1987-ci ildə yağlı boya ilə kətan üzərində çəkdiyi “Nizami işığında” rəsm əsərində həmin məclisi, burada iştirak edən görkəmli şəxsiyyətlər – İ.A.Orbeli, Q.Ptitsin, N.Tixonov, A.Boldıryevi məharətlə təsvir etdiyini də diqqətə çatdırıb.

Avropa Şurası Parlament Assambleyasının Azərbaycan nümayəndə heyətinin üzvüdür.
Azərbaycan Respublikasının Milli Məclisinin deputatıdır.
AMEA Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktorudur.
Facebook