RAFAEL HÜSEYNOV AMEA-nın həqiqi üzvü Filologiya elmləri doktoru Professor
Erməni terrorizminin dünya üçün təhlükələri Avropa Şurasında ifşa edildi Yan 24, 2018 | 21:10 / Mühüm hadisələr

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) qış sessiyası çərçivəsində Nazirlər Komitəsinin fəaliyyətdə olan sədri, Danimarkanın xarici işlər naziri Anders Samuelsen ölkəsinin sədrlik dövründə prioritet məsələlərini təqdim edib.

AZƏRTAC xəbər verir ki, Nazirlər Komitəsinin sədri hesabatından sonra parlamentarilərin suallarını cavablandırıb.

Azərbaycan nümayəndə heyətinin üzvü Rafael Hüseynov Nazirlər Komitəsinin sədrinə sualla müraciət edib. O deyib: “İcrasına başladığınız Avropa Şurası Nazirlər Komitəsinin sədri vəzifəsi əslində geniş səlahiyyətlərə malikdir, lakin təəssüf ki, bu imkanlardan lazımınca istifadə edilmir. Eyni zamanda, bu yüksək vəzifə həm də böyük problemi görərək onun həlli naminə heç bir ciddi iş görməməyə görə tarixi məsuliyyət müəyyən edir.

Qurumun üzv dövləti Ermənistan Azərbaycanın ərazisinin 20 faizini 25 ildən artıqdır ki, işğal altında saxlamaqdadır və Avropa Şurası da bunu rəsmi sənədində təsdiqləyib. Lakin indi mənim sualım bilavasitə Ermənistan–Azərbaycan münaqişəsi ilə bağlı deyil, Avropada və dünyada təhlükəsizlik, terrorizm problemi ilə əlaqədardır. Ona görə də xahiş edirəm, bu suala cavab verərkən ənənəvi olan şablonu təkrarlayaraq münaqişə məsələsi ilə ATƏT-in Minsk qrupunun məşğul olduğunu söyləməyin. Son dövrlərdə Ermənistanın işğal altında saxladığı Azərbaycan ərazilərində xaricdən gələn terrorçuları intensiv şəkildə yerləşdirməsi haqqında məlumatlar daxil olmaqdadır. Ən son xəbərlərə görə, zəbt olunmuş Qubadlı rayonunda belə terrorçular yerləşdirilib. Ümumən, zəbt olunmuş ərazilərdən əvvəllər də Ermənistanın beynəlxalq terrorizm şəbəkəsinə daxil olan terroristlərin gizlənməsi və onların təlim keçməsi üçün istifadə etdiyi məlumdur. Erməni terror təşkilatlarının dünyanın bir sıra ölkələrində, o cümlədən Avropada törətdiyi qanlı cinayətlərin geniş statistikası var. Qitə və dünya üçün Ermənistanın ciddi təhlükələr vəd edən bu son addımlarına münasibətinizi və qabaqlayıcı tədbirlər görmək üçün səlahiyyətləriniz çərçivəsində hansı addımlar ata biləcəyinizi soruşmaq istərdim”.

Avropa Şurası Nazirlər Komitəsinin sədri deputat Rafael Hüseynovun sualını cavablandıraraq deyib: “Baş verən bütün faciələrin, kədərli hadisələrin başlıca səbəbi, əlbəttə ki, Dağlıq Qarabağ münaqişəsidir. Ona görə də bütün problemlər dairəsi məhz, ilk növbədə, həmin müstəvidə nəzərdən keçirilməlidir. Söz yox, baş verən belə hadisələrin və atılan arzuolunmaz addımların hər biri Nazirlər Komitəsində ciddi narahatlıq doğurur, prosesləri də ardıcıl şəkildə izləyirik. Bizim başlıca istəyimiz bundan ibarətdir ki, hər iki münaqişə tərəfi qəbul edilmiş sənədlərə, beynəlxalq səviyyədə təsdiqlənmiş normal qaydalara əməl etsin. Avropa Şurası sülh axtarışları proseslərinə həmişə öz töhfəsini verməyə hazırdır və belə bir yardım missiyasına həmsədrlərin də münasibəti müsbətdir. Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasındakı son görüşlər də sülh axtarışları istiqamətində zəruri cəhdlərdir. Biz danışıqlarda intensivləşmənin tərəfdarıyıq”.

AzərTac

Avropa Şurası Parlament Assambleyasının Azərbaycan nümayəndə heyətinin üzvüdür.
Azərbaycan Respublikasının Milli Məclisinin deputatıdır.
AMEA Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktorudur.
Facebook