RAFAEL HÜSEYNOV AMEA-nın həqiqi üzvü Filologiya elmləri doktoru Professor
Şəkililər Azərbaycanın daha böyük yüksəlişlərinin təminatçısının prezident İlham Əliyev olduğuna inamlarını ifadə etdilər + Foto Mart 25, 2018 | 21:51 / Görüşlər

Hər ötən gün bizi aprelin 11-nə, Azərbaycan Respublikası prezidentinin seçkiləri gününə yaxınlaşdırdıqca ölkə boyu təbliğat-təşviqat kompaniyası da daha artıq vüsət almağa başlayır.
Xüsusi ruh yüksəkliyi ilə seçilən belə görüşlərdən biri martın 24-də Şəki rayonunun 4 min nəfərə yaxın seçicini əhatə edən Qoxmuq kəndində keçirildi.
Yüzlərlə kənd sakininin qatıldığı həmin görüşün Qoxmuq kənd tam orta məktəbində təşkil edilmisinin əslində rəmzi mənası da var. Ölkə Prezidenti İlham Əliyevin 2015-ci il noyabrın 4-də Şəkiyə səfəri çərçivəsində açılışını etdiyi bu məktəb ən müasir tələblərə cavab verən bir təhsil ocağıdır. Bütün Azərbaycan boyu son 14 il ərzində tikilərək istifadəyə verilmiş istər memarlıq həlli, istər təchizatı baxımından ən yüksək təqdirə layiq, bir zamanlar yalnız paytaxt Bakıda təsəvvür edilə bilən bu cür yüzlərlə gözəl məktəb Prezident İlham Əliyevin Azərbaycanın gələcək inkişafı naminə həyata keçirdiyi böyük işlərin əyani bir örnəyidir.
Yeni Azərbaycan Partiyası Şəki təşkilatının sədri Həsən Həsənov tədbiri açaraq rayonda qarşıdakı prezident seçkiləri ilə əlaqədar görülən işlərdən danışdı. Prezidentliyə namizəd cənab İlham Əliyevin təbliğat-təşviqat kompaniyasının uğurla aparılması barədə müfəssəl məlumatı çatdırdıqdan sonra o, sözü tədbirin qonağı Milli Məclisin Mədəniyyət komitəsinin sədri, akademik Rafael Hüseynova verdi. 
Deputat Rafael Hüseynov Prezident İlham Əlievin 2003-cü ildən başlanan böyük yolundan və bir dövlət başçısı kimi onu səciyyələndirən başlıca üstün keyfiyyətlərdən bəhs edərək dedi: “Prezident İlham Əliyevin Azərbaycana siyasi liderliyinin 15-ci ilinin ucalığından arxada qalan yolu seyr edərək təfərrüatları yaddaşda sıralayarkən ilk olaraq sözlə əməlin vəhdətini xüsusi olaraq vurğulamaq lazım gəlir.
İkinci mühüm cəhət bəsirətlilik, uzaqgörənlik, atılacaq addımların hansı nəticələrə gətirib çıxaracağını irəlicədən dəqiq təsəvvür etmək qabiliyyətidir. 
Üçüncü ümdə məziyyət qətiyyətlilik, güclü iradə, haqlı olduğuna inandığı mövqeyi ən sərt maneələrdən belə çəkinməyərək sonadək müdafiə etmək, irəlilətmək, gerçəkləşdirmək qüdrəti. 
Dördüncü vacib keyfiyyət yenilikçi, cəsarətli, sterotipləri sındıran miqyaslı düşüncə. 
Bu gün 14 illik – iş-güclə, gərgin fəaliyyətlə, misilsiz uğurlarla dolu yolun artıq tarixə çevrildiyi bir vaxtda olub-keçənləri təhlil edərkən Prezident İlham Əliyevin sadaladığımız parlaq xüsusiyyətlərinin hər birini təsdiq edən sıra-sıra əzəmətli layihələri, konkret nəticələri görürük. 
Yolunun əvvəlində Prezident İlham Əliyev inkişafın, tərəqqinin bütün ölkə boyu həyata keçirilməsi niyyətini ifadə etmişdi. Bu arzusunun təsdiqi olaraq da Regionların Sosial-İqtisadi İnkişafı haqqında Dövlət Proqramını qəbul etdi, həmin Proqramın reallaşdırılmasını bilavasitə nəzarətinə götürərək mərhələ-mərhələ irəli aparmağa başladı. 
Zavod, fabrik, iri sənaye müəssisələri ənənəvi təfəkkürdə Bakıya, Sumqayıta, Gəncəyə – iri Azərabaycan şəhərlərinə xas olan hadisə idi. İndi xəyalınızda canlandırın və baxın Azərbaycanın dörd bucağına. Rayonlarımızda, kəndlərimizdə şəhərləşmə prosesi İlham Əliyevin prezidentliyi dövründə əvvəlki onillərə nisbətən müqayisəyəgəlməz dərəcədə sürətlə gedib. Ölkə ərazisində tarixən kənd rayonu kimi tanınmış, əsasən də elə sırf kənd təsərrüfatı ilə məşğul olmuş yerlərdə indi neçə-neçə zavod-fabrik, nəhəng istehsal müəssisələri yaradılmışdır. Onların buraxdığı məhsullar bir tərəfdən daxili ehtiyacları ödəyirsə, digər tərəfdən ixrac da edilir. Ən müasir texnologiyaların tətbiq edildiyi bu müəssisələrdə çalışanların yüzdə doxsanı, bəlkə də daha çoxu yerli mütəxəssislərdir. Bu dəlil bir yandan Azərbaycan insanının artan peşəkarlıq səviyyəsinin göstəricisidirsə, digər yandan həmin obyektlər əhalimizin məşğulluq probleminin həllində əhəmiyyətli təsirini göstərmişdir və sayı çoxdan milyonu aşan yeni iş yerləri deməkdir. Böyük həqiqətlər müqayisədə ortaya çıxır. Bu 14 il ərzində hüsnü qat-qat gözəlləşmiş, sözün birbaşa mənasında dünyanıən ən cazibədar şəhərlərindən birinə çevrilmiş Bakını qoyaq bir yana, Azərbaycan rayonlarının dəyişən, göyçəkləşən mənzərəsini, bir-birindən qəşəng tikililərini, rahat yollarını canlandıraq təsəvvürümüzdə. Bir neçə onil öncə kiməsə məhz uzaq olmayan sabahlarda belə bir gözəlliyin yaranacağı haqda söhbət fantastika kimi gələrdi. Prezident İlham Əliyevsə bütün bunları aydın həqiqətə döndərdi. İndi əldə olunmuşlara , yekunlara baxıb fərəhlənərkən heyranlıqla onu da düşünürsən ki, Prezident İlham Əliyev sən demə, bütün bunları 15 il əvvəl artıq bütün ayrıntıları ilə əyani şəkildə görürmüş. Elə ona görə də nəcib niyyətlərini həyata tətbiq etməkçün bunca inamla, qətiyyətlə irəliləyirmiş. 
Orası da var ki, Azərbaycan dövlətinin sükanı arxasına keçənə qədər o vaxtkı imkanları çərçivəsində konkret bir istiqamət üzrə İlham Əliyev artıq işini görməyə başlamışdı.
O, Milli Olimpiya komitəsinin prezidenti idi və Azərbaycan boyu olimpiya komplekslərinin yaradılmasına başlamışdı. Həmin komplekslərin hər biri bütün ölkə üzrə idmanın inkişafına möhkəm təməllər yaratmaqdan başqa, həm də asta-asta bölgələrin simasının dəyişməsinə gətirib çıxarırdıi. 
Azərbaycan dövlətinin sükanı arxasına keçdikdən sonra isə Prezident İlham Əliyev həmin düşüncə və diləklərni ölkə həyatının bütün sahələri üzrə gerçəkləşdirməyə başladı. 
Bəhrə, nəticə isə yüksələn, iqtisadi göstəricilərinə görə artıq dünyanın ən mötəbər reytinq cədvəllərində irəli sıralarda yer alan zəngin, firavan, çiçəklənən Azərbaycandır”.
Daha sonra deputat Rafael Hüseynov Prezident İlham Əliyevin apardığı düşünülmüş dövlətçilik xəttinin həm beynəlxalq aləmdə nüfuzumuzun artması, həm ordu quruculuğu, müdafiə qüdrətimizin yüksəlməsi, ərazi bütövlüyümüzün bərpa edilməsi səmtində, həm ayrı-ayrı qlobal enerji və nəqliyyat layihələrinin həyata keçirilməsi sahəsində doğurduğu ürəkaçan nəticələrdən söz açaraq qarşıdakı 7 ildə də bu inkişafın davam etməsi üçün xalqımızın öz liderinə dayaq durmasının vacib olduğunu söylədi. Şəki seçiciləri, Qoxmuq sakinləri Prezident İlham Əliyevlə daim birgə olduqlarını, onun xəttinə, yoluna sədaqətlərini bəyan etdilər. Onlar Azərbaycanın gələcək daha dinamik inkişafı və xalqın xoşbəxt sabahlarının cənab İlham Əliyevin adı və yolu ilə bağlı olduğna qəlbən inanadıqlarını, qarşıdakı prezident seçkilərində də məhz onu dəstəkləyəcəklərini, ona səs verəcəklərini bildirdilər.

Avropa Şurası Parlament Assambleyasının Azərbaycan nümayəndə heyətinin üzvüdür.
Azərbaycan Respublikasının Milli Məclisin Mədəniyyət komitəsinin sədridir.
AMEA Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktorudur.
Facebook