RAFAEL HÜSEYNOV AMEA-nın həqiqi üzvü Filologiya elmləri doktoru Professor
Akademik Rafael Hüseynov Avropa Şurası Parlament Assambleyasının toplantısında çıxış edib May 23, 2017 | 13:49 / Mühüm hadisələr

Alim tədbirdə Azərbaycanda milli azlıqların dillərinə dövlət qayğısından söz açıb.

Mayın 22-də Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Parisdəki qərargahında qurumun mədəniyyət, elm, təhsil və media komitəsinin toplantısı keçirilib.  

Tədbirdə macarıstanlı deputat P.Hofmanın “Avropada milli azlıqların dillərinin qorunması və inkişafı” adlı məruzəsi ətrafında fikir mübadilələri aparılıb. Müzakirələrə qatılan komitə üzvü, akademik Rafael Hüseynov problemin aktuallığına diqqəti çəkib. Bildirib ki, milli azlıqlarla bağlı məsələ tarixin bütün dövrlərində çox həssas olub və sərhədlərin daha açıq, coğrafiyaların bir-birinə daha çox yaxınlaşdığı zamanda daha çox aktuallıq kəsb edir. Azərbaycan da çoxmillətli, çoxdinli, çoxmədəniyyətli bir ölkədir və bu problem bizim üçün də ciddi məna kəsb edir.

Alim bildirib ki, Azərbaycan milli azlıqların hüquqlarının qorunması, konkret olaraq onların dillərinə qayğı baxımından örnək ölkələr sırasındadır. Milli, dini, mədəni tolerantlığın əsrlərdən bəri gələn zəngin təcrübəsi bu gün də ölkədə həmin istiqamətdə problemləri yox səviyyəsinə endirə bilir.

“Milli azlıqlarla bağlı müxtəlif ölkələrə qarşı xarici qüvvələrin təxribatlar törətmək, separatizmə rəvac vermək cəhdləri də olur ki, bu təmayül son dərəcə təhlükəlidir”, deyə – akademik bildirib. Onun sözlərinə görə, rasizm, ksenofobiya, millətçilik cəmiyyətə yalnız zərər yetirib və XXI əsrdə belə bu kimi elementlərin varlığı təəssüf doğurmaya bilmir. Həmin neqativ hallara qarşı mübarizə, milli azlıqların hər ölkədə hüquqlarının tam təmin edilməsi ortaq işimiz, daha sivil Avropa evi quruculuğunda daim başlıca vəzifəmiz olmalıdır. Lakin, eyni zamanda, milli azlıqlardan ayrı-ayrı ölkələrə qarşı xarici qüvvələrin separatçı məqsədlərlə istifadəsinə qarşı da mütəşəkkil, müştərək qarşıdurma və müqavimət üçün daim səfərbər olmalıyıq.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.rafaelhuseynov.com saytına istinad zəruridir.

Avropa Şurası Parlament Assambleyasının Azərbaycan nümayəndə heyətinin üzvüdür.
Azərbaycan Respublikasının Milli Məclisin Mədəniyyət komitəsinin sədridir.
AMEA Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktorudur.
Facebook