RAFAEL HÜSEYNOV AMEA-nın həqiqi üzvü Filologiya elmləri doktoru Professor
Avropa Şurasında Azərbaycandakı prezident seçkilərinin bir çox ölkələrə nümunə ola biləcəyi qeyd edildi Apr 23, 2018 | 11:09 / Mühüm hadisələr

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) yaz sessiyasının ilk günündə ənənəvi olaraq Büro və Daimi Komitənin hesabatı dinlənildikdən sonra müzakirələr başlandı. Azərbaycan nümayəndə heyətinin üzvü Rafael Hüseynov əvvəlcə Avropa Şurasında son dövrlərdə müşahidə edilən bir sıra böhran məqamlarına diqqəti cəlb etdi.

AZƏRTAC xəbər verir ki, deputat Rafael Hüseynov Avropa Şurasını demokratiya məktəbi və bütöv bir ailə adlandıraraq dedi: “Məktəb və ailə isə sabit dəyərlər, axsamadan dəqiq işləyən prinsiplər deməkdir. Lakin növbəti inkişaf hesabatını son dövrlərdə Parlament Assambleyasında müşahidə edilən böhran əlamətləri müstəvisində nəzərdən keçirəndə, ilk növbədə, məhz iş prinsiplərimiz və zədələnən dəyərlər haqda düşünməyə ehtiyac yaranır. Assambleya üzvlərindən maliyyə hesabatları tələb edilirsə, korrupsiya, lobbiçilik ehtimalları ilə araşdırmalar aparılırsa, ayrı-ayrı deputat qruplarının və insan haqları komissarının müəyyən ölkələrin və siyasi dairələrin maraqlarına xidmət etməsi barədə təhlillər və sənədlər ictimailəşdirilirsə, ikili standartların təşkilatımızda ayaq tutub yeridiyini, az qala normaya çevrildiyini gizlətmək artıq mümkün deyilsə, demək, çox ciddi narahatlığa əsaslar var”.

Rafael Hüseynov bildirib ki, təxminən hər sessiyada hansısa üzv ölkədə seçkilər keçirilir və o prosesləri biz də müşahidə edir, hesabatlar hazırlayırıq: “ATƏT Parlament Assambleyası, Demokratik Təsisatlar və İnsan Haqları bürosu (DTİHB), AŞPA - bunların hər birinin öz yeri var. Biz burada böyük tərkib müəyyənləşdirərək seçkiləri müşahidə etməyə göndəririk, lakin təəssüflər ki, əvvəlki dövrlərdən fərqli olaraq son illərdə yetərincə qənaətbəxş olmayan təcrübə yaranıb. Faktiki olaraq, seçkilərin qiymətləndirilməsi ilə bağlı son sənədi hazırlamaq ixtiyarı DTİHB-yə verilib. Niyə biz öz müstəqilliyimizi, sözümüzün mötəbərliliyini başqa quruma etibar edirik? Axı bu, təşkilatımızın nüfuzu məsələsidir. Kimsə etiraz edə bilər ki, guya həmin yekun hesabatlar ümumi rəy əsasında hazırlanır. Bəli, əslində belə olmalıdırsa da gerçəklikdə vəziyyət o cür deyil. Hamı bilir ki, DTİHB-ni hansı qurum idarə edir, onun düyməsi Avropadan çox kənarlardadır. Niyə Avropa Şurası illərlə qazandığı hörmət və etibarı belə asanlıqla təhvil verir? Nəticədə, seçkiləri müşahidə edən Avropa Şurası təmsilçiləri gördüklərinə əsasən müsahibə verərək obyektiv olaraq müsbət dəyərləndirmələri dilə gətirirlərsə, qəfildən sanki hazır şəkildə ortaya çıxan yekun hesabat onların fikri ilə kəskin ziddiyyət təşkil edir. Başlanır şübhələr, müxtəlif ehtimallar yaranmağa. Zənnimcə, bu praktikaya son qoyulmalı, AŞPA müşahidə missiyası bundan sonra elə lap əvvəllərdə olduğu kimi hesabatlarını müstəqil olaraq imzalamalı və bəyan etməlidir. Qoy digər beynəlxalq qurumlar da öz hesabatlarını elan etsinlər və kimin daha ədalətli, düzgün mövqedə olduğu da əyani şəkildə görünsün. Biz bunun nümunəsini, ikili standartlarla yanaşmanın əyani ifadəsini elə hazırkı hesabat dövründə bir daha müşahidə etdik”.

Deputat Azərbaycanda bu ilin aprel ayında keçirilmiş prezident seçkilərinə toxunaraq, seçkiləri müşahidə etdiyini bildirib. Qeyd edib ki, prezident seçkiləri yüksək səviyyədə təşkil olunub, çox şəffaf və demokratik keçirib. Avropa Şurasının müşahidə missiyası tərkibində bir sıra digər üzv ölkələrdə də seçkiləri müşahidə etdiyini bildirən millət vəkili müqayisə edilərsə, Azərbaycanda seçki sisteminin bu baxımdan nə qədər irəli getdiyini, inkişafa nail olduğunu vurğulayıb. Qeyd edib ki, müxtəlif ölkələrdən olan müşahidəçilər də Azərbaycandakı seçkiöncəsi vəziyyət və səsvermənin gedişi ilə bağlı pozitiv fikirlərini mətbuata açıqlamalarında və rəsmi hesabatlarında əks etdiriblər. Lakin DTİHB-nin təqdim etdiyi ilkin rəy qəribədir ki, sözbəsöz radikal müxalifətin seçkidən qabaq dövriyyəyə buraxdığı böhtan səciyyəli yazılarla üst-üstə düşüb: “Bu nədir, əlaqəli şəkildə işləmək, ya eyni mərkəzdən idarə olunmaq? Belə qərəzli yanaşmalar istər-istəməz eyni sənəd altında imzasını qoymağa məcbur olan Avropa Şurasının nüfuzuna xələl gətirir. Odur ki, biz Avropa Şurası seçkiləri müşahidə missiyalarının hansı qurumlarlasa birgə hesabat imzalamaq təcrübəsindən ləngimədən və mütləq imtina etməliyik. Arzu edərdim ki, biz inkişafımıza mane olan təmayüllərdən bacardıqca daha tez azad olaq və növbəti inkişaf hesabatlarımızda uğurlarımızdan daha ürəklə bəhs etmək imkanı qazanaq.

Çıxışının sonunda Azərbaycan nümayəndə heyətinin üzvü Avropa Şurasında xüsusi təhqiqat komissiyasının təşkilatda müşahidə edilmiş korrupsiya faktları ilə bağlı hesabatına münasibət bildirərək onun qeyri-obyektiv, qərəzli olduğunu bildirib və Assambleyanı belə həssas məsələlərdə daha diqqətli olmağa çağırıb.

“Avropa Şurasında korrupsiya məsələləri ilə bağlı hesabata gəlincə, əlbəttə, bu, çox narahatedicidir. Lakin daha narahatedici məqam bu hesabatın obyektiv olmaması, birtərəfli hazırlanmasıdır. Sanki əsas məqsəd problemin özü deyil, bir qrup deputatı və konkret ölkələri vurmaqdır. Digər tərəfdən, belə həssas siyasi hesabatlarda mütləq məsələnin hüquqi tərəflərinə ciddi diqqət edilməlidir. Gərək yazılan hər sözün arxasında tam sübut olunmuş məlumatlar, sənədlər dayansın”, -deyə Rafael Hüseynov diqqətə çatdırıb.

AzərTac

Avropa Şurası Parlament Assambleyasının Azərbaycan nümayəndə heyətinin üzvüdür.
Azərbaycan Respublikasının Milli Məclisin Mədəniyyət komitəsinin sədridir.
AMEA Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktorudur.
Facebook