RAFAEL HÜSEYNOV AMEA-nın həqiqi üzvü Filologiya elmləri doktoru Professor
Azərbaycanlı deputat Avropa Şurasını üzv ölkələrə təzyiqi azaldaraq müzakirə və dialoqa üstünlük verməyə çağırıb Apr 25, 2018 | 13:55 / AŞPA məruzələr

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) yaz sessiyası çərçivəsində Danimarkanın xarici işlər naziri, Avropa Şurası Nazirlər Komitəsinin fəaliyyətdə olan sədri Anders Samuelsenin ötən sessiyadan sonrakı dövrdə görülmüş işlərlə əlaqədar hesabatı dinlənilib. Hesabatdan sonra Parlament Assambleyasının üzvləri müxtəlif aktual problemlərlə bağlı suallarını ünvanlayıblar.

AZƏRTAC xəbər verir ki, Azərbaycan nümayəndə heyətinin üzvü Rafael Hüseynov da Nazirlər Komitəsinin sədrinə təşkilatın iş prinsipləri və gələcək inkişafı ilə əlaqədar sualla müraciət edib: “Ən yaxşı münasibət forması dialoq, detalların müzakirəsidir. Bu yolla hətta düşmənlə belə müəyyən müddətdən sonra hansısa razılıqlara gəlmək mümkündür. Lakin son illər Avropa Şurasında bu prinsipə etinasız münasibəti müşahidə edirik. Belarus Avropada olsa da, neçə illərdir onu demokratiya məktəbi sayılan Avropa Şurasına buraxmadıq. Bəlkə neçə illərdən bəri Belarus bu ailədə olsaydı tənqid edə-edə, müzakirələr apara-apara o ölkədə arzuladığınız bir çox dəyişikliklərə nail ola bilərdiniz. Eyni yanaşma tərzi ilə Rusiyanı təşkilatdan küsdürdük. Eyni yanaşma tərzi ilə belə ölkələrin sırasının bir az da genişlənməsi təhlükəsi var. Çünki belə təhlükə təşkilatın özünü süquta apara bilər. “Tam mən deyən deyilsənsə bir yerdə ola bilmərik” kimi radikal yanaşma qətiyyən doğru deyil. Yanında olanı islah etmək həmişə daha asandır. Nazirlər Komitəsi təşkilatdan belə qopmaların yalnız maddi problemlər deyil, daha ciddi böhranlar doğurduğunun və doğuracağının fərqindədirmi? Təşkilatımızın gələcək taleyi, mövcudluğu ilə bağlı belə məsələlər Nazirlər Komitəsində müzakirə edilibmi? Edilməyibsə bu biganəliyin səbəbi nədir? Edilibsə vəziyyəti dəyişmək üçün hansı addımlar atılıb?”

Nazirlər Komitəsinin sədri Anders Samuelsen cavabında bildirib: “Avropa Şurası üzv ölkələrlə əməkdaşlığın, dialoqun tərəfdarıdır və üzv dövlətlər bu dəyərlər məktəbi olan təşkilatda ortaq prinsipləri bölüşürlər. İnsan haqlarına hörmət, demokratik dəyərlərə geniş meydan açmaq, hüququn aliliyinin təmin edilməsi Avropa Şurasının əsas fəaliyyət istiqamətləridir. Bunlar təşkilatın Nizamnaməsində də əksini tapır. Əlbəttə, reallıqda təəssüf ki, bəzən bütün bunlardan istisnalar da müşahidə edilir. Üzv dövlətlər bu təşkilata qəbul edilərkən öhdəliklər götürür və həmin öhdəliklərə əməl etmələri vacibdir. Haqlısınız, Avropa Şurasına qəbul edilən hər ölkənin özünəməxsus tarixi, taleyi və keçdiyi yol var. Hamıdan ən qısa zaman içərisində ali səviyyədə olmasını tələb etmək düzgün olmazdı. Hər ölkənin bu təşkilata hansı yolu keçərək, hansı taleyi yaşayaraq gəldiyi də hər zaman diqqətdə saxlanılmalıdır.

Belarusa gəlincə, bizim bu ölkəni təşkilata üzv qəbul etməməyimiz müəyyən problemlərlə bağlıdır. Bizim Avropa Şurası olaraq əsas məqsədlərimizdən biri ölüm hökmünün ləğvi məsələsidir. Digər tərəfdən, biz söz, mətbuat azadlığı və digər demokratik dəyərlərin təmin edilməsinə də daim üstünlük veririk. Rusiya ilə bağlı onu deyə bilərəm ki, bu ölkə Avropa Şurasının üzvüdür, biz onu kənarlaşdırmırıq, Rusiya özü son dövrlərdə əməkdaşlığa fasilə verib və üzvlük haqqını da ödəmir. İstərdik ki, bu əməkdaşlıq və iş birliyi davam etsin. Sizin fikrinizlə razıyam. Bəli, dialoq, hər məsələ barədə ətraflı müzakirələr lazımdır və məhz həmin yolla çox çətin suallara cavab tapmaq asanlaşar”.

AzərTac

Avropa Şurası Parlament Assambleyasının Azərbaycan nümayəndə heyətinin üzvüdür.
Azərbaycan Respublikasının Milli Məclisin Mədəniyyət komitəsinin sədridir.
AMEA Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktorudur.
Facebook