RAFAEL HÜSEYNOV AMEA-nın həqiqi üzvü Filologiya elmləri doktoru Professor
Rafael Hüseynov: Qaçqınlar və məcburi köçkünlər probleminin yeganə həlli onların öz yurdlarına qayıtmasıdır Apr 27, 2018 | 14:00 / Mətbuatda çıxışlar

Artıq dünyada və Avropada ən böyük humanitar fəlakətlərdən birinə çevrilmiş qaçqınlar və məcburi köçkünlər məsələsi növbəti dəfə Avropa Şurası Parlament Assambleyasının (AŞPA) həm komitə, həm plenar iclasında diqqət mərkəzində olub.

AZƏRTAC xəbər verir ki, deputat Killyon Munyamanın hazırladığı “Avropada öz ölkələrində məcburi köçkünlərin humanitar ehtiyacları və hüquqları” adlı məruzənin müzakirəsinə qoşulan Azərbaycan nümayəndə heyətinin üzvü Rafael Hüseynov bu problemdən ən çox əziyyət çəkən ölkənin Azərbaycan olduğunu və vaxtilə sayı bir milyon olmuş məcburi köçkünlərin sayının bu gün daha da çoxaldığını söyləyib. O bildirib ki, insanın yaşamaq haqqı qədər əbədi olan digər ehtiyacı və hüququ da öz daimi ev-eşiyində, doğma şəhərində, kəndində, məhəlləsində ömür sürməsidir. Ölkəmizdə 30 ilə yaxındır bir milyondan çox insan hər kəs üçün təbii olan bu imkandan məhrumdur. Ermənistanda azərbaycanlılara qarşı aparılan etnik təmizləmə və deportasiya nəticəsində, eləcə də ermənilərin və onlara havadarlıq edən xarici qüvvələrin Azərbaycan ərazilərinin 20 faizini işğal etməsindən sonra bir milyon insan qaçqına və məcburi köçkünə çevrilib. Ancaq bu rəqəm əslində lap çoxdan köhnəlib. Otuz ilə çatan müddətdə həmin əzablar çəkmiş insanların sayı artıq bir milyon yox, milyon yarımdır. Azərbaycan dövləti qaçqınlara və məcburi köçkünlərə hər cür şərait yaratmasına baxmayaraq, problemin yeganə kardinal həlli məcburi köçkünlərin öz doğma ev-eşiklərinə qayıtmasıdır.

Deputat bildirib ki, Ermənistanın işğalçılıq siyasətinin davam etdiyi illərdə yarım milyona yaxın Azərbaycan uşağı dünyaya qəmli bir statusla – qaçqın və məcburi köçkün kimi gəlib. Dağlıq Qarabağdan və ondan kənardakı yeddi Azərbaycan rayonundan məcburi köçkün düşmüş 600 min insanın evi dağıdılıb, qəsb edilib, qəbiristanlıqlar tar-mar edilib. Onların ən qiymətli sərvəti olan xatirələri, yaddaşları məhv edilib. Bu, işğalın ən ağır fəsadıdır.

Qeyd edilib ki, Azərbaycanın müxtəlif rayonlarına sığınmış qaçqınlar və məcburi köçkünlər 1990-cı illərin, müstəqilliyimizin əvvəllərində, ölkəmizin maddi imkanlarının məhdud olduğu vaxtlarda çadır düşərgələrində, vaqonlarda, müxtəlif yataqxanalarda yerləşdirilmişdilər. Tədricən Azərbaycan dövlətinin iqtisadi gücü artdıqca, ilk növbədə, onların gündəlik qayğıları həll edildi. Qaçqın çadırlarını səliqə-sahmanlı, rahat mənzillərin sıralandığı qaçqın şəhərcikləri əvəz etdi. Lakin o evlər nə qədər rahat olsa da, qaçqınlara göstərilən qayğı nə qədər artırılsa da, bu, onların nostalgiyasını söndürmür, ata-baba yurdunu əvəz etmir.

Bu gün Avropadakı məcburi köçkünlərin ehtiyaclarını, hüquqlarını araşdırır, onlara kömək yollarını arayırıq. Azərbaycan bu sahədə kədərli təcrübəsi olan ölkə kimi bilir ki, həmin müsibətə yenicə düçar olanlara hər cür dəstək, kömək vacibdir. Ancaq əsas vəzifə bu məsələni kardinal şəkildə həll etmək, bu insanları insanlıq adına həqarət olan qaçqın, məcburi köçkün kimi arzuolunmaz statusdan xilas etməkdir.

Rafael Hüseynov problemlə əlaqədar məsuliyyətləri olan beynəlxalq təşkilatları konkret addımlar atmağa səsləyərək deyib: “Təəssüf ki, Avropa Şurası, ATƏT, Avropa Parlamenti və digər beynəlxalq təsir imkanı olan qurumlar yalnız həmdərd olmaq, real hərəkətə aparmayan müzakirələrlə işini bitmiş hesab edir. Ona görə də bu faciəyə düçar olanların sayı azalmaqdansa durmadan artır. Bütün qüvvələr birləşdirilərək qətiyyət göstərilmədikcə, sözdən əmələ keçilməyincə vəziyyət dəyişməyəcək. Hərəkətə keçək! Geci-tezi var, bu minvalla dalğa sizə də çatacaq”.

AzərTac

Avropa Şurası Parlament Assambleyasının Azərbaycan nümayəndə heyətinin üzvüdür.
Azərbaycan Respublikasının Milli Məclisin Mədəniyyət komitəsinin sədridir.
AMEA Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktorudur.
Facebook