RAFAEL HÜSEYNOV AMEA-nın həqiqi üzvü Filologiya elmləri doktoru Professor
Füzulinin “Divan”ının əlyazma nüsxəsinin “Dünya Yaddaşı” Proqramı Reyestrinə daxil edilməsi onun müstəsna dəyərini əks etdirir May 30, 2018 | 10:38 / Mühüm hadisələr

Mayın 30-da AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutundadahi Azərbaycan şairi və mütəfəkkiri Məhəmməd Füzulinin “Divan”ının əlyazma nüsxəsinin “Dünya Yaddaşı” Beynəlxalq Reyestrinə daxil edilməsi ilə bağlı təqdimat mərasimi keçirilib.

Tədbirdə çıxış edən AMEA-nın prezidenti, akademik Akif Əlizadə dahi şairin “Divan”ının əlyazma nüsxəsinin “Dünya Yaddaşı” Beynəlxalq Reyestrinə daxil edilməsini Azərbaycan üçün əlamətdar hadisə kimi dəyərləndirib. O, Prezident İlham Əliyevin və birinci vitse-prezident Mehriban Əliyevanın xüsusi qayğısı sayəsində ölkəmizin zəngin mədəni irsinin dünyada tanıdılması və təbliği istiqamətində əməli tədbirlərin həyata keçirildiyini vurğulayıb.

Şairin dünya mədəniyyəti xəzinəsinə verdiyi böyük töhfələrdən danışan AMEA rəhbəri bildirib ki, haqqında söhbət gedən əsər Füzulinin türkcə (azərbaycanca) “Divan”ının ən mötəbər nüsxəsi sayılan, şairin ölümündən 16 il sonra - 1572-ci ildə üzü köçürülən Bakı əlyazmasıdır. Əlyazmada əsərin 1936-cı ildə görkəmli ədəbiyyatşünas alim Salman Mumtaz tərəfindən SSRİ Elmlər Akademiyasının Azərbaycan filialının kitabxanasına bağışlanması da qeyd olunur.

Akademik A.Əlizadə digər Azərbaycan mütəfəkkirlərinin əsərlərinin də “Dünya Yaddaşı” Beynəlxalq Reyestrinə daxil edilməsi istiqamətində iş aparılmasının vacibliyini bildirib.

Sonra Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri-YUNESKO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının baş katibi Elnur Sultanov çıxış edərək bu sənədli irsin “Dünya Yaddaşı” Proqramı Reyestrinə daxil edilməsini onun müstəsna dəyəri ilə əlaqələndirib. Bildirib ki, bu həmin irsin bəşəriyyət üçün mühüm əhəmiyyətini bir daha təsdiqləyir.

Bugünkü təqdimat mərasiminin Azərbaycan Xalq Cumhuriyyətinin yaradılmasının 100 illik yubileyinə təsadüf etdiyini deyən E.Sultanov Məhəmməd Füzuliyə, onun yaradıcılığına Cumhuriyyət dövründə də yüksək diqqət göstərildiyini bildirib. Qeyd edib ki, 1919-cu il 21 noyabr tarixində Bakıda Azərbaycan Dövlət Teatrında Məhəmməd Füzulinin “Leyli və Məcnun” poeması əsasında yazılmış dahi bəstəkarımız Üzeyir Hacıbəyovun eyni adlı operası yeni və o dövr üçün kifayət qədər müasir tərtibatda tamaşaya qoyulub. Həmçinin AXC dövründə, 1919-cu ildə Azərbaycanın tanınmış rəssamı Əzim Əzimzadə tərəfindən Füzulinin obrazı yaradılıb, görkəmli heykəltəraşlarımız Tokay Məmmədov, Ömər Eldarov və memar Hacı Muxtarov tərəfindən Məhəmməd Füzulinin əzəmətli heykəli ucaldılıb.

E.Sultanov 1959-cu ildə şairin anadan olmasının 400 illik yubileyi münasibətilə UNESCO tərəfindən Məhəmməd Füzulinin “Leyli və Məcnun” poemasının ingilis dilində nəşr olunduğunu da diqqətə çatdırıb. O, həmçinin şairin anadan olmasının 500 illik yubileyinin UNESCO-nun görkəmli şəxsiyyətlərin və əlаmətdаr hadisələrin yubileyləri proqramı çərçivəsində təntənəli şəkildə qeyd edildiyini bildirib. Vurğulayıb ki, ulu öndər Heydər Əliyevin dəvəti ilə UNESCO-nun baş direktoru Federiko Mayor ölkəmizə səfər edərək, Məhəmməd Füzulinin anadan olmasının 500 illik yubileyində iştirak edib. Şairin bu yubileyi münasibətilə Azərbaycanda qızıl və gümüş sikkələr hazırlanaraq, dövriyyəyə buraxılıb.

"Bu gün UNESCO-nun “Dünya Yaddaşı”nın Beynəlxalq Reyestrində Azərbaycana məxsus 2 dəyərli əsər yer almaqdadır" - deyən baş katib bildirib ki, onlardan birincisi orta əsrlərdə qələmə alınmış əczaçılığa dair əlyazmalar 2005-ci ildə, ikincisi isə dahi Azərbaycan şairi Məhəmməd Füzulinin “Divanı”nın əlyazma nüsxəsi 2017-ci ildə bu Reyestrə daxil edilib. Qeyd olunub ki, Məhəmməd Füzulinin bu məşhur əsəri UNESCO tərəfindən dəyərləndirilərək, onun bəşəri əhəmiyyəti quurumun baş direktorunun imzaladığı sertifikat ilə təsdiq olunub.

Daha sonra E.Sultanov UNESCO-nun müvafiq sertifikatını akademik A.Əlizadəyə təqdim edib.

Tədbirdə çıxış edən AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəylibildirib ki, M.Füzulinin nadir əlyazmasının nüsxəsinin “Dünya Yaddaşı” Beynəlxalq Reyestrinə daxil edilməsi xalqımız və Azərbaycan elmi ictimaiyyəti üçün mühüm tarixi, mədəni hadisədir. UNESCO-nun nüfuzlu təşkilatında dahi şairin əlyazmasının yer alması Füzuli sənətinin ümumdünya mədəni, ədəbi sərvəti olduğunu təsdiq edən mühüm addımdır. 

AMEA-nın vitse-prezidenti vurğulayıb ki, “Dünya Yaddaşı” Beynəlxalq Reyestrində Füzulinin əlyazma nüsxəsinin Azərbaycanın mədəni irsinin nümunəsi kimi daxil edilməsi bu qiymətli xəzinənin məhz xalqımıza məxsus olduğunu təsdiq edən əhəmiyyətli hadisədir. Bu hadisə beynəlxalq aləmdə də Füzulinin xalqımıza məxsus olması barədə fikirlərin tarazlığını Azərbaycanın xeyrinə isbat edəcəkdir.

Dünya ədəbiyyatının böyük korifeylərindən olan Füzulinin irsinin ümumtürk ədəbi-mədəni sərvəti olduğunu deyən alim onun Vətəni Azərbaycanda XX əsrin əvvəllərindən başlayaraq dahi şairin yaradıcılığı haqqında qiymətli monoqrafik tədqiqatların meydana gəldiyini, dissertasiyaların yazıldığını, onun əsərlərinin dəfələrlə ölkəmizdə böyük tirajlarla çap olunduğunu diqqətə çatdırıb. Vurğulayıb ki, dahi şairin əsərləri Azərbaycanda dünya dillərinə tərcümə olunaraq beynəlxalq aləmə yayılıb.

Məhəmməd Füzulinin zəngin ədəbi-fəlsəfi irsi barədə məlumat verən AMEA-nın Humanitar Elmlər Bölməsinin akademik-katibi, Əlyazmalar İnstitutunun direktoru, akademik Teymur Kərimli  bildirib ki, onun yaradıcılığı Azərbaycan poeziyası ilə yanaşı, Şərq ədəbiyyatı, eləcə də dünya ədəbiyyatı üçün əhəmiyyətlidir. O, şairin yazdığı “Leyli ilə Məcnun”un bir mədəniyyət və əxlaq əsəri olduğunu vurğulayıb.

T.Kərimli qeyd edib ki, bu sənədli irsin “Dünya Yaddaşı” Proqramı Reyestrinə daxil edilməsi onun müstəsna dəyərini əks etdirir və bəşəriyyət üçün qorunmasının əhəmiyyətini vurğulayır. 

Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru, akademik Rafael Hüseynov dünyanın nüfuzlu təşkilatı olan UNESCO-da Azərbaycan klassik sərvətinin bir nümunəsinin dünya irsinin şah əsərlərindən biri kimi qeydiyyata alınmasını böyük nailiyyət adlandırıb.

Azərbaycanın UNESCO ilə əlaqələrinin keçən əsrin 90-cı illərinin əvvəllərindən başlandığını deyən alim ölkəmiz ilə bu nüfuzlu təşkilatın sıx əməkdaşlığının 1996-cı ildə UNESCO ilə Azərbaycan arasında əməkdaşlıq haqqında saziş imzalandıqdan sonra başlandığını qeyd edib. Bildirib ki, Azərbaycanın UNESCO-da özünü təsdiqi istiqamətində birinci vitse-prezident Mehriban Əliyevanın müstəsna xidmətləri vardır. Mədəni irsimizin, həmçinin Qobustan dövlət tarixi-bədii qoruğunun beynəlxalq səviyyədə tanıdılmasında və UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına salınmasında Mehriban xanım Əliyevanın böyük rolu olub.

Digər çıxış edənlər də mənəvi irsimizin araşdırılması, tədqiq edilməsi və dünyaya tanıdılmasının vacibliyini qeyd ediblər.  

Avropa Şurası Parlament Assambleyasının Azərbaycan nümayəndə heyətinin üzvüdür.
Azərbaycan Respublikasının Milli Məclisinin deputatıdır.
AMEA Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktorudur.
Facebook