RAFAEL HÜSEYNOV AMEA-nın həqiqi üzvü Filologiya elmləri doktoru Professor
İstiqlalımızı qoruyan qayıdış + Foto İyun 14, 2018 | 19:05 / Tədbirlər

İyunun 14-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyində Milli Qurtuluş Gününə həsr olunan elmi sessiya keçirilib.

AZƏRTAC xəbər verir ki, əvvəlcə tədbir iştirakçıları ümummilli lider Heydər Əliyevin çoxcəhətli həyat və fəaliyyətindən bəhs edən sərgi ilə taniş olublar.

Tədbirdə muzeyin direktoru, akademik Rafael Hüseynov “İstiqlalımızı qoruyan qayıdış” mövzusunda məruzə ilə çıxış edib, Ulu Öndərin Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsində və müstəqilliyimizin qorunmasında tarixi xidmətlərindən söz açıb. Bildirilib ki, dövlətçilik tariximizdə, ölkəmizin müstəqilliyinin bərpa olunmasında və qorunmasında Ulu Öndərin müstəsna rolu olub.

Akademik R.Hüseynov ümummilli lider Heydər Əliyevin 1993-cü ildə Azərbaycan rəhbərliyinə qayıdışı ilə ölkənin ictimai-siyasi, iqtisadi, elmi-mədəni həyatında, beynəlxalq əlaqələrdə dönüş addımlarının atılmasından, müstəqil dövlət quruculuğu prosesinin başlanması ilə dövlətin milli mənafelərini qorumağa qadir nizami Silahlı Qüvvələrin yaradılmasından və digər sahələrdə qazanılan uğurlardan bəhs edib. Qeyd edilib ki, Azərbaycan dövlətçiliyinin milli özünüdərkə, tarixi yaddaşa söykənən əsasları başlanğıcını hələ ötən əsrin 60-cı illərindən götürərək ulu öndər Heydər Əliyevin siyasi uzaqgörənliyi və müdrikliyi ilə dönməz xarakter alıb. Bu gün müstəqil Azərbaycan dövlətinin keçmiş müstəmləkəçilik buxovlarına, siyasi-ictimai əsarətə qarşı vahid xalq hərəkatında birləşərək milli qurtuluşundan və müstəqilliyinin bərpa olunmasından iyirmi beş il ötür. Bu tarixi yaradan isə dünya şöhrətli siyasətçi, görkəmli dövlət xadimi, daim xalqına arxalanan və xalqına arxa, dayaq olan ulu öndər Heydər Əliyevdir.

Akademik bildirib ki, 1918-ci ildə qazanılan müstəqilliyimiz 1993-cü ildə böyük təhlükə ilə üzləşdi, ölkə vətəndaş müharibəsi meydanına çevrilməkdə idi. XX əsrin əvvəllərində olduğu kimi istiqlal yenə süquta uğraya bilərdi. Xalqın təkidli tələbi ilə yenidən hakimiyyətə gələn Ümummilli Liderin siyasi zəkası və sarsılmaz qətiyyəti sayəsində ölkəmiz parçalanmaqdan, xaosdan, vətəndaş müharibəsindən qurtuldu, müasir Azərbaycan dövlətinin memarı olan bu misilsiz şəxsiyyət respublikanın iqtisadiyyatını dirçəltdi, itirilmək təhlükəsi ilə üz-üzə qalan müstəqilliyimiz möhkəmləndi. Bütün maneələrə baxmayaraq ən qısa müddətdə ölkədə ictimai-siyasi sabitlik bərpa olundu, Ulu Öndər müasir dövlət quruculuğunun modelini yaratdı. Ümummilli lider Heydər Əliyevin bütün sahələrdə uğurlu siyasəti hazırda Prezident İlham Əliyev tərəfindən böyük əzmkarlıqla davam etdirilir.

Tədbirdə muzey direktorunun elmi işlər üzrə müavini, professor Xatirə Bəşirlinin “Azərbaycanın milli birliyi, bütövlüyü, həmrəyliyinin simvolu: 15 iyun - Qurtuluş Günü”, komparativistika və bədii tərcümələr şöbəsinin müdiri, professor Şəfəq Əlibəylinin “Zaman imtahanından çıxmış qurtuluş” mövzularında məruzələri dinlənilib.

AzərTAC

Avropa Şurası Parlament Assambleyasının Azərbaycan nümayəndə heyətinin üzvüdür.
Azərbaycan Respublikasının Milli Məclisinin deputatıdır.
AMEA Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktorudur.
Facebook