RAFAEL HÜSEYNOV AMEA-nın həqiqi üzvü Filologiya elmləri doktoru Professor
Rafael Hüseynovun çağırışı Avropa Şurası Nazirlər Komitəsini əhatəli layihə hazırlamağa yönəltdi İyun 25, 2018 | 19:37 / AŞPA məruzələr

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) yay sessiyasında nəşr edilən ilk sənədlərdən biri Avropa Şurası Nazirlər Komitəsinin Azərbaycan nümayəndə heyətinin üzvü Rafael Hüseynovun təşkilata sessiya öncəsi təqdim etdiyi yazılı suala cavab olub.

Nazirlər Komitəsində hazırlanmış 14578 saylı sənəd azərbaycanlı deputatın Avropa Şurasında yaşanan problemlərlə əlaqədar islahatların aparılması çağırışına əhatəli mövqeyini əks etdirib. Sənəddə əvvəlcə Rafael Hüseynovun sualı yer alıb. Son 18 il ərzində AŞPA-da baş verənləri bilavasitə izləmək imkanına malik olmuş deputata Rafael Hüseynov vaxtilə böyük nüfuzu malik olmuş bu mötəbər Avropa qurumunda baş verən böhran hallarını arxasında dayanan məqamlara diqqəti çəkərək yazıb: “Avropa Şurası varlığının 69-cu ilini tamamladı və artıq 70 yaşına qədəm qoyub. Mən 2001-ci ildən bu təşkilatdayam və müşahidə etdiyim acı həqiqətdir ki, yeni əsr başlayandan bu təşkilat heç bir üzv ölkə qarşısında dayanan böyük problemi həll etməyib. Əksinə, üzv ölkələr arasında bir-birinə qarşı ədavət, təcavüz halları, qarşıdurmalar artıb. 2001-ci ildə Azərbaycan Avropa Şurasında ərazisinin bir hissəsini digər üzv dövlətin zəbt etdiyi yeganə ölkə idi. Bu gün təşkilatda artıq bir neçə oxşar problem var. Avropa Şurasına üzv ölkələr arasında qaçqın və məcburi köçkünlərin miqdarı 2001-ci ildə yüz minlərlə idisə, indi milyonlarladır və bu say durmadan artır.

Avropa Şurası ciddi mənəvi böhran yaşayır, burada korrupsiya halları adiləşib, obyektivlik azalıb, qərəzçilik, siyasi sifarişlər yerinə yetirmək halları artıb, ikili standartlar aparıcı iş metoduna çevrilib. Maliyyə sıxıntıları durmadan artır və hətta təşkilatın deputatlara sənədləri çap edib vermək imkanları məhdudlaşıb”.

Qurumdakı vəziyyətin yığcam təsvirini verdikdən sonra Rafael Hüseynov Nazirlər Komitəsinə sual verib: “Mövcud vəziyyətdən belə nəticə çıxarmaq olarmı ki, Avropa Şurasının potensialı və faydalı iş əmsalı artıq tükənib? Ya Nazirlər Komitəsi yaşı 70-ə yetişmiş təşkilatı belə ağır vəziyyətdən xilas etmək, bundan sonra daha səmərəli fəaliyyət göstərməsinə kömək edə biləcək hansısa plana malikdir?”.

Nazirlər Komitəsinin cavabında, təbii olaraq, təşkilatın vəziyyəti haqqındakı tənqidi mövqe bütünlüklə qəbul edilməsə də, hər halda davamlı islahatların aparılması zəruriyyəti vurğulanıb: “Avropa Şurasının üzləşdiyi mövcud vəziyyət və problemlərlə əlaqədar sizin mövqeyinizi tam bölüşə bilmirik. Son 9 ildə təşkilatımızın apardığı işlər və məqsədinə gəldikdə onun üzv dövlətlər üçün daha aktual və etibarlı tərəfdaşa çevirməyi hədəf götürən əsaslı islahatların əhəmiyyətini etiraf etməyi zəruri sayıram. Çünki üzv ölkələrin özləri də zamanın dəyişikliklər, fəaliyyətlərdə düzəlişlər etmək mərhələsini yaşayır və insan haqları, demokratiya və qanunun aliliyi istiqamətində bizim standartlara daha artıq uyğunlaşmağa çalışırlar. Bütün kəsirləri ilə bərabər bunu qeyd etməliyik ki, Avropa Şurası dövlətlər arasında dialoq və əməkdaşlıq platforması kimi öz nadir töhfəsini verməkdədir. Lakin bununla yanaşı, sizinlə tamamilə razılaşırıq ki, təşkilatda islahatlar davam etdirilməli, Avropa insan haqları konvensiyasında və digər uyğun hüquqi sənədlərdə təsbit edilmiş hüquq və azadlıqların tətbiqi və təşviqi sahəsində səylər artırılmalıdır. Bu fəaliyyətlər Avropa Şurasının bütün ərazisində, o cümlədən həll edilməmiş münaqişə bölgələrində aparılmaqla insan haqlarının müdafiəsini və monitorinqini daha effektli yerinə yetirməyə xidmət edə bilər.

Biz, eyni zamanda, bu gün Avropa Şurası qarşısında dayanan və qaldırdığınız digər ciddi problemlərə – qeyri-qanuni miqrasiya, geniş yayılmış korrupsiya, zorakı ekstremizm və terrorizm kimi problemlərə də daha həssas reaksiya nümayiş etdirməliyik. Biz bunu da təmin etməliyik ki, üzv ölkələr təşkilatımızın nizamnamə qurumları ilə geniş əməkdaşlıq şəraitində çalışsınlar. Həmçinin biz Avropa Şurası Katibliyinin ümumi strukturu və idarəçiliyinin modernləşdirilməsi barədə də düşünməliyik.

Beləliklə, ümumən islahatlar prosesini, şübhəsiz ki, davam etdirmək lazımdır. Keçən ay Danimarkada, Helsinior şəhərində keçirilən nazirlər sessiyasında söyləndiyi kimi bütün başqa problemlərlə yanaşı, Avropa Şurasının sabit maliyyə vəziyyətini təmin etmək məsələsi də təcili olaraq həllini tapmalıdır. Qarşıdakı aylarda Helsinkidə keçiriləcək növbəti nazirlər sessiyasınadək Avropa Şurasının Baş Katibinin üzv ölkələrlə daha sıx əməkdaşlığa dair verəcəyi təklifləri də gözləyirik. İslahatların ümumi məqsədi sürətlə dəyişən və çox mürəkkəb şəraitdə Avropa Şurasının öz nizamnaməsindən irəli gələn vəzifələri yerinə yetirə bilməsinə nail olmaqdır. Nəhayət, Parlament Assambleyasının rolu və missiyası üzrə Xüsusi Komitədə əlavə islahatlar barədə müzakirələrin və cari işlərin aparılması vacibliyini xüsusi vurğulamaq istəyirik”.

Nazirlər Komitəsinin cavabının əvvəlində Azərbaycan nümayəndə heyətinin üzvü Rafael Hüseynovun qaldırdığı məsələlərə münasibət bildirən Nazirlər Komitəsi bu iradları bütünlüklə qəbul etmədiyini bildirsə də, cavabı ilə açıqca sübut edir ki, həqiqətən, bu təşkilatda geniş, ciddi, əsaslı və təxirəsalınmaz dəyişikliklərə ehtiyac var.

Avropa Şurası Parlament Assambleyasının Azərbaycan nümayəndə heyətinin üzvüdür.
Azərbaycan Respublikasının Milli Məclisin Mədəniyyət komitəsinin sədridir.
AMEA Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktorudur.
Facebook