RAFAEL HÜSEYNOV AMEA-nın həqiqi üzvü Filologiya elmləri doktoru Professor
İtkin söz və itməyən dəyər Avg 10, 2018 | 14:02 / Mətbuatda çıxışlar

Çalovda oturmuş memar

Zamanında o restoran Sahil bağının ən cazibəli istirahət məkanlarından olub.
Tələbə vaxtı, 1970-ci illərdə biz də ora tez-tez gedərdik, yaxşı balıq kababı verərdilər. 
Əslində elə indi də “Mirvari” ilk dəfə görənlərin diqqətini gendən dərhal çəkir.
1962-ci ildə isə Dənizkənarı bulvarda birinci müştərilərini qəbul eləyən “Mirvari” restoranı nəinki həmin ətrafda, ümumən, Bakıda öz memarlıq həllinin orijinallığı, yeniliyi, sovet inşaatının basmaqəlib çərçivəsindən kəskin şəkildə kənara çıxması ilə seçilən nadir tikililərdən idi.
Söylənənlərə görə uzun illər Bakı şəhərinə rəhbərlik etmiş və paytaxtın həqiqi qayğıkeşlərindən olmuş Əliş Ləmbəranski bu ideyanı xarici səfərlərindən birindən gətiribmiş. 
“Mirvari”yə oxşayan (daha dəqiqi “Mirvari”nin bənzədiyi) “Manantiales” restoranı ispan memarı Feliks Kandelanın layihəsi ilə hələ 1958-ci ildə Mexikoda tikilmişdi.
Balıqqulağına oxşayan o məşhur restoranın fotosunu həmin illərin dəbdə olan memarı Vadim Şulqinə verən Əliş Ləmbəranski bizim bulvarda da bunun bənzərini görmək istədiyini söyləyir.
O çağın ən bəyənilən, geniş dünyagörüşlü, qəliblərə sığmayan, gözlənilməz və yenilkçi düşüncələrlə dolu memarlarından sayılan Vadim Şulqin tezliklə gələcək “Mirvari”nin layihəsini hazırlayır (Azərbaycanın Le Korbüzye üslubunda, modernist tərzdə işləyən memarlarından olmuş Vadim Alekseyeviç Şulqinin özü haqqında az bilgiliyiksə də, yaratdıqlarından “Turist” mehmanxanası, Heydər Əliyev sarayıı... hamıya tanışdır).
Elə həmin 1962-ci ildə Əliş Ləmbəranski Vadim Şulqinə gününə görə daha bir ultra müasir görünüşlü restoranın layihəsini sifariş edir.
Qız qalasının yanında, indiki Bazar meydanının yerində ucaldılması düşünülən bu restoran möhtəşəm abidəmizlə adaş olacadı.
Köhnə içərişəhərli dostum, uşaqlığı, gəncliyi o həndəvərdə ötmüş rəssam Elçin Hami Axundov danışır ki, Qız qalasının böyründəkiı indiki bazar meydanının yerində birmərtəbəli, ikkimərətəbəli evlər varmış. Planlaşdırılan tikinti ilə əlaqədar orada yaşayan sakinlər bir-bir köçürülür. 
Tikililəri söküb qurtarırlar və başlayırlar nəzərdə tutulan restorana bünövrə qazmağa. 
Elə bu əsnada yerin altından həmin bazar meydanındakı köşklərin tağları üzə çıxır.
Söküntünü davam etdirmək is təsələr də hay-küy qopur.
Memar və araşdırıcı Niyazi Rzayev atılıb girir ekskavatorun çalovuna: “Görmürsünüz burdan tarixi abidə çıxır? Nədir, gözümüz görə-gərə keçmişimizi dağıtmaq istəyirsiniz? Ölsəm də qoymaram qazasınız!”.
Nə illah edirlər, çılğın alimi inadından döndərə bilmirlər. 
İnşaatçıların köməyinə sahə müvəkkili, onun ardınca milis işçiləri tələsir.
Tərs Niyazi: “Düşmərəm ki, düşmərəm” deyib durur, “Qazırsınızsa, mənimlə birgə qazın!".
Baksovetdən gəlirlər. 
Camaat yığışır, məsələ böyüyür, işə digər ziyalılar da qatışır. 
Höcətləşmə hava qaralanadək davam edir. 
İş vaxtı qurtarır, inşaatçılar dağılışır.
Gecənin xeyrindən sabahın şərinin guya daha yaxşı olacağına şübhə ilə baxan Niyazi Rzayev və həmfikirləri elə gecə ilə müxtəlif ünvanlara, o cümlədən Moskvaya teleqramlar göndərirlər.
Və sovet dövrü üçün qeyri-adi olan hadisə baş verir. 
Tikintisinə hökumətin rəsmən qərar verdiyi layihə ziyalıların iradəsi ilə dayandırılır.
Təbii, Xruşşov dövrünün siyasi iqlimdəki isinmə əyyamlarına təsadüf etməsəydi, belə dikbaşlığın cəzası yetərincə ağır ola bilərdi. 
Qəziyyə sakit ötüşür, etirazçılara dəyib-dolaşan olmur.
Memar Niyazi Rzayevin dəliqanlı təəssübkeşliyi, oyaq milli qeyrəti illər sonra həmin məkana yaraşıq verəcək, o günlərə qədərsə yüzillərdən bəri torpaq altında gizli qalan abidəni xilas edir və üzə çıxarır.
...Yolunuz Qız qalası tərəfə düşəndə, o füsünkar bazar meydanını seyr edəndə unudulmaz memarımız, Şirvanşahlar sarayının bərpa layihəsinin müəllifi, professor Niyazi Rzayevi də minnətdarlıqla və rəhmətlə anın!
...2000-ci ildə mən dünyanın 30-dan artıq ölkəsinin son 2 əsrdəki təcrübələrini diqqətlə araşdırdıqdan sonra “Əlifba” kitabı üzərində işləyirdim.
O dərslikdəki mətnlərdən biri İçərişəhərə həsr edilmişdi. Bununla bağlı ayrıca şeir də yazmışdım, Cavanşir Quliyev həmin şeirə yaxşı bir mahnı da bəstələmişdi. 
Və İçərişəhəri bütün ayrıntıları ilə canlandıracaq bir rəsm əsərinin də bu dərslikdə yer almasının faydalı olacağını düşündüm.
Həmin lövhəni - İçərişəhərin divarları arasındakı aləmi necə təsəvvür etdiyimi ən xırda detallarınadək bir plan kimi yazaraq istedadlı rəssamımız, heyflər ki, çox erkən itirdiyimiz dostum Ucal Haqverdiyevə verdim. 
O da hər şagirdin baxaraq saatlarla haqqında danışa, bir neçə müxtəlif mövzulu inşa yaza biləcəyi qədər incəlikləri olan, kitabın qoşa vərəqini dolduran gözəl rəsm əsəri yaratdı. 
Həmin rəsmə bir surət də əlavə etmişdik. 
Təhlükə milli maraqlara yönələndə, söhbət Vətən təəssübkeşliyindən gedəndə gözünü qan örtən, qorxu-hürkünü unudaraq sındırıla, zədələnə, yox edilə biləcək bir tarix yadigarını qorumaqçün köksünü cəsarətlə irəli verən memar Niyazi Rzayevin rəsmini: Qız qalasının yanı, camaat toplaşıb, qırmızı papaqlı milis işçisi qollarını ölçə-ölçə nəsə qışqırır, bir orta yaşlı insan oturub ekskavatorun çalovunda!..
İstəyim o idi ki, balalarımıza oxumağı, yazmağı öyrətməyin lap başlanğıcında bu cür örnək insanları da tanıdaq, belə nəciblikləri də aşılayaq! 
“Əlifba” yalnız hərflər sırası demək deyil ki!

Qoca və ağac

Ağac əkmək savabdır. Amma yalın çöllükdə, cadar-cadar olmuş torpaqda, şoranlıq düzəndə bağ-bağat salmaq, həyat toxumları səpmək ikiqat savabdır.
Sumqayıtın adı salnamələrdə lap qədimlərdən anılırsa da, burada keçmişlərdən abadanlığın, gur yaşayışın olması barədə məxəzlərdə soraqlar yoxdur.
Sumqayıtla bağlı əfsanələrin, rəvayətlərin da əksərində su həsrəti var.
Su qıt olan yerdə isə şurlu həyat nə gəzir!
Odur ki, Sumqayıtı başdan sonacan dolansan da, nə yaşı yüzillərlə ölçülə biləcək köhnə tikili görəcəksən, nə də sinni 100-dən çox olan ağac.
Amma Azərbaycan boyu səyahət et, şahid olacaqsan ki, Ağcabədidə, Ağstafada, Qazaxda, Tovuzda, Gəncədə, Şəkidə, Bərdədə, Lənkəranda, Şamaxıda, İsmayıllıda, Şəmkirdə, Tərtərdə, Goranboyda, Qaxda, Dəvəçidə, Oğuzda, Abşeronda, Füzulidə, Zəngilanda, Laçında, Xocavənddə... rəsmən qeydiyyata düşmüş, yaşı yüzillərlə ölçülən, Samuxda, Cəbrayılda, Qubadlıda isə sinni 1500-ü aşan çinarlar var.
(Füzulidəkilərən, Cəbrayıldakıların, Qubadlıdakıların, Zəngilandakıların, Laçındakıların halı indi necədir, hardan biləsən?). 
Sumqayıtdakı ağaclarsa, 1930-cu illərin sonlarından, 1940-cı illərdən əkilməyə başlayıb. 
Bir çilik basdırıblar, küləyə, şaxtaya, qızmara, şorana tab gətirməyib, quruyub. 
Yenisini əkiblər, o da tutmayıb, bir təzəsini əkiblər. 
Beləcə, sərt təbiətlə tutaşa-tutaşa insan torpağı ram edib, yaşıllıqlar salıb, düzəngahda bağ-bağat yaradıb.
Sonra ucalan ağacların boyuna baxıb, ürəyi açılıb, hərdən insan elə canlı adam kimi ağacla danışıb da.
Bunu təxəyyüllə deyil, elə başına gələn kimi yazıram.
Əkdiyim ağaclarla öz doğmalarım kimi, ya haradasa rast gəldiyim qocaman ağaclarla bir nurlu ağsaqqalla söhbətləşən təhər pıçıldaşmağım az olmayıb.
Buna arxayınca və kimsənin rişxənd etməyəcəyinə əminliklə yazıram. Çünki bunun çoxlarının başına gəldiyinə heç şübhəm yoxdur.
Əkilənin qədrini bilmək, tikilib-ucaldılmışın qeydinə qalmaqçün, görülmüş işin layiqli qiymətini verməyi bacarmaqçün, nankor olmamaqçün gərək özün də haçansa nəsə etmiş olasan.
İnsan o şeyin, o kəsin təəssübünü çəkə bilir ki, onlarda taleyinin bir parçası var, onlara ürəyi ilə bağlıdır, onların naminə əziyyətlərə qatlaşıb, məhrumiyyətlərə dözüb, onları sevib və sevir...
Necə də haqlıdır Koroğlu ustadnaməsi:

Аrının qəhrin çəkməyən
Bаlın qədrini nə bilər?!

Kərim Axundov əslən lənkəranlı idi. Lap cavan vaxtlarında Ukraynaya işləməyə yollanmışdı, sonra İkinci dünya müharibəsi başlanmışdı, onu da cəhbəyə göndərmişdilər, döyüşmüşdü, sağ-salamat qayıdaraq yenə Odessada tikintidə çalışmaqda davam etmiş, oralarda qabil inşaatçı kimi ad-san, hörmət qazanmışdı.
1953-cü ildə radioda eşidir ki, Azərbaycanda Sumqayıt adlı yeni şəhər salınır, Sovet İttifaqının hər yerindən gəncləri ora dəvət edirlər. 
Kərimin artıq 40 yaşı vardı. Biliyi, təcrübəsi, səriştəsi də çox idi. 
Bu çağırışa səs verir, qayıdır Vətənə və Sumqayıtın ən alovlu qurucularından birinə çevrilir.
Özü deyirdi ki, mən 1954-cü ildə Sumqayıta köçəndə burada cəmi ikicə dənə ikimərtəbəli bina vardı.
2013-cü ilin fevralında vəfat edəndə Kərim kişi Sumqayıtın ən qocaman sakini idi və onun 100 yaşının tamam olmasına vur-tut 3 ay qalmışdı.
Sumqayıtlıların yaddaşına dərs kimi köçən bu əhvalatsa, 2000-ci illərin əvvəllərində baş verib.
Yaşına baxanda kifayət qədər qıvraq olan Kərim Axundov bir gün şəhərdə gəzərkən onu görür ki, hələ 1950-ci illərdə yol qırağında əkdiyi ağacları kəsməyə hazırlaşırlar. 
Addımlarını yeyinlədərək özünü çatdırır onlara: “A bala, bu ağacları niyə kəsirsiniz?”.
Cavab verirlər ki, ağaclar qocalıb, ona görə kəsirik.
Yaşı 90-ı adlamış Kərim kişi doluxsunur: “O ağacları mən əkmişəm. Mən o ağaclardan da qocayam. Nə durmusuz, onda gəlin məni də kəsin!”, -- deyir.
O ağaclar o anda bütün ömrünü halal zəhmətlə yaşamış Kərim kişidən ötrü doğma balaları idi, həyatı uzunu qayğılarını çəkdiyi, namusunu qoruduğu ailəsi idi, bu ixtiyar çağında hərdən-hərdən xiffətlə yada saldığı valideynləri idi, gəncliyi, xatirələri, yaddaşı idi. 
Qadınlığından-kişiliyindən asılı olmayaraq bir insanın el üçün, millət üçün, yurd üçün yapma deyil, səmimi təəssübkeşliyinin qızıl qaydası elə budur: elin, millətin, yurdunku olana balana, ailənə, əzizlərinə, öz malına və canına bəslədiyin sayaq təmənnasız məhəbbət və mərhəmət! 
Adamlar itirə biləcəklərini əldən verməmişdən təəssüb, qeyrət çəkməyə can atmağı bacarsaydılar, nə xoşbəxt olardılar!..
Evimizin divarlarından o yana təəssübünü, qeyrətini çəkəcəyimiz nələrimiz var?

Gedənlərin qayıtmağı

Nə "təəssüb", nə "qeyrət" bizim sözdür. 
Hər ikisi ərəbcədən gəlmədir. 
Amma bu anlayışlar özləri var axı bizdə! 
Düşündüm ki, bir baş vurum “Divan-i lüğət ət-türk”ə, görək Mahmud Qaşqarlı dədəmiz bu babətdə nə yazır.
“Kitab-i Dədəm Qorqud”dakı qeyrət, təəssüb səhnələri yaddaşımda dolaşırdı. Fikirləşdim ki, Ana Kitabımızı da yenidən vərəqləyim, bəlkə orada münasib kəlmələrə tuş gələm.
Nə orda, nə burda dəqiq cavab tapa bildim və bu mənə çox yer elədi.
Axı necə olur ki, bu duyğu, bu düşüncə səndə minillər, yüzillərdir var, ancaq öz dilində bu hissin adını deyə bilmirsən.
Tarixin tozanaqlarında, yad dillərin dərinə işləyən həmlələrində bu sözlər unudulan kimi olub.
Əlbəttə ki, itməyib! 
Söz ruh kimidir, qeyb ola bilməz, hardasa yaşayır, bəlkə də hansısa əski əlyzamanın saralmış bir vərəqinə qısılaraq ağır-ağır nəfəs almaqadadır, ona əl uzadanı, təzə nəfəs verəcək nəcib yurddaşımızı, onu yenidən gün işığına – dil işığına çıxaranı gözləyir.
Təəssübünü çəkməsən, qeyrətini daşımasan söz asta-asta soluxa, dilin dil çatmayan qəribliyinə çəkilə bilir, küsür adamlardan.
Belə sözlərimiz nə qədərdir görəsən? 
Yüz, ya bir neçə yüz, yaxud min, və ya bir neçə min?
Sözün, dilin təəssübünü və qeyrətini çəkməyəndə, hamı biganə-biganə baxaraq səsini çıxarmayanda, müqavimət göstərməyəndə, dili, sözü incidənləri töhmətləməyəndə, dilimizlə qaba rəftarı onların başına qaxınc, üzünə toxunc etməyəndə belə başıpozuqluq baş alıb gedir.
Kürsülərdən, radio-televiziyalardan, mətbuatdan dili hörmətsiz etməyə başlayırlar, ağır zəhmətlərlə, axtarışlarla, üzücü çarpışmalarla şəkilləndirilmiş ədəbi dillə ədəbsiz davranırlar, kəlmələri əyirlər, şikəst edirlər, ləhcələri, şivələri qatışdıraraq göyçək dilimizə xal salırlar, saflığını, duruluğunu korlayırlar.
Dilin təəssübü çəkilməyəndə ən azı tutduğu vəzifəsinə görə hökmən ana dilində adam balası kimi danışmalı olanlar da elə belə olmalıymış kimi heç narahatlıq keçirmir, naqis nitqləri ilə adam arasına çıxmaqdan xəcalət çəkmirlər.
Dilin, sözün təəssübü hamılıqla çəkilməyəndə və həssaslıqla yaşanılmayanda dilin, sözün üstündə dəlləklik etmək istəyənlər başlayır meydan sulamağa.
Təəssüb, qeyrət hissi yetərincə iti olmayanda, hamıda olmayanda adamın torpağını da əlindən qopara, sərvətlərini də mənimsəyə bilirlər.
Lap adını da əlindən alırlar, dilinə də nə ad istəyirlər qoyurlar.
Fəqət təəssüb, qeyrət kimi anlayışları nişan verən əsl öz sözlərimiz itsə də, bu qavramlar indiyədək ona görə büsbütün aradan getməyib ki, həmişə, hər zamanda, mütləq və mütləq tək-tək də olsa, az-az da rast gəlinsə belə təəssübkeşlər, qeyrətçəkənlər olurblar.
Və bu azlar çox dəyərlərimizin əliyalın keşikçisinə dönüblər, bir güllə də baharın açılmasına insanları inandırıblar.
Kim deyir ki, bir güllə bahar olmaz!
Bütün güllərin açdığı günə yaz demək nə asan!
Hünər odur ki, tək bircə Zərif Gül açılmasıyla sazağa, şaxtaya, qara, borana meydan oxuya, özündən yüz qat çox olanla, zahirən dəfələrlə güclü görünənlə döş-döşə gəlməkdən çəkinməyə, qarşısındakına anlatmağa təpəri çata ki, mən tək olsam da varam, gəlirəm, sənə yenilməyəcəyəm.
Çünki mən sadəcə yazın təmsilçisi, rəmzi deyiləm, baharın özüyəm!
Keşməkeşli keçmişlərdə dilimizin ən etibarlı qalxanı olmuş, yad dillərin yava təsirlərindən ən mərdanəliklə çıxmış fe'llərimizin ortaq adı olan “fe’l” sözümüzü sözün kökünü, əslini də təhrif edərək bilməzlikdən, naşılıqdan, ya elə mərdümazarçılıq məqsədiylə “feil”ə döndəriblərsə (bununla birgə "şe'r"imizi "şeir", onların gözünə qataraq "meyl"imizi "meyil" ediblərsə və belə-belə digər yazı hoqqaları durğuzublarsa), bizlər də ellikcə buna vaxtında mane ola bilməmişiksə, deməli, yetərincə təəssübkeş, lazımı qədər qeyrətçəkən olmamışıq.
Bu gün XXI əsrin ikinci onilliyinin bitər-bitməzində bütün başqa vacib işlərini bir kənara qoyaraq, həyəcanla, əsəblərini heydən sala-sala və fədakar təəssübkeşliklə dəyərli Nəsimiçi alimimiz Səadət Şıxıyeva dilimizin yenidən baxılan yazı qaydalarında anlaşılmaz inadkarlıqla təsdiqlənməsinə cəhd edilən və həm elmi, həm tarixi, həm ədəbi baxımdan sırf xəta olan bir para dəyişikliklərə qarşı mübarizəsini usanmadan, qətiyyətlə davam etdirirsə, məndə ümid yaranır ki, həmin qeyrət sözünün də, təəssüb kəlməsinin də ana dilimizdək əsl qədim səslənişini gec-tez mütləq tapacağam.
Ən azı son 1000 ildən artıq müddətdə bu sözlərin əski türcədəki əsilləri dilimizdən perik salınıbsa da, həmin hisslər içərimizdə ölməyibsə, deməli, gedənlərimiz əlbəttə və əlbəttə ki, qayıdacaq.
Torpaqlarımızdan tutmuş bütün digər dəyərlərimizə, ləyaqət göstəricilərimizə qədər!
Hamısı! 
Amma orası var ki, gedənlər adətən özxoşuna qayıtmır. 
Gərək gedənləri qaytarmağa da çalışasan!

Rafael Huseyn

10.08.2018

Avropa Şurası Parlament Assambleyasının Azərbaycan nümayəndə heyətinin üzvüdür.
Azərbaycan Respublikasının Milli Məclisin Mədəniyyət komitəsinin sədridir.
AMEA Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktorudur.
Facebook