RAFAEL HÜSEYNOV AMEA-nın həqiqi üzvü Filologiya elmləri doktoru Professor
İyul 21, 2017 | 12:47 / Axşam görüşləri
Göylərə Qarabağ üçün açılmış əllərimiz: "Axşam görüşləri" verilişinin Ağdama həsr olunmuş buraxılışının anonsu

GÖYLƏRƏ QARABAĞ ÜÇÜN AÇILMIŞ ƏLLƏRİMİZ

Gözəl Ağdamın, yaralı Ağdamın, bizsiz Ağdamın Boyəhmədli kəndində əllərini göylərə açmış bir insan heykəli var. 
Bu daş heykəlin yaşı 2 min ildən çoxdur. 
“Var” deyirəm. 
Amma indi də varmı, həmin yerində yenə ucalırmı o daş heykəl?
Görəsən 23 ildir bizsiz qalan o heykəli erməni vandalları sındırıb dağıdıblarmı? Ya bəlkə qanlarına işləmiş əbədi şakərlərinə uyğun olaraq bu qədim abidəni də qəsb edərək ermənişədiriblər, öz adlarına çıxmaq üçün hansısa məkrli tədbirlər töküblər?
Bütün bunları ehtimal edərək hələ 2000-ci illərin əvvəllərində mən bu barədə Strasburqda, Avropa Şurasının sessiyalarından birində çıxış etmişdim və onu da söyləmişdim ki, hələ 1970-ci illərdə görkəmli sənətşünas alim, akademik Rasim Əfəndiyev “Azərbaycanın daş plastikası” adlı dəyərli bir əsər nəşr etdirib, orada Ağdamdakı həmin daş heykəlin də həm fotosu, həm müfəssəl təsviri əksini tapıb. 
Yəni həmin abidənin ermənilər tərəfindən gələcək mümkün oğurluğunu, qəsbini istisna edən mötəbər təməl var. 
Amma bütün Ağdam boyu tarix daşıyan və tarix yaşadan bu cür abidələr yüzlərlə idi. Onların taleyi necə oldu, indi nə haldadırlar, elə əvvəl durduqları, olduqları məkanlardadırlarmı, ya artıq çoxdan daşınıb-aparılıblar, ya məhv ediliblər?
23 ildir ki, Ağdam bizsiz, biz Ağdamsızıq. 
Və müasir tariximizin bu kədərli hadisəsi 1993-cü ilin iyulunda baş verdi.
Bir şəxsin də, bir millətin də, bir ölkənin də həyatında elə zəfərli, elə uğur siqlətli ildönümləri olur ki, həmişə bayram kimi gözlənilir.
Lakin Vətən torpaqlarının itkisi ilə bağlı istər uzaq dünənlərdə, istərsə də yaxın tariximizdə baş vermiş elə ildönümləri də var ki, onları daim ağrı ilə qarşılayırıq. 
Və düşünürük... 
Həm bu itkilərin niyə baş verdiyi, bir daha baş verməməsi üçün nələr etməli olduğumuz haqda, həm də o itirdiklərimizin tarixi, üstünlükləri, dəyəri, misilsizliyi barədə.
2 minildən bir az da qabaq Ağdamın Boyəhmədli kəndi ərazisində yaradılan əllərini göylərə qaldırmış o daş heykəldəki insan dua edir, səmadan diləklərinin yerinə yetməsini umur.
Biz də umuruq, biz də arzulayırıq, biz də ümid edir və inanırıq ki, Ağdamsızlığımızın növbəti ildönümü olmasın.
Ən yaxın sabahlarda əziz Ağdamımızın başından keçənlər, onun layiqli övladları, tarixə həkk etdiyi yaşayan imzalar haqqında elə işğaldan qurtulmuş həmin dogma yerlərdə düşünək, danışaq, dərdləşək...
Bu bazar günü, iyulun 23-də saat 21.30-da Azərbaycan Radiosunda FM 105 tezliyində səslənəcək “Axşam görüşləri” verilişində Ağdamımız haqqında düşünəcəyik, onun şanlı dünənlərindən səhifələri vərəqləyəcəyik.
Verilişimizin təkrarı isə iyulun 25-də yenə həmin dalğada saat 23-də səslənəcək.

Avropa Şurası Parlament Assambleyasının Azərbaycan nümayəndə heyətinin üzvüdür.
Azərbaycan Respublikasının Milli Məclisinin deputatıdır.
AMEA Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktorudur.
Facebook